24-CÜ MÜNAZİRƏ - III hissə

:

SƏQƏLEYN VƏ SƏFİNƏ HƏDİSLƏRİ
Hamısının üstündən ötüb keçsək belə, Bəni-Haşim və Rəsulullahın (s) Əhli-beytinin (ə) icması höccətdir. Çünki keçən gecələrdə də mötəbər qaynaqlardan ərz etdiyim kimi, şiə və sünnilərin səhih qəbul etdikləri bir hədisi-şərifdə Peyğəmbərimiz (s) belə buyurmuşdur: «Aranızda iki dəyərli əmanət qoyuram: biri Allahın kitabı, digəri isə itrətim və Əhli-beytimdir; bu ikisinə sarılsanız, xilas olacaqsınız». (Səqəleyn hədisi)

Başqa bir nüsxədə isə; «...qətiyyən azğınlığa düşməzsiniz» kimi qeyd olunur.
Rəsulullahın Əhli-beyti hadisə əsnasında Səqifədə iştirak etmədikləri kimi, Əbu Bəkrin xilafətini də qəbul etmədilər. Yenə keçən axşamlarda sənədilə zikr etdiyim Səfinə hədisi adıyla tanınan səhih bir hədisdə Rəsulullah (s) belə buyurmuşdur: «Mənim Əhli-beytim Nuhun gəmisinə bənzər; ona təvəssül edən qurtulmuş, ondan uzaqlaşan isə həlak olmuşdur». (Səfinə hədisi)
Qısası, öz mötəbər kitablarınızda çox sayda nəql olan hədislər ümmətə anlatmaq istədiyi budur: Əgər Əhli-beytimdən uzaqlaşsanız, düşmənlər qalib gələrək, sizi azğınlığa sürükləyərlər. Aranızada bidət, rəy və qiyas ortaya çıxar. Belə bir vəziyyətdə yenə də qurtuluşunuz Əhli-beytə bağlıdır. Onları özünüzdən uzaqlaşdırmayın, özünüz də onlardan uzaq durmayın ki, həlak olarsınız.
Xülasə, icma, beyət və xəlifənin təyin olunmasında təsirli ola biləcək bütün şəxslər beyətdən çəkinənlərlə bərabərdirlər. Elə isə bu necə icma idi ki, səhabənin qabaqcılları, qəbilə böyükləri və Rəsulullahın (s) itrət və Əhli-beyti (ə) Mədinədə olmalarına baxmayaraq bu icmaya qatılmamışdılar?! Bunda şəkk yoxdur ki, icma bərpa olmadı, bəlkə əksəriyyət də orada iştirak etmədi.
Böyük alimlərinizdən olan İbn Ədülbirr Qurtəbi «İstiab», İbn Həcər «İsabə» və digər böyük alimləriniz öz mötəbər kitablarında belə deyirlər: «Xilafət iddiasında olan ənsarlı Səd ibn Ubadə Əbu Bəkr və Ömərə qətiyyən beyət etmədi. Onlar da – qəbilə rəisi olduğundan fəsad çıxmasın deyə – Ubadədən beyət tələb etmədilər. Daha sonra o, Şama getdi. «Rövzatus-səfa»nın rəvayətinə görə böyüklərdən birinin təhriki ilə (ölüm hökmünün kim tərəfindən verildiyi məlumdur) gecə ikən onu oxla öldürdülər və camaata «onu cinlər öldürmüşdür» – dedilər. (Amma bir qrup tarixçilərin rəvayətinə görə, onu oxla öldürən Xalid ibn Vəliddir. O, Əbu Bəkrin xilafətinin ilk dəvrlərində Malik ibn Nuveyrəni öldürmək və onun xanımının namusuna toxunmaqla Ömərin qəzəbinə gəlmişdi. Ömərin xilafəti dövründə onun yanında özünü təmizə çıxartması üçün gecə ikən oxla Səd ibn Ubadəni öldürdü. Conra “onu cinlər öldürmüşdür” - deyə şayə yaydılar.)
