NÜBÜVVƏT - 1

:

PEYĞƏMBƏRLİK

Bu geniş dünyada mövcud olan hər bir şey qəti ilahi qanuna tabedir. Bu qanun onları inkişafa, təkamülə və malik olduqları istedad və qabiliyyətlərin çiçəklənib özünün son dərəcəsinə çatmağa doğru sövq edir.

Hər bir çərdəyin vücuduna bir qanun hakimdir, xüsusi şəraitlər çərçivəsində onu ağaca çevirir. Nütfəyə də bir qanun hökmranlıq edir və həmin qanun sayəsində o, insana çevrilir. Kainatda mövcud olan bütün varlıqlar günəşdən tutmuş protona qədər, günəşin ətrafına fırlanan planetlərdən tutmuş nüvənin ətrafında fırlanan elektronlara qədər bütün varlıqlar müəyyən bir qanuna tabedir və özlərinin xüsusi imkanlarına uyğun olaraq təkamül yolunu ötürlər.

Elmi müşahidələrdə bu nəticəyə çatmışlar ki, dünyaya hakim olan sistemin hərtərəfli tənzimedicisi vardır ki, o, varlıqların və hadisələrin bütün yönlərini əhatə edir.

Bu hadisələrin ən mühümü insanın muxtar (ixtiyar sahibi) olmasıdır, yəni o, müəyyən hədəfi olan bir varlıqdır: belə ki, nəzərdə tutub nail olmaq istədiyi işləri görmək üçün çalışır, fəaliyyət göstərir, su çıxarmaq üçün yeri qazır, ürəyi istəyən şeyləri yeyə bilməsi üçün xörək bişirir, təbiətdəki qanunları öyrənmək üçün elmi sınaqlar keçirir.

Halbuki sırf təbii varlıqlar sadəcə olaraq əvvəlcədən təyin olunmuş (standart) bir hədəf üçün fəaliyyət göstərirlər. Onlar heç vaxt hədəflərini özləri təyin etmir və ya o hədəfin gerçəkləşməsi istiqamətində çalışmır. İnsanın ciyəri, mədəsi, əsəb sistemi və s. hər biri özünün müəyyən hədəfli fizioloji vəzifəsini avtomatik olaraq yerinə yetirir. Amma bu hədəflər onların öz təbii və xüsusi fizioloji fəaliyyətləri nəticəsində yaranmır, əksinə hədəf, hər şeyi bilən Yaradanın istədiyi hədəfdir.

İnsan hədəfli, məqsədli bir varlıqdır və onun fəaliyyətləri özünün agah olduğu müəyyən hədəflər istiqamətində yerinə yetirilir və həmin hədəflərin tələbinə uyğun olaraq iş görür, buna görə də, öz əməllərində istər-istəməz təbiətə hakim olan qəti və qaçılmaz qanunlara tabe olmamalıdır. İnsan ümumdünya cazibə qüvvəsi nəticəsində göydən müəyyən olunmuş hərəkət (trayektoriya) üzrə yerə düşən yağış damcısı deyildir. Əks-halda o, belə bir vəziyyətdə hədəfli bir varlıq olub öz daxilindən qaynaqlanan hədəfləri yerinə yetirə bilməzdi. Deməli, insanın hədəfli bir varlıq olması üçün öz işlərində hökmən azad olmalıdır ki, istəklərinə münasib olaraq fəaliyyət göstərə bilsin.

Buna əsasən, insanın işləri, əməlləri və hədəfləri arasında olan rabitə, onun ixtiyarını tənzimləyən bir qanundur. Lakin hədəf də öz növbəsində istənilmədən vücuda gəlmir. Yəni hər bir insan, istək və hədəflərini özünün şəxsi məsləhət və ehtiyacları əsasında ayırd edir. Bu ehtiyaclar da xarici aləmdə və ictimai mühitdə baş verən vəziyyət və şəraitlərə uyğun olaraq təyin olunur. Amma bu xarici şərait və vəziyyətlər birbaşa insanın hərəkəterici qüvvəsi deyil. İnsan küləyin təsirindən əsməyə, hərəkət etməyə məcbur olan ağac yarpağı kimi deyildir, çünki bu halət onun hədəfli bir varlıq olmasına xələl yetirir.

