MÖCÜZƏLƏR ARASINDA OLAN OXŞARLIQ

:

Bir qədər əvvəl qeyd etdik ki möcüzə, kimsənin qadir olmadığı, təbii qununlardan fərqlənən və yalnız Allahın izni ilə peyğəmbərlər tərəfindən yerinə yetirilən qeyri-adi işlərə deyilir. Amma möcüzəni tanımaq heç də hamıya müyəssər olmayır.

Möcüzəni yalnız o kəslər tanıya bilər ki, həmin möcüzəyə oxşar elm və fənlərə dərindən yiyələnmiş olsun. Çünki alim və mütəxəssislər yiyələndikləri elm və fənlərin sirlərini başqalarından daha dəqiq və daha ətraflı dərk edirlər. Və belə bir halda yalnız onlar möcüzənin kimin üçün mümkün, kimin üçünsə qeyri-mümkün olduğunu bilirlər.
Bu səbəbdən də elm adamları möcüzəni hamıdın tez təsdiq etmiş, sair insanlar isə əksinə olaraq, bəzən ona şübhə ilə yanaşmış və hətta bir çox hallarda onu inkar da etmişlər.
Onlar belə güman edirlər ki, möcüzə iddiası edən şəxslər bunları hər hansı bir elm və ya fənnə yiyələnməklə həyata keçirirlər. Buna görə də onlar daim möcüzəyə şəkk-şübhə ilə yanaşmışlar.
Bu səbəbdən də ilahi hikmət, möcüzənin cəmiyyətdə geniş yayılmış işlərə aşkar olaraq uyğun olmasını tələb edir. Allah öz peyğəmbərinə geniş yayılmış elm və fənlərə oxşar möcüzələr verir və onun məqamını, şan-şöhrətini hamının nəzərində ucaldır. Demək, zəmanəsinin peyğəmbəri o dövrün yayılmış elm və sənətinə oxşar möcüzələr göstərmiş və bu yolla yaşadığı məntəqənin tanınmış və nüfuzlu şəxsiyyətlərini özünə cəlb edə bilmişdir. Belə olduğu bir şəraitdə insanların əksəriyyəti həqiqətdən agah olur, ən başlıcası isə Allah-taala öz höccətini onların [insanların] üzərində tamamlayır.
Bu ilahi qanuna əsasən, tarixə nəzər saldıqda baxıb görürük ki, sehrkarlıq və cadugarlıq baş alıb getdiyi bir gündə Allah-taala həzrət Musa (ə)-a əsanı, Yunan tibbi aləmə səs saldığı vaxtda isə həzrət İsa (ə)-a ağır xəstələri, hətta ölüləri diriltməyi möcüzə olaraq bəxş edir.
Həzrət Musa (ə) öz əsasını sehrkarların qarşısına atır və əsa Allahın izni ilə əjdahaya dönüb onların bütün sehr alətlərini udur və beləliklə də, başda cadugarlar olmaqla, yəhudilərin böyük bir hissəsi Musa (ə)-a iman gətirir. Çünki onlar sehr və cadunun nə olduğunu bilir və Musa (ə)-ın möcüzəsini isə ilahi qeyb tərəfindən olduğunu da yaxşıca dərk edirdilər.
İsa (ə)-ın zamanında da biz həmin həqiqətin bir daha şahidi oluruq. Yunan tibbi yunanların müstəmləkəsi olan Suriya və Fələstin ərazilərində özünün son inkişaf mərhələsinə çatdığı bir vaxtda Allah-taala, İsa (ə)-ı məhz burada peyğəmbərliyə seçir, möcüzə yolu ilə ağır xəstələri və ölüləri diriltməyi onun ixtiyarına qoyur. Musa (ə)-ın dövründə olduğu kimi, Yunan təbibləri də İsa (ə)-ın möcüzəsinin qarşısında diz çöküb onun göstərdiyi möcüzələrin ilahi qeybdən qaynaqlandığını dərk edir və ona iman gətirirlər.
Bir anlığa qayıdaq Ərəbistan yarmadasının cahiliyyət dövrünə. Onların ictimai həyat tərzini nəzərdən keçirdikdə baxıb görürük ki, cahil ərəblərin məharətlə yiyələndikləri və fəxr edəcəkləri yeganə şey vardırsa, o da onların şeir sənətində əldə etdikləri fəsahət və bəlağətdir. Müxtəlif qəbilələrin söz ustadları şəhərin mərkəzində şeir məclisləri qurur və orada özlərinin ən gözəl şeirlərini oxuyurdular. Burada oxunan şeirlər adətən özünütərif və ya başqalarını tənqid-təhqir xarakterini daşıyırdı. Şairlərin sayı artıqda onlar mərkəzi bazarlarda toplanır və öz istedadlarını fəxrlə nümayiş etdirirdilər. Şairlər arasında münsiflər heyəti seçilir və ilin ən gözəl şeri elə oradaca elan olunurdu.
