HƏZRƏT RÜQƏYYƏ(ə)NİN KƏRAMƏTLƏRİ

:

FƏLƏC QIZIN ŞƏFASI
Bir nəfər deyir: Xəstə bir qızım var idi. Xəstəliyi o qədər ağırlaşdı ki, onu zəiflətdi və axırda fələc oldu. Həkimlərə nə qədər müraciət etsək də, bir nəticə almadıq və onun müalicəsindən aciz qaldıq.

Hər yerdən ümidim kəsildi. Özümün və xəstə qızımın halını fikirləşirdim ki, nə edim? Hara gedim? Birdən zehnimdə bir ümid işıqlandı. Özümdə ümidvar oldum ki, çarə var. Tibb evlərinin qapısına getsək (bizim üzümüzə) bağlıdır. Amma bir tibb evinin qapısı həmişə xəstələrin üzünə açıqdır və heç bir xəstə o tibb evindən naümid geri qayıtmır. Ürəyim Əba-Əbdillahın (ə) nazdanəsinin hərəminə pərvaz etdi. Dedim, düzdür ki, yaşdan kiçikdir, amma o balaca əlləri ilə böyük düyünlər açır. Düzdür ki, balacadır, amma mütəal Allahın yanında çox əzəmətli məqamı var, əlləri cəddi Yədullah Əlinin (ə) əlində olduğu üçün müşkülləri həll edir. Dedim, qızımın şəfasını ondan istəyim.
Bu niyyətlə hərəmə tərəf hərəkət etdim. Hərəmə daxil oldum. Gözüm onun hərəminə düşən kimi, göz yaşı mənə aman vermədi, ürəyim sındı, dərdi-dil etməyə başladım, dedim: Xanım, həkimlər məni geri qaytarıblar, amma sən məni naümid geri qaytarma, uzaq yoldan gəlmişəm.
Qızımı zərihin kənarına gətirdim. Gecə dəxil ünvanı ilə kəndirin bir tərəfini qızıma və o biri tərəfirni zərihə bağladım. Qızıma tapşırdım ki, bu qız, imam Hüseynin (ə) qızıdır və atası onu çox sevirdi. Ondan istə ki, sənə şəfa versin. Ağla, yalvar, dərdini de. Mən də bir tərəfə gedib, dua, ziyarət, namaz və təvəssülə məşğul oldum, öz halıma qərq oldum. Dünyadan ayrılıb, Haqq-taalanın zatına müttəsil oldum. O halda qızımın şəfasını istədim. Bir müddətdən sonra özümə gəlib gördüm, gecədən xeyli keçib, hərəm sakitlikdir və heç kim yoxdur. Səhər, ya səhərə yaxın idi. Qızımı yaddan çıxarmışdım. Bir səs məni özümə gətirdi. Yaxşı qulaq asdıqda qızımın səsi olduğunu bildim. Ona tərəf getdim, gördüm ağlayır. Məni görən kimi dedi: Ata mən sağalmışam, ata mən sağalmışam. Onu qucağıma aldım, soruşdum, qızım nə oldu? Niyə ağlayırsan? Dedi: Ata çox ağladım, axırda məni yuxu apardı. Yuxuda gördüm ki, zərihdən üçyaşlı bir qız çıxıb, mənə tərəf gəldi. Mənə yaxınlaşıb dedi: Nə istəyirsən? Qalx! Dedim xanım, mən xəstəyəm, yerimdən tərpənə bilmirəm. Yanımda oturdu və o kiçik əlləri ilə bədənimə əl çəkdi. O vaxt mənə dedi: Sağaldın! Dur, atanın yanına get. Yuxudan ayılıb, heç bir narahatlıq hiss etmədim, amma ata, nə üçün o üçyaşlı qızın çöhrəsi qaralmışdı? Dedim, qızım o düşmənlərin ona vurduqları sili zərbələrinin yeridir. (“Əşgi bər se salə”, Mühəmməd Hairi Təbar, səh. 36)

