GƏNCLİYİMİZİN QƏDRİNİ BİLƏK

Müəllif Seyid Nəşr edilib . Bölüm AİLƏ və CƏMİYYƏT

:

Gəncliyinizi mənəvi, əxlaqi, ruhi baxımdan necə keçirsəniz, ahıllığınız, yaşlılığınız da elə keçəcək.
Mümkün deyil ki, insan gənclikdə, hisslərinin, duyğularının, xarakterinin formalaşma, çiçəklənmə, inkişaf dövründə ehtiraslara, maddiyyata qərq olsun, Allah fikrinə, Allahın məhəbbəti, övliyaların məhəbbəti fikrinə, övliyalarla birgə addımlamaq, yaxşı adamların, yüksək insanların fikrinə düşməsin, əksinə tam qəflətdə olsun, sonra birdən- birə elə ki, yaşlandı: İndi o tərəflik oluruq (dinə dönürük), - desin. Bəli, Allah heç kimin sinəsinə vurub rədd cavabı vermir. Yetmiş il belə günah edən bir insanı o yola, o xəttə buraxır.

Lakin bu halda insan həmin yolu müvəffəqiyyətlə gedə bilmir. Oraya qərq olub nuranilik qazana bilmir. Özünü ibadətdə, Allahın sevgisində, Allahın zikrində qərq edə bilmir. Artıq gec olur. Əgər gənclikdə düzgün əməl etsəniz, əgər gənclikdən başlasanız, o zaman qocaldıqda da istifadə etmək, yararlanmaq olar.1
Öz mental və insani şəxsiyyətinizin, kimliyinizin yüksəlişi, tərəqqisi üçün görməli olduğunuz işlər, gənclikdə görməli olduğunuz işlərdir. Gənclikdə idrak, dərketmə, gənclikdə təfəkkür, gənclikdə nəfslə mübarizə, gənclikdə təqva, uçurumlardan, yanlışlıqlardan çəkinmək, gənclikdə insan şəxsiyyətini yüksəldir, ucaldır, kamilləşdirir. Onu ömür sürdüyü müddətdə bir çox dəyərlərin, qiymətli sıçrayışların mənşəyinə çevirir. Gənclik dövrü belə bir xüsusiyyətə malikdir2.
Gənc gözəlliklərin, parlaqlıqların, yaxşılıqların, istedad və imkanların məcmusudur. O, qocalığa doğru getdikcə bu istedadlar, imkanlar davamlı olaraq qeyri-gözəlliyə doğru azalır. Hətta mənəvi baxımdan nə qədər irəli getsəniz, fəaliyyətiniz çox olsa, istedadınız, imkanlarınız davamlı olaraq bir o qədər azalır. İstedad çox mühüm şeydir. İstedad bacarıq deməkdir və bacarıq çox mühüm şeydir.
Gəncin vücudunda olan bütün bu müsbət, maraqlı və parlaq potensiyaya baxmayaraq, onun çox böyük bir problemi var. Bu, qərarsızlıq, səbatsızlıqdır. Tərəddüd ehtimalı yaş çoxaldıqda azalır. Diqqət edirsiniz? Bu problemi unutmayın. Özünüzdə və başqalarında bu problemə əlac edin. Elə bir iş görün ki, etiqadınızda səbat olsun. Baxın, görün, siz dualarda nə qədər “səbat əl-yəqin” ifadəsini oxuyursunuz! Cümə gününün səhər duasında oxuyuruq: “Bizə yəqində səbat, qərarlılıq və sırf ixlas əta et!” Ramazan duasında oxuyuruq: “İlahi, mən səndən elə bir iman istəyirəm ki, səninlə görüşənədək heç sonu olmasın! Səndən elə bir iman istəyirəm ki, həyatda olduğum müddətcə bitməsin. Bu imanı mənim üçün saxla. Canımı alıncaya qədər saxla”. Yəni canımı imanlı olduğum halda al. “Hətta qiyamət günü məni (qəbirdən) qaldıracağın zaman belə imanla qaldır!” Bu duadır!
Gəncə səbat lazımdır. Bu səbat öz-özünə əldə olunmur. Onu tapmaq, əldə etmək lazımdır. Gənc daim tərəddüdə, qərarsızlığa məruz qalır. Əlbəttə, bütün cavanlar belə deyillər. Hər bir gəncin belə olduğunu demək istəmirəm. Hər halda bu qərarsızlıq istedadı da digər istedadlar kimi cavanlarda mövcuddur. Bu, bir mənada yaxşı istedad deyil. Əlbəttə, bir mənada da yaxşıdır. Bunun özündən də istifadə etmək olar. Davamlı olaraq daha yaxşılığa doğru, yüksəkliyə doğru getmək olar. Lakin ehtiyatlı olmaq lazımdır ki, bu yanlışlığa yönəlmək, sürüşkənlik vasitəsi, yoldan çıxmaq, Allahdan uzaqlaşmaq üçün bir dəstavüz olmasın. İnsanın özünü qorumalı olduğu uçurumlara yuvarlanması ilə nəticələnməsin.3
Kitabın adı:ZƏRİF MƏQAMLAR (İkinci cild)
Müəllif:Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Böyük Rəhbərin İslam birliklərinin bir qrup tələbəsi ilə iftar görüşündə çıxışından: 1376.2.1.
2. Böyük Rəhbərin tələbə birliklərinin məsul nümayəndələri ilə görüşündə çıxışından: 1383.6.9.
3. Böyük Rəhbərin Tehran universiteti Bəsicinin üzvləri ilə görüşündə çıxışından: 1376.11.11.

Tags: AİLƏ VƏ CƏMİYYƏT

Çap