İMAM HÜSEYNİ (ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

:

Müzakirə edəcəyimiz mövzu imam Hüseynin (ə) ziyarəti barəsindədir. Hədislərdə bu məsələyə çox təkid edilmişdir. Kimin Kərbəlayə getməyə imkanı varsa, bunu etməlidir.

İmam Baqir (ə) buyurur: “Ey tərəfdarlarımız, gedin Hüseynin qəbrini ziyarət edin!” Başqa bir hədisdə isə deyilir: “Hüseynin qəbrinin ziyarətinə getməyən (əlbəttə ki, imkan daxilində) şəxs özünü bizim tərafdarlarımızdan hesab etsədə əslində o, bizim tərafdarlarımızdan deyil. Öldükdən sonra Cənnətə getsə də orada yalnız qonaq qalar.” Başqa bir hədisdə isə imam Sadiq (ə) buyurur. “Sizlərdən kimsə 1000 dəfə həcci ziyarət edə, lakin Hüseyni (ə) ziyarət etməyə, Allahın haqqını verməmiş olar. Çünki Hüseynin hamının boynunda haqqı vardır.”
Bəli, həqiqətən də belədir. Bu gün dünyada kim namaz qılırsa, kim “La İlahə illəllah” deyirsə, onun boynunda imam Hüseynin (ə) haqqı vardır. Çünki Yezidin tamamilə aradan aparmaq istədiyi İslamı məhz imam Hüseyn (ə) yaşatdı. Avropa alimlərindən biri deyirdi: “Gərək biz Avropanın hər bir yerində Müaviyənin heykəlini ucaldaq. Çünki o olmasaydı, indi bütün dünya müsəlman olardı.”
İmam Hüseynin (ə) ziyarəti təkcə sadə insanlara xas olan bir məsələ deyil. Hədislərdə göstərilir ki, o həzrətin qəbrini mələklər, peyğəmbərlər də ziyarət edir.
Hədislərdə deyilir ki, imam Hüseynin qəbri daima mələklər və peyğəmbərlərin ziyarətgahıdır. Belə ki, bir anda olsun belə o müqəddəs məkan mələk və peyğəmbərsiz qalmır.
İmam Hüseynin (ə) zəvvarına mələklər, Peyğəmbər (s), xanım Zəhra (s) və eləcədə bütün imamlar dua edirlər. Həmin şəxs ziyarət məqsədiylə evinə qayıdanadək Allahın nəzarəti altında olar. İmam Sadiq (ə) İbn Vəhəbə deyir: “ Hüseynin ziyarətinə getməkdən əsla qorxma! Əgər belə eləsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni Peyğəmbər, Fatimə, Əli və bütün imamların dua etdiyi şəxslərin sırasında görməsini istəmirsən?” O həzrət başqa bir hədisdə buyurur:     “Mühəmməd qızı Fatimə Hüseyni ziyarət etməyə gəlmiş şəxsin yanında hazır olub onun üçün Allahdan bağışlanmasını diləyər.” Xanım Zəhranın (s) duasının qəbul edilməməsi mümkündürmü? Buna görədə hədisdə deyilir ki, Kərbəla ziyarətindən gələn şəxsin bütün günahları bağışlanar.
İmam Hüseynin (ə) ziyarətinin həm dünyada, həm də axirətdə mənfəət və nəticələri vardır.
Dünya mənfəətləri bunlardır:
1.Allah onun hacətlərini həyata keçirər.
2.Allah onun ruzisini bol edər və ziyarət üçün xərclədiyini müxtəlif vasitələrlə ona yetirər.
3.Allah onun 50 illik günahlarını deyil, bütün günühlarını bağışlayar və o, ziyarətdən evinə günahsız qayıdar.
4.İmam Hüseynin (ə) ziyarətinə gedən şəxs səfərdə olduğu müddətdə vəfat edərsə, mələklər enib ona qüsl verər, Cənnət qapıları onun üzünə açılar və qiyamətədək onun ruhu orada qalar.
