QEYBƏT – RUHİ XƏSTƏLİK (1)

:

GÜNAHA ALUDƏ OLMUŞ CƏMIYYƏT

Bugünkü cəmiyyətin mənəviyyatsızlıq, əxlaqi və ruhi pozğuntuluqlar dənizində təlatümə uğramağı kimsədən gizli deyildir. Bəşər maddi ehtiyaclarının təmin olunmasında nə qədər böyük nailiyyətlər əldə etmişsə, bir o qədər də əxlaqi dəyərlərdən uzaq düşərək tənəzzülə uğramışdır. Bütün bunlar isə ictimai mühitin öz axarından çıxaraq, yaşamaq üçün sağlam ab-havadan məhrum olmasına gətirmişdir.

Yaranmış belə bir şəraitdə iztirab və narahatçılıqlardan yaxa qurtarmağa can atan cəmiyyət bir daha pisliklərə üz tutur və narahatçılıqlarını aradan qaldırmaq üçün özlərini mənəviyyatsızlıq girdabına atır. Belə bir cəmiyyətdə isə səadət günəşinin doğması qeyri-mümkün bir haldır. 

Sanki cəmiyyət üzvləri bütün məsuliyyətləri öz üzərlərindən atmış və bir-birləri ilə tənəzzülə uğrama müsabiqəsi keçirmiş olurlar. Diqqət yetirdikdə görürük ki, hər gün artmaqda olan inkişaf və tərəqqi vasitələrindən tam əks istiqamətdə istifadə olunur. Bir sözlə, maddiyyatın aldadıcı zahiri ümid və arzular mənşəinə çevrilir və öz qorxunc siması ilə canlara vəlvələ salan zülmət həyat insanın qarşısında özünü təcəlli etdirir. Kaş ki, əxlaqsızlıq yolunda sərf olunan, sayı-hesabı bilinməyən var-dövlətin kiçik bir hissəsi əxlaqi dəyərlərin güclənməsinə ayrılaydı!

Əxlaqi qanunların sabit və dəyişilməz olmasına baxmayaraq, yaşadığımız mühitdə daimi dəyişilməyə məruz qalaraq özünü müxtəlif surətlərdə büruzə etdirir. Fəzilət və əxlaqi dəyərlər şəxsiyyətin meyarı olmayan bir cəmiyyətdə şəxsiyyətə heç bir əhəmiyyət verilmir. Belə bir şəraitdə əksəriyyət mühitin təsiri altına düşür və onun acınacaqlı aqibəti haqda düşünmədən bütün hallarda ona kor-koranə təqlid edir. Bütün bunları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, cəmiyyətə hakim olan əxlaqi dəyərlər sağlam və əsaslı olmamış və bunun üçün də onun səadət və xoşbəxtliyini təmin edə bilməz. Məşhur Fransız alimi doktor Karl deyir: "Elə bir dünyaya ehtiyac duyuruq ki, orada hər bir şəxs yenidən öz yerini tapa bilsin, maddiyyat və mənəviyyat da bir-birindən ayrı olmasın. Necə yaşayacığımızı bilməliyik. Çünki bələdçi olmadan həyat yolunu qət etməyin nə qədər qorxulu və təhlükəli olduğunu artıq başa düşmüşük. Qəribədir ki, belə bir ciddi təhlükəyə yetirilən diqqət bizi həll yolunu axtarıb tapmağa vadar etməmişdir.” Bu bir həqiqətdir ki, indinin özündə də bu məsələnin ciddiliyinə diqqət yetirən şəxslərin sayı olduqca azdır. Bu günlər camaatın əksəriyyəti maddi və texnoloji imkanlardan istifadə edərək – ürəyi istədiyi kimi – sanki məst halda yaşayır. O, sivilizasiyanın ona bəxş etdiyi nailiyyətlərdən əl çəkib ona göz yummaq fikrində deyildir. Dəniz, göl və bataqlıqlara tökülən çaylar enişli- yoxuşlu yollar qət etdiyi kimi həyat da həmçinin müxtəlif dövr və mərhələləri öz arxasında qoyaraq bu günlər bizi şəxsi mənafe ardınca olmağa sövq etmişdir. İnsanlar özləri üçün yeni-yeni ehtiyaclar meydana gətirmiş, yalan, hiylə və müxtəlif yollarla onları təmin etməyə başlamışlar. Lakin insanın vücudunda qeybət, xəbərçilik, sözbazlıq kimi meyl və istəklər də vardır. İnsanların böyük bir hissəsinin məşğuliyyətinə çevrilmiş bu hisslər zəhər tək onlar üçün son dərəcə təhlükəlidir. Cəmiyyətə ağır zərbə vuran amillərdən biri də qeybətdir və biz bu məqalədə məhz bu barədə söhbət açmaq istəyirik. Qeybətin terminoloji mənası istər alim, istərsə də adi insana bəlli olduğu üçün bu barədə ətraflı izahat vermək istəmirik.

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

Ardını buradan oxuyun

 

Tags: SUALLARA CAVAB, FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!