RƏCƏB AYININ FƏZİLƏTİ VƏ ƏHƏMİYYƏTİ

:

Rəcəb, Allah yanında əzəmətli aydır. Bu ay rəhmət - bərəkət ayı olduğundan bu ayda savaş haramdır. Rəcəb ayında ibadi əməllərə neçə qat savab yazılır, günahlar Allah tərəfindən bağışlanır, cəhənnəm mömindən uzaqlaşır, Cənnət isə onların pişvazına yollanır.

Möminlərin Mövlası Həzrət Əli (ələyhissəlam) bu mübarək ayda Kəbə divarlarının əhatəsində dünyaya göz açmış, Peyğəmbərimiz Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) 40 il Pərvərdigara qulluq etdikdən sonra Allah tərəfindən “sonuncu hidayət elçisi” olaraq seçilmişdir. “Rəcəb-ul-fərd”, “vasil” və “Muzirr” digər adlardır ki, bu aya verilmişdir. Hörməti son dərəcə yüksək olan 3 aydan ayrı düşdüyünə görə ona “rəcəb-ul-fərd” yəni tək qalan Rəcəb, savaşa icazə olmadığından qılıncların səsi kəsildiyi üçün ona “vasil” yəni səssiz və səmirsiz, Muzirr tayfası tərəfindən xüsusi ehtiramla qeyd olunduğuna görə isə ona “muzirr” demişlər.

Rəcəb ayı haqda deyiləsi və yazılası sözlər həddindən artıq çoxdur, biz isə aşağıda əziz oxucuların diqqətini bir neçə cəlb edici məqamlara yönəltməklə kifayətlənirik.
Allah ibadət və itaətlərinizi qəbul etsin!

Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
Rəcəb, ümmətimin istiğfar (Allahdan bağışlanmaq diləmək) ayıdır. Bu ayda çoxlu Allahdan bağışlanmaq istəyin. Rəcəb ayına “əsəbb” (tökülən) deyərlər, çünki bu ayda Allahın rəhməti mənim ümmətimin üzərinə tökülər, elə isə çoxlu deyin: Əstəğfirullahə və əs'əluhut-təvbə.

Şeyx Səduq (rəhmətullahi ələyh) “Səvab-ul-əmal və iqab-ul-əmal” kitabında Rəcəb ayının orucunun fəziləti haqda Həzrət Məhəmməd peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) nəql etmişdir:
Bilin ki, Rəcəb ayının günlərindən birini iman üzündən və (İlahi) mükafat üçün oruc tutan şəxs, Allahın razılığını qazanar. Əgər şəxs yer kürəsi qədər (imkansızlara) qızıl paylasa o ayın orucunun bir günündən fəzilətli olmayacaqdır.
İmam Sadiq (ələyhissəlam) buyurub:
Nuh  peyğəmbər (ələyhissəlam) Rəcəb ayının ilk günü gəmiyə mindi, öz yoldaşlarına dedi ki, bu günü oruc tutsunlar. Həzrət Nuh (ə) əlavə edir: Bu günü oruc tutan şəxsdən bir il məsafəyə cəhənnəm uzaqlaşacaqdır, yeddi gününü oruc tutan şəxs üçünsə Cənnətin səkkiz qapısı açılacaq, bu ayın on beş gününü oruc tutan şəxsin isə hacəti veriləcəkdir. Rəcəb ayında artıq oruc tutana isə Allah Taala artıq diqqət yetirəcəkdir.

Yeddinci imam Həzrət Musa Kazim (ələyhissəlam) buyurmuşdur:
Rəcəb ayında bir gün oruc tutan şəxsdən cəhənnəm odu bir il uzaqlaşar, üç gün oruc tutan şəxsə isə Cənnət vacib olar.
Eləcədə Həzrət (ə) əlavə etmişdir: Rəcəb, Cənnətdə axan bir çayın adıdır ki, onun suyu süddən ağ, baldan şirindir. Hər kəs Rəcəb ayında bir gün oruc tutarsa şübhəsiz o çayın suyundan içmək ona qismət olacaq.

İbni Babəveyh Salimdən nəql edir:
Rəcəb ayının son günləri İmam Sadiqin (ələyhissəlam) hüzuruna getdim. Həzrət məni görcək soruşdu: Bu ayda oruc tutmusan?
Xeyir, ey Peyğəmbər (s) balası (ə), deyə cavab verdim.
İmam Sadiq (ələyhissəlam) buyurdu: O qədər savab əldən vermisən ki, Allahdan qeyrisi onun miqdarını bilməz. Həqiqətən bu (Rəcəb) elə aydır ki, Allah Taala onu digər aylardan üstün qərar vermişdir, onun hörmətini ucaltmış və o ayda oruc tutanları əzizləməyi özünə vacib etmişdir.
Soruşdum: Ey Allah rəsulunun (s) övladı! Qalan günləri oruc tutsam deyilən savablardan müəyyən qədərinə nail ola bilərəmmi?
Həzrət buyurdu: Ey Salim! Bu (Rəcəb) ayın son günlərindən birini oruc tutan şəxsi Allah ölümün çətinliklərindən, ölümdən sonrakı dəhşətdən, qəbrin əzabından, qiyamət günün qorxusu, vəhşəti və sıxıntısından amanda saxlayar və ona cəhənnəm odundan xilas olma sənədi təqdim edərlər.

Mömin bacılar və qardaşlar, mərhəmətli Tanrı belə günlərdə müəyyən səbəblərdən oruc tuta bilməyən bəndələrini də nəzərə almış və onlar üçün bu gözəl əyyamdan bəhrələnmək yolları açmışdır. Hədislərdə gəlmiş hədsiz savabları əldə etmək üçün hər hansı bəhanə ilə Rəcəb ayının orucundan özünüzü məhrum etməyin. Mümkün qədər çalışın oruc tutub ibadət edəsiniz. Lakin hər bir səbəbdən oruc tuta bilməsəniz heç olmazsa hər gün bu zikri 100 dəfə deməklə oruc tutmağın savabını qazanın:
Subhanəl-ilahil-cəlil, subhanə mən la yənbəğit-təsbihu illa ləhu, subhanəl-əəzzil-əkrəm, subhanə mən ləbisəl-izzə və huvə ləhu əhlun.

You must have the Adobe Flash Player installed to view this player.

 

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!