16-CI MÜNAZİRƏ - I hissə

:

ƏBU HÜREYRƏ VƏ ONUN UYDURDUĞU HƏDİSLƏR BARƏDƏ - 27 rəcəb, çərşənbə axşamı, 1345-ci il - ƏBU HÜREYRƏNİ ƏLEYHİNƏ OLAN XƏBƏRLƏR VƏ ONUN VƏZİYYƏTİ 
Dəvətçi: İbn Əbil Hədid Mötəzili «Şərhi-Nəhcül-bəlağə»nin Ι cildinin 358-ci səhifəsində və 4-cü cilddə, ustad və şeyx imam Əbu Cəfər İskafidən belə nəql edir:

«Müaviyə ibn Əbi Süfyan, səhabə və tabeindən bir qrupu toplayıb onlardan həzrət Əlini (ə) pisləyən, təhqiredici hədislər uydurmalarını və bunları xalqın arasında yaymalarını istədi. Onlar da bu işlə məşğul olmağa başladılar. Əbu Hüreyrə, Əmr ibn As və Muğeyrə ibn Şöbə, həzrət Əlini (ə) pisləyən hədisləri uyduran kəslərdəndilər».
Bu hadisəni 359-cu səhifəyə qədər geniş şəkildə bəyan etdikdən sonra, eyni səhifədə Əməşdan belə rəvayət edir: «Əbu Hüreyrə, Müaviyə ilə bərabər Kufə məscidsinə gəldi. Camaatın ona böyük bir diqqət göstərdiyini gördükdə ayağa qalxdı və (camaatın diqqətini bir daha özünə çəkmək üçün) iki əli ilə başına vurmağa başladı. Sonra belə dedi: «Ey İraq xalqı! Mənim Allah və Peyğəmbərinin adına yalan söyləyib cəhənnəm atəşini satın alacağımı zənn edirsiniz? Peyğəmbərdən eşitdiyim o şeyi məndən eşidin (yəni eşitdiyimi sizə nəql edirəm) Peyğəmbərin belə buyurduğunu eşitdim: «Hər Peyğəmbərin bir hərəmi vardır; mənim hərəmim də Mədinədir. Kim orada bir hadisə törədsə, Allahın, mələklərin və bütün insanların lənəti olsun ona. Allahı şahid tuturam ki, Əli Mədinədə qanlı hadisə törətdi». (O, bu sözü ilə, xalqı həzrət Əliyə lənət etməyə dəvət etdi.) Müaviyə bunu eşidikdən sonra, ona çoxlu hədiyyələr verdi və Mədinənin valisi etdi. Bunlar, onun mərdud (rədd edilmiş) olduğuna dəlil deyilmi? Müaviyənin xoşuna gəlməsi üçün, “xülafəi-raşidin”dən, hətta onların ən fəzilətlisi, ən kamili və ən şərəflisi olan biri haqqında belə danışan bir adam, bir neçə gün Rəsulullahın (s) səhabəsi oldu deyə tərifə layiqdir?».
Şeyx: «Onun məlun və mərdud olduğuna dair şiələrin əlində nə kimi dəlillər vardır?».
Dəvətçi: «Əldə bir çox dəlil vardır. Bu dəlillərdən biri budur: Kim həzrət Peyğəmbərİ (s) söyərsə, o hər iki məzhəbə (şiə və sünni) görə, məlun, mərdud və cəhənnəm əhlidir. Əvvəldə bildirdiyim kimi sizin böyük alimlərinizin də nəql etdiyi hədislərdə Rəsulullah (s) belə buyurmuşdur: «Kim Əlini söyərsə, mənə söymüşdür; kim məni söyərsə, Allaha söymüşdür». Əbu Hüreyrə, mövlamız Əmirəl-möminin həzrət Əliyə (ə) söyüş verib lənət edənlərdən biridir. O, saxta hədislər uyduraraq xalqı da, həzrət Əlini (ə) söyməyə çağırırdı!

