FİTR BAYRAMINDAN SONRA 6 GÜN ORUC TUTMAQ MÜSTƏHƏBDİRMİ?

:

SUAL:

Fitr bayramından sonra 6 gün oruc tutmaq müstəhəbdirmi?

Həzrət Peyğəmbərdən (s) nəql olunan hədislərin birində qeyd olunur ki, hər kəs Ramazan ayından sonra “şəvval ayında altı gün oruc tutarsa, bütün il boyu oruc tutan şəxsin savabı qədər savab qazanar”. Görəsən bu hədisin sənədi etibarlıdır? Görəsən bu altı gün orucu ardıcıl tutmaq lazımdır yoxsa ay ərzində fasilə ilə də tutmaq olar?

CAVAB:

Giriş;

İlk olaraq qeyd edək ki, Şəvval ayı hicri qəməri təqviminin onuncu ayıdır. Bu ay mübarək Ramazan ayından sonra gəlir və onun ilk günü Fitr bayramı günüdür. Bəzi hədislərdə əziz Peyğəmbərimizə (s) istinadən deyilir ki, müstəhəbdir insan Fitr bayramından sonra şəvval ayının əvvəlində altı gün oruc tutsun. Bu işin savabı isə bir il oruc tutan şəxsin savabı kimi qeyd olunur.

Biz bu məqalədə bu hədisin sənədini analiz edərək onun məzmunu haqqında araşdırma aparmışıq.

Haqqında danışdığımız hədisin ərəbcə mətni aşağıdakı kimidir:

مَنْ صَامَ رَمَضَانَ ثم صَامَ سِتَّهً أیام مِنْ شَوَّالٍ فَکَأَنَّمَا صَامَ السنهَ1

Hər kəs Ramazan ayında oru tuta, sonra Şəvval ayında da altı gün oruc tutarsa elə bil o şəxs, bütün ilin hamısını oruc tutmuşdur.

Bu hədisi nəql edən ilk şiə kitabı, “əl-Ğarat” kitabıdır. Bundan sonra sonrakı şiə mənbələrində o cümlədən “Əvaliul-ləali”, “əl-Bələdul-Əmin”, “Müstədrəkül-Vəsail” və “Biharul-Ənvar” kitablarında oxşar mətnlə bu hədis bəyan olunub.

Hədisin sənəd təhlili və məzmununa bir baxış:
Bu hədisin sənədi bu cür qeyd olunub: “Yəhya ibn Saleh rəvayət edərək buyurdu: Malik ibn Xalid əl-Əsədi (Həsən ibn İbrahimdən, o da Abdullah ibn Həsən, o da Həsən ibn Əli ibn Əbi Talibdən (ə), o da atalarından...”2

Bu hədisin sənədində “Yəhya ibn Saleh” və “Malik ibn Xalid əl-Əsədi” adından şəxslər mövcuddur ki, şiənin rical elmində o şəxslər məchul şəxslərdir və rical kitablarında o şəxslərin adı çəkilməyib. Belə olduqda qətiyyətlə demək olar ki, bu hədis sənəd baxımdan zəif hədislər qrupuna daxildir.

Bu hədisin mətni haqqında da mühüm bir qeyd vardır. Bu hədisin bir hissəsi, şiə məzhəbinin ziddini özündə əks etdirir. Çünki o hədisin mətnində dəstəmazın necə alınması aşağıdakı kimi qeyd olunub: “dəstəmaz namazı kamil edir, üç dəfə əlinizi yuduqdan sonra üç dəfə ağzınıza su alıb ağzınızı yaxalayın və üç dəfə burnunuza su alın (burunun içini yu) sonra üç dəfə üzünüzü yuyun, sonra dirsəyinizə qədər üç dəfə sağ əlinizi və üç dəfə dirsəyə qədər sol əlinizi yuyub başınıza məsh çəkin. Bundan sonra sağ ayağınızı və daha sonra sol ayağınızı yuyun ki, mən Allah Rəsulunun (s) bu cür dəstəmaz aldığını gördüm.3

Bu kitabın məzmunu haqqında mühüm nöqtə budur ki, kitabın müəllifi bu hədisin sonunda bu cür qeyd edib: “(Əbu Bəkrin oğlu) Muhəmməd öldürüldükdən sonra, onun yanında olan bütün kitab və yazılar Əmr ibn Asın (l) əlinə düşdü. Əmr ibn As (l) da onları Müaviyənin (l) yanına göndərdi. Muaviyə bu yazıya baxaraq təəccüblənir və onu oxumaqdan ləzzət alırdı... Müaviyənin yaxınları dedilər Əbu Turabın (İmam Əlinin (ə)) məktubunun sənin yanında olduğunu camaatın bilməsi düz deyil və xoşagəlməz işdir. Müaviyə də yaxınlarına cavab verərək dedi: biz demərik ki, bu yazılar Əli ibn Əbi Talibindir (ə) əksinə deyərik ki, bu yazılar Əbu Bəkrindir ki, oğlu Muhəmmədin yanında idi və biz də ona uyğun qəzavət edirək fətva veririk”.

Bu xəbər imam Əli əleyhissalama çatanda o həzrət çox narahat oldu.4

Buna görə də hədisin bir hissəsinin şiə əqidəsi ilə zidd olmasını və həmçinin məktubun Əmr As və Müaviyənin əlinə düşməsini nəzərə alaraq demək olmaz ki, bu hədisin hamısı Əli əleyhissalamın sözləridir. Əksinə ehtimal olunur ki, həzrət Əlinin (ə) düşmənləri o məktuba bəzi mətləblər artırıb ki, o cümlədən dəstəmazın necə alınması o da bura şamil oluna bilər. Həmçinin hədis Peyğəmbərə (s) də nisbət verilir ki, nəticə etibarilə bu rəvayət qüsurlu sayılır və o hədisə tam etibar etmək olmaz (çünki gah Peyğəmbərə (s) gah da imam Əliyə (s) nisbət verilir).