DE, ADINI HÜSEYN QOYSUN
Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəminə daxil olduqda, bir dəstə adamın, müqəddəs zərihin qarşısında ziyarətnamə oxumağa və əzadarlığa məşğul olduqlarını gördüm. İxlaslı məddah, Hacı Nikuyi rövzə oxuyurdu. O, deyirdi:
Həzrət Rüqəyyənin (ə) hərəmini genişləndirmək üçün ətrafdakı evləri alırdılar. Yer sahiblərindən biri yəhudi, ya xristian idi. Evini hərəmin genişlənməsi üçün satmaq istəmirdi. Alıcılar hətta 2,5 dəfə yuxarı qiymətə almağa razı idilər, amma o, satmaq fikrində deyildi. Bir müddətdən sonra, onun arvadı hamilə olur və doğuş vaxtı yaxınlaşarkən həkimə aparırlar. Müayinədən sonra həkim deyir: Ana və uşaq, hər ikisi təhlükədədirlər və həkim nəzarəti altında olmaları lazımdır. Onlar qəbul edirlər.
Ev sahibi deyir: Elə ki doğuş ağrıları başladı, həyat yoldaşımı xəstəxanaya apardım və özüm qayıdıb, həzrət Rüqəyyənin (ə) hərəminin qapısına gəldim. Ona təvəssül edib dedim: Arvadıma və övladıma nicat versən, onların şəfasını Allahdan istəsən, evimi sənə təqdim edərəm.
Bir müddət təvəssülə məşğul oldum. Sonra xəstəxanaya getdim, həyat yoldaşımın çarpayıda oturduğunu və uşağın da onun qucağında sağ-salamat olduğunu gördüm. Həyat yoldaşım dedi: Hara getmişdin? Dedim: bir yerə getmişdim, işim var idi. Dedi: Yox, getdin imam Hüseynin (ə) qızına təvəssül etdin! Dedim, haradan bilirsən? O dedi: Mən doğuş halında ağrının şiddətindən bəzən, huşdan gedirdim. Bu vaxt, bir qız uşağı xəstəxananın otağına daxil oldu və mənə dedi: Narahat olma, biz sənin və uşağının salamatlığını Allahdan istəmişik. Övladınız da oğlandır. Mənim salamımı ərinə çatdır və de, adını Hüseyn qoysun. Dedim siz kimsiniz? Dedi: Mən imam Hüseynin (ə) qızı Rüqəyyəyəm.
Rövzə qurtardıqdan sonra məddahdan (Hacı Nikuyi) soruşdum ki, bu əhvalatı kimdən nəql edirsən? Cavab verdi: Həzrət Rüqəyyənin (ə) hərəminin xadimindən nəql edirəm. O özü sünnüdür və imam Hüseynin (ə) nazdanəsinin hərəmində xidmət etməyi ilə iftixar edir. Onun atası da həzrət Rüqəyyənin (ə) hərəminin xadimlərindən olubdur. (“Sitareyi dirəxşani-Şam”, Şeyx Əli Rəbbani Xəlxali, səh. 281)

