QURANDA QƏLB

:

“Qəlb” kəlməsi Quranda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir. Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır.

Çünki Qurani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:
1.Dərk etmək və əql qüvvəsini işlətmək. “Nə üçün yer üzündə seyr etmirlər ki, bununla təəqqül edəcəkləri (düşünüb dərk edəcəkləri) qəlbə malik olsunlar?!” (“Həcc” surəsi, ayə: 46)
2.Düşünməmək, dərk etməmək əqli işə salmamaq. “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.” (“Əraf” surəsi, ayə: 179)
“Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.” (“Tövbə” surəsi, ayə: 78)
3.İman. “Allah bu insanların qəlbində imanı möhkəmləndirmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.” (“Mucadilə” surəsi, ayə: 22)
4.Küfr etmək və iman gətirməmək. “Axirətə iman gətirməyənlər qəlbləri ilə (haqqı) inkar edir və təkəbbürlük göstərirlər.” (“Nəhl” surəsi, ayə: 22)
“Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.” (“Nəhl” surəsi, ayə: 28)
5.Nifaq (münafiqlik). “Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.” (“Tövbə” surəsi, ayə: 64)
6.Hidayət. “Hər kəs Allaha iman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.” (“Təğabun” surəsi, 11)
Başqa bir ayədə buyurulur: “Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud, həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.” (“Qaf” surəsi, ayə: 38)
7.Qəflət. “...Həvayi-nəfsə tabe olub, ona itaət etmə.” (“Kəhf” surəsi, 28)
8.Aramlıq və xatircəmlik. Quranda buyurulur: “Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.” (“Rəd” surəsi, ayə: 28)
Yenə buyurulur: “Məhz O (Allah) möminlərin qəlblərinə aramlıq nazil etdi ki, imanları artsın.” (“Taha” surəsi, 4)
9.İztirab və tərəddüd. “Səndən yalnız Allaha və qiyamət gününə iman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədirlər.” (“Tövbə surəsi, ayə: 45)
10.Mehribanlıq və rəhmət. “İsaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.” (“Hədid” surəsi, ayə 27)
Yenə buyurulur: “Özünün köməyi və möminlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.” (“Ənam” surəsi, ayə: 63)
11.Kobud rəftar və daşürəklilik. “Əgər daşürəkli və kobud qəlbli olsaydın, camaat sənin ətrafından dağılışardı.” (“Ali-İmran” surəsi, 159)
Bir sözlə, Quranda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir. Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.
Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur.
Quranda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yəni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir. Allah-təala Quranda Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) xitab edərək belə buyurur: “Ruhul-Əmin (Cəbrail) Quranı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.” (“Şüəra” surəsi, ayə: 194)
Başqa ayədə buyurulur: “Hər kəs Cəbraillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrail yalnız Allahın izni ilə Quranı sənin qəlbinə nazil etmişdir.” (“Bəqərə” surəsi, ayə: 94)
Qəlbin məqamı o qədər yüksəkdir ki, insan onun vasitəsilə vəhy mələyini görüb, onun sözlərini eşidə bilər: “Allah Öz bəndəsinə (həzrət Mühəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.” (“Nəcm” surəsi, ayə: 11)

