RƏCƏB AYININ ƏLAMƏTDAR GÜNLƏRİ VƏ FƏZİLƏTİ

:

Rəcəb ayının təqvimi:

1 Rəcəb: Bəzi rəvayətlərə görə bu gün İmam Məhəmməd Baqirin (ə) təvəllüd günüdür (hicri qəməri 57-ci il).1
2 Rəcəb: Bir sıra rəvayətlərə görə bu gün İmam Əli ən-Nəqinin (ə) təvəllüllüd günüdür (hicri-qəməri 212-ci il).2
3 Rəcəb: Hicri-qəməri 254-cü ildə belə bir gündə İmam Əli ən-Nəqi (ə) şəhadətə çatmışdır.3
10 Rəcəb: Bəzi rəvayətlərə görə bu gün İmam Məhəmməd Təqinin (ə) təvəllüd günüdur.4
13 Rəcəb: Bu gün Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) mövlud günüdur. Məşhur rəvayətə görə o, Həzrət Rəsulallahin (s) besətindən 12 il öncə Kəbə evinin daxilində dünyaya göz açmışdır.5
15 Rəcəb: Bəzi rəvayətlərə görə hicri-qəməri 63-cü ildə bela bir gündə Xanım Zeynəb-Kubra (s.ə) vəfat etmişdir.6
18 Rəcəb: Bu gün Həzrət Rəsulallahın (s) övladı cənab İbrahimin vəfat günüdür.7
25 Rəcəb: Hicri-qəməri 183-cü ildə bu gündə İmam Musa ibn Cəfər (ə) şəhadətə çatmışdır.8
26 Rəcəb: Bir rəvayətə görə bu gün Həzrət Əbu Talibin (ə) vəfat günüdür.9
27 Rəcəb: Əziz Peyğəmbərimizə (s) peyğəmbərlik verilən gündür (besət günü). 10

Rəcəb aynın fəziləti
:
Rəcəb, şaban və ramazan ayları çox fəzilətli aylardır. Hədislərdən belə əldə olunur ki, rəcəb ayı bu üç ay içərisində xüsusi üstünlüyə malikdir. Belə ki, rəcəb ayı "Allah ayı", şaban ayı "Peyğəmbər ayı, ramazan ayı isə "Ümmətin ayı" adlanmışdır.11
 Rəcəb ayı "haram aylardan biridir və bu ayda İslam düşmənlərinə qarşi müharibəyə başlamaq və ya müharibəni davam etdirmək haramdır (əlbəttə, müdafiə xarakterli müharibə istisnadır).12 Bu aylarda (haram aylarda) cinayətlərin diyəsi daha ağır olur.13
Həzrət Peyğəmbər (s) rəcəb ayını "şəhrul-əsəbb" adlandırmışdır, çünki bu ayda Allahın rəhməti ümmətin üzərinə yağır."14
Bu aya Həzrət Peyğəmbərin (s) besəti, Əmirəl-möminin Əlinin (ə) mövludu, İmam Musa ibn Cəfərin (ə) şəhadəti və bir sıra başqa mühüm tarixi hadisələr təsadüf etmişdir. Bu səbəbdən də rəcəb ayı xatirələrlə dolu bir aydır.
Rəcəb ayında-hətta ayın bir gününü-oruc tutmağın böyük savabları barədə nəql olunmuş saysız hədislərdən aydın olur ki, bu ay ibadət və ozunüislah ayıdır. Bu hədislərdən bir neçəsini,diqqətinizə çatdırırıq.
1- Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Sadiqin(ə) səhabələrindən biri rəcəb ayının axırlarında o həzrətin yanına gəldi.İmam Sadiq (ə) onu gördükdə buyurdu:"Bu ay oruc tutdunmu?" Həmin şəxs:"Xeyr"-deyə ərz etdi.İmam(ə) buyurdu: "Sən elə böyük savabı əldən vermisən ki, onu ancaq Allah bilir.  Allah bu ayi başqa aylardan üstün etdi və onun hörmətini saxlamağı böyük hesab etdi. Bu ayda tutulan oruclar üçün böyük savablar qərar verdi". Həmin səhabə ərz etdi:" Əgər ayın qalan günlərini oruc tutsam, bu savabların bir qismini əldə edə bilərəmmi?" İmam (ə): "Bəli-deyə buyurdu. Sonra İmam Sadiq (ə) rəcəb ayının axırıncı gününü, yaxud axırıncı iki və ya üç gününü oruc tutan şəxsə verilən savabları bəyan etdi: o cümlədən, can verərkən insanda yaranan əzablı hallardan, qəbir əzabından və Siratda büdrəməkdən xilas olmaq, Qiyamətin çətinliklərindən və cəhənnəm odundan nicat tapmaq.15
2- Başqa bir hədisdə buyurulur: "Rəcəb ayı Cənnətdə olan çaylardan birinin adıdır. Bu çayın suyu süddən ağ və baldan şirindir. Hər kim rəcəb ayında bir gün oruc tutsa, həmin çayin suyundan içəcəkdir.16
3- Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurur: "Hər kim bu ayda bir gün oruc tutsa, Allahin boyük razılığını qazanar, Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmin qapıları onun üzüna bağlanar.17
4- Rəcəb ayında, həmçinin digər "haram aylar"da ardıcıl olaraq üç gün- cümə axşami günu,cümə günü və şənbə günü oruc tutan şəxsə böyük savab verilir.18
Həzrət Rəsulalah (s) başqa bir hədisdə bela buyurur "Hər kim bu ayda oruc tuta biliməsə, hər gün yüz dəfə bu zikrləri desin, ta həmin günün orucunun savabını əldə etsin:

