HƏDİSLƏRDƏ QƏLB

:

Din rəhbərləri və həqiqi insanşünaslar insanların qəlbləri barəsində çox maraqlı mətləblər bəyan etmişlər ki, onlardan bəzilərini burada qeyd edirik. Hədislərin bəzilərində qəlblər üç qismə bölünür.

İmam Məhəmməd Baqir (ə) buyurur: “Üç növ qəlb vardır: Birincisi, heç bir xeyir işi dərk eləməyən haqdan üz döndərmiş qəlbdir. Bu kafirin qəlbidir. İkinci növ qəlbdə qara nöqtələr əmələ gəlmişdir. Belə bir qəlbdə xeyr və şər daim bir-biri ilə çarpışmadadır. Onlardan hər biri güclü olsa qəlbə qələbə çalar. Üçüncü növ isə açıq-aydın qəlbdir. Bu qəlbdə heç vaxt sönməyən bir çıraq vardır. O da möminin qəlbidir.” (“Biharul-ənvar”, 70-ci cild, səh.51)
İmam Cəfər Sadiq (ə) öz atasının belə buyurduğunu nəql edir: “Qəlb üçün günahdan da pis bir şey yoxdur. Qəlb günahla qarşılaşır və onunla mübarizə edir. Nəhayət günah qəlbə qələbə çalaraq onu tərsinə çevirir.” (“Biharul-ənvar”, 70-ci cild səh. 54)
İmam Səccad (ə) buyurur: “İnsanın dörd gözü vardır, onun ikisi (zahiri gözlər) din və dünya ilə əlaqədar işləri, digər ikisi (batini gözlər) isə axirətlə əlaqədar işləri görür. Allah bir bəndəsinə xeyir vermək istədiyi zaman onun qəlb gözlərini açar. Bəndə onların vasitəsilə qeyb aləmini və axirət işlərini müşahidə edər. Lakin ona xeyir əta etmək istəməsə onun qəlbini elə həmin vəziyyətdə buraxar.” (“Biharul-ənvar”, 70-ci cild, səh. 53)
İmam Cəfər Sadiq (ə) buyurub: “Qəlbin iki qulağı vardır: iman ruhu onu ahəstə olaraq xeyir işlərə, şeytan isə ahəstə olaraq pis işlərə dəvət edir. Onlardan hər hansı biri digərinə qələbə çalsa qəlbi öz ixtiyarına keçirmiş olur.” (“Biharul-ənvar”, 70-ci cild, səh. 53)
İmam Cəfər Sadiq (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: “Korluğun ən pis növü qəlbin korluğudur.” (“Biharul-ənvar”, 70-ci cild, səh. 51)
İmam Məhəmməd Baqir (ə) buyurur: “Bəndənin qəlbi ağ və parlaq nur şəklindədir. Əgər günaha batarsa onda qara bir nöqtə də əmələ gəlir. Tövbə etdiyi təqdirdə qara nöqtə aradan gedər. Amma əgər günah iş görməkdə davam edərsə qaralıq tədricən artaraq ağlığın hər bir yerini örtür. Belə olan halda həmin qəlbin sahibi artıq yaxşılığa, xeyrə qayıtmaz və Allah-taalanın Quranda buyurduğu aşağıdakı ayənin nümunəsi olar: “Onların əməlləri qəlblərinə qələbə çalaraq onu puç etmişdir.” (“Kafi”, 2-ci cild, səh. 273)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Hər kəsin təqvası və vərəsi (təqvanın yüksək dərəcəsi) az olsa qəlbi öləcəkdir. Hər kəsin də qəlbi ölsə cəhənnəmə daxil olacaqdır.” (“Nəhcül-bəlağə”)
