TARİXDƏN İBRƏT - 3

:

GƏLƏCƏK KEÇMİŞDƏN FƏRQLİDİRMİ?
Söhbətimizin bu yerində bəzilərinin iradlarına cavab vermək lazım gəlir. Bəziləri keçmişdə baş vermiş hərəkatların uğursuzluğa düçar olduğunu əsas götürüb, növbəti hərəkatların nəticəsini şübhə altına alırlar. Belələri əslində bəhanə gətirərək, öz ictimai və dini vəzifələrindən boyun qaçırırlar.

Qeyd etməliyik ki, onlar hadisələr arasındakı oxşar cəhətləri düzgün müəyyənləşdirə bilməmişlər. Onlar bilmirlər ki, hadisələr arasında fərqli cəhətlər də mövcuddur. Məsələn, hadisənin baş verməsi üçün mövcud şərait nəzərə alınmalıdır. Əgər hansısa hərəkat uğursuzluğa düçar olmuşsa, demək, həmin dövrün şəraiti münasib olmamışdır. Sual oluna bilər ki, bugünkü şərait həmin dövrün şəraiti ilə eynidirmi? Hansısa dövrdə kütlələrin siyasi aktivliyi zəif olmuşdursa, bu o demək deyil ki, bu gün də həmin şərait davam edir. Keçmişdəki hərəkatın uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri insanların siyasi şüurunun yetərsizliyidir. Bugünkü siyasi şüur isə tamam fərqli ola bilər. Demək, eyni bir hadisə bir dövr və şəraitdə baş tutmamışsa, başqa bir dövr və şəraitdə baş tuta bilər.
Bəzən cəmiyyətdə hansısa azadlıq hərəkatına qarşı elə güclü təbliğat olur ki, insanlar aldadılır və siyasi meydandan kənarlaşdırılır. Həmin təbliğat istənilən bir dövrdə ictimai fəallığı zəiflədir. Bu gün keçmişdən fərqlənə də bilər. Əsrimizin insanları həqiqətdən çox tez xəbər tutur və düşmənin təbliğatlarını dəqiq qiymətləndirməyi bacarırlar. Bu gün keçmişdəki məğlubiyyətləri əsas götürüb, insanları süstləşdirmək yanlış hərəkətdir. Çünki keçmiş dövr ilə bugünkü dövr arasında fərqlər mövcuddur. Əvvəlcə keçmişdəki və bugünkü hadisələr arasında oxşar cəhətlər tapılmalıdır. Yalnız müştərək xüsusiyyətləri nəzərə alaraq, mühakimə yürütmək olar. Oxşar cəhətlər yalnız o vaxt faydalı olur ki, fərqli cəhətlər də nəzərdən qaçırılmasın.
Həzrət (ə) buyurmur ki, bütün hadisələr eynən oxşardır. Aydın məsələdir ki, istilik sevən bitki soyuq şəraitdə inkişaf edə bilməz. Bu məsələdə torpağı əsas götürmək lazımdır. Yəni “torpaq torpaqdır” deyib, eyni nəticələr intizarında olmaq sadəlövhlükdür. Hər bir ağac xüsusi bir mühitdə becərilməlidir ki, barlı-bəhərli olsun.
Əgər müşahidə ediriksə ki, keçmişin bəzi hadisələri bugünkü hadisələrdən fərqlənir, demək bir çox cəhətlər nəzərə alınmamışdır. Hadisələr arasındakı oxşar və fərqli cəhətlər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bir oxşar cəhəti əsas götürüb, fərqli cəhətləri nəzərdən qaçırsaq, müsbət nəticə əldə edə bilmərik. “Torpaq torpaqdır, ağac da ağac” deyərək şimal bitkisini cənubda becərmək ağılsız bir cəhddir. Eyni bir hadisə bir şəraitdə müsbət, digər bir şəraitdə isə mənfi nəticələnə bilər. Diqqətli olmalıyıq ki, bəzən şərait və səbəblər dəyişir. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, Həzrətin (ə) buyruğu ümumişlək bir qaydadır. Amma bir şərtlə ki, hadisələrdəki oxşarlıqlar və fərqlər dəqiq müəyyənləşdirilsin. Nəhayət, Həzrətin (ə) kəlamının izahında deyə bilərik ki, Həzrət (ə) ya moizə məqamında olmuşdur, ya da bu bəyan “xitabə” bəyanıdır.

