YEDDİ YÜZ SÜNBÜL VERƏN BİR TOXUM

:

{مَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِی كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ یضَاعِفُ لِمَنْ یشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِیمٌ}

“Öz malını Allah yolunda xərcləyənlər yeddi sünbül cücərdən bir toxuma bənzər ki, hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”

{الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَیهِمْ وَلَا هُمْ یحْزَنُونَ}

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”

{قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَیرٌ مِنْ صَدَقَةٍ یتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِی حَلِیمٌ}

“(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”

ARDICIL MƏSƏLLƏR
Qurani-Kərimin “Bəqərə” surəsinin 264-266-cı ayələrində dörd məsəldən söz açılır və hər birində də xüsusi mesaj çatdırılır:
Birinci məsəldə insanın Allah yolunda xərclədikləri yeddi yüz dən verən bir toxuma bənzədilir. (265-ci ayə)
İkinci məsəldə riyakarların və ya infaq etdikdən sonra minnət qoyub əziyyət verənlərin əməli üzərində bir az torpaq olan qayaya səpilən toxuma bənzədilir. Odur ki, şiddətli bir yağış həmin torpaqla toxumu yuyub aparar və qayanı çılpaq bir hala salar. (264-cü ayə)
Üçüncü məsəldə xalis bəndələrin Allahın razılığı və imanlarının möhkəmliyi üçün xərclədikləri mallar uca nöqtədə yerləşib, saf havadan və gur yağışlardan qədərincə bəhrələnərək ikiqat artıq meyvə verən bağa bənzədilir. Hətta gur yağışlar yağmasa da, (o yer mövqeyinə görə) şeh və yağmurla da kifayətlənər. (265-ci ayə)
Dördüncü məsəldə yenidən riyakarların və minnətlə əziyyət verənlərin infaqı və Allah yolunda xərcləri bəhrəsi isti küləklərlə yanıb tökülən bağa bənzədilir. (266-cı ayə)
İnfaqla bağlı bu təşbehlərdə tərbiyəvi xarakter daşıyan infaqa dəvət, onun yolu və keyfiyyəti, varlıların yoxsullarla rəftarı, əməl və niyyətdə ixlası və riya, minnət və əziyyətdən uzaq olmaları kimi qiymətli məsələlər diqqəti cəlb edir.

BİRİNCİ MƏSƏL: İNFAQ VƏ YEDDİ YÜZƏ BƏRABƏR SAVAB
İnsanlar cəmiyyət halında sanki bir bədəni təşkil edir, onun əzalarından biri ağrıdıqda, digəri də narahat olur və ona qarşı laqeyd qalmır. Əziz İslam Peyğəmbəri (s) bir hədisdə bu məsələni belə izah edir: “Möminlər bir-birinə qarşı dostluq, ülfət və mehribanlıqda bir bədənə bənzəyir, onun bir üzvü ağrıdıqda, digər üzvlər də oyaq qalaraq qızdırma ilə öz narahatlığını bildirir.”1 Belə bir cəmiyyətə sinfi təbəqələşmə, israfçılıq, qarınqululuq, aclıq və s. hakim kəsilə bilməz. Belə cəmiyyət həmkarlıq, əməkdaşlıq və həmdərdlik hissi ilə yaşamalı, varlıların sərvətinin bir hissəsi yoxsul təbəqənin ehtiyacları üçün sərf edilməlidir.
İslam dinində zəkat kimi vacib infaqla yanaşı, müstəhəb infaqa da xüsusi əhəmiyyət verilir. Qurani-Kərimdə infaqla bağlı ayələr çoxdur və onlar neçə hissəyə bölünür:
Bəzən, ümumi şəkildə infaqdan söz açılır:

{...وَمَا تُنْفِقُوا مِنْ شَیءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِیمٌ}

“Şübhəsiz ki, infaq etdiyiniz (xərclədiyiniz) hər bir şeyi Allah biləndir!”2
Bəzən, onun keyfiyyəti, orta həddi, israf və xəsisliyə yol verilməməsindən söz açılır:

{وَالَّذِینَ إِذَا أَنْفَقُوا لَمْ یسْرِفُوا وَلَمْ یقْتُرُوا وَكَانَ بَینَ ذَلِكَ قَوَامًا}

“Onlar infaq etdikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.”3
Bəzən, infaq edənləri hər hansı mövqe qazanmaq və məşhurlaşmaq kimi məqsədlərdən daşındıraraq, yalnız Allahın razılığını nəzərə almaları tövsiyə edilir:

{...وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ...}

“…Malınızdan xərc etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz...”4
Bəzən, məsəl çəkilən ayələrdə buyurulduğu kimi, infaq edənin yoxsula minnət qoymayacağı və əziyyət verməyəcəyindən söz açılır:

{الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ...}

“Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır...”5
Bəzən də, infaqın gizli və ya aşkar şəkildə verilməsi təriflə qeyd olunur:

{...وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِیةً...}

“…Onlara verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar şəkildə xərcləyərlər...”6
Demək, infaqla bağlı ayələrdəki bu təfavütlər müəyyən məqsədləri izləyir. Amma məsəl çəkilən ayədə isə infaqın daha dərin təsirlərinə toxunaraq onun bol yağış suyu və günəşin istiliyindən qidalanaraq yeddi sünbül cücərdən və hər sünbülündə də yüz dən verən toxuma təşbeh edilir:

{مَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِی كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ...}

“Öz malını Allah yolunda xərc edənlər yeddi sünbül cücərdən toxuma bənzər ki, hər sünbüldə yüz dən olar.”
Ayənin zahirinə əsasən, malını Allah yolunda xərcləyən şəxs əkinçiyə və infaqı da torpağın altında cücərən toxuma bənzəyir. Belə ki, hər toxumun biri yüz dənli yeddi sünbül verdiyi kimi, onun infaqı da yüzlərlə savaba malikdir.