Bu xarici amillər insanı təhrik etməkdə heç bir təsirə malik deyil. Sadəcə onlar insanı, onun məsləhəti ilə əlaqədər olan işləri ayırd etmək üçün fəaliyyət göstərməyə sövq edir. Amma məsləhətlərin hamısı insanı fəaliyyətə vadar etmir, əksinə bu halət, insanın zatən öz məsləhəti hesab etdiyi işlərin nəticəsidir. Məhz buna görə insanın məsləhət və mənafeyi iki qismə bölünür: Birincisi, əksər hallarda insanın şəxsi mənafeyi üçün qısa müddət ərzində müsbət nəticə verənlər, digəri isə uzun müddətdə cəmiyyətin mənafeyini təmin edənlər. Çox hallarda fərdin şəxsi mənafeyi ilə cəmiyyətin ümumi mənafeyi bir-biri ilə təzadlı olur.

Digər tərəfdən də, əksər hallarda dəyərlər insanı təhrikə vadar edən məsləhət deyildir. Əksinə insanın hərəkəti onun şəxsi mənafeyinə qayıdan mənfəət qədər olur. Bunu da görürük ki, insanı, cəmiyyətin məsləhəti üçün hərəkətə vadar edən xarici amillərin icad edilməsinə zəmanət verilməsi, həyatın asan olması və uzun müddət davam etməsinin zəruri şərtlərindəndir. Buna görə də insan özünü bir-biri ilə zidd olan iki iş arasında görür: 1. Həyat qanunlarının tələb etdiyi ictimai normalar və cəmiyyətin mənafeyi; 2. Fərdi məqsədlərdən irəli gələn xüsusi işlər və şəxsi mənfəətlər. Bu təzadlar mütləq müəyyən yolla həll olunmalı və elə bir şərait yaradılmalıdır ki, hər bir fərdi cəmiyyətin mənafeyinə doğru sövq etsin.

Bəşər həyatını tənzimləyən və ilahi bir vəzifə olan nübüvət, cəmiyyətin, eləcə də insanın həyatındakı zaman çərçivəsindən daha böyük miqyasda olan bütün məsləhətləri əbədi fərdi məsləhətə çevirməklə bu problemi həll etmişdir. Belə ki, onu, ölümdən sonra başqa bir dünyada ilahi ədalət məhkəməsində hazır olacağından, bütün insanların orada bir yerə toplaşaraq öz əməllərinin əvəzini görəcəyindən xəbərdar etmişdir. Elə bir gündə ki:

“Hər kəs zərrə qədər yaxşı əməl görmüş olsa, onun əvəzini görəcəkdir və hər kəs zərrə qədər pis iş görmüş olsa, onun cəzasını görəcəkdir.” (“Zilzal” surəsi, ayə: 7-8)

Beləliklə də, ictimai məsləhətləri bu əbədi yol boyunda fərdi məsləhətlərə çevirmişdir.

Bu həll yolunun gerçəkləşməsi bir etiqadi məsələ və onun əsasında qururlan tərbiyəvi proqramlarla möhkəmlənib həyata keçirilir. Qiyamət gününə etiqad bəsləmək və həmin etiqad əsasında qurulan tərbiyəvi əməllər də Allah-taalanın yol göstərməsi ilə həyata keçirilir.

Amma bu hidayət və yolgöstərmə yalnız o zaman müyəssər ola bilər ki, həmin hədəflər ilahi yönə malik olsun. Çünki hələ vaxtı gəlib çatmamış bir gündə olan hesab-kitaba (qeybə) inam, ilahi-asimani vəhy, yəni nübüvvət olmadan həyata keçirilə bilməz.

Buradan da məlum olur ki, nübüvvət və məad məsələsi bu problemin həll olunmasına təminat verən vahid bir prinsip olub, insan həyatında ən ümdə təzadları aradan qaldırır, onun ixtiyarını inkişaf etdirən və onu insanın həqiqi mənafeyinin xidmətinə keçirən əsaslı və lazımi şərti gerçəkləşdirir.

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!