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) öz övladına vəsiyyət edərək buyurdu: “Oğlum! Yoxsulluq böyük bəladır. Ondan da böyük bəla bədənin xəstəliyidir. Bədənin xəstəliyindən də böyük bəla qəlbin xəstəliyidir. Var-dövlətin bol olması böyük nemətdir. Ondan böyük nemət bədənin sağlamlığıdır. Bədənin sağlamlağından da böyük nemət qəlbin sağlamlığıdır.” (“Biharul-ənvar”, 70-ci cild, səh. 51)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Davud peyğəmbər Allaha belə ərz etdi: “İlahi, bütün padşahların xəzinəsi vardır, bəs Sənin xəzinən hardadır?” Allah-təala cavabında buyurdu: “Mənim xəzinəm ərşdən böyük, kürsüdən geniş, behiştdən daha ətirli, mələkutdan daha gözəldir. Bu xəzinənin yeri mərifət, asimanı iman, günəşi şövq, ayı məhəbbət, ulduzları zikr (Allaha diqqət və ilhamlar), buludları əql, yağışı rəhmət, meyvələri itaət, səmərəsi hikmətdir. Mənim xəzinəmin dörd qapısı vardır: 1.Elm, 2.Əql, 3.Səbr, 4.Razılıq. Bil ki, Mənim xəzinəm qəlbdir (mömin bəndələrimin qəlbidir).”” (“Biharul-ənvar”, 70-ci cild, səh. 59)
İlahi qəlbşünaslar bir hədisdə çox maraqlı mətləblər buyurmuşlar ki, onların bəzilərini qeyd edəcəyik. O cümlədən qəlbləri üç qismə bölmüşlər:
1.Kafir qəlbi. Kafir qəlbi barəsində buyurmuşlar ki, o, tərsinə çevrilmişdir və onda heç bir xeyir yoxdur. Belə qəlb özünün əsl fitrətindən azmışdır və yuxarı aləmə baxa bilmir. O, yalnız dünya işlərinə baxır. Buna görə də Allahı və axirət aləmini müşahidə edə bilmir. Belə bir qəlbin sahibi barəsində xeyirxahlıq, yaxşılıq və məsləhət təsəvvür oluna bilmir. Çünki xeyir işlər o zaman kamal dərəcələrində və Allah dərgahında olur ki, Allaha doğru və Onun razılığını cəlb etmək məqsədilə olsun. Amma kafir qəlbi tərsinə çevrilmişdir ki, Allahı görməsin. Onun, bütün işlərində dünyadan başqa bir hədəfi yoxdur. O, Allaha yaxın olmağı yox, yalnız dünyaya nail olmağı istəmişdir. Belə bir qəlbin əsl fitrətində gözü olmuşdur, lakin öz gözünü kor etmişdir. O, ən aydın həqiqəti, yəni Allahı dərk etmədiyindən kordur. Axirət aləmində də kor halda dirildiləcəkdir. Bu dünyada yalnız dünya işlərinə ürək bağladığından axirət aləmində də ona dünya işlərinə bağlılıq qalacaqdır. Onlardan ayrılaraq hər addımda yanacaqdır. Belə qəlbə iman nuru saçmaz və büsbütün qaranlıq və zülmətdən ibarətdir.
2.Möminin qəlbi. Möminin qəlbinin qapısı yüksək aləmlərə və qeybə doğru açılır. Onda heç vaxt sönməyən iman nuru parlayır. Onun qəlbinin hər iki gözü görür. Qeyb aləmini və axirət işlərini onunla müşahidə edir. Belə bir qəlb həmişə kamala, camala və mütləq xeyrə, yəni Mütəal Allaha doğru yönəlir və Ona yaxın olmaq istəyir. O, Allahı istəyir, gözəl əxlaq və yaxşı əməllərlə Onun dərgahına doğru hərəkət edir. Belə bir qəlb ərş və kürsüdən geniş, behiştdən daha ətirlidir və ilahi xəzinələrin, ilahi nurun saçdığı mərkəz ola bilər. Belə bir qəlbin yeri Allaha mərifət, asimanı iman, günəşi Allahla görüşə şövq, ayı Allaha məhəbbət bəsləməkdir. Əql möminin bədəninə hakim kəsilmişdir. İlahi rəhmət yağışını öz qəlbinə doğru cəzb edir ki, onun meyvələri ibadət və itaətdən ibarətdir. Belə bir qəlbdə Allah və Onun dərgahına yaxın olan mələklərdən başqa heç bir şeyə yer yoxdur. Başdan-ayağa nur, sevinc, şövq, səfadan ibarətdir. Axirət aləmində də belə məhşur olacaqdır.