MƏSİHİ QADIN HƏZRƏT RÜQƏYYƏYƏ (Ə) TƏVƏSSÜL EDİB, ŞƏFA ALIR
Höccətül-islam vəl müslimin Hacı Şeyx Mühəmməd Məhdi Tac Ləngərudi yazır: Məşhur vaiz və dəfələrlə həzrət Rüqəyyənin (ə) qəbrinin ziyarəti üçün Şama getmiş dostlarımdan biri minbərdə deyirdi:
Həzrət Rüqəyyənin (ə) hərəmində bir fransalı qadının müqəddəs astanəyə hədiyyə ünvanı ilə iki qiymətli xalı gətirdiyini gördüm. Camaat onun fransız və xristian olduğunu bildikləri üçün, bu işdən çox təəccüb edirdilər, öz-özlərinə deyirdilər ki, görəsən qeyri-müsəlmanın bura gəlib, qiymətli hədiyyələr gətirməsinə nə bais olub?! Camaatda o qədər maraq yarandı ki, onun bu işinin səbəbini soruşdular. O, cavabında dedi:
Bildiyiniz kimi, mən müsəlman deyiləm. Fransadan məmuriyyət ünvanı ilə bura (Suriyaya) gəlmişdim. Bu müqəddəs astanəyə yaxın bir mənzildə, məskən etdim. Birinci gecə istirahət etmək istəyərkən ağlamaq səsi eşitdim. Bu səslər dayanmadığı üçün soruşdum: Bu ağlamaq səsi haradan gəlir? Dedilər: Bu ağlamaq səsləri bu yaxınlıqda dəfn olunmuş bir qızın qəbrinin kənarından gəlir. Mən elə bildim ki, o qız bu gün ölüb və bu gecə dəfn olunub, onun ata-anası, yaxınları növhə oxuyurlar. Amma mənə dedilər ki, onun ölümündən və dəfnindən min ildən çox keçir. Mənim təəccübüm bir az da artdı və öz-özümə dedim ki, camaatın yüz illərdən sonra onu belə bir məhəbbətlə sevmələrinin səbəbi nədir?! Sonra məlum oldu ki, bu qız, adi qızlardan fərqlidir. Bu, imam Hüseynin (ə) qızıdır. Onun atasını müxalifləri və düşmənləri öldürüblər, övladlarını Yezid hökumətinin paytaxtı olan bu şəhərə əsirliyə gətiriblər və bu qız da burada atasının ayrılığından canını tapşırıb və dəfn olunub. Bu macəradan sonra, bir gün buraya (hərəmə) gəldim. Camaat hər tərəfdən aşiqanə gəlir, nəzir edir və hədiyyələr gətirir, təvəssül edirdilər. Onun məhəbbəti qəlbimdə möhkəm yer etdi.
Bir müddətdən sonra məni doğmaq üçün xəstəxanaya, doğuş yerinə apardılar. Müayinədən sonra mənə dedilər ki, sizin övladınız qeyri-təbii dünyaya gəlir və biz cərrahiyə əməli aparmağa məcburuq.
Cərrahiyə əməlini eşidən kimi ölümlə üzləşdiyimi bildim. Allah nə edim, ilahi narahatam, çarə nədir? Fikirləşdim ki, təvəssüldən başqa çarəm yoxdur. Gərək təvəssül edəm...
Çarəsiz qalıb, əlimi bu qıza tərəf uzatdım və dedim: İlahi, sənə and verirəm bu qızın haqqıni ki, əsirlikdə döyüblər, taziyanə ilə vurublar və atasının haqqını ki, haqq imam və Sənin Peyğəmbərinin (s) nümayəndəsi olubdur, onu zülm yolu ilə öldürüblər, mənə bu həlakətin təhlükəsindən nicat ver. Onda bu qızı müxatəb qərar verib dedim: Əgər bu həlakətdən nicat tapsam, iki qiymətli xalımı sənin astanənə hədiyyə edərəm.
Allah şahiddir ki, nəzr və təvəssül etdikdən sonra çox çəkmədi ki, həkimlərin gözlədiyinin əksinə olaraq, övladım təbii yolla dünyaya gəldi və mən ölümdən nicat tapdım. İndi öz əhdimə və nəzrimə əməl edib, xalıları o qızın müqüddəs astanəsinə təqdim edirəm. (“Təvəssülat və ya rahi ümidvaran”, səh. 161)

