MÖCÜZƏ - PEYĞƏMBƏRLİYİ TƏSDİQ EDƏN AMİL

:

Əqli və fitri dəlillərlə məlum oldu ki, Allah-taala bəşəriyyəti əbədi səadətə çatdırmaq üçün onların qarşısında müəyyən həyati proqram və vəzifələr qoymuş və bununla da insanın, müəyyən mərhələləri qət etmədən kamal və səadətə nail olmasını qeyri-mümkün hesab etmişdir.

Bəşəriyyəti kamal və səadətə çatdıran qanunlar olmadıqda isə, Allah-taalanın bəşəriyyətin ehtiyaclarından xəbərsiz olduğunu güman etmək olar. Bu isə bir qədər əvvəl qeyd etdiyimiz kimi, Onun müqəddəs Zatından uzaq və münəzzəhdir.
Allah-taalanın bəşəriyyəti xoşbəxt etmək istəməsi və ya istəyib təmin edə bilməməsi də qeyri-mümkündür. Çünki bu iki mənfi xislət (paxıllıq və acizlik) də Allah-taalaya xas olmayan xüsusiyyətlərdəndir.
Demək, Allah-taala bəşəriyyətin xoşbəxt həyat qanunlarını təyin etməklə yanaşı, onları bütün bu məlumatlarla da agah etməlidir. Bir qədər əvvəl qeyd etdik ki, bəşəriyyətin xoşbəxt həyatının təmin olunması və haqqa hidayət olmaları üçün Allah tərəfindən lazımı qanun və vəzifələr təyin olunmalı və bundan sonra, onun bəşəriyyətə çatdırılması üçün kimlərsə müəyyənləşməlidir. Öz iman və davranışları ilə başqalarından fərqlənən bu şəxslər, “peyğəmbər” adlanır. Peyğəmbərin əsas vəzifəsi, bəşəriyyəti haqqa hidayət etmək və onları tək olan Allaha ibadət etməyə sövq etdirməkdir. Onlar bununla da öhdələrinə düşən məsuliyyəti yerinə yetirmiş olurlar. İnsanlar isə öz ixtiyarları ilə ya haqqı seçir, ya da batilə meyl edərək özünü əbədi fəlakətə düçar edirlər.
“Lakin Allah olacaq işi [möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini] yerinə yetirmək üçün belə etdi ki, həlak olan, aşkar bir möcüzə ilə [dəlillə] həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın.” (“Ənfal” surəsi, ayə: 42)
Bu uca və ilahi məqam olan peyğəmbərliyə gəldikdə isə, qeyd etməliyik ki, bu mənsəbə nail olmaq üçün çoxları yalan və hiyləyə əl atmış və bu yolda heç bir şeydən çəkinməmişlər.
Bu səbəbdən də, Allah tərəfindən peyğəmbərliyə təyin olunmuş şəxslər, iddialarının sübuta yetirilməsi və başqalarının bundan sui-istifadə etməməsi üçün, kimsənin qadir olmadığı möcüzələri göstərməli və tutarlı dəlillər gətirməlidirlər. Belə ki, onun gördüyü xariquladə işlər adi təbii qanunlardan fərqli olmalı və qeyd etdiyimiz kimi, adi insanların istedad və bacarığından xaric olmalıdır. Yalnız belə olduqda, peyğəmbərliyin yeganə dəlili olan bu qeyri-adi işləri “möcüzə”, onun icrasını isə ecaz adlandırırıq.

MÖCÜZƏNİN PEYĞƏMBƏRLİYİN SÜBUTUNDA QOYDUĞU TƏSİR
Möcüzə təbiət qanunlarından xaric olduğu üçün yalnız Allahın izn və qüdrətilə həyata keçirilə bilər. Yəni, qeyb aləmindən ilham almayınca, kimsənin möcüzə iddia etməsi qeyri-mümkündür.
Demək, peyğəmbərlik iddiası edən şəxsin möcüzə yolu ilə Allah tərəfindən himayə olunması və onun öz mövqeyindən istifadə edərək insanları haqq yoldan azdırması Allah-taalanın müqəddəs Zatına zidd olan xüsusiyyətlərdəndir. Bu nəticəyə gəlirik ki, peyğəmbərlərin möcüzə göstərməsi yalnız Allahın izn və qüdrəti ilə müyəssər ola bilər. Bu müddəa ümumi bir qanun və nəzər sahibləri tərəfindən təsdiq olunan bir həqiqətdir.
Məsələn, camaat padşah və ya soltan tərəfindən rəiyyətin işlərini idarə etmək üçün təyin olunmuş şəxsin tutduğu mövqeyə şəkk və tərəddüdlə yanaşsalar, onlar tutduğu vəzifəni sübuta yetirmək üçün padşah tərəfindən tutarlı sənəd və dəlillər gətirməlidirlər. Rəislik iddiası edən şəxs padşahın, onun digər rəislər kimi mükafatlandırılacağını iddia edərsə və padşah da onu nəzərdə tutulan hədiyyələrlə mükafatlandırarsa bunu, həmin şəxsin padşahın nəzərində etibarlı olduğuna sübut kimi göstərmək olar. Çünki əzəmətli və haqsevər padşahın, yalançı və fırıldaqçı bir şəxsi ona xidmət edəcək bir vəzifəyə və rəislik məqamına təyin etməsi və onu müxtəlif hədiyyələrlə mükafatlandırması qeyri-mümkündür.
Demək, adi insan üçün təsəvvür etmək mümkün olmayan bir şeyi (mənfi xüsusiyyəti) aləmlərin Rəbbinə və elmi hər şeyi əhatə edən bir varlıq üçün də təsəvvür etmək qeyri-mümkündür.
“Əgər o, [peyğəmbər] özündən bəzi sözlər uydurub Bizə istinad etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq.” (“Əl-haqqə" surəsi, ayə: 69-44/46)
Yəni, “Məhəmmədi” peyğəmbərliyə seçərək bir çox möcüzələri ixtiyarına qoysaq da o, istədiyi şeyləri Bizim adımızdan bəyan edə bilməz. Belə bir şey fərz olunduqda, Biz bu itaətsizliyin əvəzini çıxar və onu şiddətlə cəzalandırarıq (şah damarını qırarıq). Çünki din və şəriətin həqiqi qoruyucusu və haqq ilə batili bir-birindən ayıran da Bizik.

