16-CI MÜNAZİRƏ - II hissə

:

«MƏN ƏBU BƏKRDƏN RAZIYAM, GÖRƏSƏN, O DA MƏNDƏN RAZIDIRMI?» HƏDİSİNİN UYDURMA OLDUĞUNUN İSBATI 
Nəql etdiyiniz bu hədisi (hər nə qədər bir tərəfli olsa da) Quranla müqayisə etmək məcburiyyətindəyik. Əgər hər hansı bir mane olmazsa, qəbul edəcəyik.

Bəziləri bu hədisə belə cavab vermişlər: «Qaf» surəsinin 16-cı ayəsində Allah-taala belə buyurur: «And olsun ki, insanı biz yaratdıq və nəfsinin ona nə kimi vəsvəsə etdiyini bilirik və biz ona şah damarından daha yaxınıq».
Şah damarı deyilən termin məşhur bir termindir. Bu misal yaxınlığın həddini, yəni nə dərəcə yaxın olduğunu bildirir.
Ayə bu həqiqəti belə açıqlayır: Allah-taalanın insanlara olan elmi elə bir şəkildədir ki, insanın içində və qəlbində olan heç bir şey Ona gizli deyildir. Allah-taala, insanın içindən keçən hər şeyi bilir.
Allah-taala «Yunis» surəsinin 61-ci ayəsində belə buyurur: «[Ya Peyğəmbər!] Sən heç bir işdə olmazsan və onun tərəfindən [nazil olmuş] Qurandan [bir ayə] oxumazsan və heç bir əməl etməzsiniz ki, siz ona başladıqda biz şahidiniz olmayaq. Yerdə və göydə zərrə qədər heç bir şey sənin Rəbibndən gizli qalmaz. Ondan daha kiçik və daha böyük heç bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın».
Bu ayələrin hökmünə və əqli dəlillərə görə heç bir hərəkət, iş və söz, Allaha gizli deyildir. aləmlərin Rəbbi, hüzuri elmi ilə bəndələrinin bütün iş, əməl və sözlərini bilir. Belə isə söylədiyiniz bu hədisi, yuxarıdakı iki ayə və Qurandakı digər ayələrə görə nəcə izah edə bilərsiz? Deyə bilərikmi, Əbu Bəkrin razı olub-olmadığını Allah bilmirdi, bunu bilmək üçün Allah-taala, Əbu Bəkrdən soruşmaq məcburiyyətində qaldı? Üstəlik, deyim ki, Allah-taalanın rizası, insanların rizasıyla bağlıdır. Qul, riza məqamına yetişmədiyi müddətdə, Allah-taala ondan razı olmaz. Yaxşı, necə olur ki, Allah-taala Əbu Bəkrdən razı olduğunu söylədiyi halda, Əbu Bəkrin riza məqamına yetişdiyini və ondan razı olub-olmadığını bilmir?!».

