MÖCÜZƏNİN ŞƏRTLƏRİ

:

MÖCÜZƏ HANSI ŞƏRAİTDƏ YERİNƏ YETİRİLMƏLİDİR?
Xariquladə iş yalnız o zaman möcüzə adlana bilər ki, aşağıdakı xüsusiyyətlərə malik olsun:

1. Peyğəmbərlik iddiası edən şəxs həmin əməli öz risalətinin haqq olmasını sübuta yetirmək üçün həyata keçirməlidir;
2. İddia etdiyi şey, bəşər əqli baxımından qəbul ediləsi bir iş olmalıdır. Əgər onun müddəasını əqli yolla inkar və ya təkzib etmək mümkün olsa, gördüyü xariquladə işlərin düzlüyünə etibar etmək olmaz və bu işə başqaları qadir olmasalar da belə, onu möcüzə adlandırmaq olmaz;
Məsələn, Allahlıq iddiası edən şəxsin dedikləri təbii ki, yalan və iftira olmalıdır. Çünki belə bir iddianı təkzib edəcək kifayət qədər əqli dəlillər vardır. Demək, onun irəli sürdüyü iddia tamamilə yalandır.
3. İrəli sürdüyü iddia şəriət baxımından da məqbul olmalıdır. Yəni, əgər onun müddəası şəri dəlillərlə təkzib olunsa, yerinə yetirdiyi xariquladə işlər onun sözlərinin həqiqətini sübuta yetirməyəcək və gördüyü işlər də möcüzə adlandırılmayacaq. Məsələn, bir şəxs həzrət Məhəmməddən (s) sonra peyğəmbərlik iddiası edir. Təbii ki, onun iddiası tamamilə batil və əsassızdır. Çünki həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu təsdiqləyəcək kifayət qədər Quran ayələri və o həzrətin özündən və məsum imamlardan nəql olunmuş hədislər vardır. Peyğəmbərlik həzrət Məhəmmədlə (s) başa çatmış və ondan sonra bəşəriyyətə peyğəmbər göndərilməyəcəkdir. İrəli sürülən iddia əql və sənəd yolu ilə batil olunarsa, daha iddia edən şəxsin gətirdiyi dəlil və sübutlara heç bir ehtiyac qalmayacaqdır. Belə olduqda, Allah-taalanın onun əməllərini batil etməyə heç bir ehtiyac duyulmayacaqdır.
4. Möcüzənin digər şərtlərindən biri də, göstərilən möcüzənin iddia olunan məsələni təsdiq etməsidir. Belə ki, peyğəmbərlik iddiası edən şəxsin göstərdiyi möcüzələr bu ilahi məqamı (peyğəmbərliyini) təkzib etməməlidir. Əgər təkzib edərsə, artıq biz onu möcüzə adlandırmamalıyıq. Məsələn, peyğəmbərlik iddiası edən Museyləmə adlı bir şəxs möcüzə göstərmək məqsədilə, suyu azalmış quyunun suyunu çoxaltmaq üçün oraya tüpürür, amma gözlənilən nəticənin tam əksinə olaraq, quyunun suyu tamamilə quruyur. Amma bütün bunlara baxmayaraq o, yenə də peyğəmbərlik iddiası edir və yaxın qəbilələri özünə cəlb etməyə çalışır. O, günlərin bir günündə Hənifə qəbiləsinin yanına gəlir və əlini onların uşaqlarının başına çəkir. Bu uşaqların bir qismi keçəl xəstəliyinə tutuldu, digər bir qisminin isə dilində pəltəklik yarandı. (“İbn Əsir”, 2-ci cild, səh.138)
Belə bir halda Allah-talanının onun gördüyü işlərin batil olmasını başqa yollarla aşkara çıxarmağa heç bir ehtiyac qalmır.
5. Möcüzə bəşəriyyətə məlum olan elmi anlayışlar vasitəsilə həyata keçirməməli və eyni zamanda öyrədib-öyrəniləsi olmamalıdır. Əgər bir şəxs müxtəlif elmlərdən istifadə edərək, (hətta başqaları buna qadir olmasalar da belə) qeyri-adi işlər görərsə, bunu möcüzə adlandırmaq olmaz.
Sehirbaz və cadugərlərin müxtəlif elm və fənlərə yiyələnərək göstərdikləri bir çox qeyri-adi işlərini dediklərimizə misal çəkmək olar. Onların gördükləri bu kimi işləri möcüzə adlandırmaq olmaz və onların əməllərinin Allah-taala tərəfindən batil olunmasına heç bir lüzum da yoxdur. Allah, öz batil iddialarını sübuta yetirmək üçün müxtəlif elm və fənlərdən istifadə edən şəxslərin niyyətlərini batil, özlərini isə xar və rüsvay edər. Çünki onlar bütün bunları dəqiq elmi qanunlardan istifadə edərək həyata keçirirlər. Və məlum məsələdir ki, bu işlərə yiyələnən və təcrübə halında həyata keçirən hər bir şəxs belə bir nəticələrə nail olacaqdır.
Təbabət elmi ilə məşğul olan bəzi alimləri buna misal çəkmək olar. Onların təbabət haqda olan bəzi məlumatları təkcə adi insanlara deyil, hətta bir çox həkimlərə də naməlumdur. Amma buna baxmayaraq biz onların məharətini möcüzə adlandıra bilmərik.
Hətta, əgər Allah-taala insanlardan yalnız birini, tövbənin sirlərindən və elmi qanunlardan agah edərsə və bundan sui-istifadə olunmadığı təqdirdə Allah-taalanın yaradılış qanununa heç bir eyb və nöqsan tutmaq olmaz. Çünki bütün bunlar möcüzə deyil və eyni zamanda irəli sürülən iddia üçün də dəlil hesab olunmayır.
Möcüzənin hər hansı bir yalançı şəxs tərəfindən göstərilməsi və batil iddianın sübuta yetirilməsi isə qeyri-mümkündür. Belə olduqda insanlar haqq yoldan azır və cəmiyyətdəki hərc-mərclik birə on artmağa başlayır. Bu isə Allah-taalanın müqəddəs zatından uzaq və münəzzəhdir.
“Allah onların dediklərindən çox uca və çox yüksəkdir”.

Əl-Bəyan kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!