TÖVBƏNİ GECİKDİRMƏYİN FƏSADLARI

:

Tövbənin vacibliyi və onun tezləşdirilməsi
İslam alimlərinin yekdil rəyinə əsasən, tövbə vacibdir. Quran ayələrində də bu işin vacibliyi dəfələrlə qeyd edilmişdir. “Təhrim” surəsinin 8-ci ayəsində buyurulur:

یا اَیُّهَا الَّذینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً عَسَى رَبُّکُمْ اَنْ یُکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ وَ یُدْخِلَکُمْ جَنّات تَجْرِى مِنْ تَحْتِهَا الاْنهارُ

“Ey iman gətirənlər! Allaha xalis (səmimi olaraq) tövbə edin. Ola bilsin ki, (bu əmələ görə) Rəbbiniz günahlarınızdan keçsin və (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin...”.

Bütün ilahi peyğəmbərlər yolunu azmış ümmətlərin hidayətindən ötrü vəzifələndirilmişdir. Onların ilk işlərindən biri tövbəyə dəvət olmuşdur, çünki tövbəsiz və qəlbdən günahın izlərini təmizləmədən tövhid və dini dəyərlərin roluna yer qalmır.
Həzrət Hudun (ə) ilk sözləri belə idi:

وَیا قَومِ اسْتَغْفِرُوا رَبَّکُمْ ثُمَّ تُوبُوا اِلَیْهِ...

“Ey mənim qövmüm, Rəbbinizdən əfv diləyin, sonra da Ona tərəf dönün və tövbə edin!...”1.
Allah-taalanın digər elçisi həzrət Saleh (ə) da həmin sözü əsas götürərək, buyurur:\

...فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا اِلَیْه...

“...Ondan bağışlanmaq diləyin, Ona tərəf dönün və tövbə edin!...”2.

Həzrət Şüeyb (ə) da həmin məntiqə söykənərək qövmünü dəvət edir və buyurur:

وَاستَغْفِرُوا رَبَّکُمْ ثُمَّ تُوبُوا اِلَیْهِ اِنَّ رَبّى رَحیمٌ وَدُودٌ

“Rəbbinizdən əfv diləyin və Ona tərəf qayıdın və tövbə edin ki, Rəbbim mehriban və (tövbəkarları) sevəndir!”3.

İslam hədislərində də tövbəni tezləşdirmənin vacibliyi məsələsinə təkid edilib. O cümlədən:

وَاِنْ قارَفْتَ سَیِّیَهً فَعَجِّلْ مَحْوَها بِالتَّوبَهِ

“Əgər günaha düşsən, tez bir zamanda tövbə vasitəsilə onu məhv et!”4.
Əlbəttə, İmamın (ə) məsum olduğunu və günah etmədiyini nəzərə alaraq deməliyik ki, burada məqsəd başqalarını – insanları tövbəyə təşviq etməkdir.
یَا بْنَ مَسعُودَ لاتُقَدِّمِ الذَّنْبَ و لا تُوَخِّرِ التَّوبَهَ، وَلکِنْ قَدِّمِ التَّوبَهَ وَ اَخِّرِ الذَّنْبَ
“Ey İbn Məsud! Günahı önə salıb, tövbəni təxirə salma! Əksinə, tövbəni önə sal və günahı təxirə sal (və tərk et!)”5.

مُسَوِّفُ نَفْسِهِ بِالتَّوبَهِ مِنْ هُجُومِ الاْجَلِ عَلى اَعْظَمِ الْخَطِرِ

“Hər kim əcəlin hücumu qarşısında tövbəni təxirə salsa, ən böyük təhlükə ilə üz-üzə qalacaq (belə ki, tövbə etmədiyi halda ömrü sona çatacaq)”6

لَیْسَ شَىءٌ اَحَبُّ اِلَى اللّهِ مِنْ مُومِن تایِب اَوْ مُوْمِنَه تایِبَه

“Allah yanında imanlı kişi və ya qadının tövbə etməsindən sevimli şey yoxdur”7.
Bu ibarə tövbənin vacibliyinə sübut ola bilər. Ona görə ki, tövbə Allah yanında ən sevimli iş sayılır. Bundan əlavə, tövbənin vacibliyinə dair şəffaf əqli sübut var. O da bundan ibarətdir ki, ağlın hökmünə əsasən ilahi əzab qarşısında – istər qəti olsun, istərsə də ehtimal – qurtuluş vasitəsi tapılmalıdır. Tövbənin ən gözəl qurtuluş vasitəsi olduğunu nəzərə alsaq, ağıl onu vacib bilir. Günahkar şəxslər tövbə etmədikləri halda özlərini dünya və axirətdə ilahi əzabdan necə sığortalanmış saya bilərlər?!
Əlbət ki, tövbə vacibdir. Bunu həm Quranın aşkar ayələri, həm İslam hədisləri, həm də əqli sübut isbat edir. Bunlardan əlavə, bütün İslam alimləri arasında tövbənin vacibliyi qətidir.
Deməli, “dördlük təşkil edən dəlillərimiz” (yəni Quran, hədis, ağıl, İslam alimlərinin icması) tövbənin vacibliyinə dəlalət edir və bu vacib təxirəsalınmazdır. Ona görə ki, “dördlük təşkil edən dəlillərimiz”in tələbinə əsasən tövbə dərhal yerinə yetirilən bir vacibdir.
Üsul elmində də belə bir qayda var: “Ziddinə dəlil olmayınca, bütün ayə və hədislərin zahiri hökmləri onun təxirəsalınmazlığına dəlalət edir”.8

Hazırladı: Seyid Azər Əhmədoğlu


 

Mətni səsləndirdi: ƏFSANƏ TAĞIYEVA
You must have the Adobe Flash Player installed to view this player.
  İstifadə edilmiş ədəbiyyat:

1. “Hud” surəsi, ayə 52.
2. “Hud” surəsi, ayə 61.
3. “Hud” surəsi, ayə 90.
4. “Biharul-ənvar”, c. 74, səh. 208, fəsil 8.
5. “Biharul-ənvar”, c. 74, səh. 104, fəsil 5.
6. “Mustədrəkul-Vəsail”, c. 12, səh. 130, fəsil 86.
7. “Mustədrəkul-Vəsail”, c. 12, səh. 125, fəsil 86.
8. Ayətullah Məkarim Şirazinin “Quranda əxlaq” kitabından iqtibas edilmişdir, c. 1, səh. 220.

 

 

Tags: MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!