İFTİTAH DUASININ TƏRCÜMƏSİ

:

İlahi, Sənə həmdlə sitayişə başlayıram. Bir halda ki, Sən öz ehsanınla başqalarını doğru yolda möhkəm saxlayırsan. Əminəm ki, güzəşt və mehribanlıqda Sən bütün mehribanlardan mehribansan. Cəzalandırma məqamında bütün cəzalandıranlardan sərtsən. Böyüklükdə isə hakimlərin ən böyüyüsən.

İlahi, mənə Səni çağırmaq, Səndən istəmək icazəsi vermisən. Ey eşidən Allah, mənim həmd-sənamı eşit. Ey mehriban Allah, istəyimi yerinə yetir. Ey bağışlayan Allah, xətalarıma göz yum! İlahi, nə qədər çətinlikləri aradan qaldırdın, nə qədər qəmlərə son qoydun, nə qədər xətalara göz yumdun, nə qədər rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın. Həmd-səna Özünə yoldaş və övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, acizliyindən yardımçıya ehtiyacı olmayan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil. Bütün nemətləri müqabilində bütün təriflər Allaha məxsusdur. Həmd-səna mülk və hakimiyyətində müxalif və düşməni, əmrində qalmaqal olmayan Allaha məxsusdur. Həmd-səna yaratdıqlarında ortağı və böyüklüyündə bənzəri olmayan Allaha məxsusdur. Həmd-səna məxluqat arasında əmri aydın, tərifi aşkar, böyük şövkəti zahir, səxavətli əli açıq, (rəhmət) xəzinələri əskilməz, əta və bəxşişinin çoxluğu yalnız səxavət və böyüklüyünü artıran Allaha məxsusdur. Həqiqətən, O, izzət sahibi və çox bağışlayandır. İlahi, ehtiyacımın çoxluğuna baxmayaraq, ondan azını istəyirəm, halbuki mənim ona ehtiyacım çoxdur və Sən əzəldən bəri ondan ehtiyacsızsan. Həmin az istəyim də mənim üçün çoxdur və onun təmin edilməsi Sənə asandır. İlahi, günahımı bağışlamağın, səhvimdən keçməyin, zülmkarlığıma göz yummağın, çirkin əməlimi örtməyin, bilərək və ya bilmədən törətdiyim bir çox cinayətlər və günahlara qarşı səbirli rəftarın məni Səndən layiq olmadıqlarımı istəməyə tamahlandırdı və Sən rəhmətinlə mənə ruzi verdin, qüdrətini mənə göstərdin, razılığını mənə bildirdin ki, Səni arxayın qəlblə səsləyim, qorxub-çəkinmədən rəğbət və ünsiyyətlə Səndən diləyir və istəyimi naz-qəmzə ilə Sənə deyirəm. Hacətlərimi gec verdiyin üçün nadanlıq üzündən Sənə etiraz etdim. Həqiqətdə isə hacətlərimin təxirlə qəbul olması mənim üçün daha yaxşı idi; çünki Sən işlərin sonundan xəbərdarsan. Mən öz alçaq bəndəsinə Səndən çox səbir edən heç bir kəramətli mövla görmədim. Ey Rəbbim, Sən məni dəvət edirsən, mən isə Səndən üz çevirirəm. Sən həmişə mənim məhəbbətimi soraqlayırsan, mən isə Səninlə düşməncəsinə rəftar edirəm. Sən mehribanlıq göstərirsən, mən isə nadanlıqdan qəbul etmirəm; sanki Sənə minnətim var. Lakin nankorluq və etinasızlığım məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı, lütf və mərhəmətini mənə azaltmadı. Beləcə, bu nadan bəndənə rəhm göstər, lütf və mərhəmətinlə onu bağışla. Sən çox bağışlayan və kəramətlisən. Həmd-səna mülkün (kainatın) sahibi, aləmin gəmilərini hərəkətə gətirən, küləkləri ram edən, səhəri qaranlıqdan yarıb çıxaran, qiyamət gününün hakimi və aləmlərin Rəbbi olan Allah məxsusdur. Elmindən sonra helmi