HƏZRƏT NUH(ə)UN ƏHVALATI - III

:

İKİİNCİ HİSSƏNİ BURADAN OXUYUN

QƏRQ OLMUŞ ÖVLAD

Nuh (ə) oğlunun qayıtmasını gözləyirdi. O, oğlunu mö`min bilirdi. Yer üzü təlatümlü dalğalarla dolmuş böyük bir dənizə bənzəyirdi.
Nuh (ə) oğlunu tapmaq ümidi ilə şəhərə tərəf baxırdı. Uzaqdan onun dağlara tərəf üzdüyünü müşahidə etdi. Nuh (ə) uca səslə oğlunu çağırdı:
-Oğlum, mənə sarı gəl! Övladım, gəmiyə tərəf gəl!

Oğlan qışqırdı:
-Yox, heç zaman! Mən dağa sığınacağam. Dağ məni sudan qoruyacaqdır.
Nuh (ə) güclü külək, dalğa və yağışların arasından qışqırırdı:
-Oğlum, bizimlə gəmiyə min! Səni heç kim bu acı taledən qurtara bilməz.
Nuh (ə) bu sözü ilə ona anlatmaq istəyirdi ki, Allahın fərmanı çatdıqda heç kəs ondan qurtula bilməz. Tezliklə yer, təpələr, dağlar və bütün ucalıqlar su ilə dolacaqdı. Çünki, Allah yeri zalım insanlardan paklamaq qərarına gəlmişdi.
Nuh (ə) yenidən oğlunu çağırmaq istədi. Lakin, ağır və böyük bir dalğa onların arasında ayrılıq saldı. Dalğalar onun oğlunu tufanda qərq etmək üçün çox ucqar bir nahiyəyə atdı. Nuh (ə) oğlunun imanlı şəxslər zümrəsindən olduğunu güman edirdi.
Allah-təala Nuha (ə) söz vermişdi ki, həyat yoldaşından başqa onun bütün ailəsini xilas etsin. Ona görə də Nuh (ə) başını göyə qaldırdı və dedi:
-İlahi, o mənim oğlumdur, mənim ailə üzvlərimdəndir və sənin və`din haqdır. Sən ən yaxşı hakimsən.
Allah-təala Nuha (ə) vəhy edib, buyurdu:
-Ey Nuh! O sənin ailəndən deyil. O əməlisaleh insan deyildir. Bilmədiyin işlər barədə məndən soruşma (bilmədiyin və başa düşmədiyin şeyi istəmə)!
Nuh (ə) oğlunun bütpərəst olub, Allaha iman gətirmədiyini və atasının peyğəmbərliyini qəbul etmədiyini anladı. Ona görə də Allah dərgahından bağışlanmaq istəyərək dedi:
-İlahi! Bilmədiyim şey haqqında səndən soruşmağım üçün sənə pənah aparıram. Əgər məni bağışlamayıb, rəhm etməsən ziyankarlardan olaram.
Dalğalar hər şeyi udurdu. Hər şey güclü tufan nəticəsində kökündən qopub, qərq olurdu. Gəmi suyun səthində hərəkətə gəldi. Nuh (ə) uca səslə dedi:
«Ona Allahın adı ilə minin. Hərəkət edən və dayanan vaxt onu yad edin!»
Nicat gəmisi qayaların arasından özünə yol açırdı. Yer böyük bir gölə çevrilmişdi. Orda su və dağ zirvələrindən başqa bir şey yox idi. Yağış eləcə yağırdı. Yerdən su fantan vururdu. Günlər ötürdü. Göydən güclü yağışlar yağır və möhkəm külək əsirdi. Dağ kimi güclü dalğalar yaranırdı.
Qırx gün keçdi. Göydən düclü yağışlar yağırdı. Gəmi öz yolunu dağ kimi ağır dalğaların arasında yarıb, irəliləyirdi. Nuh (ə) və mö`minlər Allahı çağırırdılar. Onlar rəhmət, xilas və qurtuluş istəyilə Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər.

 

MÜQƏDDƏS SÖZLƏR

Allahın mələyi peyğəmbər və mö`minlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi. O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq gəmini tufanda qərq olmaqdan qorumaq üçün idi. O zaman camaat öz yazılarını qədim Sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı:
«Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Məhəmməd (s), İlya (ə), Şəbər (ə), Şübeyr (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et!
Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən».
Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Mö`minlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər.
Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Mö`minlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər.
Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi.
Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı. Çünki, qonmağa quru bir yer tapmamışdı.
Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və mö`minlər sevindilər. Həqiqətən tufan sona çatmışdı və Allah fasidləri yuyub, atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olma təhlükəsindən xilas etmişdi.
Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır.
Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət Cudi dağının zirvəsinə yan aldı. Allah-təala göy və yerə belə vəhy etdi:
«Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!»
Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdular. Bə`zi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en!
Yer tərtəmiz idi. Mö`minlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin, Allaha və onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı və mö`min cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı və nə də zülmə mə`ruz qalan insan. Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə Nuh (ə) və mö`minlər əmin-amanlıq içində yaşamağa başladılar.
Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki, qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma, Allah-təala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma, burası mə`lumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. Ölüm mələyi Nuhun (ə) yanına gələndə o həzrət günəşin şüası altında oturmuşdu. Mələk ondan soruşdu:
-Öz həyatın barədə fikrin nədir? Halbuki, sən çox uzun bir ömür sürmüsən.
Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu:
-Həyatı belə başa düşdüm: elə bil günəşdə oturmuşdum və sonra yerimi kölgəylə dəyişdim.
Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. Ona görə də Allah-təala əbədi salamı ona məxsus edərək buyurdu:
«Səlamun əla Nuhin fil`aləmin».

