NƏHC-ül-BƏLAĞƏ - 115-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri mədh etdiyi və o böyük şəxsin bəzi sifətlərini bəyan etdiyi) xütbələrindəndir.

Böyük Yaradan Həzrət Mustafanı məxluqları Allah-təalanın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.

Bu xütbənin (Həccac ibn Yusifin meydana gəlməsini, Kufə əhlinə hakim kəsilərək onlara etdiyi zülmü, sitəmləri xəbər verdiyi, çirkin əməllərinin nəticəsindən onları agah etdiyi) bir hissəsidir

Mənim qeybdən bildiklərimi və sizə aşkar olmayanları (Həccacın fitnələrini) bilsəniz, əlbəttə, (öz evlərinizdən və başınızı balınca qoyub yatmaqdan əl çəkərək) quru torpağa (biyabanlara) üz tutarsınız (iztirab və narahatlıqdan biyabanlarda yaşamağı şəhərlərdən üstün tutarsınız). Gördüyünüz (çirkin) işlərə (Həccacın zülmü və qan tökmələri ilə nəticələnəcək öz İmamınızın göstərişlərinə əməl etməmənizə) görə uşağı öləndə sinə və üzlərinə şillə vuran, öz mallarını başsız, gözətçisiz buraxıb gedən arvadlar kimi ağlayarsınız. Sizlərdən hər bir kişinin başı özünə elə qarışacaq, çarəsiz qalacaq ki, başqasından xəbəri olmayacaq. Ancaq (indi rahat əyləşmisiniz və narahat deyilsiniz. Çünki mənim bildiklərimi bilmirsiniz və) sizə verilən öyüd-nəsihətləri (İmama itaət edib ardınca getmək barədə Həzrət Peyğəməbərin əmrlərini) unutdunuz. Sizi çəkindirdikləri (bəyənilməmiş rəftarınızın nəticəsində axır ki, zalım və qəddar xəlifələri sizə hakim edəcək) işlərdən rahat oldunuz. Buna görə də rəy və düşüncələriniz başıpozuq, işləriniz dağınıq və qarmaqarışıq oldu. (Həyatınızda necə rəftar etməli olduğunuzu bilmirsiniz və öz ayağınızla fitnə-fəsad alovuna girərək düşməni özünüzə hakim edəcəksiniz. Sizin bu yolunuz rüsvayçılıq olduğuna görə) istəyirəm ki, Allah mənimlə sizin aranızda ayrılıq salsın və məni sizlərdən daha layiq olanlara (Həzrət Peyğəmbərə, Həmzəyə, Cə’fərə və zülm, sitəmi qəbul etməyənlərə) qovuşdursun. (Çünki) Allaha and olsun, onlar bəyənilmiş rəy və düşüncəli, çox helmli və səbrli kişilər, zülm və sitəmi rəva görməyən doğru, haqq söz sahibi idilər (azğınlıq yoluna qədəm qoymazdılar). Bir-birini ötməklə, qabaqlamaqla doğru yolla gedib aydın (hidayət və nicat) yoluna tələsdilər. Deməli, əbədi axirətə, gözəl şadlığa, eyşi-nuşa çatdılar (cənnət onların nəsibi oldu). Agah olun! And olsun Allaha, (cihadda süstlük və səhlənkarlığınıza, zalımların qarşısını almadığınıza görə işiniz o yerə çatacaq ki,) Bəni-Səqif qəbiləsindən bir oğlan (Həccac ibn Yusif) sizlərə hakim kəsiləcək, təkəbbüründən paltarını yerlə sürüyəcək. Haqdan üz döndərərək çox zülm, sitəm törədəcək, sizin göyərtinizi yeyəcək, (malınızı qəsb edəcək) və piyinizi əridəcək. (Sizi həmişə zülm və sitəmə məruz qoyub incidəcək.) Nəyin varsa gətir, ey Əbu Vəzəhə.1 (Seyyid Rəzi buyurur:)

Deyirəm: «Vəzəhə» deməkdə məqsəd «xunfəsa»dır. (Bu sözün lüğətdə mənası «xunfəsa» deyil, Həccac onu «xunfəsa»ya aid etmişdir).

Bu sözlər Həccacın gəlişinə işarədir. Həccacın «vəzəhə» ilə əhvalatı olub və burada onu bəyan etməyin yeri deyil.

