DÜNYAYA VURĞUNLUQDAN ÇƏKİNMƏK

:

Əgər həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) buyuruqlarına diqqətlə nəzər salsaq aydın olar ki, axirətə diqqət və dünyaya vurğunluqdan çəkinmək olduqca mühüm məsələlərdir. Bu da qeyd olunmalıdır ki, Əhli-beytə məxsus bütün təlimlər və bu şəxsiyyətlərin bütün buyuruqları Qurani-Kərimdən əxz olunmuşdur. Başqa sözlə, bu şəxslər bir növ danışan Qurandırlar. Onların həyatına yaxşı nəzər saldıqda hər an Quran məntiqləri ilə qarşılaşırıq. Əhli-beyt buyuruqlarının özündə təsdiqlənir ki, bu buyuruqlar Qurandandır. Eləcə də bildirilir ki, Əhli-beytin (ə) başqalarından üstünlüyü Qurandan hamının dərk etmədiyi mənaların onlar tərəfindən dərk olunmasıdır.
Qurani-Kərimin təkid etdiyi məsələlərdən biri dünyanın müvəqqəti və etibarsız olmasıdır. Quran dünyanı insanın kamillik yolunda maneə bilərək axirəti üstün tutur. Hətta dünyaya vurğunluq küfr sırasında təqdim olunur. «İbrahim» surəsinin 2-3-cü ayələrində buyurulur: «Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tuturlar». Ayəyə əsasən kafirlər dünyanı axirətdən üstün tutan şəxslərdir. Onlar dünyanın ötəri ləzzətlərini əbədi axirət səadətindən üstün tuturlar.
İmam Sadiq (ə) Qurani-Kərim şivəsi ilə Əbdullah ibn Cündəbə buyurur: «Xoş o insanın halına ki, kafirlərə verilmiş dünya malına baxanda həsrət çəkmir! Xoş axirəti seçib, bu yolda çalışanın halına! Xoş yalan arzulara aldanmayanın halına!» Bu rəvayət «Taha» surəsinin 131-ci ayəsini xatırladır: «Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz var-dövlətə həsrətlə baxma». Əlbəttə ki, bu ayədə zahirən peyğəmbərə müraciət olunsa da göstəriş hamıya şamildir.
Təbii ki, gözləri açıq insan yolda və ya işdə təsadüfən başqalarının mülkünü görə bilər. Bu baxış ötəridir. Amma bəzən insan gördüyü səhnənin təsiri altına düşür. Ayədə məhz bu başqalarına verilmiş dünya malına göz dikməmək tapşırılır.
İnsanlar malik olduqları dünya malının miqdarına görə fərqlənirlər. Bu fərqlərin məntiqi əsasları vardır. Başqalarının gözəl mülkə, qiymətli avtomobilə, dəniz kənarında bağa malik olduğunu görməklə həsrət çəkən insan bu ne᾽mətləri əldə etmək həvəsinə düşür. Əvvəlcə halal yolla çalışır. Müvəffəq olmadıqda qaranlıq yollara da baş vurur. Bu yolla da arzusuna çatmayanlar harama əl atır. Var-dövlət qazanmaq üçün borc götürür. Borcu ödəmək üçün sələmə razı olur və nəticədə harama düşür. Çoxları da bu yolla məhv olublar; əllərindəki halal sərvəti itirərək zəlalət uçurumuna yuvarlanıblar.
Belə bir pis aqibətlə üzləşmək istəməyən insan əvvəlcədən günahın qarşısını almalı, başqalarının var-dövlətinə göz dikib həsrət çəkməməlidir. Dünya malı şirin olsa da insanın ona vurğunluğu əbədi axirət həyatından məhrum olmaqla nəticələnir.

Kitabın adı: SADİQ YOL AXTARANLAR ÜÇÜN İMAM SADİQİN (Ə) NƏSİHƏTLƏRİ
Müəllif: Ustad Misbah Yəzdi
Hazırladı: Rəsul Mahmudzadə

Tags: İMAM SADİQ (ə), QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!