MƏSİHİ QIZIN ŞƏFASI
Məsihi bir qadın öz fələc qızını Livandan Suriyaya gətirir. Çünki Livan həkimləri ona mənfi cavab vermişdilər.
Qadın, xəstə qızı ilə həzrət Rüqəyyənin (ə) əzəmətli hərəminin yaxınlığında mənzil tutur ki, oradan qızının müalicəsi üçün həkimə müraciət etsin.
Aşura günü çatır və o, camaatın dəstə-dəstə həzrət Rüqəyyənin (ə) hərəmi olan məkana tərəf gəldiklərini görür.
Şam camaatından bunun səbəbini soruşur. Deyirlər, burada imam Hüseynin (ə) qızının hərəmi var. O da xəstə qızını evdə tənha qoyub, otağın qapısını bağlayır və həzrət Rüqəyyənin (ə) hərəminə gəlir. Orada həzrət Rüqəyyəyə (ə) təvəssül edir, o qədər ağlayır ki, qəşş edib huşdan gedir. O halda kimsə ona deyir, ayağa dur, get evə, qızın təkdir və Allah ona şəfa veribdir. Ayağa qalxıb, evə tərəf hərəkət edir və gəlib evin qapısını döyür, qızının sağ-salamat olduğunu və oyuncaqlarla oynadığını görür.
Ana qızının vəziyyətini görür və onun halını soruşur. Qız ananın cavabında deyir: Sən getdikdən sonra Rüqəyyə adlı bir qız otağa daxil oldu və mənə dedi: Dur, birlikdə oynayaq. O qız mənə dedi: Ayağa dura bilmək üçün “Bismillahir-Rəhmanir-Rəhim” de. Sonra mənim əlimdən tutdu və mən durdum, tamam bədənimin sağ-salamat olduğunu gördüm. O, mənimlə söhbət edirdi ki, sən qapını döydün. Dedi: Anan gəldi.
Məsihi ana imam Hüseynin (ə) qızından bu kəraməti gördükdə müsəlman oldu. (“Sitareyi dirəxşani-Şam”, səh. 270)

KİÇİK BEŞİK
Qum Elmi Hövzəsinin ustadlarından olan, təqvalı alim Seyid Mürtəza Müctəhidi Sistani nəql edir:
Müqəddəs Məşhəd şəhərinin sakini, imam Hüseynin (ə) hərəminin xidmətçisi Hacı Sadiq Müttəqi (1418 h.q.) Məhərrəm ayında mənə belə nəql etdi:
Qızımın izdivacından altı il keçməsinə baxmayaraq, hələ də övlad sahibi olmamışdı. Bir neçə həkimə müraciət etdik, çoxlu nüsxələrə əməl etdik, heç bir faydası olmadı. 1417 ci ilin səfər ayında Şama getdim. Getməzdən qabaq (qızımın) anası bir kiçik beşik düzəltdi və mənə dedi: Onu həzrət Rüqəyyənin (ə) mütəhhər zərihinə bağla, ta o xanımın lütfündən bəhrələnək və hacətimiz rəva olsun.
Mən kiçik beşiyi özümlə Şama apardım. Şamda imam Hüseynin (ə) üçyaşlı qızı həzrət Rüqəyyənin (ə) ziyarətinə getdim və o xanımın əzəmətli və qəmli hərəminə daxil oldum. O məzlumənin hərəmi elədir ki, bütün ziyarət edənləri öz təsiri altına alır. Beşiyi zərihin yanına aparıb, ümidlə onu Həzrətin nurani zərihinə bağladım.
Orada dayanıb mənim işlərimə nəzarət edən bir şəxs dedi: Sizin nə üçün belə işlərə etiqadınız var? Dedim: Mənim etiqadım həzrət Rüqəyyəyədir (ə), beşiyə yox. Bu beşiyi, o həzrətə öz əqidə və etiqadımı aşkar etmək üçün vasitə qərar vermişəm ki, bu yolla həzrət Rüqəyyənin (ə) diqqətini özümə cəlb edim. Hər kəs öz mərifəti qədərində iş görür və mənim mərifətim bu qədərdir, daha o həzrətin əzəməti qədər yox.
Şamda Əhli-beytin (ə) hərəmlərinin ziyarətindən sonra İrana qayıtdım. Bir müddət keçmişdi ki, anası dedi: Gərək qızımızı yoxlanışa aparaq, ta yəqinimiz olsun ki, həzrət Rüqəyyə (ə) bizim hacətimizi Allah dərgahından alıb, ya yox?
Yoxlanışdan sonra cavab müsbət oldu. Məlum oldu ki, bir kiçik beşiklə, öz etiqad və ümidimizi o həzrətə göstərib, onun lütf nəzərini özümüzə tərəf cəlb etmişik. İndi qızımın beşikdə bir uşağı var. (“Sitareyi dirəxşani-Şam”, səh. 276)

Kitabın adı: Həzrət Rüqəyyə

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!