ƏBU HÜREYRƏNİN BUSR İBN ƏRTATLA MÜSƏLMANLAR HAQQINDAKI ZÜLM VƏ QƏTLİAMLARI
Bir başqa dəlil budur: Təbəri, İbn Əsir, İbn Əbil Hədid, Əllamə Səmhudi, İbn Xəldun, İbn Xəlləkan və sairə tarixçiləriniz belə yazarlar: Müaviyə ibn Əbu Süfyan, qaniçən və zalım Busr ibn Ərtatı yəmənliləri və mövlamız Əmirəl-mömininin şiələrini qətl etməsi üçün dörd min şamlı döyüşçüylə bərabər Mədinəyə tərəf yola saldı. Onlar, Mədinə, Məkkə, Taif, Təbalə (Təhamə bölgəsində bir şəhər), Nəcran, Ərhəb qəbiləsi (Həmdan qəbilələrindən biri), Səna və Hazrə movtda ağlagəlməz qətliamlar etdilər. Bəni-Haşim və Əmirəl-mömininin şiələrini qoca-cavan bilmədən qılıncdan keçirtdilər. Hətta Peyğəmbəri-əkrəmin (s) əmisi Abbasın oğlu və Yəmən valisi Ubeydullahın uşaqlarına belə rəhm etməyib başlarını kəsdilər. O məlunun əmri ilə öldürülənlərin sayının 30 min olduğunu yazmışlar!
Əməvi və onların ardıcıllarının bu əməlləri insanı çox heyrətləndirir. Çünki onlar belə şeyləri ardıcıl olaraq törədirdilər. İnsanı təəccübləndirən şey, sizin başınızın üzərində tutduğunuz Əbu Hüreyrənin də, Busr ibn Ərtatla birlikdə bu səfərə çıxıb onun faciəli qətliamlarını görməsi və orada iştirak etməsidir.
Xüsusilə, Cabir ibn Abdullah Ənsari, Əbu Əyyub Ənsari və digər bir çox səhabələrin olduğu Mədineyi-münəvvərənin müdafiəsiz və günahsız xalqına edilən zülmləri öz gözləri ilə görürdü. Səhabələr qorxularından ya Mədinədən qaçmış və ya evlərdə gizlənmişlər. Əbu Əyyub Ənsari kimi Rəsulullahın (s) xas səhabələrinin evləri yandırıldı. Əbu Hüreyrə, bütün bunları gördüyü halda səsini çıxarmadığı kimi, yeri gəldiyində bu zalımlara yardımçı da olurdu.
O, vəziyyətdən xəbərdar ikən, mədinəliləri qorxudub bu cür zülmlər edən bir orduya necə qatıla bilər? Ayrıca, saxta hədislər uyduraraq Rəsulullahın (s) vəsisi, haqq xəlifəsi və pak Əhli-beytinə qarşı çıxaraq insanları belə bir şəxsi söyməyə təşviq edir ki, onu söyməyi Peyğəmbər (s) özünə söymək sayır. İnsafla söyləyin, Rəsulallahın (s) adına yalan hədis uyduran belə bir kəsi Allah və Rəsulu rədd etməzmi?».
Şeyx: «Rəsulullahın (s) ən etibarlı səhabəsinə dinsiz və hədis uyduran deyərək haqsızlıq edirsiz».