Fitr bayramından sonra üç gün oruc tutmaq məkruhdur
Yuxarıda qeyd etdik ki, Fitr bayramından sonra altı gün oruc tutmağa tövsiyə edən hədis sənəd baxımdan zəif və məzmun baxımından da etibarlı sayılmır. Şiənin sonrakı mənbələrində də bu hədis mövcuddur amma o hədislərin hamısı əhli-sünnə mənbələrindən götürülmüş, sənəd və mənbəsi zəif olduğu üçün mötəbər sayılmır.

Bu hədisin etibarlı olmamasının başqa bir dəlili də bundan ibarətdir ki, sözü gedən hədisin əksi olan hədislər mötəbər şiə mənbələrində qeyd olunub. Bu hədislərdə açıq-aşkar Fitr bayramından sonra ilk üç günü oruc tutmaq məkruh və bəyənilməz iş kimi qeyd olunub.5 Misal olaraq deyə bilərik ki, Həmmad ibn İsa, Hərizədən o da Məsum İmamlardan (ə) rəvayət edir: “Elə ki, Ramazan ayının (sonunda) iftarını açdın, ondan sonra Fitr bayramından üç gün keçməyincə müstəhəb oruc tutma.6

Həmçinin Əbdur-Rəhman ibn Həccac deyir: Fitr bayramından sonra iki gün oruc tutmaq haqqında İmam Kazımdan (ə) soruşdum ki, o iki gündə oruc tutmaq olar yoxsa yox? Həzrət buyurdu: Mən iki gün oruc tutmağınızı istəmirəm.7

Qeyd olunduğu kimi Əhli-Beyt (ə) Fitr bayramından sonra oruc tutmağı məkruh bilmiş və bu işi görməyi qadağan etmiş və o günləri yeyib-içmək günləri kimi tanıtdırmışdır.8

Bu hədislərə istinad edərək bəzi alimlər fiqhi nəzərlər də verərək, qeyd olunan günləri oruc tutmamağı daha məqsədəuyğun bilmişlər. Hətta Şeyx Hürr Amili fiqhi bir babda bu hədisləri “Fitr bayramından sonra məkruh olan oruclar” ünvanı ilə qeyd etmişdir. Bu da onu göstərir ki, Şeyx Hürr Amili də Fitr bayramından sonra üç gün oruc tumağı məkruh bilir.9

Şeyx Tusi də öz Təhzibul Əhkam kitabında, Fitr bayramından altı gün sonra oruc tutmağın heç bir fəziləti olmadığına dair hədislər gətirir ki, maraqlanmaq istəyənlər aşağıdakı mənbəyə də müraciət edə bilər.10

Sonda da bunun qeyd etmək lazımdır ki, Şəvval ayının avvəlində altı gün oruc tutmağın müstəhəb olmadığını nəzərə alaraq diqqət etməliyik ki, şiə alimlərinin nəzərinə əsasən boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz və ilk olaraq öz qəzalarını yerinə yetirsin sonra müstəhəb günlərdə oruc tutsun.11

NƏTİCƏ

Həzrət Peyğəmbərdən (s) nəql olunan hədislərin birində qeyd olunur ki, hər kəs Ramazan ayından sonra “şəvval ayında altı gün oruc tutarsa, bütün il boyu oruc tutan şəxsin savabı qədər savab qazanar”. Bu hədisin sənəd və məzmununu araşdırdıqdan sonra məlum oldu ki, bu hədis sənəd baxımından zəif hədislərdən sayılır və məzmun baxımdan isə mötəbər deyil. Başqa cəhətdən də bunu qeyd edə bilərik ki, şiənin qədim kitablarında Fitr bayramından sonra altı gün oruc tutmağın məkruh olduğunu bildirən müxtəlif hədislər mövcuddur. Buna görə də bu günlərdə oruc tutmaq nəinki savab deyil əksinə bəyənilməz və məkruh işdir və belə gündə oruc tutana ən aşağı savab verilmiş olur.

Məqalə pasokhgoo.ir saytından tərcümə olunub

Tərcümə etdi: R.Mahmudzadə

Rizvan.az İslam Maarifi Jurnalı


1 Səqəfi, İbrahim ibn Muhəmməd ibn Səid ibn Hilal, əl-Ğarat, Mühəqqiq, Müshəf: Mühəddis, Cəlaluddin c.1 səh 250.

2 Səqəfi, İbrahim ibn Muhəmməd ibn Səid ibn Hilal, əl-Ğarat kitabı, c1, s228.

3 Həmin mənbə, c1, səh245

4 Həmin mənbə, c1, səh251

5 Bax: Şeyx Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Alul Beyt müəssisəsi, Qum çapı, birinci çap, cild 10, səh 519

6 Şeyx Tusi, Muhəmməd ibn əl-Həsən, Təhzibul-Əhkam, c4, səh298

7 Kuleyni, əl-Kafi, c4, səh 148

8 Həmin mənbə

9 Şeyx Hürr Amili, Vəsailuş-şiə, c, 10, səh 519

10 Şeyx Tusi, Təhzibul Əhkam, c4, səh 298

11 İmam Xomeyni (rə), Tozihul Məsail, c1, səh 885-886

Tags: HƏDİS, SUALLARA CAVAB, FİQH, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!