TƏKƏBBÜR - III hissə

:

DIN RƏHBƏRLƏRI TƏVAZÖKARLIQ DƏRSI VERIRLƏR

Dostluq, başqasının məhəbbətini və hörmətini qazanmağın sirlərindən biri də insanın təvazökar olmasındadır. Təvazökar şəxs gördüyü əxlaqi işlərlə şəxsiyyətini ucaldaraq öz nüfuzunu daha da artırmağa nail olur. Lakin biz yaltaqlıqla təvazökarlığı bir-biri ilə səhv salmamalıyıq. Belə ki, təvazökarlıq, şəxsiyyətin böyüklüyündən və sağlam ruhiyyədən, yaltaqlıq isə şəxsiyyətsizlikdən və əxlaqi dəyərlərin olmamasından meydana gəlir.

“Loğman” oğluna etdiyi tövsiyələrdən birində onu qürur və təkəbbürdən uzaq olmağa çağırır. 

Loğman surəsinin 18-ci ayəsində bu haqda deyilir: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa gəzib-dolanma. Həqiqətən, Allah heç bir özündən razı olanı, lovğalanıb fəxr edəni sevməz!”

Imam Əli (ə) buyurur: "Əgər Allah-taala təkəbbürlüyü öz bəndəsinə layiq bilsəydi, peyğəmbərlər bu xüsusiyyətə hamıdan artıq layiq olardılar. Lakin təkəbbür və xudpəsəndliyi onlara haram, əvəzində isə təvazökar olmağı istəmişdir. Buna görə də onlar Allah qarşısında diz çökərək üzlərini yerə sürtmüş və iman sahibləri ilə də son dərəcədə təvazokar olmuşlar."

Təkəbbürlü şəxslər insanların nifrət bəslənilmələri ilə yanaşı Allahın rəhmət və mərhəmətindən də uzaq olarlar. Peyğəmbər (s) bu barədə buyurur: "Təkəbbürlükdən uzaq olun. Çünki Allah-taala [mələklərə] təkəbbürlüyə adət edən şəxsləri Ona tabe olmayanlardan hesab etmələrini əmr edər."

İmam Sadiq (ə) təkəbbürlüyün psixoloji köklərini belə bir qısa ibarə ilə bəyan edir. "Daxilən əskiklik hiss edənlərdən başqa heç kim təkəbbürlük xəstəliyinə düçar olmaz."

Mak Brayd deyir:

–Hər hansı bir fərd və ya millətin özünü üstün tutması, digər insan və millətlərə aşağı gözlə baxması deməkdir. Yaşadığımız dünyanı nifrət, ədavət və düşmənçilik hisslərinin bürüməsinə səbəb olan da bəzilərinin başqalarına təhqir gözü ilə baxmalarıdır. Belə bir tərzi-təfəkkür insanın özündə hiss etdiyi həqarət (əskiklik) hissini – özünü aldadaraq – bir yolla təmin etməsindən irəli gəlir. Əks təqdirdə heç bir şərəfli insan özü ilə başqaları arasında heç bir fərq hiss etməz.

Təkəbbürlü və özünü sevən xudpəsənd şəxslər gördükləri bütün işləri müsbət qiymətləndirər və öz çatışmazlıqlarını yüksək əxlaqi dəyərlər kimi qələmə verərlər. İmam Musa ibn Cəfər (ə) bu haqda buyurur: "Təkəbbür və xudpəsəndliyin bir neçə mərhələsi vardır, onlardan biri də insanların gördükləri öz xoşagəlməz işlərini yüksək qiymətləndirmələridir. Onlar gördükləri nalayiq və xoşagəlməz işlərdən sevinər və xeyirxah iş gördüklərini təsəvvür edərlər."

Aparılan psixoloji təhqiqatlardan birində əldə olan nəticədə deyilir:

"Özünü başqalarından üstün tutan şəxslər öz çatışmazlıqlarını gözəl əxlaq, eyb və nöqsanlarını isə üstünlük hesab edirlər.”

Imam Əli (ə) xudpəsəndlik və təkəbbürlük xüsusiyyətinə malik olan şəxslər barədə buyurur: "Heç vaxt özünüzdən razı olmayın, belə olduqda düşmənləriniz də çox olar!"

Müasir alimlər təkəbbürlüyü əqli çatışmazlıq və bir növ dəlilik hesab edirlər.

Əli (ə) bu mətləbə işarə edərək buyurur: "Qürur və xudpəsəndlik ağıl və şüuru məhv edib aradan aparır."

