QAYA ÜZƏRİNDƏ ƏKİLMİŞ TOXUMA BƏNZƏR İNFAQ

:

 یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِی ینْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا یؤْمِنُ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَیهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا یقْدِرُونَ عَلَى شَیءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الْكَافِرِینَ

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxsin halı, üzərində bir az torpaq olan saf daşa (qayaya) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və onu çılpaq bir hala salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafir qövmü hidayət etməz!”1

YAXŞI ƏMƏLLƏ BAĞLI İKİ FƏRQLİ NƏZƏR
Yaxşı əməlin qiymətləndirilməsi ilə bağlı iki fərqli nəzər irəli sürülür: biri maddi baxış, digəri isə ilahi baxışdır.

BİRİNCİ NƏZƏR
Adətən, çətinliklərin həlli yolunda atılan addım yaxşı qarşılanır; istər şəxs onu cəmiyyətə xidmət göstərmək məqsədilə, istərsə də riyakarlıq və ya hər hansı hədəfə çatmaq məqsədilə yerinə yetirmiş olsun.
Bu nəzərə görə, meyar əməlin mahiyyətidir və onun qaynağı sayılan niyyət əhəmiyyət kəsb etmir və onun çirkinliyi əməlin gözəlliyinə zərbə endirmir. Odur ki, ictimai mövqe qazanmaq, seçkilərdə səs toplamaq məqsədilə xəstəxana və məscid tikdirən, yol çəkdirən və bu kimi xeyirxah işlər görən şəxs təriflənir, əməli qiymətləndirilir. Belə işlərinə görə, hətta həmin şəxs kütləvi informasiya vasitələri ilə tanıtdırılır və təbliğ edilir.

İKİNCİ NƏZƏR
Yaxşı əməl iki şərtlə məna kəsb edir:
1. Əməl özü zatən yaxşı olub, hər hansı bir çətinliyi həll etsin;
2. Əməlin sahibində ilahi məqsəd və ya ən azı insanlıq hissi olsun. Bu iki şərtlə əməl yaxşı və onun sahibi xeyirxah adlandırılır.
Qurani-Kərimin üstünlüyü də məhz bu baxışdakı əhatəliyə görədir. Dinsiz məktəblər zahirə əsaslandığından əməlin kökünə yox, üzünə dəyər verirlər. Halbuki İslam həm əməlin kökünü, həm də üzünü qiymətləndirir. Məsələn, İslam müşriklərə məscid tikməyi qadağan edir və onu yalnız möminlərə məxsus bilir. Məscid Allaha ibadət məqsədi ilə tikilir və müşriklər isə bütlərə sitayiş edirlər:

مَا كَانَ لِلْمُشْرِكِینَ أَنْ یعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِینَ عَلَى أَنْفُسِهِمْ بِالْكُفْرِ أُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِی النَّارِ هُمْ خَالِدُونَ

“Müşriklərin öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tövhidə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) haqları yoxdur. Onların bütün (xeyir) əməlləri puçdur və onlar odda əbədi qalacaqlar.”2
Müşriklərə əks olaraq möminlərə niyyətlərinə görə məscid tikmə və s. haqlar verilir:

إِنَّمَا یعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ یخْشَ إِلَّا اللَّهَ فَعَسَى أُولَئِكَ أَنْ یكُونُوا مِنَ الْمُهْتَدِینَ

“Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.”
Yedinci məsəlin ardınca səkkizinci məsəldə də infaqla bağlı daha başqa bir məsələ açıqlanır və riyakarlıqla edilən yaxşılıq pislənir. Belə infaq zahiri gözəl, batini isə çirkindir, gözəlliyi insanı çaşdırır və elə təsəvvür olunur ki, onu bu işə insani duyğuları və Allahın razılığı vadar edib. Lakin riyakar şəxs batində başqa məqsədlər güdür və onun qəlbi saf daş kimi möhkəm və bərkdir.
Riyakarlıq və özününümayiş ikiüzlülüyün nişanəsidir. Ağıl və şəriət onu pisləməkdə həmfikirdir.

SAF DAŞ ÜZƏRİNDƏ ƏKİLƏN TOXUM
Bir neçə hektar ərazini əhatə edən və üstü azacıq torpaqla örtülən böyük daş parçasını təsəvvür edin. Torpağın altındakı daşlıqdan xəbərsiz əkinçi həmin sahəyə neçə qat artıq məhsul götürmək ümidilə toxum səpir. Bir neçə gündən sonra şiddətli yağış həmin azacıq torpağı toxumları ilə birgə yuyub aparır və əkinçi sahədə saf daşdan başqa bir şey görmür.
Riyakar insanın qəlbi mənəviyyatsızlıqdan saf daşa, zahirdəki infaqı da üzərindəki azacıq torpağa qarışan toxuma təşbeh edilir. Əkinçi o toxumdan məhsul götürmədiyi kimi, riyakar da qiyamət günü qəlbi və ruhuna hopmayan əməldən bəhrələnməyəcək.
Qeyd olunanlara əsasən, yaxşı əməlləri ilə cəmiyyətə xidmət edən ixtiraçılar, alimlər və s. kəslər iki qrupa bölünür:
1. İşləri pak, ilahi və insani niyyətlə yerinə yetirənlər, şübhəsiz, mükafatsız qalmayacaqlar.
2. Dünya hegemonları və şeytani qüvvələrə qul olanlar qiyamət günü əliboş qalacaqlar. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah-Taala sizin zahirinizə yox, niyyət və əməllərinizə baxır.”4

ABİD VƏ ZAHİDLƏRİN RİYAKARLIĞI
Riya, üsyankar nəfsin zahirini örtmək üçün böyük bir qurğudur. Mənəviyyatdan məhrum olma batində boşluq yaradır və üsyankar nəfs onu doldurmaq üçün yol axtarır və onu öz fəaliyyət mərkəzi seçir. Lakin bəndəçiliyin və mütləq kamala doğru meylin ləzzətini duymadığı üçün insanların tərifi onun kamına şirin gəlir və tədricən bütün əməllərini başqalarına göstərməyə çalışır. Getdikcə camaatın səs-küyü, tərifi və heyrətini cəlb edən işlərə əl atır və günah bataqlığına yaxınlaşır. O, yaxşı işləri yalnız şöhrət və tərif üçün görür və işi o yerə çatır ki, vacib əməlləri abid və zahid kimi tanınmaq, təqva və xeyirxahlığı dillər əzbəri olmaq və cəmiyyətdə sayğı ilə qarşılanmaq üçün yerinə yetirir. Belə bir insan zahirdə allahpərəst olsa da, xudpəsənd və eqoistdir. Onun tanrısı özü və nəfsi, dini isə nəfsi istək və ləzzətləridir. Bəziləri ömrünü beləcə keçirir, özününümayişdən ləzzət alır və riyakarlıqdan əl götürmür. Bəziləri də bir müddət keçdikdən və riyakarlıqla ictimai mövqe qazandıqdan sonra münafiqlik niqabını üzündən qaldırır, qondarma ibadət və zahidliklə vidalaşır, çirkin işlərə qoşulur və hətta küfrdən belə çəkinmir.

Kitabın adı: Qurani-kərimdə ibrətamiz məsəllər
Tərcümə edən: Rza Şükürlü


1. “Bəqərə” surəsi, ayə 264.
2. “Tövbə” surəsi, ayə 17.
3. “Tövbə” surəsi, ayə 18.
5. “Əl-muhəccətul-beyza”, 6-cı cild, səh. 108.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!