NUHUN (Ə) TƏVƏSSÜL ETDİYİ MÜQƏDDƏS ADLAR

1951-ci ilin iyul ayında rus arxeoloqlarının bir qrupu Qaf dağlarında qazıntı ilə məşğul olduqları zaman köhnə və çürümüş taxta parçalarına rast gəldilər. Bu, onların qazıntı və axtarış işlərini daha da dərindən aparmalarına səbəb oldu. Bununla bir yerdə daşlaşmış başqa taxtalara da rast gəldilər.
Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki, bu taxta lövhədə heç bir dəyişiklik yaranmamış, çürüməmiş və digər taxtalar kimi parçalanmamışdı. 1952-ci ilin sonlarında bu tapıntılar barəsində aparılan tədqiqatlar sona çatdı və aydın oldu ki, sözü gedən taxta parçası Nuhun (ə) gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir.
Tarixçilərin yazdığına əsasən Nuhun (ə) gəmisi Qaf dağının zirvəsinə yan almış və bu taxta parçasının üzərinə ən qədim dillərə qayıdan bə`zi hərflərlə sözlər yazılmışdır. Keçmiş Sovet hökuməti 1953-cü ildə qazıntıları qurtardıqdan sonra qədim dillərlə tanış olan alim və ən nümunəvi arxeoloqlardan ibarət olan yeddi nəfərlik qrup təşkil etdi. Həmin alimlər aşağıdakılar idi:
1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi.
2.İfahan Xənyu, Çin Luluhan institutunun dilşünaslıq müəllimi.
3.Mişanin Lufarenko, keçmiş SSRİ-də arxeoloji əsərlər idarəsinin direktoru.
4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi.
5.Professor Drakon, Lenin elmlər akademiyasının arxeologiya müəllimi.
6.İm Əhməd Kulado, keçmiş SSRİ-nin ümumi tədqiqat və kəşflər idarəsinin direktoru.
7.Miçer Kultov, Stalin institutunun rektoru.
Nəhayət taxta və onun üzərində yazılmış hərflər barəsində səkkiz aylıq tədqiqat və araşdırmalardan sonra ümumi rə`y belə oldu ki, bu taxta Nuhun (ə) gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən qorunmaq və təbərrük üçün gəmisinə yerləşdirmişdi.
Bu taxtanın üzərinə yazılmış hərflər Sami dili ilə yazılmışdı.
İngiltərəli alim, Mançester universitetinin qədim dillər müəllimi Ayumaks onu ingilis dilinə tərcümə etmişdir. İfadələri olduğu kimi sizə təqdim edirik:
O my God, my helper Ey mənim Allahım, mənim köməkçim!
Keep my hands with mercy Öz lütf və mərhəmətinlə mənə kömək et!
And with your holy bodies Bu müqəddəs şəxslərin əzəmətinə.
Mohammed - Məhəmməd (s),
Alia - İlya (ə),
Shabbar - Şəbər (ə),
Shabbir - Şübeyr (ə),
Fatma - Fatimə (ə).
Thay are all Biggest and Honourables - Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər.
The world establiahed for Them - Dünya onlara görə yaşayır.
Help me by their names - Onların adının əzəmətinə and verirəm, mənə kömək et!
you con reform to Right - Yalnız sən məni doğru yola yönəldə bilərsən.
Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur.
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuşdur:
“Mənim əhli beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar”.
Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik: “Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: «Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki, Allahın (tə`yin etdiyi) əcəli çatdıqda haç vaxt tə`xirə düşməz, əgər bilsəydiniz». Nuh dedi: «İlahi, mən öz qövmümü gecə-gündüz sənin tərəfinə də`vət etdim. Amma, mənim də`vətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları də`vət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə də`vət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlar üçün bəyan etdim. Mən onlara dedim: «Öz allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır. O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz Allah-təala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz».
Nuh (ə) sonra onların hidayətindən ümidsiz halda dedi: «İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: «Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva`, Yəğus, Yə`uq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!»
Nəhayət onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: “İlahi, kafirlərin heç birini yer üzündə qoyma! Çünki, əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın mö`minləri bağışla və zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!”1

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə


 1. Nuh surәsi, 1-28-ci аyәlәr

 

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!