ومن خطبة له عليه السلام 

وفيها ينصح أصحابه 

أَرْسَلَهُ دَاعِياً إِلَي الْحَقِّ، وَشَاهِداً عَلَي الْخَلْقِ، فَبَلَّغَ رَسَالاَتِ رَبِّهِ غَيْرَ وَانٍ وَلاَ مُقَصِّر، وَجَاهَدَ فِي اللهِ أَعْدَاءَهُ غَيْرَ وَاهِنٍ وَلاَ مُعَذِّرٍ، إِمَامُ مَنِ اتَّقَي، وَبَصَرُ مَنِ اهْتَدَي. و منها: وَلَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ مِمَّا طُوِيَ عَنْکُمْ غَيْبُهُ، إِذاً لَخَرَجْتُمْ إِلَي الصُّعُدَاتِ، تَبْکُونَ عَلَي أَعْمَالِکُمْ، وَتَلْتَدِمُونَ عَلَي أَنْفُسِکُمْ، وَلَتَرَکْتُمْ أَمْوَالَکُمْ لاَ حَارِسَ لها وَلاَ خَالِفَ عَلَيْهَا، وَلَهَمَّتْ کُلَّ امْرِيءٍ مِنْکُمْ نَفْسُهُ، لاَ يَلْتَفِتُ إِلَي غَيْرِهَا; وَلَکِنَّکُمْ نَسِيتُمْ مَا ذُکِّرْتُمْ، وَأَمِنْتُمْ مَا حُذِّرْتُمْ، فَتَاهَ عَنْکُمْ رَأْيُکُمْ، وَتَشَتَّتَ عَلَيْکُمْ أَمْرُکُمْ. وَلَوَدِدْتُ أَنَّ اللهَ فَرَّقَ بَيْنِي وَبَيْنَکُمْ، وَأَلْحَقَنِي بِمَنْ هُوَ أَحَقُّ بِي مِنْکُمْ، قَوْمٌ واللهِ مَيَامِينُ الرَّأْيِ، مَرَاجِيحُ الْحِلْمِ، مَقَاوِيلُ بِالْحَقِّ، مَتَارِيکُ لِلْبَغْيِ. مَضَوْا قُدُماً عَلَي الطَّرِيقَةِ، وَأَوْجَفُوا عَلَي الْمَحَجَّةِ، فَظَفِرُوا بَالْعُقْبَي الْدَّائِمَةِ، وَالْکَرَامَةِ الْبَارِدَةِ. أَمَا وَاللهِ، لَيُسَلَّطَنَّ عَلَيْکُمْ غُلاَمُ ثَقِيفٍ الذَّيَّالُ الْمَيَّالُ، يَأْکُلُ خَضِرَتَکُمْ، وَيُذِيبُ شَحْمَتَکُمْ، إِيهٍ أَبَا وَذَحَةَ! قال الشريف: الْوَذَحَةُ: الخُنْفُسَاءُ. وهذا القول يوميءُ به إلي الحجاج، وله مع الوذحة حديث ليس هذا موضع ذکره.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

116-CI XÜTBƏNİ BURADAN OXUYUN


 1. Vəzəhə ərəbcə sidik və peyinin qarışması nəticəsində qoyunun quyruğunun altında bağlanıb quruyan qartmağa deyilir. İmam əleyhis-salam öz səhabələrindən incidiyinə görə bu cümləni buyurmuş, Həccacın gəlişini istəməklə qeybdən bu heyrətamiz xəbərə işarə etmişdir. Ancaq camaat «vəzəhə»nin nə olduğunu, Həzrətin kimi nəzərdə tutduğunu başa düşməmişdir. Yalnız Həccacın peyin qurdundan kiçik, ərəbcə «xunfəsa» adlı heyvanla olan əhvalatı, Həccacın «xunfəsa» adlandırılması və «vəzəhə» sözünün dillərə düşməsindən sonra İmamın məqsədini başa düşdülər. İbn Meysəm Bəhrani rəhmətullah «Nəhcül-Bəlağənin şərhi» kitabında bu barədə yazır: «Bir gün Həccac öz səccadəsində namaz qılırdı. Bu vaxt bir xunfəsa ona tərəf yaxınlaşdıqda dedi: «Onu məndən uzaqlaşdırın. O, şeytanın peyinindən bağlanan qartmaqdır». Belə rəvayət olunur ki, o, «bu heyvanın Allahın yaratdığı məxluq olmasını güman edənləri Allah öldürsün» sözlərini də işlətmişdir. «Kimin məxluqudur?» deyə soruşduqda isə «şeytanın peyinidir» deyə cavab vermişdir.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!