TƏQVANIN MƏNASI

:

Təqva nə deməkdir? Təqvanın mənası çoxlu ibadət etmək deyil. Bu, təqvanın nəticələrindən ola bilər, amma təqva bu deyil. Təqvanın mənası odur ki, insan hər bir işinə, qərarına nəzarət etsin, nə etmək istədiyini, ayağını hara qoyduğunu diqqətlə düşünsün. Bəzən insan məst halda nə etdiyinə diqqət yetirmədən hərəkət edir, addım atır, qərar qəbul edir, hansısa bir işi görür, yaxud görmür. Bəzən də bütün bu işləri nə etdiyini bilərək yerinə yetirir. Bu, təqvadır.

Siz bəzən asfalt üzərində yol gedirsiniz. Bu, bir növ yol getməkdir. Amma bəzən tikan kolları ilə dolu bir yerdə addımlayırsınız. Bu zaman elə addım atırsınız ki, tikan paltarınıza yapışmasın, ayağınızı yaralamasın. Təqva budur: diqqətlə addım atmaq. Təqvasız adama “gəl yaranış haqda, varlığın məqsədi barədə düşün” dedikdə, cavab verir ki, get işinlə məşqul ol. Bu, təqvasızlıqdır. Təqvalı insan odur ki, varlıq aləminin məqsədindən, Allah və qiyamətdən söhbət düşdükdə fikrə dalır, düşünür və nəhayət, doğru yolu tapır. Bu barədə düşünmək təqvadır. Əmirəlmöminin təqvanı sakit bir ata bənzədir; insan yüyənindən tutub istədiyi yerə çapır və istədiyi yerdə saxlayır.
Təqvanın əksi diqqətsizlik və azğınlıqdır. Əmirəlmömininin hədisində “yanlışlıq” təqvanın antonimi kimi göstərilmişdir: “Xətaya” - yəni düşüncənin, dilin, əlin, ayağın, ürəyin, qərarın və əməlin yanlışlığı nəzarətdən çıxmış dəcəl at kimidir. Onun üstünə bir nəfəri mindiriblər, amma atın ixtiyarı onun əlində deyil. At özü onu aparır. Məlumdur ki, belə bir insan salamat qurtarmayacaq. Diqqətli olun, işlərdə yaxşı fikirləşin və yaxşı əməl edin. Heç zaman düzgün yollar barədə düşünməyə tənbəllik etməyin. “Get işinlə məşğul ol”, “yaxamdan əl çək” fikirləri çox pis hallardır. Bunlar çox təhlükəlidir. Hər bir məsələni diqqətlə izləyin. Gənc nəsil belə olmalıdır.1
Təqva cavanların dünya və axirət müvəffəqiyyətlərinə zəmanət verən böyük sərmayədir!
Bəzən öz-özümə fikirləşirəm ki, ömrünün ən gözəl çağını yaşayan cavan özünün dünya və axirət uğuruna zəmanət verən bir amilə nail olmaq üçün nə etməlidir? Çox əhəmiyyətli sualdır. Əvvəla, söhbətin mövzusu dünya və axirət uğurudur: can və bədən, ürək və düşüncə. İkinci tərəfdən, bu sual cavanların xüsusi bir qrupuna aid deyil. Mənim zehnimə gələn cavab da cavanların xüsusi bir qrupuna aid cavab deyil. Yəni bu cavab tam dindar cavanlara məxsus deyil. Xeyr. İbadət və dindarlıq baxımından çox da yuxarı dərəcədə olmayan bir cavana da aiddir. Hətta etiqadlarında problemi olan bir cavana da aid ola bilər.
Mənim gəldiyim qənaət bir sözdür: təqva! Əgər insan cavanlıq dövründə çalışıb Quranda və dini ədəbiyyatda deyilən təqvanı əldə edə bilsə, həm dərsi, həm islahedici fəaliyyətləri, həm dünyəvi ucalığı, həm maddi nailiyyətlər və əgər mənəviyyat adamı olsa, həm də mənəviyyat üçün böyük bir kapital toplamış olar. Təqva, hətta adətən, orta səviyyəli adamların da çox uzaq olduğu yüksək amallara, böyük ariflərin, mənəvi eşq adamlarının işarə vurduqları irfani və mənəvi üfüqlərə çatmaq üçün də vasitədir.2
Elm və təqva - cavanları mənəviyyata cəzb edən silah
Əgər cavanların imanını, düşüncəsini və hərəkətini özünüz olduğunuz istiqamətə yönəltmək istəyirsinizsə, bunun yolu elm və təqvadır. Çünki elmin qarşısında hər bir beyin kiçilir və təzim edir; istəsə də, istəməsə də. Elmin xüsusiyyəti budur, insanları öz qarşısında təvazökar edir, əyir. Əgər zahirdə təkəbbürlülük və inad göstərsə də, daxildə öz kiçikliyini duyur. Təqva da elə böyük və qəribə silahdır ki, kəsərliliyinin həddi-hüdüdu yoxdur. O, yolları açır, mühiti işıqlandırır, inadı aradan qaldırır, düşmənlikləri azaldır və dostların işini düzəldir. Təqva çox qəribə amildir. O, bütün yaranmışların hər bir halda irəlilədiyi zirvələrə doğru hərəkəti rövnəqləndirir, cazibəli və gözəl edir.3

Kitabın adı:ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif:Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Tehran şəhəri universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışından: 14 yanvar 1999.
2. Tehran şəhəri universitetlərinin müxtəlif tələbə birlikləri ilə görüşdə çıxışından: 14 yanvar 1999.
2. Fəqih rəhbərin universitetlərdəki nümayəndələri ilə görüşdə çıxışından: 10 oktyabr 1998.

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!