QURAN VƏ BİOLOJİ ELMLƏR - 4

:

YEKUN
1. “İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən onun torpaqdan yaradılması ilə bağlı ətraflı söhbət açacağıq və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında iki əsaslı şərh mövcuddur.

Birinci: Bütün insanlar nütfədən yaradılmışdır. Nütfə qida maddələrindən yaranmış, qida maddələri isə torpaqdan əmələ gəlmişdi.1
İkinci: Yalnız həzrət Adəm (ə) torpaqdan yranmış, digər insanlar isə nütfədən yaranmışlar. Deməli, insanların kökü həzrət Adəmin vasitəsi ilə torpağa gedib çıxır.2
Bütün bunlara nəzərən ayənin qəti olaraq təkamül nəzəriyyəsinə aid olduğunu söyləmək doğru deyil. Çünki birinci şərhi (nütfənin torpaqla əlaqəsi) qəbul etsək, növlərin təkamülü ilə heç bir əlaqəsi olmadığı anlaşılacaq. İkinci şərhi (Adəmin torpaqdan yaranması) qəbul etsək, növlərin dəyişməzliyi haqqındakı fikirləri dəstəkləmiş olacağıq.
Əgər vəziyyətdən çıxış üçün “اجل” [əcəl]  ifadəsinin insanın torpaqdan yaranması ilə indiki insan surətinə düşməsi arasındakı zaman fasiləsi kimi izah etsək, o zaman tamamilə yeni bir mövzu açılmış olacaq.
2. “سلالۃ” [sulalə]  ifadəsi seçilmiş (süzülmüş), bir şeyin yığcam forması mənalarını ifadə edir. Bəzilərinin fikrincə “Muminun” surəsinin 12-ci ayəsində məqsəd nütfədir. Hər halda bu ayə zaman fasiləsinə heç bir işarə vurmur.
3. Ayə haqqında irəli sürülən şərh və ehtimallar çox və fərqli olduğu üçün burada elmi ecazkarlıqdan söhbət gedə bilməz (Növbəti bəhslərdə bu haqda ətraflı söhbət açacağıq).
b) İnsanın sudan yaradılması;
“İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur.”3
“İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.”4
Ayətullah Meşkini “Furqan” surəsinin 54-cü ayəsini şərh edərək yazır:“Bu ayə insanın indiki şəklə (kamil insan surətinə) düşmədən öncəki halını bəyan edir.”5

YEKUN
Sonra da söhbət açacağımız kimi yuxarıdakı ayə haqqında iki əsas ehtimal mövcuddur.
Birinci: İnsanın sudan yaradılmasından məqsəd budur ki, onun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir.6
İkinci: İnsan nütfədən yaradılmışdır.7
Bütün bunlar göstərir ki, məlum ayənin insanın mərhələli təkamülü və darvinizimlə heç bir əlaqəsi yoxdur.
c) İnsanın nütfədən yaranması. إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ
“Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu  imtahana çəkəcəyik.”8
Ayətullah Meşkini “Dəhr” surəsinin 2-ci ayəsi haqqında yazır:
“Ayədə “nütfə”dən məqsəd su və onun qarışıq tərkibidir ki, palçıq şəklinə salınmışdır. Bu ilkin həyat maddəsindən öncə hüceyrələr, sonra ibtidai həyati formalar, daha sonra isə ali həyati formalar yaradıldı.”9
“Əbəsə” surəsinin 19-cu ayəsi haqqında yazır: “Əgər “nütfə”dən məqsədin su olduğunu qəbul etsək ayə belə bir məna kəsb edəcək: Allah insanı məxsus sudan yaratdı. Onun bir haldan digər hala düşəcəyini qərara aldı (təkamül). Nəticədə bugünkü insan şəklinə düşdü”.
O, sonda ayənin ikinci mənası haqqında söhbət açır ki, burada nütfədən məqsəd hər bir insanın mənşəyi olan spermadir.10

YEKUN
“İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən qeyd edəcəyik ki, nütfə leksik baxımdan zəif axıcılığa malik hər bir şeyə aid edilir. Qatqısız suya, kişi və qadın toxumuna (sperma) da axıcı olduğu üçün nütfə deyilir. Sonra isə Quranda nütfə termininin hansı mənalarda işləndiyini incələyəcək və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında on üç baxış mövcuddur (Bu versiyaların ən mühümü bunlardır: 1.Qadın və kişi spermasının qatışığı; 2. İrsiyyət və genetik amillər; 3. Nütfənin (spermanın) tərkibi və s.)11
Lakin təfsirçilər arasında “nütfə” dən məqsəd yalnız “su” olduğu qənaətində olan təfsirçi yoxdur. Ayədə qeyd olunan “امشاج” [əmşac] sözü nütfədən məqsədin su olmadığını göstərən konteksdir. Nütfənin sulu palçıq mənasını isə heç bir leksikoloji qaynaqda tapa bilmədik. Deməli, ayədə “nütfə” dən məqsəd ya kişi nütfəsi (toxumu), ya da qadın və kişi toxumlarının qarışığıdır. Ayətullah Meşkininin izahı isə heç bir hərfi və ya terminoloji məna ilə düz gəlmir.
4. İnsanın yaradılışının ikinci mərhələsinə işarə vuran ayələr (insan surəti verilməsindən sonra, Adəmin (ə) seçilməsindən öncə).
“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir”.12
“Yunus” surəsinin 19-cu ayəsi də bu məzmundadır. Ayətullah Meşkininin fikrincə insana surət verildikdən sonra və Adəm (ə) onların arasından seçilməzdən öncə insanlar uzun müddət vahid bir toplum şəklində həyat sürmüşlər. O, yuxarıda sözügedən iki ayəni bu zaman fasiləsinə (mərhələyə) aid edir.13
Ayətullah Məkarim Şirazi də “Bəqərə” surəsinin 213-cü ayəsini bəşər həyatının 4 mərhələsinə aid olduğunu bildirir.14
 Onun fikrincə dinin göndərilməsi insanın yaranması ilə eyni dövrə təsadüf etmir. Dinin göndərilməsi sinifli cəməiyyətə keçid dönəminə təsadüf edir. Deməli, ilk ulul-əzm peyğəmbərin Adəm (ə) deyil, Nuh (ə) olduğunu desək yanılmarıq.15
 
