İMAM MÜHƏMMƏD TƏQİ(ə)NİN HƏYATI - 2

:

HƏZRƏT RIZANIN OĞLU İMAM CAVAD(ə)A MƏKTUBU
Bəzənti deyir: ”Bir gün həzrət Riza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: “Övladım, eşitdiyimə görə qulluqçular icazə vermir ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsun.

Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmir. İndi isə sənə əmr edirəm qapın hamının üzünə açıq olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar.
Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxs ilə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyətilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək və yardım etməyi unutma!”

HƏZRƏT CAVAD(ə)IN QEYB ALƏMİ İLƏ ƏLAQƏSİ
İmam Rizanın (ə) şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdi. Onlar yol üstü Mədinəyə gəlib İmamın evinə də baş çəkdi. Hələ uşaqlıq dövrünü yaşayan İmam Cavad(ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər. Onlardan İshaq adlı birisi deyir:
–Mən İmamdan soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı olduğundan gedib sabah gəlmək istəyirdim ki, İmamın gözü mənə sataşdı və belə buyurdu: “Ey İshaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Əhməd qoy!“ Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını İmamdan eşitmək məni olduqca heyrətləndirdi və öz-özümə dedim ki, bizə bu neməti əta edən Allaha şükür olsun. Bu Allahın höccətidir.
Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, İmamın dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Əhməd qoydum.”
Əşəri Qumi isə deyir: “İmamın hüzuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir.” Həzrət (ə) buyurdu: “Onun artıq bu işə ehtiyacı yoxdur.”
Mən İmamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar olum ki, həmin qadın mən İmamın hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və İmam da onun öldüyünü bildirmək istəyirmiş.”
Üməyyə deyir: “Həzrət Riza (ə) Xorasanda olanda mən doqquzuncu İmamın evinə gəl-get edirdim. Bir gün o həzrət öz qohumlarına buyurdu: “Sabah əzadarlıq üçün hazırlaşın!“ Mən “Kimin əzadarlığına?” – deyə soruşduqda Həzrət (ə) belə buyurdu: “Yer üzündə ən yaxşı insan olan atam həzrət Rizanın (ə) əzadarlığına.”
İmamın əshabından olan Əbasəlt isə bu barədə belə deyir. “İmam Rizanın (ə) şəhadətindən sonra Məmunun əmrilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və İmamı köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, həzrət Rizanın (ə) oğlu İmam Cavadı (ə) öz yanımda gördüm. O, mənə belə buyurdu: “Ey Əbasəlt, deyəsən yaman darıxmısan?“ Dedim: “Bəli, ey İmam!” İmam yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra “Ayağa qalx!” – deyə məni zindandan çıxartdı və belə buyurdu: “Get, bundan sonra Məmunu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olmayacaq!” Sonralar elə İmamın dediyi kimi də oldu.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ... 

ARDINI BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!