olan Allaha həmd olsun. Qüdrətindən sonra güzəşti olan Allaha həmd olsun. Qəzəb halında böyük səbri olan Allaha həmd olsun. Bir halda ki, O, istədiyi hər bir şeyə qadirdir. Həmd-səna məxluqatı yaradan, ruzi verən, səhəri qaranlıqdan yarıb çıxaran və cəlal, lütf, mərhəmət və nemət sahibi olan Allaha məxsusdur. O Allaha ki, nəzərlərdən uzaq olduğundan görünməzdir, hamıya yaxın olduğundan gizli sirlərin şahididir, böyük və ucadır. Həmd olsun o Allaha ki, Onun müqabilində döyüşə qalxan olmaz, Ona tay olan şəriki olmaz, Ona kömək edən yardımçı olmaz. O, izzəti ilə izzət sahiblərini məğlub etmiş, böyüklər əzəməti müqabilində boyun əymiş və yenilməz qüdrəti ilə istədiyi hər bir şeyə çatmışdır. Həm-səna çağırdığım zaman cavab verən, Ona asi olduğum halda hər eyib və nöqsanımı örtən, şükrünü etmədiyim halda mənə böyük nemətlər bağışlayan Allaha məxsusdur. Mənə nə qədər qiymətli nemətlər bağışlamış, məni nə qədər qorxunc bəlalardan qorumuş və mənə nə qədər xoş hadisələr göstərmişdir. Belə isə, mən də Ona həmd-səna ilə sitayiş edir və Onu hər bir eyib və nöqsandan uzaq bilərək yad edirəm. Həmd olsun o Allaha ki, pərdəsi götürülməz, dərgahının qapısı bağlanmaz, Onu çağıranı rədd etməz və Ona ümid edənlər naümid olmaz. Həmd olsun o Allaha ki, qorxanlara aman və salehlər nicat verir, zəifləri ucaldır, təkəbbürlüləri xar edir və padşahları həlak edərək, başqalarını onların yerində əyləşdirir. Həmd olsun o Allaha ki, zorakıların belini qırır, zalımları həlak edir, qaçanları tutur, zülmkarları cəzalandırır, imdad diləyənlərin imdadına çatır, möhtacların sığınacağı və möminlərin dayağıdır. Həmd olsun o Allaha ki, Onun qorxusundan göy və sakinləri ah-nalə edir, yer və əhli titrəyir, dəniz və dərinliklərində üzənlər çalxalanır. Həmd olsun o Allaha ki, bizi tövhid dininə hidayət etdi və əgər bizi hidayət etməsəydi, biz ona doğru hidayət olunmazdıq. Həmd-səna yaradan və yaranmayan, ruzi verən və ruzi verilməyən, yedirən və yedirilməyən, diriləri öldürən, ölüləri dirildən, Özü isə həmişə diri olan, xeyir və yaxşılıq Öz əlində və hər şeyə qadir olan Allaha məxsusdur. İlahi, bəndən, peyğəmbərin, əminin, seçdiyin, həbibin, varlıqlar arasından seçib bəyəndiyin, (dostun), sirrini qoruyan və risalətini çatdıran Mühəmmədə salam göndər; elə bir salam ki, bəndələrinə, peyğəmbərlərinə, elçilərinə, seçilənlərə, yaratdıqların içərisində Sənə əziz olanlara göndərdiyin salavat, bərəkət, rəhmət, mərhəmət və salamdan çox, yaxşı, gözəl, kamil, xalis, təsirli, təmiz, pak, uca və çox (böyük) olsun. İlahi, möminlərin əmri, aləmlərin Rəbbinin Peyğəmbərinin canişini, bəndən, vəlin, Peyğəmbərinin qardaşı, varlıqların üzərində höccətin, böyük nişanən və böyük xəbərin olan Əliyə salam göndər! Dünya qadınlarının xanımı, düz danışan, pak-pakizə olan Fatimeyi-Zəhraya salam göndər. Rəhmət Peyğəmbərinin iki nəvəsi, hidayət imamı və behişt gənclərinin sərvəri olan Həsən və Hüseynə salam göndər. Müsəlmanların imam və rəhbərləri Əli ibn Hüseyn, Mühəmməd ibn Əli, Cəfər ibn Mühəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Mühəmməd ibn Əli, Əli ibn Mühəmməd, Həsən ibn Əli və onun övladı hidayət edən və hidayət olunan Mehdiyə salam göndər. Onlar Sənin bəndələrinə höccətin və diyarında əmanətdarlarındır. Onlara çoxlu və daimi olaraq salam göndər. İlahi, zəmanənin sahibi həzrət Qaimə – intizarı çəkilən ədalətli imama salam göndər, onu dərgahına yaxın olan mələklərlə əhatə et, Ruhul-Qudus vasitəsilə təsdiq et, ey aləmlərin Rəbbi! İlahi, onu yer üzündə kitabına dəvətçi və dinini dirçəldən xəlifən et, necə ki, ondan əvvəlkiləri xəlifə etdin, onun üçün razı olduğun dinini onun vasitəsilə bərpa et, qorxusunu əmin-amanlığa çevir ki, Sənə ibadət etsin, heç bir şeyi Sənə şərik qoşmasın. İlahi, onu əziz et, onun zühuru ilə bizə izzət ver, ona kömək et və bizi ona yardımçı et, ona izzətli zəfər, asan uğur və iqtidar və Öz tərəfindən ona qüdrət və səltənət bağışla! İlahi, onun vasitəsilə dinini və Peyğəmbərinin sünnəsini aşkar et, belə ki, varlıqların qorxusundan heç kimə haqq və həqiqətdən bir şey gizli qalmasın. İlahi, biz elə bir əzəmətli dövlətin arzusundayıq ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın, nifaq və münafiqlər zillətə düçar olsun və həmin dövlətdə bizi itaətə dəvət edənləri öz yolunda rəhbər seçəsən, onun vasitəsi ilə dünya və axirətin böyüklüyünü bizə nəsib edəsən. İlahi, bizə tanıtdığın haqqa dözümümüzü artır et və tanımadığımızı da tanıtdır! İlahi, onun vasitəsilə pərakəndəliyimizi aradan qaldır, ayrılığımızı birləşdir, ixtilaflarımıza son qoy, azlığımızı çoxalt, onun varlığı sayəsində zillətimizi izzətə çevir, ehtiyacımızı təmin et, onun bərəkəti ilə borcumuzu əda et, yoxsulluğumuzu aradan qaldır, nöqsanımızın qarşısını al, çətinliyimizi asanlaşdır, bizi üzüağ et, əsirlərimizi əsarət zəncirindən qurtar, istəklərimizi qarşıla, (onun zühuru ilə bağlı) bizə vəd etdiyin sözü yerinə yetir, dualarımızı qəbul et, istəklərimizi ver, bizi dünya və axirət arzularımıza çatdır və bizə istəyimizdən yaxşısını əta et! Ey qapısına üz tutulanların ən yaxşısı və əta edənlərin ən səxavətlisi! Onun varlığı sayəsində bizim batini ağrılarımıza şəfa ver, ürəklərimizin hirsini söndür, bütün ixtilaflara baxmayaraq, onun bərəkəti ilə bizi haqqa hidayət et. Şübhəsiz, Sən istədiyini doğru yola hidayət edərsən. Onun zühuru ilə bizi düşmənlərinə və düşmənlərimizə qalib et, ey haqq Allah, kərəminlə dualarımızı qəbul et! İlahi, əziz peyğəmbərlə ayrılıqdan (ona və Əhli-beytinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından Sənə şikayət edirik. Belə isə, Mühəmməd və Əhli-beytinə salam göndər, Öz tərəfindən olan təcili bir zəfərlə, çətinlikləri aradan qaldırmaqla, izzətli yardımınla, aşkar etdiyin haqq səltənətlə, bizi əhatə edən geniş rəhmətinlə və bizə geyindirdiyin sağlamlıq libası ilə bizim imdadımıza yet, Sənə Öz rəhmətini and verirəm, ey rəhimlilərin ən rəhimlisi!

You must have the Adobe Flash Player installed to view this player.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!