Allah xatirinə, adət və təəssübünüzü bir tərəfə qoyub, bir az düşünün! Əli ibn Əbu Talib (ə), Peyğəmbərin (s) əmisi Abbas, İbn Abbas, Bəni-Haşimin hamısı, Rəsulullahın itrət və Əhli-beyti, Bəni-Üməyyə və ənsarın qatılmadığı bir icma necə bir icmadır?».
Hafiz: «Fəsad baş verəcəyi ehtimalı olduğu və bütün ümmətə əl çatmadığı üçün, məcburən Səqifədə olanlarla kifayətlənərək beyət etmişlər. Sonradan da ümmət bu əmrə təslim olmuşdur».
Dəvətçi: «Mədinədən xaricdə olan səhabənin qabaqcılları və böyüklərinə əl çatmadı. Bəs, görəsən Mədinədə olan səhabələrə necə? Allah xatirinə insafla danışın. Əgər işin içində hiylə yox idisə, o zaman nə səbəbdən Mədinədə olanlara şurada iştirak etmələri üçün xəbər vermədilər? Məgər Peyğəmbərin (s) əmisi Abbas (şeyxul-qəbilə), kürəkəni Əli ibn Əbu Talib, Bəni-Haşim və Mədinədə olan səhabənin böyüklərinin nəzəri lazım deyildi? Təkcə Ömər və Əbu Übeydə Cərrahın nəzəri ümmətin adına kifayət idi? Elə isə ey bəsirət sahibləri ibrət alın!
Alim və tarixçilərinizin, eyni zamanda öz etirafınıza görə də, səhabənin böyük və qabaqcıl şəxsiyyətləri icma dediyiniz toplantıya qatılmamışdılar. Bu səbəbdən imam Fəxri Razi «Nihayətul-üsul» adlı kitabında açıq-aydın belə deyir: «Səd ibn Ubadə öldürülənə qədər Əbu Bəkr və Ömərin xilafətində icma formalaşmadı. Ancaq o, öldürüldükdən sonra icma gerçəkləşdi».
Həqiqi olmayan belə bir icmanın həqqaniyyətini necə qəbul etdiyinizi anlaya bilmirəm. Birinci dəlilinizin cavabı məclisin vaxtı az olduğu üçün qismən də olsa verildi.

«ƏBU BƏKR YAŞ BAXIMINDAN BÖYÜK OLDUĞUNA GÖRƏ XİLAFƏTƏ YETİŞDİ» SÖZÜNÜN CAVABI
İkinci dəlilinizə gəlincə, Əbu Bəkrin yaş baxımından həzrət Əlidən (ə) böyük olduğu üçün xilafətə daha layiq olduğunu buyurdunuz. Bu dəliliniz qəbul edilməzdir! Birinci dəlildən daha boş, gülünc və mənasızdır! Əgər xilafətdə yaş şərtdirsə, Əbu Bəkr və Ömərdən daha yaşlı olanlar var idi! Onda bəs nə üçün Əbu Bəkrin atası Əbu Quhafəni o dövrdə oğlundan daha böyük olmasına baxmayaraq xəlifə etmədilər?»
Hafiz: «Əbu Bəkr yaşlı olmasıyla bərabər bu işə də layiq idi. Dünya görmüş və Rəsulullahın (s) məhbubu olan yaşlı bir adam qövmün arasında olarsa, bir gənc xəlifə qoymazlar!».

