İMAM MÜHƏMMƏD TƏQİ(ə)NİN HƏYATI - 4

:

İMAM CAVAD(ə)IN ELMİ MƏQAMI
Əvvəlki səhifələrdə İmamın Məmunun məclisində məşhur saray alimini məğlub edərək bütün alimlərin diqqət mərkəzinə çevrildiyini bəyan etmişdik. Bu bölmədə isə Məmunun qardaşı, Abbasi xəlifəsi Mötəsimin məclisində baş vermiş əhvalatı qeyd edirik.

Bu hadisə saray alimlərini o qədər qəzəbləndirdi ki, hətta Mötəsimi İmamı (ə) öldürmək üçün təhrik etdilər.
Həmin əhvalat belə baş vermişdi: “Bir oğrunu cəzalandırmaqdan ötrü Mötəsimin məclisinə gətirdilər. Lakin o, əvvəlcə məclisdəki alimlərdən öz nəzərlərini bildirmələrini istədi. Bu arada onların rəisi olan məşhur bir alim elə bir rəy söylədi ki, Mötəsim onun sözünü qəbul etmədi. Məsələni həll etmək üçün İmam Cavadı (ə) da həmin məclisə dəvət etdilər. Həzrət məclisə gəldikdə alimlərin hamısı İmamın ehtiramına ayağa qalxdı. Həzrət (ə) onların arasında əyləşib Quran və Peyğəmbərin hədislərinə əsasən oğrunun cəzasını müəyyən etdi.
Mötəsim İmamın hökmünü qəbul edib həyata keçirilməsini əmr etdi. Məğlub olduqlarından olduqca narahat olan alimlər, İmam gedəndən sonra, Mötəsimin yanına gəlib dedi: “Siz bu işiniz ilə bizi məhkum edib şiələrə qiymət verdiniz. Şübhəsiz camaat başa düşəcək ki, siz və bizim hamımız haqsız, İmam və onun ardıcılları isə haqlıdır.”
Bu sözlər Mötəsimə çox təsir etdiyindən İmamı öldürmək qərarına gəldi.

ABBASİ XƏLİFƏSİ MƏMUNUN SONU
Məmuni-Əbdüs Misirdə xəlifə Məmuna qarşı qiyam etdi. Məmun da bu qiyamı yatırtmaq üçün hərəkət edib onu məğlubiyyətə uğuratdıqdan sonra Rumu fəth etdi və tutduğu əsirlərlə bərabər geri döndü. Qayıdarkən Rəqqə adlı bir yerə çatdı. Orada Qüşəyrə adlı bir bulaq var idi, abü-havası xoş olduğuna görə çadır qurub orada bir müddət qalmaq istədiyini bildirdi. Məmun orada xəstələndi. O, Rəqqə və Qüşəyrənin mənasını öyrənəndən sonra bunun nəhs olduğunu güman etdi. Çünki, bir gün Rəqqə adlı bir yerdə öləcəyini eşitmişdi. Buna görə də daha da narahat olub titrəməyə başladı və elə orada öləcəyini anladı.
Nəhayət Məmun neçə gün xəstələndikdən sonra orada öldü. Onun ölümündən sonra napak və daş qəlbli qardaşı Mötəsim onun yerində oturdu və İmam Cavadı (ə) yaxından nəzarət altında saxlaya bilsin deyə Həzrəti Mədinədən Bağdada gətirtdi.

İMAM MÜHƏMMƏD TƏQİ(ə)NIN SƏHABƏLƏRİ
İmam Cavadın (ə) zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. İmamın görkəmli tələbələrindən bəzisi bunlardır:
1. Əli ibn Məhziyar; O, İmamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır və Əhvazda yaşayırdı. Əhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar axırda elə bir yüksək məqama çatdı ki, İmam onun haqqında belə yazdı: “Allahın adı ilə! Ey Əli! Allah sənə mükafat verəcək, səni öz cənnətində yerləşdirib iki aləmin nemətlərindən bəhrələndirəcəkdir. Mən xeyirxahlıq və xidmətdə sənin kimisini görməmişəm.”
2. Əbu Nəsr Bəzənti; O, Kufə əhalisindən və İmamın xüsusi əshabından idi. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edir. Bu şəxs, İmam Rizanın (ə) hüzurunda olmuş və İmamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.
3. Zəkəriyya ibn Adəm; Qum əhalisindən və İmamın dəyərli əshabından biri idi. Qəbri Qum şəhərindədir.
O, İmamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıdığı şəxsdir. Əshabından biri “Mənim yolum uzaqdır, buna görə də dini əhkamı sizdən soruşa bilmirəm” – dedikdə, İmam (ə) buyurmuşdu: “Din və dünya işlərində mənim əminim olan Zəkəriyya ibn Adəmlə məsləhət et!”

İMAM MÜHƏMMƏD TƏQİ(ə)NIN ŞƏHADƏTİ
İmamın şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi ibn Şəhraşub bu barədə belə yazır: “Mötəsim İmama qarşı bəslədiyi kin-küdurət üzündən İmamın arvadı Ümmü Fəzli o həzrəti öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli İmamı zəhərləyib şəhid etməyə vadar etdi. O həzrət (ə) 220 ci hicri ili zil-həccə ayının 6-da çərşənbə axşamı 25 yaşında ikən, şəhid olundu. Pak bədənini babası İmam Museyi Kazimin (ə) qəbrinin yanında torpağa tapşırdılar. Bu iki imamın məzarı Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM CAVAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!