İMAM MÜHƏMMƏD TƏQİ(ə)NİN HƏYATI - 1

:

İMAM CAVAD(ə)IN TƏVƏLLÜDÜ
Səkkizinci imamın (ə) şərəfli ömründən qırx ildən çox ötsə də oğlan övladı olmamışdı. Səbri daralan şiələr Allahdan gözlədikləri oğlanı o həzrətə əta etməsini diləyirdi.

Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən İmamın hüzuruna gələrək o həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdu. Həzrət (ə) isə onların cavabında buyururdu: “Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.”
Nəhayət 195-ci hicri ili rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və İmam Mühəmməd Təqi (ə) Xəyzüran adlı xanımdan dünyaya gəldi. Xəyzüran Peyğəmbərin həyat yoldaşı olan Mariyə Qibtiyyənin nəslindən idi. Mariya ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətləri ilə tanınırdı.
Həzrətin ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
İmam Rizanın (ə) bacısı Həkimə belə deyir: “Həzrətin (ə) dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam peyğəmbərinin risalətinə şəhadət verdi. Mən bu hadisədən sarsılaraq qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım.” Qardaşım isə mənim cavabımda belə buyurdu: “Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.”
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Nofəli belə demişdir: “Həzrət Rizadan (ə) Xorasan səfəri əsnasında “Mənə görə bir əmriniz varmı?” – deyə soruşdum. Həzrət (ə) buyurdu: “Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan!”
İmam (ə) həmişə əshabına belə buyurardı: “Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olacaq bu balaca uşaqdan soruşun!” Əshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o həzrət (ə) buyurardı: “Allah-taala həzrət İsanı (ə) Əbu Cəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur.”
Doqquzuncu imam, həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq məqamına çatdı. İmamın əshabından biri bu barədə belə deyir: “Mədinədə o həzrətin əmisi Əli ibn Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşardı.
Bir gün İmam Cavad (ə) məscidə gəldi və qoca kişi olan Əli ibn Cəfər ayağa qalxıb İmamın əlindən öpdü və elə ayaq üstə də durdu. İmam (ə) buyurdu: “Əmi, əyləş!“ Əli ibn Cəfər isə belə dedi: “Siz ayaq üstə olduğunuz halda mən necə otura bilərəm?” Daha sonra Əli ibn Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedi: “Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən?” Əli ibn Cəfər dedi: “Susun! İmamlıq ilahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini yox, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tabe olmaqdır.”

İMAM CAVAD(ə)IN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Atası vəfat edən zaman İmam Mühəmməd Təqi (ə) hələ uşaq idi, lakin heç vaxt uşaqlığa xas olan yersiz və mənasız işlər görməzdi. Bir gün atası sağ ikən dostlarından biri o həzərət üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən Həzrət (ə) narahat olub buyurdu: “Bunlar nəyə lazımdır? Biz elm və fəzilət ailəsiyik!”
Həzrət Rizanın (ə) şəhadətindən bir il sonra Məmun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdı, bir uşaq da qıraqda dayanıb onların oynuna baxırdı. Uşaqlar Məmun ilə atlılarını görən kimi qaçıb getdi. On bir yaşındakı uşaq yerində dayanıb durdu. Məmun yaxınlaşıb “Ay oğlan! Bəs sən niyə o birilər kimi qaçmadın?” – deyə soruşduqda həmin oğlan belə buyurdu: “Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəcəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi.”
Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: “Adın nədir?”
Cavab verdi: “Mühəmməd”
Soruşdu: “Kimin oğlusan?”
Dedi: “Əlinin oğlu?”
Məmun soruşdu: “Sən həzrət Rizanın oğlu deyilsənmi?”
Cavab verdi: “Bəli!”
Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ... 

ARDINI BURADAN OXUYUN

 

Mətni səsləndirdi: ZÜLFİYYƏ BABAYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!