YAŞLI SƏHABƏLƏRİN OLMASINA BAXMAYARAQ PEYĞƏMBƏR (S) ƏLİNİ (Ə) SEÇDİ
Dəvətçi: «Təcrübəli bir ağsaqqalın olduğu bir yerdə gənci, hər hansı bir işdə, xüsusilə Allaha aid olan bir işdə məsuliyyət verərək iş başına gətirmək doqru olmadığını deyirsiniz. Əgər məsələ dediyiniz kimidirsə, o zaman sizin bu etirazınız ilk öncə Peyğəmbərə (s) istiqamətlənir; çünki Rəsulullah Təbuk döyüşündə hücuma keçmək istədikdə münafiqlər gizlicə bir saziş bağlayıb, ona qarşı üsyan etməyi qərarlaşdırdılar. Rəsulullahın Mədinədə öz yerinə bu şəhərin işlərini idarə edəcək və münafiqlərin əməliyyatlarını zərərsizləşdirə biləcək güclü və siyasətçi bir kəsi təyin etməsi lazım gəlirdi. İndi möhtərəm ağalardən təmənnam budur ki, buyursunlar: Görəsən Peyğəmbər Mədinədə öz yerinə kimi xəlifə təyin etdi?»
Hafiz: «Aydındır ki, öz yerinə xəlifə və naib olaraq həzrət Əlini qoydu».
Dəvətçi: «Məgər Əbu Bəkr, Ömər və səhabədən digər yaşda böyük olanlar Mədinədə deyildilər ki, Rəsulullah (s) yaşda gənc olan Əmirəl-möminin həzrət Əlini (ə) öz yerinə rəsmi bir xəlifə və vəzir olaraq təyin etdi! Rəsulullah açıq-aydın belə buyurdu: «Sən Əhli-beytim arasında və mənim hicrət evim olan Mədinədə xəlifəmsən».
Ağalar, dəlil gətirdiyiniz zaman bir az düşünün ki, cavab verməli olduqda çaşıb qalmayasınız. Rəsulullahın, Əbu Bəkr və Ömər kimi əshabın yaşlılarının orada olmalarına baxmayaraq, gənc yaşda olan həzrət Əlini xilafətə təyin etməsi bu axşamkı sözlərinizə əməli bir cavabdır. Rəsuli-əkrəmin əməli, xəlifə təyini və risalətin təbliğində yaşlı və ya gəncin əhəmiyyətli olmadığına ən böyük dəlildir. Əgər yaşlı insanların həyatda olması ilə gənclərin iş başına gətirilməməsi lazım gəlirsə, o zaman nəyə görə «Tövbə» surəsinin ilk ayələrinin Məkkə əhlinə açıqlanması üçün yaşlı olan Əbu Bəkr göndərildikdən sonra Peyğəmbər onu yolun yarısından geri qaytarıb, Allah-taala «Bu əmri ya özün və ya özün kimi bir olan icra etsin!» – deyərək, bu işi gənc olan həzrət Əlinin öhdəsinə buraxdı?! Zahirdə belə əhəmiyyətli və təhlükəli bir işi dünya görmüş, təcrübəli və yaşlı bir kəsin etməsi daha uyğun olardı!
Başqa bir misal çəkim. Nə üçün yenə Rəsulullah Yəmən əhlinin hidayəti üçün Əbu Bəkr, Ömər və digər yaşlı olanlardan istifadə etməyib, Əmirəl-möminin Əlini bu işlə vəzifələndirdi.
Onların xilafətinin batil olduğunu isbat edən digər böyük dəlili indi xatırladım: haqla batili ayırd edən Əmirəl-möminin həzrət Əlinin o saxta icmaya qarşı müxalifət etməsi.