İCTİMAİ HADİSƏLƏRİN QANUNİLİYİ
Görən ictimai hadisələr də təbiət hadisələri kimi təkrarlana bilərmi? Məsələn, təbiət qanunlarına görə yanma qabiliyyəti olan hər bir şey oda düşdükdə yanır. Bu qaydanı əsas götürərək başqa hallarda ondan istifadə edə bilərik. Məsələn, baharda yağış yağır və ağaclar cücərir. Bu hadisəni əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Görən, ictimai hadisələr də belədirmi? Bu sual sosioloji baxımdan daha çox əhəmiyyət kəsb edir. Məsələn, deyirlər ki, ictimai hadisələr təkrarlana bilməz. Ona görə də, ictimai hadisələrə münasibətdə sabit qanunlar nəzərdə tutulmur. İctimai hadisələri öncədən proqnozlaşdırmaq üçün isə həmin qanunlara ehtiyac var. Sosiologiyanın bu prinsipi Həzrətin (ə) buyruğu ilə uyuşurmu?
Nəzərimizcə, təbiət qanunları ilə ictimai qanunlar arasında fərqlər mövcuddur. Təbiət hadisələrindən fərqli olaraq, ictimai hadisələr arasında tam oxşarlıq tapmaq mümkünsüzdür. Yuxarıda qeyd etdiyimiz sosioloji baxış da düzgün deyil. Çünki hadisələr arasındakı oxşarlığı tamam inkar etmək yanlışdır. Qurani-Kərimdə buyurulur: “Güman edirsiniz ki, imtahana çəkilməmiş behiştə daxil olacaqsınız?!” (“Bəqərə” surəsi, ayə: 214)
Bəli, bütün insanlar sorğudan keçəsidir və kimsə üçün imtiyaz nəzərdə tutulmamışdır. Keçmişdəki insanlar sınağa çəkildilər, bir çox bəlalarla rastlaşdılar. Yalnız imtahandan alnıaçıq çıxanlar behiştə daxil oldular. Bəli, biz də müxtəlif çətinliklərlə imtahana çəkiləsi, bu imtahanın nəticəsindən asılı olaraq, aqibətimizi təyin edəsiyik.
Bu mövzuda kifayət qədər hədislər də vardır. Hədislərdən birində həzrət Peyğəmbər (s) müsəlmanlara buyurur: “Tarixdə Bəni-İsrailin başına gələnlər sizin də başınıza gələsidir. Hətta onlar kərtənkələ yuvasına daxil olmuşsa, siz də daxil olasısınız.” (“Biharül-ənvar”, 53-cü cild, səh. 127)
Həzrət Peyğəmbərin (s) kəlamından məlum olur ki, tarixdəki hadisələr ən son incəliyinədək təkrarlana bilər. İctimai hadisələr kamil şəkildə təhlil olunsa, müştərək xüsusiyyətlərə əsasən, onların yenidən təkrarlanacağını proqnozlaşdırmaq olar. İctimai hadisələrin amili təkcə fərd deyil. Bu hadisələrin də qanunları vardır. Sadəcə, bu qaydaları arayıb, üzə çıxarmaq çətindir. Hər hansı bir hadisənin törəmə səbəblərini bilmək, onun reallaşma şəraitini öyrənmək çətin olur. Təbiət hadisələrinin təhlili xeyli asandır. Onların başvermə şəraitini dəqiqləşdirmək bir o qədər də çətin olmur. Bununla belə, ictimai hadisələr arasındakı oxşarlığı inkar edə bilmərik. Keçmişdəki hadisələri dəqiq təhlil etdikdən sonra gələcək hadisələr haqqında fikir yürütmək olar.
Hadisələrin təkrarı o demək deyil ki, bu hadisələr eynən oxşar olmalıdır. Götürək Həzrət Peyğəmbərin (s) oxşatmasını. Bizim Bəni-İsrail yox, müsəlman olduğumuz aydındır. Amma hansısa müştərək nöqtələrə əsasən bu hədisdə müsəlmanlar Bəni-İsrailə oxşadılır. Əslində isə biz öz səciyyəvi xüsusiyyətlərimizlə onlardan fərqlənirik. Onların peyğəmbəri Musa (ə), bizim peyğəmbərimiz isə Mühəmməd (s) olmuşdur. Amma aramızdakı oxşar cəhətlər səbəbindən onların başına gəlmiş bəzi hadisələr bizim də başımıza gələ bilər. Bəni-İsrail Həzrət Musanın (ə) qırx gün qeybindən sonra danaya pərəstiş etməyə başladılar. Həzrət Musanın naibi onları tövhidə nə qədər dəvət etdisə, sözlərini dinləyən olmadı. İslam aləmində də belə hadisələr baş vermişdir. Həzrət Peyğəmbərin (s) vəfatından çox keçməmiş Əmirəlmöminini (ə) atıb onun dediklərinə qulaq asmadılar. Əlinin (ə) peyğəmbər naibi olmasına baxmayaraq, onun dedikləri qulaq ardına vuruldu. Musa (ə) öz naibi Harundan soruşduqda ki, nə üçün Bəni-İsrailin yolunu azmasına imkan verdin, Harun cavab verdi ki, Bəni-İsrail arasındakı ixtilaflarda müqəssir sayılacağımdan qorxdum. Bu hadisənin oxşarı İslamda da baş vermişdir. Əmirəlmöminin Əli (ə) müsəlmanlar arasında ixtilafın düşməməsi üçün susmaq yolunu seçmiş və 25 il müddətində səbir etmişdir.
Müxtəlif rəvayətlərdə də bildirilir ki, Bəni-İsrailin başına gələn hadisə sizin də başınıza gələsidir. Olsun ki, məhz oxşarlıq səbəbindən Bəni-İsrailin əhvalatı Quranda təkrar olunmuşdur. Bəni-İsrailin başına gələn bir çox hadisələr müsəlmanlar üçün ibrətamizdir. Müsəlmanlar bu hadisələrdən nəticə çıxarmasalar, Bəni-İsrailin aqibəti ilə rastlaşa bilərlər.