MÖCÜZƏ HAQDA ƏŞƏRİLƏRİN NƏZƏRİYYƏSİ
Diqqət yetirmək lazımdır ki, möcüzəni peyğəmbərliyin sübutu kimi qəbul edən şəxslər, əqlin yaxşı və pisi ayırd etmək qbiliyyətinə malik olmasına etiqadlı olmalıdırlar ki, bu mərhələdə də əqlin hakimliyini qəbul edə bilsinlər.
Əşərilər isə bu həqiqəti qətiyyətlə rədd edir və bəşər əqlini pisi-yaxşıdan ayıran əsas meyar hesab etmirlər. Bu səbəbdən də peyğəmbərliyin sübutu məsələsi hələ də onlar üçün qaranlıq olaraq qalmışdır. Çünki möcüzənin peyğəmbərin haqq olmasını sübuta yetirməsi, insanın möcüzəni dərk etməsi və bunun yalançı iddiaçılar tərəfindən mümkün olmadığına yəqinlik hasil etməsindən irəli gəlir. İnsan, hansı işlərin Allaha aid olub-olmamasını ayırd etmədikdə təbii ki, kimin haqq, kimin nahaq olmasını dərk edə bilməyəcəkdir.
Əqlin yaxşını-pisdən ayıra bilməməsi nəzəriyyəsi “peyğəmbər tanıma” (həqiqətlə yalan arasında fərq qoyma) məsələsində böyük çətinliklər meydana gətirir.
Fəzl ibn Ruzbəhan, Əşərilərin əql haqda irəli sürdükləri nəzəriyyəyə bir neçə əsaslı irad tutmuşdur. O, verdiyi cavabların birində deyir: Xoşagəlməz işləri Allah-taala üçün fərz etmək qeyri-mümkün olmasa da, bunu bilmək lazımdır ki, O, möcüzəni daim haqq peyğəmbərlərin ixtiyarına qoyur və belə bir mühüm işi heç vaxt yalançı və fırıldaq adamlara həvalə etməz. Demək peyğəmbərlərin, haqla batilin yalançı şəxslər tərəfindən tanınıb üzə çıxarılması hətta, Əşərilər üçün də qaranlıq qalmayacaqdır.
Ruzbəhanın verdiyi bu cavaba isə bir neçə nöqsan və irad tutulmuşdur:
1. Ruzbəhanın burada Allah-taalaya nisbət verdiyi işlər heç bir hiss orqanı ilə dərk olunmayır. Bunu yalnız əql və şüur yolu ilə dərk etmək olar və bu yolu isə, Əşərilər öz üzlərinə bağlamışlar.
Çünki əgər əql yaxşı ilə pisi ayırd etməyə qadir olmasa, onda Allahın da verdiyi vədlərə əməl etməməsinə, heç də qeyri-adi hal kimi baxılmayacaqdır.
2. Bütün bunlarla yanaşı Ruzbəhan, keçmiş peyğəmbərlərin hamılıqla möcüzəyə malik olduqlarına əsaslanaraq, möcüzənin iftiraçı şəxslər tərəfindən həyata keçə bilməməsini bəyan edir.
Amma bu məsələyə tərəddüdlə yanaşan şəxslər Allahın, möcüzənin əməli-saleh və sadiq insanlar vasitəsilə həyata keçirməsinə qətiyyətlə inanmırlar. Nəticədə onlar möcüzəni, peyğəmbərliyi sübuta yetirən meyar kimi qəbul etmirlər.
3. Ruzbəhan deyir: Əgər əql baxımından hər hansı bir işin görülməsi və ya tərk olunması eyni səviyyədə olarsa və əql onlardan hansının yaxşı və ya pis olduğunu dərk etməyə qadir olmazsa, hər şeyə qadir olan və görəcəyi işlər üçün məsuliyyət daşımayan (kimsə tərəfindən nəzərdə olmayan) bir varlıq, (Allah) öz adətini dəyişərək möcüzəni əməli-saleh insanların ixtiyarına qoyduğu kimi, onu yalançı və fırıldaqçı şəxslərin də ixtiyarına qoya bilər.
4. Adət, dəfələrlə təkrar olunan işlərin nəticəsində meydana gəlir. Və təkrar olaraq baş verən işlərin də təbii ki, müəyyən zamana ehtiyacı vardır.

Belə olduğu bir halda, iş və hadisələr adət halını almazdan əvvəl ilk peyğəmbərin həqqaniyyətini hansı dəlillərlə sübuta yetirmək olar? DAVAMINDA OXUYUN

Əl-Bəyan kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!