HƏZRƏT ƏLİ (Ə) HAQLA BATİLİ AYIRANDIR
Rəsulullahın (s) buyurduğuna görə, həzrət Əli (ə) haqla batili bir-birindən ayırd edəndir. Böyük alimləriniz bu mövzuda bir çox hədis nəql etmişlər. Məsələn: Şeyx Süleyman Bəlxi Hənəfi, «Kitabus-səbin fi fəzaili Əmiril-möminin» kitabından nəql edərək «Yənabiul-məvəddə»nin 16-cı babında Hərəmi-şərifin imamı olan Əbu Cəfər Əhməd ibn Abdullah Şafei «Firdovsi-Dəyləmi»dən nəql edərək 70 hədisin 12-ci hədisində, Mirseyid Əli Həmədani Şafei «Məvəddətul qurba»nın 6-cı məvəddəsində, Hafiz «Əmali»də və Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib»in 44-cü babında İbn Abbasın sənədi ilə, Əbu Leyla Qəffari və Əbuzər Qəffari bu hədisi fərqli ibarə və təbirlərlə axırıncı cümləni eynən nəql etmişlər ki, Rəsulullah belə buyurmuşdur: «Yaxın zamanda məndən sonra bir fitnə baş qaldıracaqdır. Belə olduqda Əli ilə olun; çünki Qiyamət günü məni ilk görən və mənimlə ilk görüşən o olacaqdır. O, uca məqamda mənimlə bərabərdir. O, haqla batili bir-birindən ayırd edəndir».
Bu halda, Peyğəmbərin (s) vəfatından sonra xəlifənin özlərindən olmasını istəyən ənsar və mühacir bir-birinin əleyhinə çıxdıqda, baş verən fitnə-fəsad qaşısında Rəsulullahın hökm və əmrinə əsasən, haqla batilin bir-birindən ayırd olması üçün ümmət həzrət Əlini (ə) çağırmalı və ətəyindən yapışmalı idi. Çünki Rəsulullahın buyurduğuna görə, «Əli hansı tərəfdə olsa, o tərəf haqq, qarşı tərəf isə batildir».
Hafiz: «Nəql etdiyiniz hədis xəbəri-vahiddir.(yəni onu nəql edən bir nəfərdir) Xəbəri-vahid mötəbər olmadığı üçün ona əməl edilməz!».
Dəvətçi: «Çox təəccüblüdür, nə tez unudursunuz? Bəlkə də qəsdən belə deyirsiniz. Axı keçən gecələrdə ərz etdim ki, əhli-sünnə alimləri xəbəri-vahidi höccət qəbul edirlər. Siz bu səbəbdən hədisi xəbəri-vahid olaraq rədd edə bilməzsiniz! Bu mövzuda olan rəvayətlər bir deyil; etibarlı böyük alimləriniz tərəfindən bu mövzuda fərqli ibarələrlə məqsədi isbatlayan bir çox hədis nəql olunmuşdur. Biz bu hədislərin bəzilərinə keçən gecələrdə toxunmuşduq. Amma indi məclisin vaxtı çox alınmasın deyə, sadəcə ravilər silsiləsi və onların kitabları ilə kifayətlənirəm; sənədli hədislərin hamısını zikr etmək fikrində deyiləm. İndi vaxtın və hafizəmin imkan verdiyi qədər bəzi hədislərə toxunmaq istəyirəm. Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»da, Təbəri «Təfsiri-kəbir»də, Beyhəqi «Sünən»də, Nurəddin Maliki «Fusulul-mühimmə»də, Hakim «Müstədrək»də, Hafiz Əbu Nəim «Hilyə»də, İbn Əsakir «Tarix»də, İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi»ndə, Təbərani «Ovsəd»də, Muhibbuddin «Riyaz»da, Həmuyini «Fəraid»də, Süyuti də «Dürrül-mənsur»da İbn Abbas, Salman, Əbuzər və Hüzeyfədən belə nəql etmişlər: «Peyğəmbər (s) mübarək əli ilə Əli ibn Əbu Talibə (ə) işarə edərək belə buyurdu: «Şübhəsiz, o, mənə ilk iman gətirən və Qiyamət günü mənimlə ilk görüşəcək şəxsdir. O, ən böyük düz danışan, haqq ilə batili bir-birindən ayırd edəndir və ümmətin fərq qoyanıdır».
