TƏKƏBBÜR - I hissə

:

HƏYAT ÜFÜQÜNDƏ MƏHƏBBƏT GÜNƏŞININ DOĞMASI

Bəşəriyyətin həyat üfüqündə daim parlaq məhəbbət günəşi doğur. Bu daxili hiss o qədər böyük əhəmiyyət kəsb edir ki, bəşəriyyətin maddi və mənəvi inkişafına böyük təsir göstərərək onu öz ardınca aparır. Məhəbbət insanın daxilində baş qaldırmışdır və olduqca dərin və sonu bilinməyən üfüq yetişir.

İnsana ömür və can bəxş edən məhəbbət həyat üfüqündən yoxa çıxarsa ümidsizlik və qorxunc zülmət onun ruhunu büsbütün bürümüş olar və həyat üzərinə elə bir qara pərdə çəkər ki, ona nəzər salmaq insanda nifrət hissi oyadar. 

Bəşər fitri olaraq ictimai bir varlıq kimi yaradılmışdır və başqaları ilə ünsiyyətdə olmaq onun ən başlıca xüsusiyyətlərindən birini təşkil edir. Fikir və düşüncədə yaranan ixtilaflar adətən insanı cəmiyyətdən zara gəlib onlardan əlaqəsini kəsməyə və yalqız halda bir guşəyə çəkilməyə vadar edir.

Cəmiyyətdən uzaq düşüb təkliyə adət edən bu şəxslərin fikir və vücudlarında müəyyən nöqsan və çatışmazlıqlar vardır. Bu da bir həqiqətdir ki, insan tək olduğu zaman özündə xoşbəxtlik hiss edə bilmir. Cismi ehtiyacların müxtəlif olub insan onları təmin etdiyi kimi, ruhun da təmin olunası bəzi ehtiyacları vardır. İnsan psixologiyası məhəbbət teşnəsidir. O, özünün bu daxili hiss və istəyini təmin etmək üçün daim axtarışda və fəaliyyətdədir. Dünyaya qədəm qoyub həyata başladığı ilk gündən ömrünün son anlarınadək məhəbbət və nəvazişə ehtiyac duyur. O, məhəbbətin təcəllisini öz vücudunda hiss edir. Həyatın çətinlikləri insana güc gəldikdə, xoşagəlməz hadisələr ruhunu sarsıtdıqda və nəhayət, uğursuzluqlar onun ümidini qırdıqda, qəlbinə ümid nurunu üfürən mehr-məhəbbətə böyük ehtiyac duymağa başlayır və yalnız mehr və məhəbbət onun vücudunu bürüdükdə rahatlıq tapa bilir. 

Mehr və məhbbət insanın ən gözəl duyuğularından biri olduğu üçün bunu onun ən gözəl əxlaqi dəyərlərindən hesab etmək olar. Əlaqə və qəlbi bağlılıq yoluxucu şeylərdəndir. Başqalarının diqqətini cəlb etmək üçün istifadə olunan ən yaxşı yol onlara məhəbbət göstərməkdir. İnsan belə bir əqidədə olmalıdır ki, başqalarına qayğı və məhəbbətlə yanaşmaqdan savayı onun üzərində heç bir vəzifə yoxdur. Belə bir gözəl davranışın özü insan üçün olduqca faydalıdır.

Əgər hər hansı bir şəxs qəlb xəzinəsinə yığdığı bu dəfinədən başqa birisinə bəxş edərsə, onun neçə bərabərindən bəhrələnə bilər. Başqalarının qəlbinə yol tapmaq hər bir insanın öz əlindədir. Məhəbbət xəzinəsinə yol tapmaq istəyənlər bütün xoşagəlməz xüsusiyyətləri özlərindən uzaqlaşdırıb ən gözəl əxlaqi dəyərlərə yiyələnməlidir. 

Filosoflar deyirlər: "Hər şeyin kamalı (son təkamül mərhələsi) xüsusiyyətinin zühur etməsindədir. İnsanın da ən bariz xüsusiyyəti onun başqaları ilə ünsiyyətdə olub onlara sevgi və məhəbbət göstərməsindədir."

İnsanlar arasında meydana gələn bu ruhi bağlılıq və cazibə cəmiyyətdə səmimiyyətin, həmrəyliyin əsasını qoyur. 

Doktor Karl özünün "Həyat yolu" adlı kitabında yazır: "Cəmiyyətin xoşbəxt həyat sürməsi üçün insanlar divar daşları tək bir-birləri ilə sıx əlaqədə olmalıdırlar. Lakin camaatı bir-birinə nə ilə bu qədər yaxın etmək olar? Belə bir müvəffəqiyyətə yalnız mehr və məhəbbətlə nail olmaq olar. Elə bir məhəbbət ki, biz onu ailə mühitində müşahidə edirik. Lakin belə bir səmimiyyət ailədən kənara çıxmır. Bunun üçün də hər bir cəmiyyət üzvü həm başqalarını sevməli, həm də özünü sevilməyə layiq etməlidir. Hamı bir nəfər kimi xoşagəlməz xüsusiyyətlərdən yaxa qurtarmağa çalışmayınca, cəmiyyətdə qarşılıqlı məhəbbət hökm sürməyəcəkdir. Buna isə yalnız daxili islahatlar apararaq, bizi başqalarından uzaq salan eyb və nöqsanlardan yaxa qurtardıqdan sonra nail olmaq olar. Yalnız belə olduqda, qonşu qonşuya məhəbbət gözü ilə baxıb, varlı yoxsulu, yoxsul da varlını sevə bilər. 

Yalnız mehr və məhəbbət nəticəsində cəmiyyətdə, milyon illərdən bəri qarışqa və bal arılarının həyatına hakim olan nəzm-intizamı bərqərar etmək olar."

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

Ardını buradan oxuyun

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!