5.Kərbəla ziyarətinə gedən şəxsin ziyarətdə olduğu günlər həmin şəxsin ömründən sayılmaz.
Qeyd etdiyimiz bütün bunların hamısı hədislərdə göstərilmişdir. İmam Hüseyni (ə) ziyarət etməyin axirət mənfəətlərinə gəldikdə isə aşağıdakı hədisə diqqət yetirmək kifayətdir. İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (ə) Hüseyn uşaq olarkən ona baxıb buyurmuşdur: Kim mənim bu uşağımı ziyarət edərsə, Allah ona bizim həcc savabından verər. Ayişə o həzrətdən soruşur: “Ya Rəsulallah, bir həcc savabı? O həzrət (s) buyurur: “Yox, iki həcc savabı.” Ayişə soruşur: “İki həcc savabı?” Peyğəmbər (s) buyurur: “Yox, dörd həcc savabı.” Ayişə hər dəfə soruşduqda Peyğəmbər (s) doxsan həcc savabına qədər ona savab verdi.” Bəli, məhz belə də olmalıdır. Çünki bu dini gətirən Həzrət Mühəmməddirsə (s), onu yaşadan imam Hüseyndir (ə). Necə ki, o həzrət Kərbəlada Kufə qoşununa xitabən bunu özü buyurmuşdur: “Əgər cəddimin dini mənim ölümümlə yaşayacaqsa, onda ey qılınclar, parçalayın məni!”
İmam Sadiqdən (ə) imam Hüseyn (ə) haqqında olan bir neçə hədisi qeyd etmək yerinə düşərdi. Bu hədislər öz növbəsində iki yerə bölünür:
1.İmam Hüseynin (ə) ziyarəti barəsində olan hədislər.
2.O həzrətin ziyarətinin necəliyi haqqında olan hədislər.
Yuxarıda imam Hüseynin (ə) ziyarəti haqqında bir neçə hədisi vurğuladıq. Eləcə də qeyd olundu ki, o həzrəti ziyarət etmək həm insanın dünyası üçün həm də axirəti üçün faydalıdır. Bundan əlavə qeyd etmək lazımdır ki, imam Hüseyni (ə) ziyarət etməyin, insanın mənəviyyatına da böyük təsiri var.
Rəvayətdə vardır: “Dünya, axirət tələb edən adama haramdır, axirət isə dünyanı tələb edən adama haramdır. Bunların hər ikisi isə (dünya və axirət) Allahı tələb edən adama haramdır.”
Bu hədisin mənasından aydın olur ki, Allahı sevən və Onun razılığını əldə edən şəxs üçün dünya və axirətin heç bir mənası yoxdur. Buna misal olaraq Əlini (ə) qeyd etmək olar. Belə ki, o həzrət buyurur: “İlahi mən sənə nə Cəhənnəmin qorxusundan, nə də behiştinə görə ibadət etmirəm. Mən səni tanımışam və məni bu xurmalıqda ibadət etməyə sənin ibadətinin ləzzəti çəkib gətirir” Odur ki, əgər bir insan dünya və axirətə göz yumub həqiqi iman, mərifət sahibi və Allah aşiqlərindən olsa, belə bir insanın eşq və mərifətlərində imam Hüseynin (ə) ziyarətinin böyük təsiri var. Bununla bağlı imam Sadiqdən (ə) bir neçə hədis qeyd etmək olar:
Həzrət (ə) buyurur: “Hər kim imam Hüseyni (ə) ziyarət etsə, Allah həmin şəxsə on min şəhər əta edəcək.”
Alimlər bu hədisin izahı ilə bağlı qeyd etmişlər ki, şəhərdən məqsəd dünyada mövcud olan şəhərlər deyil. Bəlkə hədisin mənası budur ki, Allah imam Hüseyni (ə) ziyarət edən şəxsin gözünün önündən və qulaqlarıından bütün pərdələri götürər. Allah həmin şəxsin qəlbinin bəsirətini açar. Belə olduqda o, şəxsə nə dünya gərəkdi nə də axirət.