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib»in 44-cü babında bu hədisi, bu bir neçə cümləni əlavə etməklə nəql etmişdir: «...O (Əli), möminlərin sultanıdır. O, mənə yaxınlaşmaq üçün gələnlərə bir qapımdır; O, məndən sonra xəlifəmdir».
Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»da, Xətib Xərəzmi «Mənaqib»də, İbn Səbbağ Maliki «Fusulul-muhimmə»də, Xətib Baqdadi «Tarixi-Bağdad» adlı kitabının 14-cü cildinin 21-ci səhifəsində, Hafiz ibn Mərdəviyə «Mənaqib»də, Səmani «Fəzailus-səhabə» də, Deyləmi «Firdovs»da, İbn Quteybə «Əl-imamətu vəs-siyasət» adlı kitabının 1-ci cildinin 68-ci səhifəsində, Zəməxşəri «Rəbiul-əbrar»da və sizin digər alimləriniz Rəsulullahın belə buyurduğunu nəql etmişlər: «Əli hara dönsə, haqq da ora dönər. Əli haqq ilə, haqq da Əli ilədir».
Hafiz Əbu Nəim Əhməd ibn Abdullah İsfahani «Hilyətul-övliya»nın 1-ci cildinin 63-cü səhifəsində sənədilə Rəsulullahın belə buyurduğunu nəql etmişdir: «Ey ənsar! Sizlərə elə bir şəxsi göstərimmi ki, ona söykənsəniz, əsla yolunuzdan azmayasınız?». Əshab: «Bəli, ya Rəsulullah» – dedi. Peyğəmbəri-əkrəm buyurdu: «O kəs Əlidir! Elə isə mənim sevgimlə onu sevin; mənim kəramətimlə ona hörmət edin. Şübhəsiz, Cəbrail Allah tərəfindən sizə söylədiklərimi mənə əmr etdi».
Müxtəlif ravilər tərəfindən bir-birindən fərqli kəlmələrlə nəql edilmiş bu nəbəvi hədislər ilk baxışda xəbəri-vahid olaraq xas bir məna üçün bəyan olunmuş olsa da, elm əhli yanında bunlara təvatüri-mənəvi deyilir. Təvatüri-mənəvi müxtəlif kəlmələrlə nəql olan xüsusi dəlillərin əhatə etdiyi mənadan əldə edilən ümumi və ortaq bir mənadır. Ümumi və ortaq mənadan məqsəd də, Rəsulullahın vilayət məqamına olan diqqətdir ki, Rəsulullahın (s) digər kəslərə deyil, məhz Əmirəl-möminin imam Əliyə (ə) olan meylini isbat edir.
Bu cür hədisləri mütaliə etdikdən sonra bir az insafla danışın. Görəsən, həzrət Əlinin Əbu Bəkrə qarşı müxalifət etməsi, sizin xəyali icmanızın xaricində qalması və beyət etməməsi Əbu Bəkrin həqqaniyyətinə dəlildir, yoxsa xilafətinin batilliyinə? Əgər Əbu Bəkrin xilafəti haqq idisə, o zaman nə üçün haqq və həqiqət cövhəri olan və Peyğəmbərin də haqqında: «O haqq ilə, haqq da onunladır və haqq daima onunla dönər» buyurduğu həzrət Əli ona beyət etmədi və əksinə onlara qarşı müxalifət belə etdi?
Səqifə günü onların tələskənliyi, həqiqətən çox qəribə və təəccüblüdür. Hər bir mühəqqiq o günə qarşı pis fikirdədir. Əgər işin içində hiylə və fitnə yox idisə, nəyə görə Peyğəmbərin (s) də buyurduğu kimi, haqla batili bir-birindən ayırd edən Əlinin (ə) səhabənin qabaqcıllarının, Bəni-Haşimin, xüsusilə Peyğəmbərin əmisi Abbasın ümuma aid olan xilafət kimi ciddi, əhəmiyyətlti məsələdə bir yerə toplanıb nəzər və fikirlərini bildirmələri üçün bir neçə saat səbir etmədilər?»