"Şüur və təfəkkürü zəif olanlarda xudpəsəndlik və qürur hissi güclü olar.

"Təvazökarlıq şüur və düşüncə mənşəyi, təkəbbürlük isə şüursuzluq və cəhalət mənbəyidir."

"Təkəbbürlük və xudpəsəndlik daxili xəstəliklərdən biridir. Belə xüsusiyyəti olan şəxslər heç vaxt özlərini islah edib şəxsiyyətlərini ucalda bilməzlər.”

"Kim özünün gözəl əxlaqa yiyələndiyini hesab edib rəftar və davranışlarını başqalarından üstün tutarsa özünü islah etməyə nail olmayacaqdır."

Helen Şaxter deyir:

–Müvəffəqiyyətsizliklərlə qarşılaşdıqda başqalarının diqqətini cəlb etmək üçün əl atdığımız şeylərdən biri də yalan danışmaq və ya özümüzü tərifləməyimizdir. Görmək istədiyimiz və arzusunda olduğumuz müvəffəqiyyətlərə nail olduğumuzu və həmin işlərin öhdəsindən gəldiyimizi hesab edirik. Bununla özümüzü qane edir və işlər barədə söhbət etməyə can atırıq. Gördüyümüz işlər nə qədər kiçik olsa da, onları başqalarının nəzərində böyük göstərmək istəyirik. İnsanlar özlərini uydurduqarı yalanlarla o qədər aldadır və razı salırlar ki, müvəffəqiyyət qazanmağa səy belə göstərə bilmirlər."

Xudpəsəndliyin əsirinə çevrilən şəxslər heç vaxt öz çatışmazlıqlarını görüb başqalarının yüksək xüsusiyyətlərini dərk edə bilmirlər. 

Hz. Əli (ə) bu haqda buyurur: "Təkəbbürlü şəxslər özlərindən razı, eyb və nöqsanlarından xəbərsiz olarlar. Əgər onlar başqalarının üstün xüsusiyyətlərini dərk edə bilsələr öz çatışmazlıqlarını aradan qaldırmağa can atarlar."

Yüksək mədəniyyəti öz ardınca aparan və həyata can verən İslam ədalətlə zidd olan bütün üstünlükləri rədd, yalnız təqva və paklıq baxımından əldə olunan üstünlükləri qəbul edir.

Imam Əli (ə) buyurur: "Ehtiyacsızlıq məstliyindən Allaha pənah aparıram! Çünki belə bir məstlikdən ayılıb adi hala düşmək olduqca çətin bir işdir."

–Günlərin birində Peyğəmbərin (s) yanına varlı bir şəxs gəlir və bir qədər sonra olduqca yoxsul olan başqa bir şəxs də gəlib dövlətlinin yanında oturur. Həmin varlı şəxs onun oturmaq istədiyini görüb dərhal paltarını yığır. Peyğəmbər (s) bu səhnəni gördükdə çox narahat olur və üzünü həmin varlı şəxsə tutub buyurur: "Qorxdun ki, onun yoxsulluğundan sənə də keçə?" Dedi: "Xeyr!" Buyurdu: "Qorxdun ki, sənin var-dövlətinin bir qismi ona keçə?" Dedi: "Xeyr!" Buyurdu: "Qorxdun ki, sənin paltarını çirkləşdirsin?" Dedi: "Xeyr!" Buyurdu: "Belə isə, onda nə üçün bu cür rəftar etdin?" Dedi: "Sərvət və var-dövlətim məni həqiqət və gerçəkliyi dərk etməkdən məhrum etmiş və bütün pislikləri nəzərimdə gözəl cilvələndirmişdir. Gördüyüm bu işin müqabilində var-dövlətimin tən yarısını həmin bu yoxsul şəxsə verirəm." Peyğəmbər (s) üzünü yoxsul şəxsə tutub soruşur: "Onun verdiklərini qəbul edirsənmi?" O deyir: "Xeyr!" Varlı şəxs ondan bunun səbəbini soruşduqda cavabında deyir: "Qorxuram mən də sənin kimi var-dövlət sahibi olub, belə bir xoşagəlməz xüsusiyyətə düçar olum."

Beləliklə, əgər xudpəsənd və təkəbbürlü şəxslər səadət və xoşbəxtlik arzusunda olarlarsa, hökmən özlərini islah etməli və bu mənfur xüsusiyyəti öz vücudlarından birdəfəlik qoparıb atmalıdırlar. Əgər bu işi görməsələr, ömürlərini həsrət və nakamlıq içində başa vurmuş olarlar. 

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!