QURBAN BAYRAMI NAMAZI NECƏ QILINIR ?

:

Bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camatla, həm də fərdi qılına bilər.

Qurban bayramı namazının vaxtı günəş doğandan günortayadəkdir. Amma müstəhəbdir ki, qurban bayramının namazı günəş qalxdıqdan sonra qılınsın.

QURBAN BAYRAMI NAMAZININ QILINMA QAYDASI

Qurban bayramı namazı iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Bu namazın qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: "Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun".

QURBAN BAYRAMI NAMAZINDA MÜSTƏHƏB ƏMƏLLƏR

Qurban bayramı namazında savab ümidi ilə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Bayram namazında qiraəti ucadan oxumaq.
2. Namazdan sonra cümə namazında olduğu kimi iki xütbə oxumaq. Fərq budur ki, cümə namazında namazdan qabaq, bayram namazında namazdan sonra xütbə oxunur. (Bu xütbə camaatla qılınan namaza aiddir).
3. Bu namazlarda xüsusi bir surə oxumaq şərt deyil. Amma yaxşı olar ki, birinci rəkətdə "Səbbihismi rəbbikəl-ə`la" surəsinin əvvəli, ikinci rək`ətdə "Vəş-Şəms" surəsi oxunsun.
4. Fitr bayramı günü bayram namazından öncə xurma ilə oruc açılsın, qurban bayramında namazdan sonra bir qədər qurban əti yeyilsin.
5. Bayram namazından öncə qüsl verilsin, namazdan əvvəl və sonra dua kitablarında verilmiş dualardan oxunsun.
6. Bayram namazında yerə səcdə edilsin, təkbir deyilərkən əllər yuxarı qaldırılsın
7. qurban bayramı namazından sonra on namazı (onların birincisi bayram gününün günorta və ikindi namazları, sonuncusu on ikinci günün sübh namazı) başa vurub, eyni təkbirlər deyilir və əlavə olunur: "Əllahu əkbəru əla ma rəzəqna min bəhimətil-ən`ami vəl-həmdu lillahi əla ma əblana". Əgər qurban bayramı günü Minada olarsa, bu təkbirləri on beş namazdan sonra desin. Bu namazların birincisi bayram gününün günorta namazı, sonuncusu Zil-hiccənin on üçüncü gününün sübh namazıdır.
8. Bayram namazı açıq fəzada qılınsın.

Kitabın adı: Şəriət hökmlərinin izahı
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Hazırladı: Rəsul Mahmudov

Tags: FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!