ATASININ ZİNƏTİ - HƏZRƏT ZEYNƏB (ƏS)

:

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

SƏMAVİ AD

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.

DƏRDLİ YUXU
Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
“Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

BİRİNCİ HADİSƏ
çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.

ANASI FATİMƏ İLƏ GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə ilə bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm, Yəqub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.

HAQQIN MÜDAFİƏSİ
Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt vilayətini müdafiə etsin.

SONUNCU GÖRÜŞ
nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır. Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır. növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”.
Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlamağa məcbur etdilər.”
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.

ANASINDAN SONRA
Artıq Əli (ə) evi Fatimə (əs) vücudunun şamı ilə nurlanmırdı. Buna görə də uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət Zəhranın ögey bacısı “Əmaməyə” mənsub idi.

Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.
Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.

ŞƏRİKLİ HƏYAT
Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir və bu sünnətdən imtina etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.
Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.
Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.
övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alınını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s) təklifi ilə həbəşəyə hicrət etmişdilər.
Əbdüllahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.

EV MÜHİTİNDƏ
Heç şübhəsiz, insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı uşaqlıq çağıdır. Bu dövr də başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və ictimai mühit daha təsirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-birləri və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə bir-başa təsir göstərib, incə və həssas qəlbini öz təsiri altına alır.
yaxşı və pisliyini müəyyən edə bilərlər. Bu mənada uşaq onlar üçün güzgü rolunu oynayır və uşağın xarakter və xüsusiyyətləri onların əxlaqının xülasəsi hesab olunur.
Uşaqlarda olan bu əks təsirə görə onların tərbiyəsi, eləcə də fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu tərbiyələrin təsiri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.
Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli tərbiyələrindən asılı hesab etmək olar.
Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki, tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı, səfa-səmimiyyət, eşq və mənəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə kimi anası vardı. Bu məsum ata və ananın nəfsani və şeytani istəkləri onlara tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.
Zeynəb bu mühitdə və belə bir ata-anasının təsiri altında böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.
Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.
O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mənəviyyət yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: “Həmişə evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni qəzəbləndirmədi”.
Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.
O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının çırpı və su gətirdiyini, anasının xəmir hazırlayıb çörək bişirdiyini görmüşdü. O bilirdi ki, qadının cihadı ərinin qulluğunda durub yaxşı evdarlıq etməkdir.
Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz həyatının ən şirin xatirələrindən hesab edirdi.
O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət və islami dəyərləri qorumaq dərsi alıb bu yolda fəaliyyət və mübarizəni özünə vacib bilirdi.Beləliklə, Zeynəbi-Kubra vilayət evində böyüdü, onun şəxsiyyəti bu tərbiyələr sayəsində formalaşdı. Onu, ata-anasından öyrəndiyi əxlaq, tərbiyə, mərifət və insani fəzilətlər simvolu hesab etmək olar. O, indi ailə quraraq ər evinə gedir, sonralar isə bu müqəddəs səngərdə nümunə olaraq öz vəzifəsini yerinə yetirib, İslam üçün mübariz övladlar tərbiyə edəcəkdi.

ATA MƏKTƏBİNDƏ
Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini buraxmışdı.

SƏBR VƏ DÖZÜM
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb (əs) hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: “Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbr edib dözdüm.
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini ilahi və islami mənafelərə qurban verməlidir.

ƏDALƏT
İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın təkidi ilə xilafət kürsüsünə əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən, rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir deyildilər: 
“And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə izdivac etmiş və ya kəniz almış olsalar belə”.
Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi qarşısında buyurdu: “Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?”
Həzrətin beytul-maldan bir boyunbağı əmanət almış qızına «Əgər bu boyunbağını beytül-maldan əmanət şəklində almasaydın oğurluq üstündə əli kəsilən ilk Haşimi qadın olacaqdın» - deyə buyurması onların xam-xəyalını alt-üst edirdi.

ZÜLMLƏ MÜBARİZƏ
Əlinin (ə) hakimiyyət dövrü düşmənlərlə döyüş və mübarizədə keçmişdir. Onlar öz maddi məqsədlərinə çatmaq üçün avam və həris insanlardan məharətlə istifadə edirdilər. Əlinin (ə) qarşısında Müaviyə kimi təhlükəli və hiyləgər düşmənlər dururdu. Bu rəzil insanlar öz məqsədləri naminə bütün vasitələrdən istifadə edirdilər. Əli (ə) istər bu zəhərli ünsür, istər dünya eşqi ilə yanan və Peyğəmbərin həyat yoldaşı Aişədən istifadə edən Cəməl süvariləri (Təlhə və Zübeyr) və istərsə də təqva adı altında onunla düşmənçilik edən, qətlini vacib bilən avam və yazıq Xəvaric dəstəsi ilə mübarizədən başqa bir yol görmürdü.
Zeynəb Peyğəmbərdən sonra baş verən qəmli hadisələri müşahidə edib ondan dərs alır, öz ictimai-siyasi və tarixi görüşünü artırır, atasının tükənməz fəzilətləri, ibadət və şücaətindən ilham alırdı. O atasının məktəbində öyrəndiklərinin hamısını Kərbəla, Kufə, Şam kimi böyük səhnələrdə nümayiş etdirib, öz ibadət və tədbiri, səbr və şücaəti ilə bir daha Əli (ə) qızı Zeynəb (əs) olduğunu sübut etdi. Elə bir Əli (ə) ki, bütün ömrünü Allah və Onun razılığı yolunda sərf edib, malik olduğu böyük qüdrətlə yanaşı səbr edib, şücaətlə düşmənini məğlub edərək ədalətə rəvac verib və nəhayət, hər şeyini öz sevgili rəbbinə qurban etmişdir.

Tags: ƏHLİ-BEYT (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!