NƏFS, SAFLIQ VƏ KAMİLLİK - 3

:

MÜALİCƏ ETMƏYƏ DAİR QƏRAR
Nəfs xəstəliklərini tanıdıqdan, xəstə olduğumuza yəqin etdikdən sonra müalicəni dərhal başlamalıyıq. Bu mərhələnin ən mühüm mövzusu qərar və iradədir. Əgər doğrudan da özümüzü pisliklərdən, çirkin əxlaqdan paklamaq istəsək bunu hökmən edə bilərik. Lakin məsələni kiçik və əhəmiyyətsiz hesab etsək və bu barədə müəyyən qərara gəlməsək onun sağalması qeyri-mümkün olacaqdır.

Məhz bu mərhələdə şeytan və nəfsi-əmmarə meydana daxil olur və müxtəlif hiylələrə əl ataraq bizi həmin qərardan çəkindirmək istəyir. Bu halda tam ayıq olmalı və onların hiyləgərliklərinə aldanmamalıyıq. Bizim çirkin sifətimizə bəraət qazandırıb belə deyə bilərlər: «Sən cəmiyyətlə yaşamaq istəyirsən. Başqalarında da bu sifət vardır. Filankəslərə bax. Onlar da bu sifətə, hətta bundan pisinə də düçar olurlar. Sən təklikdə yaxşı olmaq istəyirsən? “Palaza bürün ellə sürün!”»
Lakin bu hiylə qarşısında qətiyyətlə dayanaraq deməliyik ki, başqalarında belə bir xəstəlik varsa onun mənə nə dəxli var? Başqalarının nəfsani eyblərə mübtəla olması məni qane etmir. Hər bir halda məndə eyb və xəstəlik vardır, mən bu eyblərlə ölməli və əbədi bədbəxtçiliyə düçar olmalıyammı? Deməli nəfsin müalicə olunmasında və onun aludəliklərdən təmizlənməsində səy etməliyəm.
Bəzən də şeytan “vaxtı keçirtmək”, “təxirə salmaq” kimi hiylələrlə meydana daxil olur və bizi öz iradə və qərarımızdan döndərmək istəyir. Deyir ki, düzdür bu eyb səndə vardır və onu islah etməlisən, lakin hələ çox vaxt vardır, nə üçün bu qədər tələsirsən? Qoy filan iş tamam olsun, vaxt tapanda nəfsini saflaşdırarsan. İndi cavansan və sənin kef çəkmək vaxtındır, qocalıq vaxtı çatanda tövbə edib paklanmağa başlayarsan.
Diqqət yetirməliyik ki, bu da bir növ şeytanın hiyləsidir. Həmin vaxta qədər sağ qalacağın haradan məlumdur? Bəlkə ondan əvvəl əcəlin çatdı və həmin nəfsani xəstəliklərlə dünyadan getdin?! Belə olan halda bizim müqəddəratımız necə olacaqdır? Tutaq ki, o dövrə qədər sağ qaldıq, lakin görəsən nəfsi-əmmarə və şeytan o dövrdə bizdən əl çəkib hiylələrini bizim başımızda icra etməyəcəkmi və bizi nəfsimizin işləri ilə məşğul olmağa azad qoyacaqmı? O zamanda da başqa hiylələrlə gəlib bizim qərarımızı döndərmək istəyəcəkdir. Deməli, yaxşı olar ki, elə indidən əmələ başlayaraq, əmmarə və inadkar nəfsi cilovlayaq.
Bəzən nəfsi-əmmarə bizə belə deyə bilər: “Axı sən filan günaha və sifətə adət etmisən, onun tərk olunması qeyri-mümkündür. Sən həvayi-nəfsin əsirisən, özünü bu əsarətdən necə xilas etmək istəyirsən? Sənin nəfsin günah vasitəsi ilə qaralmışdır və sənin qayıdışına bir yol yoxdur.”
Bilməliyik ki, bu da bir növ hiylədir. Əmmarə nəfsinə demək lazımdır ki, adətin tərk edilməsi qeyri-mümkün deyildir, tamamilə mümkün olan bir işdir. Əlbəttə çətindir, lakin hər bir halda əmələ başlayıb öz nəfsimi təmizləməliyəm.
Əgər günahın, çirkin sifətlərin tərk edilməsi və onlardan uzaqlaşmaq mümkün olmasaydı Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar bu qədər göstərişlər verməzdi, əxlaqi tövsiyələr etməzdi. Tövbə qapısı həmişə açıqdır və heç vaxt bağlanmır. Deməli, qəti qərara gələrək öz nəfsimizi təmizləməliyik.
Mümkündür, şeytan və ya nəfsi-əmmarə çirkin sifətləri və nəfsani xəstəlikləri kiçik, çox da mühüm olmayan bir şey kimi cilvələndirərək desin: «Sən ki, vacibatı yerinə yetirirsən, filan-filan müstəhəb əməlləri görürsən, bil ki, Allah səni bağışlayacaq, yerin behişt olacaqdır. Səndəki çirkin xasiyyətlər çox da mühüm deyildir, müstəhəbləri yerinə yetirməklə onlar bağışlanacaqdır.»
Burada da diqqət yetirmək lazımdır ki, bu cür bəraət qazandırmaq nəfsi-əmmarənin və şeytanın hiylələrindəndir. Nəfsi-əmmarəyə deməliyik ki, saleh əməl yalnız müttəqilərdən qəbul olunur. Təqvanın hasil olması da nəfsin təmizlənməsi olmadan mümkün deyildir. Əgər bizim nəfsimiz pisliklərdən təmizlənməzsə yaxşı xislətlərin pərvəriş tapmasına onda yer olmayacaqdır. Şeytan qəlbdən çıxmayınca mələk ora gəlməz. Əgər nəfs və qəlb günah işlər və rəzilətli sifətlərə aludə olubsa onun axirət aləmində də heç bir nuru olmayacaqdır.
Həmişə nəfsani xəstəliklərin təhlükəli və ağır aqibətinə tam diqqət yetirməliyik. Bundan əlavə əxlaq kitablarına və hədis mənbələrinə müraciət etməklə nəfsani xəstəliklərin hər birinin pis təsirlərini, onların axirətdəki cəzalarını diqqət mərkəzində saxlamalı, bununla da nəfsi-əmmarə, şeytanın hiylələri və əməllərin yaxşı cilvələndirilməsi müqabilində müqavimət göstərməli, nəfsin islah edilib təmizlənməsində qəti qərara gəlməliyik. Əgər iradə mərhələsindən keçsək əməl mərhələsinə daha yaxın olarıq.

Kitabın adı: Nəfsin saflaşdırılması
Tərcümə edən: M.Turan

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!