AXİRƏT SƏFƏRİ - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Həqiqətən, elə bir mənzildəsən ki, onda bir neçə gündən artıq yaşamayacaq, köçüb gedəcəksən; sonu axirət olan bir yoldasan... Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq, ölüm üçün yox, axirət üçün yaradılmısan...”

Bəli, dünya həyatı nə vaxtsa öz problemləri ilə birlikdə puç olasıdır.
Dünya həyatının sonu fəna və ölümdür. Fənalıq elə bu dünyaya aiddir. Mütləq fəna isə yoxdur. Ölmüş insan axirətdə dirilir və əbədi yaşayır. İnsan fəna olmaq üçün yox, əbədi həyat üçün xəlq olunub. Ölüm yoxluq və fəna yox, dünya həyatının başa çatmasıdır. Dünya həyatı müvəqqəti mənzildir. Dünya yol üstündəki çayxanaya oxşayır. Hamı bir müddət bu çayxanada vaxt keçirib, yoluna davam edir. Yəni insan bir gün bu dünyadan “dəriləsidir”. Dünya elə bir məkandır ki, bu məkanda axirət səfəri üçün azuqə hazırlanır. Həzrət (ə) buyurur: “Kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan və sözsüz, bir gün səni tapasıdır.”
Bəli, ölüm insanın ardınca elə sürətlə gəlir ki, insan gec-tez ona ov olur. Hələ kimsə öz sağlamlığını qorumaq, müxtəlif vasitələrə əl atmaqla ölümdən qaça bilməyib. Əsas məsələ budur ki, ölüm qapını döydüyü vaxt kimi bu görüşə hazır olur, kimisi yox. Axirət səfərinə hazırlaşmış insan üçün ölüm qorxulu deyil. Vay o insanın halına ki, ölüm yaxasına yapışan anda heç bir hazırlığı olmasın. Həzrət (ə) buyurur: “Qorx ki, (ölüm) səni xoşagəlməz, pis halda tapsın.”
Əgər ölümün nə vaxt gələcəyindən xəbərsiziksə, demək, pis vəziyyətdə qalmamaq üçün bu görüşə həmişə hazır olmalıyıq. Borclu qaldığımız ibadətləri, xalqın mənimsənilmiş haqlarını qaytarmalıyıq. Ölüm heç bir borcluya borcunu ödəmək üçün möhlət vermir. Borcları vaxtında ödəmək zəruridir. Vay o insanın halına ki, ölüm onu günah başında yaxalasın. Həzrət (ə) yubadılmış tövbəyə işarə ilə buyurur: “Sən özünlə tövbə etməkdən danış, o isə səni tövbədən ayırsın; elə həmin an özünü puça çıxarmış olarsan.”
Ölüm bu gün-sabah tövbə etmək fikrində olan insanı tövbədən məhrum edir. Ona görə də, dərhal tövbə edib doğru yola qayıtmaq lazımdır. Günaha batmaqdan, günahdan sonra tövbəni yubatmaqdan qorxmalıyıq. Axı, kim bilir ki, qəfil ölüm bizə tövbə imkanı verəcək?! Bəli, qeyri-münasib bir halda ölümlə görüşdən qorxun və fürsəti qənimət bilərək tövbə edin. Tövbəni təxirə salsanız, ibadətlərin qəzasını yerinə yetirməsəniz, borclarınızı qaytarmasanız, qəfildən ölüm qapını döysə, kimi qınayacaqsınız? Bu halda kimsədən gileylənməyə dəyməz. Özünüzü danlayın!

ÖLÜM DÜŞÜNCƏSİ
İmam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: “Oğlum! Ölüm, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub etsin, aldanmış vəziyyətdə tapsın. Axirət, onun nemətləri və dərdli əzablarını (çox) tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər. Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.” (“Nəhcül-bəlağə”)
Vəsiyyətnamənin şərhində diqqətin axirətə, əbədi həyata, ölüm düşüncəsinin yaddan çıxarılmamasına yönəldilən hissəyə çatdıq. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din böyüklərinin diqqət mərkəzində dayanan ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Bütün bu xəbərdarlıqlardan sonra müsəlman şəxs heç vaxt ölümü unutmamalıdır. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. Həzrət (ə) ölüm düşüncəsinin müsbət təsirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində təsirli olsun.