Tarixdə nəql olunur ki, Əliyə (ə) bir anbar dünya malı gətirib verirdilər. Əli (ə) onların hamısını camaata paylamayınca evə getmirdi. Orada haqqı olanların hamısının haqqını qaytarırdı. Bütün beytül-malı payladıqdan sonra orada iki rəkət namaz qılıb Allaha belə ərz edirdi: “İlahi, çox şükür olsun ki, boynumda olan təklifi əda etdim. İndi evimə rahat gedə bilərəm.”
Peyğəmbər (s) özü də belə idi. Necə ki, tarixin səhifələrində yazılmışdır: Peyğəmbər (s) buyurardı: “Əgər günəşi mənim sağ əlimə, ayı isə sol əlimə qoysanız belə, mən yenə də peyğəmbərliyimdən əl çəkməyəcəyəm. Yəni bütün dünyanı mənə versəniz belə, mən yenə öz təklifimdən əl götürməyəcəyəm.”
Bu səbəbdəndir ki, əgər insanın bəsirət gözü açılsa və insan Allahını tanısa, onda həmin şəxsə nə dünya lazım olar nə də axirət. Belə bir şəxs daha günah etməz.
Təfsirçilər bu mətləblə bağlı başqa bir hədis də nəql edirlər: “Mənim bəndələrim nafilə, gözəl və müstəhəb əməllərlə Allahın məhəbbətini qazanmağa çalışarlar. Mən onları sevdikdə və onlar bu məhəbbəti qazandıqda, onların qulaqlarından və gözlərindən pərdələr götürülər. Mən onların qulağı, gözü, dili və əli olaram”. Odur ki, hər kim dünyada imam Hüseyni (ə) ziyarət edərsə bax belə bir insana çevrilər.
İkinci hədis belədir: İmam Sadiq (ə) buyurur: “Bir insan imam Hüseynin (ə) ziyarəti məqsədiylə öz evindən çıxarkən birinci addımı atdığı an Allah onun bütün günahlarını bağışlayar. Ondan sonra atdığı hər bir addımda o şəxsin nuraniyyəti çoxalar. Gəlib qəbirə yetişdikdə, Allah-taala o şəxslə münacat edərək buyurar: Ey mənim bəndəm çağır məni səs verim, nə hacət və istəyin varsa, istə məndə əta edim!”
Üçüncü hədis belədir: İmam Sadiq (ə) buyurur: “Qiyamət günü süfrələr açılacaq. Bu süfrələr bir neçə cürdür: Bir süfrədə yeməklər, bir süfrədə geyimlər, bir süfrədə hurilərdir. Bəzi insanlar belə şeylərin həvəsində olmadığından, onlar elə süfrə axtarar ki, orada nuraniyyət var. İmam buyurur: Bu nuraniyyət süfrəsinin kənarında oturmaq istəyən kəs gedib adını Hüseynin (ə) zəvvarlarının siyahısına yazsın. Orada o şəxslər oturacaqlar”.
Dördüncü hədis Əbu Usamənin hədisidir. O deyir: “Mən imam Sadiqdən (ə) eşitdim ki, həzrət buyurdu: “Qiyamət günü Cənnətdə bir məclis qurulacaq. Orada Peyğəmbğr (s), Əli (ə), Fatimə (s), məsumlar və möminlər iştirak edəcək. Kumeyl duasında buna işarə edən Əli (ə) 3 dəfə “Ya Rəbb” çağırdıqdan sonra Allahdan 10 hacət istəyir. O hacətlərin sonuncusu budur ki, İlahi, sən istədiyin şəxslərin məclisinə məni də daxil et! Odur ki, imam Sadiq (ə) buyurdu: “Məsumların, möminlərin iştirakı ilə keçiriləcək məclisdə iştirak etmək istəyən insan, imam Hüseyni (ə) ziyarət etsin. İmam Hüseynin (ə) ziyarətinin insanın həm dünyasına həm də axirətinə faydası var.

Kitabın adı: Əhli-beytin məqamı

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!