سُبحانَ الإِلهَ الجَلِيلِ، سَبحانَ مَن لا يَنبَغِي التّسبِیحُ إلّا له، سُبحانَ الأَعَزَّ الأَكرَمِ، سُبحانَ مَن لَبِسَ العِزَّةَ و هُوَ لَهُ اَهلٌ

"Cəlalətli Məbud pak vo münəzzəhdir. Pak və münəzzəhdir o kəs ki, Ondan qeyrisi təsbihə layiq deyil. İzzətli və kərim Allah pak va münəzzəhdir. Pak va münəzzəhdir o kəs ki, izzət Onun əbasıdır və O, buna layiqdir."19
Yuxarida qeyd olunan hədislərdən və ümumiyyətlə, bu barədə hədis qaynaqlarında nəql olunan hədislərdən aydın başa düşülür ki, rəcəb ayı özünüislah ayı olub Allaha tərəf hərəkətin yeni bir dönəminin başlanmasıdır: rəcəb ayında başlanan və mübarək ramazan ayına qovuşan özünüislah cəhdi. Xoş o kəslərin halına ki, bu üç ayın-rəcəb, şaban və ramazan aylarının qədir-qiymətini bilib onlardan layiqincə bəhrələnə bilirlər.
Rəcəb ayının əməlləri:
Rəcəb ayının müştərək əməlləri:
Bu əməllər müəyyən bir günə aid olmayıb ayın bütün günlərində yerinə yetirilir. Bu əməllər çoxdur va biz onlardan bir neçəsini qeyd edirik:

 

1- Rəcəb ayının hər günü bu duanı oxuyun:

يا مَن يَملِكُ حَوائِجَ السائِلِينَ، و يَعلَمُ ضَمِيرَ الصامِتِينَ؛ لِكُلِّ مَسئَلَةٍ مِنکَ سَمعٌ حاضِرٌ، وَ جَوابَ عَتِيدٌ. اللّهُمَّ و مَواعِيدُکَ الصادِقَةٌ، وَ اَیادِیکَ الفاضِلَةٌ، و رَحمَتُکَ الواسِعَةٌ! فَاسئَلُكَ أن تُصَلِى على مُحَمَّدٍ و آلِ مُحَمَّدٍ، و أن تَقضِيَ حَوائِجِي لِلدُّنيا و الآخِرَةِ، إنَّكَ على كُلِّ شَیئٍ قَدِیرٌ

"Ey diləyənlərin istəklərinə malik olan və sükut edənlərin ürəyinin sirrini bilən; hər bir istək üçün Sənin eşidən qulağın və hazır cavabın vardır. Ey o Allah ki, vədən doğru. nemətlərin çoxlu və rəhmətin genişdir! Səndən istəyirəm ki, Məhəmmədə və Ali- Məhəmmədə salam göndərəsən, dünya və axirət istəklərimi həyata keçirəsən, çünki Sən hər şeyə qadirsən."20

2- Rəcəb ayının hər günü İmam Sadiqin (ə) oxuduğu bu duanı oxuyun:

خابَ الوافِدُونَ على غَیرِکَ، و خَسِرَ المُتَعَرِّضُونَ إلّا لَكَ، و ضاعَ المُلِمُّونَ إلّا بِکَ، و اجدَبَ المُنتجِعُونَ اِلّا مَنِنتَجَعَ فَضلَکَ؛ بابُکَ مَفتُوحٌ لِلراغِبِينَ، و خَیرُکَ مَبذُولٍ لِلطالِبِينَ، وفَضلُکَ مُباحٌ لِلسائِلين، و نَیلُكَ مُتاحٌ لِلآمِلِينَ؛ وَ رِزقُکَ مَبسُوطٌ لِمَنَّ عَصاکَ، و حِلمُکَ مُعتَرِضٌ لِمَنَّ ناواکَ؛ عادَتُكَ الإِحسانُ إلى المُسِيئِينَ، و سَبِلُكَ الإِبقآءُ على المُعتَدِينَ. اللَُّهُمَّ فاهدِنِي هُدَى المُهتَدينَ، وارزُقَنِي اجتِهادَ المُجتَهِدِينَ، و لا تَجعَلنِي مِن الغافِلِينَ المُبعَدِينَ، وَاغفِر لِي يَومَ الدِينِ