3. Bəzən günaha batan mömin qəlbi. Belə şəxslərin qəlbi tam qaranlıq və bağlı deyildir. O, iman nurunun vasitəsilə işıqlanır, kamalı əldə etmək və ilahi rəhmətə nail olmaq üçün açıqdır. Lakin günah nəticəsində onda qara bulud əmələ gəlir. Bununla da şeytan oraya yol tapa bilir. Onun batini gözü kor olmur, lakin günah nəticəsində xəstələnir və kor olmağa yaxınlaşır. Belə qəlbdə həm mələklər, həm də şeytanlar üçün yol vardır. Mələklər iman qapısından daxil olaraq bəndəni xeyir işlərə çağırır. Şeytanlar isə qara nöqtədən nüfuz edərək onu pis işlərə sövq edirlər. Belə bir qəlbdə mələklə şeytan həmişə bir-biri ilə çarpışmadadır. Mələk saleh əməl ilə bütün qəlbi öz ixtiyarına keçirmək və şeytanı oradan çıxarmaq istəyir. Şeytan da günaha mürtəkib olmaqla qəlbi daha da qaranlıqlaşdırıb, mələyi oradan çıxarmaq və bütün qəlbi öz ixtiyarına almaq, iman qapısını tamamilə bağlamaq istəyir. Bunların hər biri qələbə çalana qədər bir-biri ilə çarpışır. İnsanın axirət taleyi və batini həyatı bu məsələyə bağlıdır.

QƏLBİN QƏSAVƏTİ (daşlaşması)
İnsanın qəlbi ilk əvvəldə səfa, nuranilik, mehribanlıq və xüsusi rəhmətə malik olur. Başqa insanların, hətta heyvanların belə, əzab-əziyyətdə olmasından, narahatlığından ruhən əzab çəkir. Başqalarının da xoşluqda, rahatlıqda və firavan yaşamasını istəyir, başqalarına yaxşılıq etməkdən sevinir, mənəvi ləzzət alır. Özünün pak niyyəti ilə Allaha diqqət yetirir, ibadətdən, duadan, raz-niyazdan, yaxşı işlər görməkdən sevinc duyur, günah işə mürtəkib olduqda dərhal təsirlənərək peşmanlıq hissi keçirir.
Əgər fitrətin çağırışına cavab versə və ona uyğun əməl etsə günbəgün daha artıq səfalı, nurani, mehriban və ürəyi yanan olur. Dua və ibadət nəticəsində günbəgün Allahla ünsiyyətə, dua və ibadətə rəğbət tapır. Amma əgər öz daxili hisslərini və atifələrini nəzərə almayaraq, onun əksinə əməl edərsə nuraniyyəti tədricən azalmağa üz qoyur, axırda elə bir həddə çatır ki, hətta onun tamamilə məhv olub sönməsi də mümkündür. Belə olan halda başqalarının başına gələn acı hadisələri və xoşagəlməz şeyləri gördükdə azacıq belə təsirlənmir, hətta mümkündür ki, başqalarının yoxsulluq, aclıq və zəifliyindən, hətta zindana düşüb işgəncəyə məruz qalmasından, qətlə yetirilməsindən belə sevinib ləzzət alsın.