XÜLASƏ VƏ NƏTİCƏ
Əmirəlmömininin (ə) buyruqlarının bu hissəsinin izahında dedik ki, keçmişdə və gələcəkdə baş vermiş hadisələr arasında müştərək nöqtələr tapılarsa, bu hadisələrin oxşar cəhətləri sübuta yetərsə, birinci hadisəyə aid olan hökmü oxşar məqamlarda ikinci hadisəyə də tətbiq etmək olar. Buna əsasən də Həzrət (ə) buyurur: “Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır.”
Daha sonra oxuyuruq: “Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən alçaq küfrdür.” Qeyd olunduğu kimi, nemətə münasibətdə küfr hadisələr arasındakı oxşar nöqtələrdən biridir. Naşükürlük edənlər keçmişdə necə bədbəxt olurdularsa, gələcəkdə də bədbəxt olasıdırlar. Biz də nemətə qarşı küfr etmiş olsaq, həmin bəlalarla üzləşəsiyik. Nemət dedikdə yalnız geyim, qida, məskən kimi maddi nemətlər nəzərdə tutlmamalıdır. Bütün nemətlərdən üstün mənəvi nemətlərdir və bu məsələni unutmamalıyıq. İslam, ilahi rəhbərlik kimi nemətlərdən qəflətdə qalmaq bədbəxtlikdir. Bu nemətlər heç bir nemətlə müqayisə oluna bilməz. Onlar mücahidlərin və alimlərin qanı bahasına əldə olunmuşdur.
Bu məfhumların xalqın düşüncəsində möhkəmlənməsi üçün alimlər məsuldurlar. Bizlər cəmiyyətin islahı üçün çalışmalı və nemətlərin şükrünü yerinə yetirməliyik ki, bu nemətlər günbəgün artsın. Allah eləməmiş, bu nemətlərin qədrini bilməsək, ilahi rəhbərlik kimi bir nemətdən qəflətdə qalsaq, elə bir insanın rəhbərliyi altına düşərik ki, müqəddəs dinimizə bütün qapılar bağlanar. Əgər belə bir xoşagəlməz hadisə baş versə, bütün dini və bəşəri dəyərlər əlimizdən çıxasıdır. Belə bir mənfi nəticənin məsuliyyəti yalnız bizim üzərimizdədir. “Şura” surəsində buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahın ucbatındandır.” (“Şura” surəsi, ayə: 30)

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!