"Səndən qeyrisinə müraciət edənlər naümid oldular, Səndən qeyrisinə üz tutanlar ziyana uğradılar, Sənin dərgahından qeyri bir yerə cəm olanlar həlak oldular, Sənin fəzlindən qeyri bir şeyə təvəssül edənlər əliboş qaldılar; qapın müştaqların üzünə açıqdır, xeyrin diləyənlərə əta edilmişdir, lütfün möhtaclara şamil olmuşdur, bəxşişin arzu edənlər üçün hazırdır; ruzin Sənə itaatsizlik edənlər üçün açılmışdır və səbrin düşmənlərini əhatə etmişdir; günahkarlara yaxşılıq etmək Sənin adətin və düşmənlərə möhlət vermək Sənin dəsti-xəttindir. Ey Allahim, məni hidayət olunmuşlar kimi hidayat et, cihad edənlərin cihadını mənə ruzi et, məni (Sənin rəhmətindən) uzaq olan qafillərdan qərar vermə, Qiyamət günü məni bağışla." 21
3- Həzrət Rəsulallah (s) buyurmuşdur: "Hər kim rəcəb ayında yüz dəfə desə"

 

أَستَغفِرُ اللهَ الَّذِي لا إِلهَ إلّا هُو، وَحدَهُ لا شَرِيكَ لَهُ، وَ أَتُوبُ إِلَيهِ

"Bağışlanma istəyirəm o Allahdan ki, Ondan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur, mən Ona tərəf qayıdıram." və sonra sədəqə versə, Allah onun işini rəhmət və məğtirətlə tamamlayar. Hər kim bunu dörd yüz dəfə desə, şəhidlərin savabım qazanar."22
4- Yenə də Həzrət Rəsulallah (s) buyurmuşdur:
"Hər kim rəcəb ayında min dəfə [Lə iləhə illəllāh -  لا اِلهَ الّا الله] desə, Allah ona çoxlu savab yazar.23
5- Bu ay ərzində min dəfə deyin:

اَستَغفِرُ اللهَ ذا الجَلالِ و الإِکرامِ مِن جَمِيعِ الذُنُِوبِ و الآثامِ

"Cəlalət və ikram sahibi olan Allahdan bütün günahlarım və xətalarıma görə bağışlanma istəyirəm."
ta Rəhman Allah sizi bağışlasın.24
6- Hədislərin birində Həzrət Rəsulallah (s) buyurub: "Hər kim rəcəb ayında oruc tutub dörd rəkət (iki rəkət-iki rəkət) namaz qılsa, birinci rəkətdə yüz dəfə "Ayətəl-kürsi"ni və ikinci rəkətdə iki yüz dəfə "Tövhid" surəsini oxusa, ölməzdən qabaq Cənnətdə öz yerini görər, yaxud başqası onun yerini görər (və ona bəyan edər)."25

 

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1. Misbahul-mutəhəccid, s.801.
2. Misbahul-mutəhəccid, s.805; Biharul-Ənvar, c.50, s.117, hədis: 9.
3. Misbahul-mutəhəccid, s.805.
4. Öncəki qaynaq.
5. Misbahul-mutəhəccid, s,805; Zadul-məad, s.19.
6. Zeynəbul-Kubra, Əllamə Şeyx Cəfər ən-Nəqdi, s.122.
7. Misbahul-mutəhəccid, s.812. 8.Biharul-Ənvar, c.48, s.1, hədis: 1 və s.8.
9. Öncəki qaynaq.
10. Biharul-ənvar, c.48, s.813.
11. İqbal, s.634.
12. Mustədrəkul-vəsail, c.11, s.48, hədis: 2; Cavahirul-kəlam, c.21, s.32.
13. Usuli-kafi, c.7, s.281, hədis: 6. 14 14.Misbahul-mutəhəccid, s.797.
15. Əmali,Şeyx Səduq,s.15,hədis:7;Biharul-ənvar,c. 94,s.32,hədis:6
16. İqbal,s.635
17. İqbal,s.634
18. Muqənnəə,s.375
19. İqbal,s.637
20. İqbal,s.643
21. Öncəki qaynaq
22. İqbal,s.648
23. Öncəki qaynaq
24. Məfatihul-cinan, Rəcəb ayının əməlləri
25. İqbal,s.637

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!