İnsan günaha mürtəkib olduğu ilk vaxtlarda narahat və peşman olur, lakin əgər bir dəfə günaha mürtəkib olarsa ikinci dəfə daha hazırlıqlı olur, üçüncü dəfə günah iş onun üçün daha asan olur. Günahın davam etdirilməsi nəticəsində elə bir həddə çata bilər ki, günahdan nəinki peşmançılıq hissi keçirməz, üstəlik onu nailiyyət hesab edərək şad olar.
Belə şəxslərin qəlbi qaralıb tamamilə dəyişilir və Quran və hədislərin dili ilə “qəsavət bağlamış” (bərkimiş, daşlaşmış) hesab olunur. Şeytan onların qəlblərini özünün tam ixtiyarına keçirir; Allahın yaxın mələklərini oradan çıxarır. Nicat yolları bağlanır, artıq onun tövbə edib Allah dərgahına qayıdacağına bir ümid yoxdur.
Allah Quranda buyurur: “Nə üçün Bizim bəlamız onlara çatdığı zaman tövbə edib yalvarmırlar? Onların qəlbləri qəsavət bağlamış, şeytan onların çirkin işlərini onların nəzərində gözəl cilvələndirmişdir.” (“Ənam” surəsi, 43-cü ayə)
Başqa bir ayədə buyurulur: “Vay olsun o kəslərin halına ki, qəlbləri Allahı yad etməkdən (qafil olaraq) qəsavət bağlamışdır. Belə şəxslər aşkar azğınlıqdadırlar.” (“Zumər” surəsi, 22-ci ayə)
İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər mömin bəndənin qəlbində ağ bir nuraniyyət vardır. Əgər günaha mürtəkib olaraq onu yenidən təkrar edərsə, onda qara bir nöqtə əmələ gələcəkdir. Əgər özünün günah işlərini davam etdirərsə qara nöqtə tədricən genişlənir, qəlbin ağlığını bütünlüklə örtür. Belə olduqda həmin qəlbin sahibi heç vaxt xeyrə doğru qayıtmır. Allah-təalanın Quranda buyurduğu “əksinə, əməlləri onların bütün qəlblərini örtmüşdür” deyə buyurduğu şəxslərdən olur.” (“Biharul-ənvar”, 73-cü cild, səh. 361)
Əmirəl-möminin Əli (ə) buyurur: “İnsanın gözünün yaşı yalnız qəlbin qəsavəti nəticəsində quruyar. Qəlb də yalnız günahın çoxluğu nəticəsində qəsavət bağlayır.” (“Biharul-ənvar”, 73-cü cild, səh. 354)
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Dörd şey insanın bədbəxtçilik əlamətlərindəndir: Gözün quruması, qəlbin bərkiməsi, ruzi axtarmaq üçün həddən artıq hərislik və günahlarda davamlı olmaq.” (“Biharul-ənvar”, 73-cü cild, səh. 379)
Məhz buna görə də məsum imamlar (ə) dualarda qəlbin bərkiməsindən və qəsavətindən Allaha pənah aparmışlar. Nümunə olaraq:
İmam Səccad (ə) dua edərək deyir: “Pərvərdigara! Vəsvəsələr sayəsində daim dəyişilməkdə olan, aludəlik və möhürlənməklə yanaşı olan qəlbin bərkliyindən Sənə şikayət edirəm. Sənin qorxundan ağlamayan, onu sevindirən şeylərə göz dikən bir gözdən Sənə şikayət edirəm!.” (“Biharul-ənvar”, 94-cü cild, səh.143)
Deməli, öz qəlbinin sağlamlığını, səadətini düşünən bir şəxs hətta kiçik olsa belə, günah işlərdən ciddi şəkildə çəkinməli, öz nəfsini həmişə yaxşı işlərlə - ibadət, dua, raz-niyaz, nəvaziş, ürəyi yananlıq, mehribanlıq, başqalarına ehsan və kömək etmək, məhrumları, məzlumları müdafiə etmək, xeyirxahlıq, xeyir işlərdə həmkarlıq, ədaləti istəmək, ədalətli olmaq və s. zinətləndirməlildir. Belə ki, tədricən yaxşı işlərə adət etsin, batini nur və səfası davam edərək təkamülə çatsın ki, onun qəlbi Allahın müqərrəb mələklərinin xüsusi yerinə çevrilə bilsin.

