HƏZRƏT İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) MÜSƏLMANLARI ÇIXILMAZ VƏZİYYƏTDƏN QURTARMASI

:

İbn Şəhr Aşub yazır: "Müsəlman və ərəb filosofu sayılan İraq sakini İshaq Kindi "Quranda ziddiyyətlər” adlı bir kitab yazır.1 O, uzun müddət hamı ilə əlaqəsini kəsib evinə çəkilərək bu kitabı qələmə almışdı.

Bir gün onun şagirdlərindən biri İmam Həsən Əsgərinin (ə) yanına gəlir. İmam (ə) onu görcək buyurur: “Sizin aranızda müəlliminiz Kindiyə cavab verə bilən birisi yoxdur?" Şagird deyir: "Biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik." İmam (ə) buyurur: "Əgər sənə bir mətləb söyləsəm, onu öz müəlliminə deyə bilərsənmi?" Şagird “Bəli ”- deyə cavab verir . İmam (ə) buyurur :"Buradan qayıtdıqdan sonra müəlliminin yanına gedib onunla səmimi əlaqə yarat . Sonra ona de: " Mənim qarşıma bir sual çıxıb və bu suala sizdən başqa heç kim cavab verə bilməz. Sualım budur: “Mümkündürmü ki, Quranı söyləyən kəs söylədiyi sözlərdə sizin başa düşdüyünüz mənadan qeyri bir mənanı nəzərdə tutsun . O, sənin cavabında deyəcək : " Bəli, ola bilər ." Bu vaxt sən ona de : Bəlkə, Quranı söyləyən kəs söylədiyi sözlərdə (işlətdiyi ifadələrdə) sizin başa düşdüyünüz mənadan qeyri bir mənanı nəzərdə tutmuşdur? "Sonra imam (ə) əlavə edərək buyurdu: "O, ağıllı adamdır. Səhvini başa düşmək üçün bu mətləb ona kifayət edər."
Şagird öz müəlliminin yanına gedib İmamın (ə) buyurduğu kimi onunla səmimi əlaqə yaradır və söhbət əsnasında İmamın (ə) sualını bu şəkildə bəyan edir: "Ola bilərmi ki ,bir şəxs bir söz desin, amma onu dinləyən şəxs onun nəzərdə tutduğu mənanı başa düşə bilməsin? Başqa sözlə desək, ola bilərmi ki, dinləyənin başa düşdüyü məna sözü deyənin nəzərdə tutduğu mənadan fərqli olsun? " İraqlı filosof diqqətlə şagirdinin sualını dinləyir və deyir: "Sual bir dəfə də de ." Şagird sualı təkrar edir. Müəllim bir az fikirləşib deyir: "Bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir mənanı tutsun, lakin dinləyən şəxs onun nəzərdə tutduğu mənadan qeyri bir mənanı başa düşsün. "Müəllim yaxşı bilirdi ki , onun şagirdinin fikrinə belə bir suala gələ bilməz, odur ki, üzünü ona tutub deyir: " Səni and verirəm həqiqəti mənə de ki, bu sual sənin fikrinə haradan gəlib?" Şagird deyir: " Belə bir sual mənim fikrimə gələ bilməz? " Müəllim deyir: "Yox, gələ bilməz. Sən hələ bu mətləbləri düşünə bilməzsən. De görüm, bu sualı sənə kim deyib?" Şagird deyir: "Doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əsgəri (ə) öyrədib. "Müəllim deyir: “Bax indi düz dedin." Sonra müəllim bu sözləri əlavə edir:"Belə suallar ancaq onların ailəsinə yaraşır. (Həqiqəti kəşf edənlər məhz onlardır.) Müəllim öz səhvini başa düşür və əmr edir ki, bir ocaq qalansın. O, "Quranda ziddiyyətlər" adlı kitabını oda atıb yandırır.2

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif: Mehdi Pişvayi
Hazırladı: Rəsul Mahmudzadə


1.Bu kitabı yazan əslində, İshaq Kindinin oğlu Yəqubdur. Məhəmməd Lütfi Cümənin yazdiğına görə İshaq üç Abbasi xəlifəsi - Mehdi, Hadi və Harunun hakimiyyəti dövründə Kufənin valisi olmuşdur. (Tarixu fəlasəfətil-İslam fil-məşriqi vəl-məğrib, s. 1.) Ola bilsin ki, ata ila oğlun adı səhv salınıb, yaxud sonrakı nüsxələrdə oğlun adı qələmdən düşüb.
2.İbn Şəhr Aşub, ıl-Mənaqib, c. 4, s. 424

Tags: İMAM HƏSƏN ƏSKƏRİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!