ƏBU HÜREYRƏNİN MƏRDUDLUĞU VƏ ÖMƏRİN ONU ŞALLAQLAMASI
Dəvətçi: «Əgər bir haqqsızlıq olduğunu düşünürsünüzsə, məlumunuz olsun ki, ilk dəfə Əbu Hüreyrəyə Allahın düşməni deyən ΙΙ xəlifə Ömər ibn Xəttabdır. İbn Əsir kimi tarixçilər hicri-qəməri 23-cü ilin hadisələrində, İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə»nin (Misir nəşri) ΙΙΙ cild 104-cü səhifəsində və daha başqaları belə nəql edirlər:
Hicri-qəməri 21-ci ildə xəlifə Ömər Əbu Hüreyrəni Bəhreynə vali təyin etdi. Ona Əbu Hüreyrənin orada özünə mal toplayıb bir sürü at aldığı xəbərini verdilər. Bu xəbəri alan xəlifə Ömər onu hicri 23-cü ildə vəzifəindən azad edib geri çağırdı. O xəlifənin yanına gəldikdə xəlifə ona: «Ey Allahın və Allahın kitabının düşməni, Allahın malınımı çapıb-talayırsan?» – deyə qəzəbləndi. O da; «Əsla oğurluq etmədim, onlar xalqın mənə verdiyi hədiyyələrdi» – deyə cavab verdi.
İbn Məsud «Təbəqat»ın ΙV cildinin 90-cı səhifəsində, İbn Həcər Əsqəlani «İsabə»də və İbn Əbdürəbbih «İqdul-Fərid»in Ι cildində belə yazırlar:
Xəlifə Əbu Hüreyrəyə; «Ey Allahın düşməni! Səni Bəhreynə vali göndərdiyimdə ayağında ayaqqabın belə yox idi; indi cins atlar alıb, 600 dinarlıq mal topladığını eşitdim. Bunları haradan aldın?» – deyə soruşdu. O da cavabında «Bunlar xalqın mənə verdiyi hədiyyələriydi. Onları dövriyəyə buraxdım, əlimdəkilər onlardan əldə etdiyim mənfəətlərdir» – dedi. Ömər yerindən qalxıb onu o qədər şallaqladı ki, kürəyindən qan axmağa başladı. Sonra, Bəhreyndə mənimsədiklərindən 10 min dinar alıb beytul-mala vermələrini əmr etdi. Ömər, sadəcə öz xəlifəliyi zamanında deyil, Rəsulullahın zamanında da Əbu Hüreyrəni yerə yıxılana qədər döymüşdü.
Bu hadisəni Müslim «Səhih»in Ι cildinin, 34-cü səhifəsində nəql etmişdir. İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə»nin 1-ci cild, 360-cı səhifəsinin əvvəlində belə yazır: «Əbu Cəfər İskafi (mötəzli şeyxi) deyir ki, şeyxlərimiz Əbu Hüreyrəni (əqli tərəfdən) nöqsanlı bilib onun hədislərini qəbul etmirlər. Ömər onu qamçılayaraq dedi ki; «Hədis nəql etməkdə çox irəli getdin. Zatən sənə Peyğəmbərin adına yalan uydurmaq yaraşır!»
Sözü çox uzatmaq istəmirəm. Əbu Hüreyrəni yalnız biz rədd etmədik. Xəlifə Ömər, mövlamız Əmirəl-möminin, Ümmul-möminin Ayişə, səhabə və tabein də onu rədd etmişdir. Mötəzilənin şeyx və alimləri və hənəfilərin ümumisi, Əbu Hüreyrənin hədislərini qəbul etmirlər. Sənədi Əbu Hüreyrəyə çatan hədisləri batil bilirlər. Nəvəvi, «Səhihi-Müslim»in şərhində, xüsusilə ΙV cilddə bu mövzunu geniş şəkildə açıqlayır. Böyük məzhəbinizin rəhbəri imam Əzəm Əbu Hənifə belə deyir: «Rəsulullahın səhabələri ümumilikdə etibarlı və adil idilər. Mən onların hamısındən sənədi kimə çatırsa çatsın hədis qəbul edirəm. Amma sənədləri Əbu Hüreyrəyə, Ənəs ibn Malikə və Səmurət ibn Cundəbə çatan hədisləri qəbul etmirəm».
Belə isə, səhabədən olan Əbu Hüreyrəni tənqid etdiyimiz üçün bizə etiraz etməyin. Biz o Əbu Hüreyrəni tənqid edirik ki, ΙΙ xəlifə Ömər onu şallaqlamış, beytul-mal oğrusu və yalançı olduğunu elan etmişdir.
Biz o Əbu Hüreyrəni tənqid edirik ki, acgöz və boşboğazdır. Əmirəl-möminin həzrət Əlinin (ə) ən fəzilətli olmasını bilməsinə baxmayaraq, onu buraxıb məlun Müaviyənin yağlı süfrəsini seçdi. Saxta hədislər uyduraraq Müaviyənin, sizin də Xuləfai-raşidindən biri olduğunu qəbul etdiyiniz müttəqilərin imamı və müsəlmanların xəlifəsinə (həzrət Əliyə) söyüş və lənət oxunmasına yardımçı oldu.
Bu qədər yetər, bundan çox məclisin vaxtını almaq istəmirəm. Mövzunu bir az çox uzatdığım üçün də üzür istəyirəm. «Haqsızlık edirsən» dediyiniz üçün, yalnız biz deyil, xəlifələr, səhabələr və böyük alimlərinizin də onu rədd etdiyini isbat etmək istədim. Dünya malı və məqamına yetişmək üçün, Rəsulullahın (s) adına saxta hədis uyduran və onları səhih hədislərlə qarışdıran belə saxtakarların hədisinə etibar edilməz. Bu səbəbdən Rəsulullah (s) belə buyurmuşdur: «Məndən sizə bir hədis nəql etdiklərində, onu Allahın kitabı ilə müqayisə edin».
«İndiyə qədər söylədiklərimizi nəzərə alaraq siz və biz, Rəsuli-əkrəmdən (s) nəql edilən hər hədisi, Quranla müqayisə etmək məcburiyyətindəyik. Qurana uyğunsa qəbul edərik, əks təqdirdə, rədd edilməlidir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!