QƏLB TƏBİBLƏRİ
Qeyd olunduğu kimi, qəlblər də bədənlər kimi sağlam və ya xəstə ola bilər. İnsanın axirət səadəti də bu məsələyə, yəni qəlbin sağlam halda dünyadan getməsinə bağlıdır.
İndi qəlbin sağlam və ya xəstəliyinin əlamətlərini öyrənməliyik ki, onun müxtəlif növ xəstəliklərə yoluxduğunu dərk edə bilək. Xəstəliyin səbəb və amillərini tanımalıyıq ki, onların qarşısını ala bilək, nəfsimizin sağlamlığına riayət etmək üçün çalışaq.
Görəsən bu barədə ehtiyacsızıqmı, yoxsa peyğəmbərlərə ehtiyacımız vardır? Şübhəsiz, bizim nəfs kimi mələkuti varlığın xüsusi yaradılışı və sirləri barəsində kifayət qədər məlumatımız yoxdur. Ümumiyyətlə özümüzün batini və nəfsani həyatımızdan xəbərsizik, buna görə də nəfsin xəstəlik amillərini tanıyıb ayırd edə bilmərik. Biz nəfs və ruhun müxtəlif növ xəstəliyi, onların müalicə edilməsi və qarşısının alınması yollarından kifayət qədər agah deyilik. Buna görə də bizi bu yolla hidayət etsinlər deyə, peyğəmbərlərin varlığına ehtiyac duyuruq. Peyğəmbərlər bəşər ruhlarının həqiqi mənada təbibləri və mütəxəssisidir. Onlar Allah tərəfindən olan köməklə nəfslərin dərdlərini və onun müalicə yollarını daha yaxşı şəkildə bilirlər. Onlar vəhy məktəbində insanşünas və ruhşünas olmuş, bu mələkuti varlığın sirlərindən tamamilə agahdırlar. Onlar həm təkamülün düzgün yolunu və insanı Allah dərgahına yaxınlaşdıran yolları, həm də onu azğınlığa salan səbəbləri yaxşı-yaxşı bilirlər. Buna görə də bu çətin yolu ötüb keçməkdə insanlara kömək edərək, onların azğınlığa düşməsinin qarşısını ala bilərlər.
Bəli, peyğəmbərlər tarix boyu insanlara layiqli köməklər edən ilahi təbiblərdir. Bu xidmətlər bədən təbiblərinin göstərdiyi xidmətlərdən qat-qat dəyərlidir. Peyğəmbərlər ruhun mələkuti cövhərini kəşf edərək insana təqdim etmiş, onların insani şəxsiyyətlərini dirçəltmişlər. İnsanları gözəl əxlaq, mənəviyyat və maariflə məhz onlar tanış etmiş, Allah dərgahına yaxınlaşma yollarını onlara öyrətmişlər. Onlar insanları Allahla və qeyb aləmi ilə tanış etmiş, ruhlarının saflaşdırılmasına, nəfslərinin pərvəriş olunmasına çalışmışlar. İnsanların arasında mövcud olan mənəviyyat, atifə, məhəbbət, gözəl əxlaq və sifətlər də məhz ilahi təbiblərin göstərdiyi ardıcıl səylərin bərəkəti ilədir. Peyğəmbərlər olmasaydı şübhəsiz insanların vəziyyəti indiki kimi olmazdı.