QƏLBIN SAĞLAMLIĞI VƏ XƏSTƏLIYI
Bizim həyatımız qəlbimiz və ruhumuzla bağlıdır. Bədəni idarə edən də odur. Bütün bədən üzvləri ona tabedir; əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli, insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Quran ayələri və hədislərdən məlum olur ki, insanın bədəni bəzən sağlam, bəzən isə xəstə olduğu kimi, onun qəlbi də bəzən sağlam, bəzən isə xəstə olur. Quranda buyurulur: “O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övlad heç bir fayda verməz, yalnız o kəslərdən başqa ki, (yalnız o kəslər nicat tapar ki,) Allaha doğru sağlam qəlblə qayıtmış olsun.” (“Şüəra” surəsi, ayə: 89)
Yenə buyurulur: “Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün ibrətlər vardır.” (“Qaf” surəsi, ayə: 37)
Yenə buyurulur: “Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara vədə verilmişdi. Onlar həmin kəslərdir ki, mehriban Allahdan qorxaraq (Onun hüzurunda) xüşu halında olan qəlblə gələrlər.” (“Qaf” surəsi, 31-32-ci ayələr)
Gördüyünüz kimi bu ayələrdə “sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xüşu halında olan qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qurani-Kərim bəzi qəlbləri xəstə adlandırır. O cümlədən:
“Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.” (“Bəqərə” surəsi, 10-cu ayə)
“Allah qəlblərində xəstəlik olanların xəstəliklərini artırdı.” (“Tövbə” surəsi, 125-ci ayə)
“O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar “Allahın və Rəsulun vədələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.” (“Əhzab” surəsi, 13-cü ayə)
“Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən. Onlar deyərlər: “Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.”” (“Maidə” surəsi, 52-ci ayə)
Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi kimi qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən (s.ə.v.v.) və Əhli-beyt imamlarından (ə) nəql olunan yüzlərlə rəvayətlərdən məlum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli, qəlbin xəstəlik və sağlamlığını məcazi mənada götürməyin heç bir zərurəti yoxdur. Allah qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər (s.ə.v.v.) və pak imamlar (ə) insanı və qəlbi tanıyıb qəlbin bəzi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mənasında yozulmamalıdır?! Həqiqi insanşünaslar küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, xəbərçilik, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli, belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: “O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz (heç kəs mal-dövlət hesabına canını qurtara bilməz).”
Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz. Bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir. Bəzi hallarda üzvdə nöqsanlı hal irəli gəlir. Lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günah içində olan qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və zülmətlə dirildilər, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır.
Allah Quranda buyurur: “Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və Qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: “Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!” Allah onun cavabında buyurar: “Bizim ayələrimiz sənin üçün gəldi, lakin sən isə onları unutdun. Buna görə də sən də unudulacaqsan.”” (“Taha” surəsi, 125-ci ayə)
“Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil. Əksinə onların qəlblərinin gözü kordur.” (“Həcc” surəsi, 46-cı ayə)
“Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və yolunu azmış olacaqdır.” (“İsra” surəsi, 72-ci ayə)
“Hər kəsi Allah hidayət etsə o, hidayət olunmuşlardan olar. Hər kəsi (öz əməli nəticəsində) azdırsa, onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə kor, lal və kar halda dirildərik.” (“İsra” surəsi, 97-ci ayə)
Bu sözdən təəccüblənərək “Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavab bundan ibarətdir ki, Xaliqin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. İnsanın nəfsi çox sirli bir varlıqdır. O, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır. Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq var, həm də küdurət və aludəlik, həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir. Allaha, məada, nübüvvətə və Qurana iman gətirmək nəfs aləminin nurudur.
Allah Quranda buyurur: “Ona (Mühəmmədə) iman gətirib onu əziz tutub kömək edənlər, həmçinin onunla olan nura (Qurana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.” (“Maidə” surəsi, 15-ci ayə)
“Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.” (“Maidə” surəsi, 15-ci ayə)
“Allah, İslamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır). Belə şəxslər aşkar azğınlıqda olacaqlar.” (“Zümər” surəsi, 22-ci ayə)
Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Quran, iman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur.
Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır. Bununla qəlbi qaraldıb aludə edir. Əlbəttə, bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətindən çıxardaraq iman və nur mühitinə daxil etsinlər.
Quranda buyurulur: “(Ey Peyğəmbər!) Biz Quranı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.” (“İbrahim” surəsi, 1-ci ayə)
Möminlər elə bu dünyada iman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib-görür və kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mənada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər.
Allah Quranda buyurur: “Yada sal o zamanı ki, mömin kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağacları altından çaylar axan behiştdir, bu behiştdə həmişəlik qalacaqsınız. Bu böyük qurtuluş və səadətdir.” (“Hədid” surəsi, 12-ci ayə)
Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır.
Quranda buyurulur: “Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar möminlərə deyər: “İcazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: “(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.” (“Hədid” surəsi, 13-cü ayə)

Kitabın adı: Nəfsin saflaşdırılması
Tərcümə edən: M.Turan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!