HƏZRƏT MƏSUMƏNİN (əs) FƏZİLƏTLƏRİ

:

Həzrət Məsumənin (ə) fəzilətləri çoxdur. Lakin biz onların bəzisinə işarə edirik. Biz xanımın Quma gəlmə tarixini oxuyanda görürük ki, on yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır.

Bu xanımın ibadətə nə qədər aşiq olduğunu və Allah-taala ilə söhbətə və rabitəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Bundan əlavə xanım ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər o həzrətin vasitəsi ilə gəlib bizə çatmışdır.
Qazi Nurullah Şüştəri yazır: "İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmirəl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra imam buyurdu:

تقبض فيها امرأة من ولدي و اسمها فاطمة بنت موسي تدخل  بشفاعتها شيعتي الجنة باجمعهم

"Qumda mənim övladlarımdan Fatimə Musa (ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar." (“Məcalisul-möminin”, c.1, səh.83, bu hədis “Biharul-ənvar”, c.60, səh.228 və “Səfinətul-Bihar”, c.2, səh.376-da da az fərqlə gəlmişdir)
Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, imam Rza (ə) xanımı "Məsumə" adlandırmışdır:

من زار المعصومة بقم كمن زارني (“Nasix ət-təvarix”, c.7, səh.337)

Bundan əlavə imam Rza (ə) özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən "ey Fatimə, Allahın yanında mənə şəfaət elə" – cümləsini deməyi əmr etmişdir. Bu isə xanımın şəfaətçi olduğunu sübut edir. (“Biharul-ənvar”, c.102, səh.265-266)
Həzrət Məsumə (ə) həzrət Zeynəbə (ə) bir neçə cəhətdən bənzəyir.
1. Hər iki xanım məsum imamın qızıdır. Zeynəb (ə) Əmirəl-möminin Əlinin (ə), Məsumə (ə) isə Musa ibn Cəfərin (ə) qızıdır.
2. Hər iki xanım məsum imamın bacısıdır. Biri Həsən (ə) və Hüseynin (ə), digəri isə imam Rzanın (ə) bacısıdır.
3. Hər iki xanım məsum imamın bibisidir. Biri imam Zeynal-abidinin (ə), digəri isə imam Cavadın (Mühəmməd Təqi) (ə) bibisidir.
4. Hər iki xanım Allahın höccəti və məsum imam tərəfindən təsirlənmişdir.
5. Hər iki xanım üç məsum imamın hörmətinə layiq görülmüşdür. Həzrət Zeynəb (ə) atası həzrət Əli (ə), qardaşı imam Hüseyn (ə) və qardaşı oğlu imam Zeynal-abidin (ə) tərəfindən, həzrət Məsumə isə babası imam Sadiq (ə), qardaşı imam Rza (ə) və qardaşı oğlu imam Cavad (ə) tərəfindən möhtərəm sayılmışdır.
6. Hər iki xanım öz qardaşını çox sevirdi, Həzrət Zeynəb (ə) imam Hüseyni (ə), həzrət Məsumə (ə) isə imam Rzanı (ə).
7. Hər iki xanım qardaşa olan məhəbbətin şiddətindən öz evlərini, yaşayışlarını, vətənlərini tərk edərək səfər əziyyətinə qatlaşdılar. Həzrət Zeynəb (ə) Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (ə) isə Mədinədən İrana, axırda isə Quma gedərək orada dəfn olundu.
8. Hər iki xanımın vətəni Mədinə olduğu halda qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (ə) Şam və ya Misirdə, həzrət Məsumə (ə) isə İranda.
9. Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.
10. Hər iki xanımın iki ziyarət yeri vardır. Həzrət Zeynəbin (ə) həm Misirdə, həm də Şamda, həzrət Məsumənin (ə) isə həm Sittiyyə (Sitti lüğətdə xanım mənasındadır və həzrət Məsumənin (ə) ləqəblərindəndir. Həzrət Məsumənin (ə) yaşadığı yer Sittiyə adlanır) mədrəsəsində, yaşadığı və ibadət etdiyi Beytun-Nurda, həm də hərəmində ziyarət yeri vardır.

Kitab: Ziyarətnamələr və müqəddəs ziyarətgahlar

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!