Doğrusu, peyğəmbərlər həqiqi təbiblər və bəşəriyyətin ən üstün həkimləridir. Buna görə də hədislərdə “təbib” ünvanı ilə qeyd olunmuşdur.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) İslam Peyğəmbəri (s.ə.v.v) barəsində buyurur: “Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm) səyyar bir təbib idi. Nəfslərin müalicə olunması üçün daim çalışırdı, o, (nəfsdə olan yaraları müalicə etmək, xəstəliklərin kökünü kəsmək üçün) məlhəmləri və cərrahiyyə əməliyyatı vasitələrini hazırlamışdı və münasib vaxtlarda onlardan istifadə edirdi. Kor qəlblərə, kar qulaqlara, lal dillərə şəfa verirdi. Öz dərmanlarını insanların qəflət və heyrət yerlərində hikmət nurundan istifadə etməyən, həqiqət və maarifləri istixrac etməyən və buna görə də ot yeyən heyvanlar və bərk daşlar kimi yaşayan insanlara sərf edirdi.” (“Nəhcül-bəlağə”)
Qurani-Kərim peyğəmbərləri qəlblərə şəfa verən şəxs kimi tanıtdıraraq buyurur: “Pərvərdigarınız tərəfindən sizə moizə və sinələrdə (qəlblərdə) olan dərdlərə şəfa (Quran) gəldi.” (“Yunus” surəsi, 57)
Yenə buyurulur: “Qurandan, möminlər üçün şəfa və rəhmət olan şeyləri nazil etdik.” (“İsra” surəsi, 82)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) Qurani-Kərim barəsində buyurur: “Quranı öyrənin, çünki o, kəlamların ən yaxşısıdır. Onun ayələrində yaxşı-yaxşı fikirləşin, çünki o, qəlblərin baharıdır (bahar yağışı kimi qəlbləri dirildir) və Quranın nurundan şəfa alın, çünki o qəlblərə şəfa verir.” (“Nəhcül-bəlağə”, 110-cu xütbə)
Başqa bir yerdə buyurur: “Bilin! Hər kəs Qurana malik olsa heç bir şeyə ehtiyacı olmaz. Hər kəs Qurandan məhrum olsa heç vaxt zəngin olmaz. Qurani-Kərim vasitəsilə öz qəlblərinizin xəstəliklərini müalicə edin və çətinliklərlə mübarizə aparmaq üçün ondan kömək diləyin. Çünki ən böyük xəstəliklərin, yəni küfr, mənəvi korluq və zəlalətin şəfası Qurandadır.” (“Nəhcül-bəlağə”, 176-cı xütbə)
Bəli, İslam Peyğəmbəri (s.ə.v.v) nəfsləri müalicə edən ən yaxşı təbibdir. O, bizim dərdlərimizi və dərmanlarımızı yaxşı-yaxşı bilirdi. Bizim daxili və ruhi xəstəliklərimizə şəfa verən ən yaxşı proqramları, yəni Quranı bizim ixtiyarımıza vermişdir. Bundan əlavə, müxtəlif nəfsani xəstəliklərin tanınması, qarşısının alınması və müalicə yollarını Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və bütün imamlar şərh etmişlər və bunlar da bizə hədis şəklində gəlib çatmışdır. Deməli, əgər öz nəfsimizin xoşbəxtlik və sağlamlığını istəyiriksə Quran və hədislərdən istifadə etməli və bununla da öz nəfsimizin sağlamlığına, ruhumuzun təmizliyinə çalışmalıyıq. Quran ayələrindən, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamların (ə) yol göstərmələrindən istifadə edərək öz nəfsimizin xəstəliklərini tanıyıb onların müalicəsinə ciddi əhəmiyyət verməliyik. Bu həyati və müqəddəratı həll edən işdə səhlənkarlıq etsək böyük ziyana, ağır xəsarətə düçar olacağıq ki, onun da nəticəsi axirətdə aşkar olacaqdır.

Kitabın adı: Nəfsin saflaşdırılması
Tərcümə edən: M.Turan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!