RƏCƏB AYININ BİRİNCİ GECƏSİ VƏ GÜNDÜZÜNÜN ƏMƏLLƏRİ

:

RƏCƏB AYININ BİRİNCİ GECƏSİNİN ƏMƏLLƏRİ

Bu şərafətli gecə üçün bir neçə əməl qeyd olunub.

1. Rəcəb ayının hilalını gördükdə oxunan dua:

اللَّهُمَّ أَهِلَّهُ عَلَیْنَا بِالْأَمْنِ وَ الْإِیمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّى وَ رَبُّكَ اللهُ عَزَّ وَ جَلَّ.

Əllahummə əhilləhu ələyna bil-əmni vəs səlaməh. Vəl-İslami Rabbi və Rabbukəllahu Əzzə və Cəllə.

Nəql olunan digər hədisdə deyilir ki, Həzrət Peyğəmbərimiz (s) Rəcəb ayının hilalını gördükdə belə buyurardı:

اللَّهُمَّ بَارِكْ لَنَا فِى رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّیَامِ وَ الْقِیَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَلا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ

Əllahumə barik ləna fi Racəbin və Şəbanə və bəlliğna şəhrə Raməzanə. Və Əinnna əlas-siyami vəl-qiyami və hifzil-lisani və ğazzil-bəsari. Vəla təc`əl həzəna minhu əl-cuə vəl-ətəşə.

2. Qüsl etmək

Həzrət Peyğəmbərimiz (s) buyurub: hər kəs Rəcəb ayına daxil olsa o ayın əvvəlində, ortasında və sonunda qüsl edərsə, günahlarından təmizlənərək dünyaya gəldiyi gün kimi günahsız olacaq.

3. İmam Hüseyni (ə) ziyarət etmək

Bu İmam Hüseyni (ə) uzaqdan ziyarət etməklə də mümkündür. Bunun üçün İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq və yaxud o həzrətə salam verməklə də ola bilər. Məfatihul Cinan kitabında o həzrətin ziyarətnaməsi qeyd olunmuşdur.

4. Məğrib namazından sonra 20 rükət namaz qılmaq. Yəni on dənə 2 rükətli sübh namazı kimi namaz qılmaq müstəhəbdir. Bunu edən şəxsin ailəsi, malı, övladı hifz olunar və qəbr əzabından amanda qalar.

5. İşa namazından sonra aşağıda qeyd edəcəyimiz şəkildə iki rükət namaz qılmaq da bu ayın birinci gecəsinin müstəhəb əməllərindəndir.

Rəcəb ayının birinci gecəsi niyyəti ilə iki rükət namaz qılmaq üçün birinci rükətdə Fatihə surəsindən sonra Şərh (94-cü) surəsini bir dəfə, Tövhid (112-ci) surəsini isə üç dəfə oxumalı, ikinci rükətdə isə Fatihədən sonra yenə Şərh surəsini oxumalı, sonra Tövhid, sonra Fələq və sonra isə Nas surələrini oxumaq lazımdır. Namazı bitirdikdən sonra 30 dəfə Lə iləhə illəllah zikrini deyib sonra 30 dəfə salavat göndərilir.

RƏCƏB AYININ BİRİNCİ GÜNÜN ƏMƏLLƏRİ

1. Oruc tutmaq

Rəvayət olunur ki, həzrət Nuh (ə) bu gündə gəmiyə mindi və tərəfdarlarına bu gündə oruc tutmağı əmr etdi. Bu gündə oruc tutan şəxsdən Cəhənnəm odu bir il uzaqlaşar.

2. Qüsl etmək

3. İmam Hüseyn əleyhissalamı ziyarət etmək.

İmam Cəfər Sadiq əleyhissalam-dan rəvayət olunur ki, hər kəs Rəcəb ayının birində İmam Hüseyni (ə) ziyarət edərsə, Allah onu bağışlayacaq. Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi o həzrəti uzaqdan da ziyarət edənlərin ziyarəti inşallah qəbul olacaq. 

Mənbə: tebyan.net
Tərcümə etdi: R.Mahmudzadə

 

 

Tags: DUA

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!