AXİRƏT SƏFƏRİ - 2

:

ÖLÜMÜN GÖZLƏNİLMƏZLİYİ
İti düşüncələri daha bir incə nöqtə özünə cəlb edir. Ölüm, ölümə inam, axirətlə yanaşı ölüm vaxtının gizli olması da insanın tərbiyəsində təsirli amillərdəndir. Olduqca həssas olan bu nöqtə Allahın bəşəriyyətə misilsiz nemətidir. Ölüm vaxtı gizli olduğundan hər bir insan onun intizarındadır.

Bu hissi dərindən yaşayanlar öz əməl və rəftarlarına nəzarət edirlər. Ölüm düşüncəsi çox təsirli olduğundan məsum imamlar bu mövzunu təkrar-təkrar xatırlamışlar. Həzrət (ə) buyurur: “Oğlum! Ölüm, ölümdən sonra qəfildən rastlaşdığın hadisələri tez-tez xatırla.”
Bəli, ölümdən sonra nə baş verəcəyini, hara gedəcəyini düşünən insan həyat tərzini dəyişir. Həzrət (ə) sözünə belə davam edir: “Ölümü gözlərinin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla...” Ölümü unudanlarda heç bir axirət hazırlığı olmur. Belə insanlar buraxılmış ibadətlərin qəzasını yerinə yetirmir, xalqın haqqını ödəmir, “hələ vaxt var” düşünərək fani dünyaya könül verirlər. Hansı ki, insan böyük əzaba qovuşmamış özünə çarə qılmalıdır. Ölümü gözləri qarşısında canlandırıb, bu barədə düşünməli, ölümə hazır olmalıdır.

DÜNYA LƏZZƏTLƏRİNƏ NECƏ UYMAMAQ?
İnsan dünya və axirət nemətlərindən ibarət iki qüvvə tərəfindən cəzb olunur və təbii ki, bu qüvvələrdən birinin təsiri altına düşür. Həqiqət axirətə diqqətdir. Bu yolda dünya ləzzətlərinin maneçiliyini aradan qaldırmaq üçün bir çox tədbirlər görülə bilər. Onlardan biri ölüm haqqında düşünməkdir. Axirət dünyası, onun əbədi nemətləri, dözülməz əzabları haqqında düşünən insan müvəqqəti dünya həyatına könül vermir. Həzrət buyurur: “Axirət, onun nemətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.”
Bilməliyik ki, dünya axirətlə müqayisədə çox kiçikdir. Əgər çox kiçik bir həşərat ağacın bir budağından o birinə bir neçə günə yerini dəyişirsə, bu o demək deyil ki, həmin ağac çox əzəmətlidir. İnsanın dünyanı böyük bilməsi də onun özünün kiçikliyi, baxış məsafəsinin məhdudluğu ilə əlaqədardır. Hansı ki, ağıl başqa söz deyir. Ağıl varlıq aləminin genişliyini dərk etdiyi halda, axirət aləminin əbədiliyini də qavrayır. Dünya genişsə də məhduddur. Axirət isə nə zaman, nə məkanca bitib-tükənəsi deyil. Allah-taala buyurur: “Genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin.” (“Ali-İmran” surəsi, ayə: 133)
Bu hər bir mömin üçün hazırlanmış cənnətdir. Allah-taala insana geniş ilahi mərhəmət əldə etmək imkanı vermişdir. Bu, insan ruhunun əzəməti nişanəsidir. Bu əzəmət 50-100 illik ömürdə görülmüş işlər nəticəsində ərsəyə gəlir. Hansı ki, bu işlərin davamı axirətlə müqayisədə heç bir göz qırpımı da çəkmir. Elə dünya ləzzətləri də axirət ləzzətləri ilə müqayisədə heçdir. Çünki biri məhdud, digəri isə əbədidir. Yalnız dünyaya iman gözü ilə baxanlar bu əbədiyyəti anlaya bilir. Məhz bu baxımdan həzrət Əli (ə) dünyanın bir ağac yarpağı qədər dəyərə malik olmadığını bildirir. Həzrət (ə) dünyanın zökəm keçi burnundan daman su damlasından da dəyərsiz olduğunu bəyan edir. Həzrət (ə) axirət dünyası nemətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz. (“Biharül-ənvar”, c.40, səh.153)
Amma dünyaya məsumlardan fərqli baxan bizlər Həzrətin “dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə eşitsək də, yenə əmin olmuruq. Bizi cəhalət içində görən imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa çalışırlar. Nəfs istəkləri bəsirət gözümüzü bağladığından şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə qələbə çalmışdır. Allah bəndələrini sevən həzrət Əli (ə) müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, “çürümüş donuz sümüyünə” aşiq olmamağımıza səy göstərmişdir. Çünki dünyaya aşiq olan axirətini itirir. İnsan öz dini vəzifələrinə əməl edərsə, həm dünyanın halal nemətlərindən faydalanar, həm də əbədi axirət nemətlərindən məhrum olmaz.