MƏADA (ÖLÜMDƏN SONRAKI HƏYATA) İNAM VƏ RƏFTARIN İSLAHI (TƏRBİYƏ)
Əgər Qurani-Kərimə diqqət etsək, görərik ki, daha çox əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət insanın rəftarında, tərbiyəsində mühüm rol oynayır. Bu istiqamətdə axirət inancı tövhid inancından da təsirlidir. Diqqət etsəniz, əksər insanlar Allaha inanır, amma bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın həyat tərzinə təsir göstərir, onu bir başqa şəkildə yaşamağa vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa, bədbəxt olası, əbədi əzaba qovuşasıdır.
Bəli, axirət həyatına inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə, şübhəsiz ki, əbədini qoyub məhdudu seçəsi deyil. Amma elə Allah aşiqləri də var ki, Allahın razılığını həm dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki, belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt və onun nemətlərinə üstünlük verirlər. Amma həqiqi mömin üçün Allahın razılığı hər şeydən üstün olmalıdır. Qurani-Kərimdə oxuyuruq: “...Allahın razılığı isə daha böyükdür.” (“Tövbə” surəsi, ayə: 72)
Bəli, insanların iman dərəcələri çox fərqlidir. Çox nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət Əli (ə) Allaha belə ərz edir: “And olsun izzət və cəlalına, əgər razılığın bunda olsa ki, bədənim tikə-tikə doğransın, ən pis qətldən 70 qat ağır şəkildə öldürülüm, razı olaram. Hər halda sənin razılığını istəyirəm. Razılığın bunda olsa ki, axirət odunda yanım, yenə sənin razılığını üstün tutaram...”
Adi insanlar üçün bu sayaq düşüncələr yaddır. Hətta ən imanlı insanlar da məsumların uyğun sözlərini təkrarlamaqdan başqa bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox təsir edən axirət əzabı, cəhənnəm odudur. Daha doğrusu, adi insanların tərbiyəsində behişt müjdəsi və cəhənnəm qorxusu Allahın razılığından daha təsirli bir amildir. Yalnız Allahın razılığını düşünənlər isə çox azdır.
Bəli, axirətə inanan, xeyir və şər əməllərinin əvəzini alacağına əmin olan insanlar öz əməllərinə nəzarət edir, nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya nemətlərini daha üstün tutur, min bir günaha batırlar. Demək, əksər vaxt günah və cinayətin qarşısını alan əbədi axirət əzabına inam olur. Onu da qeyd edək ki, axirət nemətləri axirət əzabı qədər təsirli deyil.
Deyilənlərdən aydın olur ki, nə üçün Quran və Əhli-beyt buyruqlarında, eləcə də, “Nəhcül-bəlağə”də axirət, onun dünyadan üstünlüyü, dünya sevgisinin əbədi axirət xoşbəxtliyinə maneçiliyi məsələləri diqqət mərkəzində dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin. Axı, dünya həyatı özü də çox böyük nemətdir və axirət həyatı dünyada qazanılır. Məzəmmət olunan dünya yox, dünyaya hərislik, aşiqlik, vurğunluqdur. Həzrət Əlinin (ə) uyğun məsələləri tez-tez təkrarlaması onların əhəmiyyətini qabartmaqdır. Dünya ləzzətləri aldadıcı olduğundan insanın daimi xəbərdarlığa ehtiyacı var.
Uyğun mövzuların təkrarında digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya həyatının əbədi olduğunu zənn edir. Dünyanın sonunu görən insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın ötəriliyinə diqqətli olduğu qədər öz ömrünü qənimət sayır. Ömrün qısalığına diqqətsiz insanlar isə dünya ləzzətlərinə baş qatıb, yavaş-yavaş ölümü yaddan çıxarırlar. Ölümü unudan insana qəflət hakim olur və günah günah ardınca düzülür. Demək, şeytan və nəfsin hiylələrindən qurtarmaq üçün çıxış yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: İMAM ƏLİ (ə), İSLAMIN ƏSASLARI, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!