QURAN OXUMAĞI TƏRK ETMƏYİN

:

Quranla tanışlıq
Quranla tanışlığın ilk mərhələsi onun mətni ilə tanış olmaqdır. Bu mərhələdən keçmək lazımdır. Sonrakı mərhələ isə Quranla sıx əlaqədir. Quran oxumağı tərk etməyin. Əlbəttə, kimsə Quranı əzbərləsə, bir neçə addım irəlidə olacaq və qalan işlər ona asanlaşacaq. Hər halda, sonrakı mərhələ Quran ayələri üzərində düşünməkdir.

İnsan Quranın hər bir ayəsinə kiminsə ciddi danışığı kimi baxmalıdır. Əgər danışan ciddi və düşünərək danışırsa, biz onun sözlərini başa düşmək üçün diqqətli olmalıyıq. Quranla belə rəftar edin. Quranda sizinlə ciddi və düşünərək danışılıb.Quranın bütün sözləri dərindir. Ayələrin tərcüməsi mütləq lazımdır. Yəni ayələrdə düşünmək və təfəkkür etmək istəyən şəxs Quranın mənasını bilməlidir. Bu, vacib mərhələdir. Siz ayələrin tərcüməsini bilsəniz, diqqətlə oxuyacaqsınız, düşünmə imkanı yaranacaq və Quran üzərində düşünə biləcəksiniz.1

Quranı cəmiyyətin beyninə hakim etmək istəyiriksə, onun oxunuşunu ümumiləşdirməliyik!
Quran oxunuşuna diqqətin mühüm bir fəlsəfəsi var. Məsələ təkcə məharət cəhətindən, yaxud baş qarışdırmaqdan ibarət deyil. Əgər Quranın cəmiyyətin zehni arenasında yayılmasını, onun məfhumlarının düşüncələrdə yaşamasını və Quran adətinin cəmiyyətin beyninə hakim olmasını istəyiriksə, - qeyd etməliyəm ki, bu, çox əhəmiyyətli bir məsələdir - cəmiyyətin bütün üzvləri Quranı mütləq düzgün oxuya bilməlidirlər. Onlar bununla Quran ayələri üzərində düşünmək imkanı tapacaq və düşünməklə öz səviyyələri çərçivəsində onun dərinliklərinə yiyələnəcəklər. Quranı gözəl oxuyan qarilər digərlərini də Quran oxumağa sövq edən bayraqdarlardır. Quranı gözəl və düzgün oxumağın bu xususiyyəti var.2

Xalq Quranı anlamalıdır!
Bilin ki, İslam ümmətinin hər hansı bir hissəsi, məsələn, bu ümmətin böyük bir hissəsi Quran məfhumları ilə birbaşa əlaqə qura bilməsələr, Quran mədəniyyətinin təməlləri möhkəmlənməyəcək. Xalq Quranı anlamalıdır. Gərək bizim cavanlarımız, qızlarımız, oğlanlarımız, ata-analarımız, rəsmi idarə işçiləri, ticarət adamları, əkinçilər, fəhlələr - cəmiyyətin bütün təbəqələri ictimai, siyasi, yaxud iqtisadi məsələlər barədə düşünərkən zehinlərində Quran ayələrinə söykənən bilgilər toplusu əks olunsun. Görün nə qədər mühümdür! Hansı cəmiyyətin əksəriyyəti, yaxud böyük bir hissəsi bu vəziyyətdə olsa, İslam təməllərinin oturuşmasına ümid bəsləyə bilər. Biz bu məqsədə doğru gedirik.3

Həyatın bütün sahələrində Quranın aydın və həlledici sözü var!
Misal üçün, tənbəl bir insan Quranın bu məşhur “İnsana ancaq öz zəhməti qalar! Şübhəsiz ki, onun zəhməti görünəcəkdir!”4 ayəsini xatırladıqda və bildikdə ki, heç bir insan zəhmətinin nəticəsindən savayı bir şey görməyəcək və öz zəhmətinin bəhrəsini mütləq görəcək, görün onda necə həvəs yaranar! Görün bu ayə laqeyd insana necə həvəs verər və həvəskar adamı möhkəm saxlayar. Həyatın bütün sahələrinə dair Qurani-kərimin aydın, şəffaf, yolgöstərən və həlledici sözü var. Əgər insanlar Qurana bağlansalar, mənasını başa düşsələr, bu məfhumlar tədricən beyinlərə hopar və cəmiyyətin sabit düşüncələrinə çevrilər.5

Kitabın adı:ZƏRİF MƏQAMLAR (Dördüncü cild)
Müəllif:Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Quran müsabiqəsində iştirak edən tələbələrlə görüşdə çıxışından: 12 may 1999.
2. Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.
3. Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.
4. Nəcm/39-40.
5. Tələbə və şagirdlərdən olan Quran fəalları ilə görüşdə çıxışından: 27 oktyabr 1999.

Tags: QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!