HƏQİQƏT
Verilən ayədə bir toxumun yeddi yüz dən verməsi eyni həqiqətdir. Doğrusu, münbit torpaqda kifayət qədər günəş istiliyi və yağışdan bəhrələnən bir toxumun, hətta ayədə göstərilən ədəddən də çox bar verməsi mümkün haldır. Bu gün əkinçilik və kənd təsərrüfatı ilə məşğul olanların arasında bir toxumdan doqquz yüz dən məhsul götürənlərin şahidiyik. Ayədə isə daha çox belə bir əməlin təsir və şaxələnməsi nəzərdə tutulur və ondan əvvəlki ayədə də Allah yolunda borc verənlərin malının ikiqat artırılacağından söz açılır:

{مَنْ ذَا الَّذِی یقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَیضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِیرَةً وَاللَّهُ یقْبِضُ وَیبْسُطُ وَإِلَیهِ تُرْجَعُونَ}

“Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.”7
Məsəl çəkilən ayədə də bu mövzu ardıcıllığını itirmir:

{...وَاللَّهُ یضَاعِفُ لِمَنْ یشَاءُ...}

“Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər.”
Bu məsəl hətta qarşıya gələn: “Necə olur ki, kiçik bir əməl neçə qat artsın?”– sualı da aradan qaldırır. Belə ki, canlı təbiətdə bir toxumun yeddi yüz dən verməsi təəccüb doğurmadığı kimi, əməllərin də özünəməxsus artım və ya azalma prosesi vardır.

İNFAQIN ŞƏRTLƏRİ
İnfaq – Allah yolunda yoxsullara və imkansızlara yardım – zatən yaxşı bir əməl olduğu halda, İslamda yalnız Allah yolunda verildiyi surətdə bəyənilir və ona mükafat verilir. Bununla belə, onun tam xalisliyi üçün bir sıra şərtlər də qeyd olunur. Məsələn, insanın yoxsula yardım etdikdən sonra ona minnət qoyması və ya əziyyət verməsi onu dəyərdən salır və mükafatdan məhrum edir.
İnfaq batindəki xəsisliyi paklamaq üçündür. Amma daxildəki minnət hissi buna icazə vermir və insan qüruru ilə yardım etdiyi şəxsi alçaldır. O, bunu bəzən başqalarının diqqətini cəlb etmək üçün də edə bilər. Bütün hallarda minnət ixlasdan uzaqdır. Allah bizə verdiyi bu qədər nemətə görə minnət qoymursa, Onun verdiyinin cüzi bir qismindən kiməsə yardım edərək minnət qoymağımız hüdudları aşmaqdır:

{الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمْ فِی سَبِیلِ اللَّهِ ثُمَّ لَا یتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَیهِمْ وَلَا هُمْ یحْزَنُونَ}

 “Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”
Növbəti ayədə isə kömək istənilən zaman yardım etməyə imkanı olmayan şəxslərin rəftarından söz açılır, xoş danışıq və kömək edə bilmədiyi surətdə üzrxahlıq onların əsas vəzifəsi sayılır:

{قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَیرٌ مِنْ صَدَقَةٍ یتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِی حَلِیمٌ}

“(Ehtiyaclılarla) xoş danışıq və məğfirət diləmək əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”

ARDICILLIQLA ÜÇ AYƏNİN QISA MƏZMUNU
Birinci ayədə Allah yolunda infaq edib yoxsullara əl tutanlara böyük mükafatlar vəd edilir və onların bu əməli bir toxumun yeddi yüz dən verdiyi kimi qiymətləndirilir.
İkinci ayədə infaqın şərtlərindən söz açılır və infaq edənin minnət qoyması və əziyyət verməsi pislənilir. Çünki onun əlindəki mal Allahın bəndələri arasında bölüşdürdüyü ruzisidir.
Üçüncü ayədə isə, yoxsula yardım edə bilməyənlərin vəzifəsi göstərilir. Onlar yoxsulla xoş danışmalı, kömək edə bilmədiyi surətdə əfv və güzəştlə onu yola salmalıdır. Bu rəftar minnətlə verilən bəxşişdən qat-qat üstündür.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizdən bir şey istəyən möhtacın sözünü kəsməyin ki, öz məqsədini tamamilə çatdıra bilsin. Bundan sonra ədəb-ərkan və mehribanlıqla qarşılayın: ya gücünüz çatan şeyi əta edin, ya da bəyənilmiş şəkildə yola salın. Çünki həmin möhtac sizi sınaqdan keçirmək, Allahın sizə bəxş etdiyi nemətlər müqabilində necə rəftar edəcəyini də yoxlamaq üçün göndərilən mələk ola bilər.”8

Kitabın adı: Qurani-kərimdə ibrətamiz məsəllər
Tərcümə edən: Rza Şükürlü


1. “Müsnədi-Əhməd”, 4-cü cild, səh. 270.
2. “Ali-İmran” surəsi, ayə 92.
3. “Furqan” surəsi, ayə 67.
4. “Bəqərə” surəsi, ayə 272.
5. “Bəqərə” surəsi, ayə 262.
6. “Fatir” surəsi, ayə 29.
7. “Bəqərə” surəsi, ayə 245.
8. “Nurus-səqəleyn”, 1-ci cild, səh. 283.

 

Tags: QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!