YEKUN
Qeyd olunan ayələrdən iki nəticə çıxarmaq olar:
1. İnsan Yer kürəsində yarandıqda iki mərhələdən keçmişdir. Birinci mərhələdə heç bir din və ya peyğəmbər olmamışdır. Sonradan həzrət Adəm (ə) seçilmiş və insanlar dinli cəmiyyət şəklində yaşamağa başlamışlar. Deməli, həzrət Adəm (ə) ilk yaranan insan deyil (Bu, Darvinin Təkamül nəzəriyyəsi ilə üst-üstə düşür).
2. Peyğəmbərlərin (ə) göndərilməsi iki cür olmuşdur. Birinci mərhələdə Adəm (ə) yaradıldığından və onun nəsli artdıqdan sonra heç bir şəriət və ya kitab verilməyən peyğəmbərlər göndərilmiş və bəşərə ibtidai fərdi həyatlarında bələdçilik etmişlər. İkinci mərhələdə sinifli cəmiyyət formalaşmış və insanlar qanuna ehtiyac duymuşlar. Bu zaman həzrət Nuh (ə) kimi şəriət və kitab sahibi peyğəmbərlər göndərilmişlər. Deməli, ikinci nəticəyə görə Adəm (ə) Yerdə yaranmış ilk insan olmuşdur (Bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə də üst-üstə düşür).
Ayətullah Meşkini birinci versiyanı əsas götürmüş, Ayəullah Məkarim Şirazi isə ikinci versiyaya üstünlük vermişdir. Qeyd olunan iki versiyaya nəzərən qəti olaraq ayənin hansı nəzəriyyəni (növlərin təkamülü, yoxsa dəyişməzliyi) təsdiq etdiyini demək mümkün deyil.
5. Üçüncü mərhələyə (Adəmin (ə) insanların arasından seçilməsinə) işarə vuran ayələr.
“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş etdi”.16
Doktor Yədullah Səhabi məlum ayə haqqında yazır:
“Bu ayələrə (“Ali-İmran”, 33; “Əraf”, 11; “Səcdə”, 7-9) görə Adəm (ə) öncədən birgə yaşadıqları insanların arasından seçildi. Buna görə də insanın Adəmdən törəməsi fikri Qurana görə əsassızdır.”17
Ayətullah Məkarim Şirazi “Ali-İmran” surəsinin 33-cü ayəsini növlərin təkamülünə aid edənlərə cavab olaraq yazır: “Ayədə “العالمین” ifadəsindən məqsədin həzrət Adəmin (ə) müasirləri olduğuna heç bir əsas yoxdur. Əksinə bu tarix boyu mövcud olan bütün cəmiyyətlərə aiddir. Buna görə də Adəm dönəmində çoxlu sayda insan olduğunu və həzrət Adəmin (ə) onların arasından seçilməsini əsassız olaraq ayəyə aid etməyə lüzum yoxdur.”18
Ayətullah Misbah Yəzdi “Ali-İmran” surəsinin 33-cü ayəsini izah edərkən “Adəmin (ə) insanların içindən seçilməsi fikri” haqqında yazır: “Ayəni belə izah etmək olar ki, bir insan özündən sonra gələcək bütün insanlardan üstün hesab edilmişdir. Əgər bir az mülayim mövqedən çıxış edib Adəm dönəmində cəmiyyətin mövcudluğunu qəbul etsək, bu, onun öz övladlarıdır”.19

YEKUN
“Ali-İmran” surəsinin 33-cü ayəsi haqqında da iki fərqli ehtimal olduğu üçün qəti olaraq müəyyən ehtimal üzərində dayanmaq olmaz. Təbii ki, belə olduqda ayənin iki nəzəriyyədən (növlərin təkamülü, yoxsa dəyişməzliyi) hansının təsdiqi olduğu da qaranlıq olaraq qalır.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1 “Təfsiri-nümunə”, c.14, səh. 23; c.17, səh.125; c.20, səh. 165.
2 “Maarif əl-Quran”, səh. 330.
3 “Furqan” surəsi, ayə: 54.
4 “Səcdə” surəsi, ayə: 7-8.
5 “Quranda təkamül”, səh.27.
6 “Quran maarifi”, səh. 320-320.
7 “Quran maarifi”, səh. 329-330.
8 “Dəhr” surəsinin 2-ci və “Əbəsə” surəsinin 19-cu ayəsi də həmin mənanı daşıyır.
9 “Quranda təkamül”, səh. 39.
10 “Quranda təkamül”, səh. 42
11 “Əl-Mizan”, c.20, səh. 209, 210; “Təfsiri-nümunə”, c.25, səh. 334.
12 “Bəqərə” surəsi, ayə: 213.
13 “Quranda təkamül”, səh. 27-28.
14 “Təfsiri-nümunə”, c.2, səh. 58.
15 “Təfsiri-nümunə”, c.2, səh. 58.
16 “Ali-İmran” surəsi, ayə: 33.
17 “İnsanın yaradılışı”, səh. 108.
18 “Təfsiri-nümunə”, c.2, səh. 321.
19 “Quran maarifi”, səh. 345.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!