İSLAMDA AZAD DÜŞÜNCƏ

:

Azad düşüncə – İslam nöqteyi-nəzərindən

Sual: Azad düşüncə haqda İslamın məntiqi nədir?

Cavab: Bir çox dinlər, təriqətlər öz ardıcıllarını başqalarının sözünü araşdırmaqdan çəkindirirlər. Səbəbi isə məntiqləri zəif olduğu üçün yad sözdən qorxmalarıdır. Qorxurlar ki, başqalarının məntiqi güclü olar, nəticədə ardıcıllarını əllərindən alar! Lakin Quranın ayələrində1 deyilənlərə müvafiq olaraq, İslam bu xüsusda “açıq qapı” siyasəti yürüdür və Allahın həqiqi bəndələri o kəsləri bilir ki, araşdırmağı bacarır, başqalarının sözünü eşitməkdən qorxmur, qeyd-şərtsiz təslim olmur və hər vəsvəsənin təsiri altına düşmürlər. İslamın müjdə verdiyi kəslər sözləri eşidib ən yaxşısına tabe olanlardır. Onlar yaxşını pisdən üstün tutmaqla qalmır, yaxşılar arasında da ən gözəlini seçirlər. Quran, haqq mesajı duyduqları zaman əllərini qulaqlarına tutan, əbasını başına çəkən cahilləri kəskin məzəmmət edir. Necə ki, həzrət Nuhun (ə) Allah dərgahına şikayəti zamanı dediyi sözlərdə gəlib:

2“وَاِنِّی کُلَّما دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا اَصابِعَهُمْ فِی آذانِهِمْ وَ اسْتَغْشَوْا ثِیابَهُمْ وَ اَصَرُّوا وَ اسْتَکْبَرُوا اسْتِکْباراً”

“Sən onları bağışlayasan deyə hər dəfə onları dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (azğınlıqda qalmaqlarına) israr edir və şiddətlə təkəbbür edirdilər”.

Bir qayda olaraq, güclü məntiqi olan məktəblərin başqaların sözlərindən, müzakirə etdiyi məsələlərdən çəkinməsinə, təşvişə düşməsinə bir səbəb yoxdur, əksinə, onlar qorxsun ki, zəif və məntiqsizdirlər.

Bu ayə hər sözü gözü-qulağı bağlı qəbul edən, hətta sahədə otlayan qoyunlar qədər öz qidasında araşdırma aparmayan insanları “ağıl sahibləri” və “hidayət olanlar” zümrəsindən çıxarır. Bu iki səciyyəni o kəslərə aid bilir ki, nə ifrat sayılan qeyd-şərtsiz təslimçiliyə, nə də təfrit sayılan quru təəssübkeşlik və nadanlığa düçardılar.3


1. “Zumər” surəsi, 18-ci ayə.

2. “Nuh” surəsi, 7-ci ayə.

3. Ayətullah Məkarim Şirazinin “Nümunə” təfsirindən iqtibas edilmişdir, c. 19, səh. 436.

Hazırladı: Seyid Azər Əhmədoğlu

 

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!