Şairlər çoxaldıqca oxunan qəsidələrin sayı da çoxalır və onlardan ən yaxşısını seçmək daha da çətinləşirdi. Belə ki, münsiflər heyəti yeddi ən gözəl qəsidəni seçib onları Kəbənin divarlarından asmaq qərarına gəlir. Şeirlər qızıl su ilə yazılır və camaat arasında “qızıl şeirlər” və ya “muəlliqati səbə” [yeddi asılmış şeir] adlanırdı. Münsiflər heyətinə Nabicə Zibyani rəhbərlik edirdi. O, həcc ziyarəti zamanı Məkkənin Ukkaz bazarına gələr və yeni yazılmış şeirləri oxuyardı. Ehtiram əlaməti olaraq Zibyani üçün qırmızı çadır qururlar və şairlər növbə ilə onun görüşünə gəlib yeni qəsidələrini ona təqdim edirdilər. O, da şeirləri diqqətlə dinləyir və ən gözəl şeir ustalarına fəxri mükafatlar təqdim edirdi. (“Şuəraul-nəsraniyyə”, 2/640)
Şeir və ədəbiyyatın inkişaf etdiyi belə bir dövrdə həzrət Məhəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçilir və qiyamətə qədər qüvvədə olacaq müqəddəs Quranı ona vəhy edir. Şöhrəti bütün Ərəbistan yarmadısana yayılmış şeir ustaları Quran ayələrini oxuyaraq onun fəsahətinə məftun olurdular. Nəhayət onlar da Quranın bəşər yaradıcılığı olmadığını və Allah tərəfindən həzrət Məhəmmədə (s) vəhy olaraq nazil edildiyini dərk etdilər.
İbni Sukəytdən nəql olunmuş hədisdə bu həqiqət bir daha açıqlanır. Hədisdə deyilir:
“İmam Rza (ə)-ın yanına gəlib ondan soruşdum ki, nə üçün Allah-taala möcüzə olaraq Musa (ə)-a əsa və parlaq əli, İsa (ə)-a tibbi, Məhəmməd (s)-a isə ecazkar kəlamları bəxş etmişdir?
İmam Rza (ə) buyurdu: Allah-taala Musa (ə)-ı peyğəmbərliyə təyin etdiyi zaman sehr və cadugarlıq geniş yayılaraq hamı tərəfindən rəğbətlə qarşılanırdı. Musa (ə) da məhz bu üslubdan istifadə edərək Allahın izni ilə kimsənin bacarmadığı möcüzə göstərir və bu yolla həm öz peyğəmbərliyini sübuta yetirir, həm də cadugarların sehrlərini bütünlüklə batil edirdi.
İsa (ə)-ın zamanında isə bir çox ağır xəstəliklər yarandığından bu sahədə mütəxəssislərə böyük ehtiyac hissi duyulurdu. Belə bir şəraitdə Yunanıstanda və onun müstəmləkələrində görkəmli təbiblər meydana gəldi, tibb elmi get-gedə əsil gəlir mənbəyinə çevrilməyə və bir çoxları tərəfindən sui-istifadə edilməyə başladı. Tibb elmi öz inkişaf mərhələsini keçdiyi belə bir şəraitdə, İsa (ə)-a bu elmə oxşar möcüzə verilir. O, ağır xəstələri, anadangəlmə kor və karları sağaldır, hətta bəzi hallarda Allahın izni ilə ölüləri də dirildirdi. Beləliklə, həm onun peyğəmbərliyi, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olurdu.
Həzrət Məhəmməd (s)-ın dövründə isə, şeir və ədəbiyyat özünün son inkişaf mərhələsinə çatmışdı. Belə bir şəraitdə Məhəmməd (s) peyğəmbərliyə təyin olunaraq, vəhy yolu ilə Quran ayələrini şeir, qəsidə və yüksək sənətkarlıqla söylənilmiş söz vurğunu olan cahil ərəblərə tilavət etməyə başlayır. Beləliklə, həm onun peyğəmbərliyi sübuta yetirilir, həm də Allahın insanlar üzərindəki höccəti tamamlanmış olur. (“Üsuli-kafi, 1-ci cild, “Əql və cəhalət” fəsli, 20-ci hədis)
Diqqət yetirmək lazımdır ki, Peyğəmbər (s)-ın Qurandan başqa “şəqqul qəmər”, kərtənkələni danışdırması, daşların onun qarşısında Allahı zikr etməsi və s. möcüzələri olmuşdur. Amma Quran bir neçə səbəbə görə bütün bu möcüzələrdən daha çox əhəmiyyət kəsb edir.
1. Yaradılış və bir çox elmlərin sirlərindən agah olmayan ərəblər bu kimi möcüzələrə şəkk və tərəddüdlə yanaşa bilsəydilər də, şeir sənətindən kifayət qədər məlumatları olduqları üçün Quranın fəsahətini heç cür inkar edə bilmirdilər. Çünki onların özləri bu elmlərə yiyələnmiş və bir çox dəyərli əsərlər yarada bilmişdilər. Amma necə olursa-olsun özlərini Quranın qarşısında tamamilə aciz hesab edirdilər.
2. Peyğəmbər (s)-ın göstərdiyi bəzi möcüzələr müəyyən zaman, məkan və şərait çərçivəsində idi və məhz bu səbəbdən də onlar müvəqqəti olmalı, zaman keçdikcə bir tarixi hadisəyə çevrilməli və ağızdan-ağıza nəql olunmalıydı. Quran isə əbədi möcüzə olaraq Məhəmməd (s)-a nazil olmuş və qiyamətə qədər qüvvədə qalacaqdır.

Əl-Bəyan kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!