Hafiz: «İşin içində hiylə və siyasətin olmadığı hamıya aydındır. Ancaq hər hansı bir təhlükənin meydana kəlmə eitimalı var idi. Bu səbəbdən İslamı qorumaq məqsədi ilə xəlifənin təyin olunması tezləşdirildi».
Dəvətçi: «Yəni Əbu Ubeydə Cərrahın (Məkkənin əvvəlki qəbirqazanı) və ya digərlərinin həzrət Peyğəmbərin (s) əmisindən, öz canını din yoluna həsr edən həzrət Əlidən (ə) və ya səhabənin digərləri və Bəni-Haşimdən daha çox İslamı düşündüklərini söyləmək istəyirsiniz?! Əgər orada danışdıqları qədər səbir etsəydilər və ya Əbu Bəkr və Ömər məclisdə danışıb onların başını qatsaydı, Əbu Ubeydə və ya başqa birisini həzrət Əlini və Abbası çağırmağ və İslamın təhlükədə olduğunu onlara bildirmək üçün göndərib, o iki mühüm şəxsiyyətin gəlməsi üçün bir az səbir etsəydilər nə ola bilərdi ki? İslamın aradan getməsinə səbəb olan bir fitnə-fəsadmı qopacaqdı? İnsaflı olun, əgər bir az səbir edib ən azından Bəni-Haşim və səhabələrin qabaqcılları olan Abbas və həzrət Əlinin Səqifəyə gəlmələri üçün xəbər göndərsəydilər, o üç nəfər haqq olduğu təqdirdə güç qazanacaqdılar. Belə olduqda, İslamda «ixtilaf» kəlməsi doğmazdı; 14 əsrdən sonra bu gecə müsəlman, din qardaşı olan biz və sizlər bu məclisdə bir-birimizə qarşı çıxmazdıq. Əksinə güçümüzü bir yerə toplayaraq İslamın əsl düşmənləri ilə vuruşardıq. İslamın başına nə gəldisə, o gündən gəldi! Siz də təsdiq edin; bax bu ixtilaf o üç nəfərin gizli hədəf və məqsədlərinə yetişmək üçün tələsgənliklərindən ortaya çıxmışdır».
Nəvvab: «Qibləsahib! Tələsib məscid əhli və Peyğəmbərin Əhli-beytinə xəbər verməmələrinin səbəbi nə idi?»
Dəvətçi: «Bunu qəti bilin ki, tələsmələrinin səbəbi bu idi: əgər bütün müsəlmanların və ya ən azından Usamə ibn Zeydin ordusundan olan sərkərdələrin Mədinədə olan səhabə ilə Bəni-Haşimin böyüklərinin oraya gəlmələri və məşvərətə qatılmaları üçün səbir etsəydilər, o yığıncaqda xəlifəliyə irəli sürülən namizədlərin arasında həzrət Əlinin (ə) də adı zikr olunacaqdı. Əgər həzrət Əlinin və ya Abbasın adı o toplantıda xatırlansaydı, haqq və həqiqət tərəfdarları əldə olan açıq dəlillərlə onları siyasət meydanından atacaqdılar. Bax buna görə, Bəni-Haşim və səhabənin qabaqcılları Peyğəmbərin (s) qüsl, kəfən və dəfn işləriylə məşğul ikən, onlar öz işlərini görmək və Əbu Bəkri iki nəfərin icması ilə xəlifə təyin etmək üçün tələsdilər və elə bu səbəbdən də fitnələrinə nail oldular. Sizlər də bu gecə durub belə bir işə «müsəlmanların icması» adını verirsiniz. Buna görə də sizin Təbəri və İbn Əbil Hədid kimi böyük alimləriniz və başqaları Ömərin belə dediyini yazmışlar: «Əbu Bəkrin xilafəti çox tez bir anda gerçəkləşdi. Allah onun işinə xeyir versin».

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!