CƏMİYYƏTİN FƏRDƏ TƏSİRİ
İnsan, adətən, yaşadığı mühitin təsiri altında olur. O, başqalarını razı salacaq bir şəkildə hərəkət etmək istəyir. Eləcə də barmaqla göstərilmək, kimsədən dala qalmaq onun üçün ağırdır. Xalqı bir məsələyə diqqətlə yanaşdığını görən insan həmin işin xeyirli və ya zərərli olmasını yoxlamadan çoxluğa qoşulur. Sözsüz ki, fərdə mühitin böyük təsiri var. Çoxluq bir şeyi əldə etməyə çalışırsa, fərd də çoxluğun təsiri altında eyni cür hərəkət edir. İnsanların bir yerə toplaşdığını görən şəxs tələsik onlara yaxınlaşır. İlk əvvəl cəmiyyətdən fərqli düşünən insan, nəhayət, toplumun rəyinə uyğunlaşır. Bu yaxınlaşma ixtiyarsız şəkildə baş verir. Maraqlıdır ki, dünya nemətlərinə münasibətdə ictimai təsir daha güclüdür. Dünya nemətləri uğrunda mübarizəni hər addımda müşahidə edən insan istər-istəməz bu yarışa qoşulur. Dünyapərəst insanlar ov ətrafında dövrə vurub dayanmış qızılquşları xatırladırlar. Onlar ovdan daha çox pay götürmək üçün bir-birlərinə dimdik atır, caynaqlaşırlar. Bu misalı təkcə dünyapərəst insanlara yox, bir çox müsəlmanlara da şamil etmək olar. Amma ağıl neməti ilə bəzənmiş insan dünya malı uğrunda savaşa qatılmamalıdır. Dünya malı qızılquşların, quzğunların qonduğu leşi xatırladır. Düşüncəli insan öz hisslərini cilovlamalı, canavarlara, quzğunlara qoşulmamalıdır. İnsan Allahın müəyyənləşdirdiyi ruzini qazanmalı və bununla kifayətlənməlidir. Dünya həyatını, komfortlu yaşayışı məqsədə çevirmək insana yaraşmayan bir işdir.

TƏNBƏLLİK AYRI, ZÖHD AYRI!
Qeyd etməliyik ki, dünyapərəstlikdən çəkinəmək (zöhd) tənbəllik kimi başa düşülməməlidir. Dünya yox, dünyaya bağlılıqda ifrata varmaq məzəmmət olunur. İnsan dünyaya hərislik göstərmədən çalışmalı və ehtiyacından artıq qalanı (bəzən hətta ehtiyac duyduğunu) imkansızlara bağışlamalıdır. Dünyaya hərislik gündə bir model maşın, bir moda geyim, bir forma ev arzusunda olmaq, sözsüz ki, pislənilir. İnsanı bədbəxt edən məhz dünyaya hərislikdir, var-dövlət yarışıdır. İnsan vəzifəsini müəyyənləşdirib, ona əməl etməli və əmin olmalıdır ki, Allah öz saleh bəndəsini bədbəxtliyə düçar etməz. Bizi övliyalara əta olunmuş nemətlər maraqlandırmalıdır. Kafirlərin var-dövləti möminlərdə həsəd doğurmamalıdır.
Quranda buyurulur: “Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.” (“Ali-İmran” surəsi, ayə: 185) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.” (“Ənam” surəsi, ayə: 32) Belə bir dünyaya könül verməyə dəyərmi?! Allahın müvəqqəti mənzil kimi tanıtdırdığı dünyaya bağlanmaq yox, ona sevgi bağlarını qırmaq gərək!

DÜNYA VƏ AXİRƏT
İmam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: “Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır. Həqiqətən, dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar; güclülər zəiflərə tamah salır, onların böyükləri kiçikləri məğlub edir; dünya öz əhlini doğru yoldan azdırdı, əyri yola çəkdi, savab yolunu gözlərinə bağladı; heyrət içində dolaşmış, fitnələrdə qərq olmuş, onu özlərinə tanrı götürmüşlər. Dünya onlarla oyuna başlamış, onlar da dünya ilə oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar. Məbada, ey oğlum, dünyanın bol eyiblərinin pisləşdirdiyi kəs olasan! Dünya əhlinin bir qismi ayağıbağlı dəvədə dayanır, digər qismi ağlını əldən verib əyri yolda azad gəzir; işlərində avara, zərər otlağında, çətin biyabanda, keçilməz yoldadırlar; işlərinə yarayası bir çobanları yoxdur; aram ol ki, qaranlıq pərdəsi kənara çəkilsin; guya karvan mənzilə çatmış və tələsən karvanı tapır.” (“Nəhcül-bəlağə”)
Dünya sevgisi ilə axirət sevgisi heç vaxt bir araya sığmır. İslam dininə görə möminin qəlbi axirət sevgisi mədəni olmalıdır. Bu ideala doğru hərəkətdə qarşıya çıxan mümkün maneələr daim diqqət mərkəzində olmuş və olmaqdadır. Söhbətin növbəti hissəsində həmin amillər sadalanır. Sevgi və nifrət ocağı olan qəlbin tərbiyəsi insanın islahına səbəb olur.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: İSLAMIN ƏSASLARI, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!