ƏBU BƏKR VƏ ÖMƏRİN FƏZİLƏTLƏRİ HAQQINDAKI HƏDİSLƏR VƏ ONLARIN RƏDD EDİLMƏSİ
Şeyx: «Rəsulullahın (s) belə buyurduqlarına artıq bir şübhə yoxdur:
«Allah-taala xalqın hamısına ümumi olaraq, amma Əbu Bəkrə məxsus olaraq təcəlli edər».
«Allah-taala mənim köksümə daxil etdiyi hər şeyi, Əbu Bəkrin də köksünə daxil etmişdir».
«Mən və Əbu Bəkr iki yarış at kimiyik».
«Göy üzünün birinci qatında olan 80 min mələk, Əbu Bəkr ilə Öməri sevənlər üçün istiğfar edərlər və ikinci qatında 80 min mələk də Əbu Bəkr və Ömərin düşmənlərinə lənət edərlər».
«Əbu Bəkr və Ömər əvvəlkilərin və sonrakıların ən xeyirlisidirlər».
Ömər və Əbu Bəkrin məqamlarının əzəməti bu hədisdən daha yaxşı anlaşılmaqdadır: «Allah məni öz nurundan, Əbu Bəkri mənim nurumdan, Öməri Əbu Bəkrin nurundan və ümmətimi də Ömərin nurundan yaratmışdır. Ömər cənnət əhlinin çırağıdır».
Xəlifələrin məqamı mövzusunda bizim mötəbər kitablarımızda mövcud olan bir çox hədis vardır. Həqiqətlərin ortaya çıxması üçün onlardan yalnız bir neçə misal olaraq sizə bildirdim.
Dəvətçi: «Söylədiyiniz bu hədislərin özü, bilavasitə Rəsulullahın (s) mübarək dili ilə deyilmədiyini göstərir. Rəsulullah (s) heç bir vaxt bu növ sözləri söyləməzdi. Çünki birinci hədis Allahın cisim olduğunu göstərir. Bu da küfr deməkdir. Allahın cisim olduğuna inanmaq insanı küfrə salar. İkinci hədis isə Əbu Bəkrin Rəsulullaha (s) nazil olan hər şeyə ortaq olduğunu söyləyir ki, belə bir şey də imkansızdır. Üçüncü hədis də Rəsulullahın (s) Əbu Bəkrdən heç bir üstünlüyü olmadığını göstərir. Son iki hədis isə hər iki tərəfin (sünni və şiə) qəbul etdiyi «Mühəmməd və Ali-Mühəmməd aləmlərin ən xeyirlisidir» – hədisləri ilə (bu mövzuda daha bir çox hədis nəql edilmişdir) ziddiyyət təşkil edir. Son hədis isə, Qurani-kərimdəki «İnsan» (Dəhr) surəsinin 13-cü ayəsi «Orada taxtlara söykənəcəklər. Nə günəş [istisi] görəcəklər və nə də soyuq» ilə ziddiyyətlidir. Cənnətdə günəş və ay yoxdur. Orada mövcud olan daş, ağac, divar, qapı qısaca desək hər şey nurludur. Bu dünyada aydınlığa çıxmaq üçün işığa ehtiyac vardır; Cənnətdə yox.
Bu zahiri tənqidlərdən əlavə, sizin rical və hədis alimləriniz məsələn: Müqəddəsi «Təzkirətul-məvzuat»da, Firuzabadi əş-Şafei «Səfərus-səadət» kitabında, Həsən ibn Kəsir əz-Zəhəbi «Mizanul-itidal»da, Əbu Bəkr Əhməd ibn Əli Xətib Bağdadi öz yazdığı tarix kitabında, Əbul Fərəc ibn Cuzi «Məvzuat» kitabında, Cəlaləddin Süyuti «Əl-ləalil-məsnua fil-əhadisil-məvzua» adlı kitabında bu hədislərin uydurma olduğuna dair hökm vermişlər. Bu hədislərin hər biri haqqında belə demişlər: Ravi və sənəd baxımından bu hədislər məvzu və saxta hədislərdəndir. Çünki bunları nəql edənlərin içərisində yalançı və hədis uyduran kəsələr vardır. Beləcə bu hədislərin, həm əqlən, həm də Quran ayələrinə görə batilliyi aydındır».
Şeyx: «Yaxşı bəs Rəsulallahın (s) buyurduğu bu hədisə nə deyirsiniz: «Əbu Bəkr və Ömər Cənnət qocalarının ağalarıdır».
Dəvətçi: «Bu hədis haqqında da bir az düşünməli olsaq, sizin dirayə və rical alimlərinizin bu hədisi uydurma hədislərdən olduğunu bilmələrinin, Rəsulullahın (s) belə bir söz buyurmasının imkansız olduğu hədisin özündən anlaşılmaqdadır. Çünki hər kəs, qoca bir insanın Cənnətdə olamayacağını bilir. Cənnətdə, dünyada olduğu kimi insanın cismani həyat mərhələsi olmadığına görə insanın kamala yetişə bilməsi üçün gənclikdən yaşlılığa doğru irəliləmə deyə bir şey mövcud olmayacaqdır. Bizim sözümüzü əsaslandıran bir çox hədis vardır. Bunlar sizin və bizim hədis kitablarımızda mövcuddur. Məsələn, bir gün «Əşcəi» qəbiləsindən olan yaşlı bir qadın Rəsulullahın (s) hüzuruna gəldikdə, Rəsulullah (s) söhbət əsnasında ona belə buyurdu: «Yaşlılar Cənnətə girməyəcəkdir». O qadın kədərlənərək; «Ya Rəsulullah! Onda mən Cənnətə girəməyəcəyəm» – deyib Həzrətin hüzurundan ayrıldı. RəsulUllah (s) da onun arxasıca bu xəbəri göndərdi: «Ona söyləyin ki, o gün kimsə yaşlı olmayacaqdır. Çünki bütün yaşlılar gənc olaraq Cənnətə girəcəklər».
Ardınca bu ayəni oxudu: «Şübhəsiz ki, biz huri qadınları da gözəl bir biçimdə yaratdıq. Onları bakirə qızlar olaraq xəlq etdik. Ərlərini sevəni və həmyaşıd» («Vaqiə» surəsi, ayə 35-37.).
Yenə sizin və bizim hədis kitablarımızda Rəsulullahın (s) belə buyurduğu nəql edilmişdir: «Cənnət əhli, üzündə tük bitməmiş, qıvrım saçlı və gözlərinə sürmə çəkilmiş bir halda 33 yaşlarında Cənnətə daxil olarlar».
Şeyx: «Sözləriniz öz yerində doğrudur, amma bu hədis cənnət əhli üçün müxəssisdir (xüsusiləşdirir)».
Dəvətçi: «Sizin sözünü yaxşı anlaya bilmədim. Bu hədis nəyin müxəssisidir (nəyi təxsis etməkdədir). Yəni Allah sırf Əbu Bəkr və Ömər yaşlıların ağası olsunlar deyəmi bir qrup insanları yaşlı olaraq Cənnətə gətirəcəkdir?! Əgər Əbu Bəkr və Ömər Cənnətə düşməli olsalar, Allah-taala onları da gənc olaraq Cənnətə daxil edə bilər. Yoxsa, sadəcə onlar ağa olsunlar deyə Allah (c.c) bir qrup insanları yaşlı olaraq Cənnətə gətirməz.
Üstəlik, sizin alimləriniz bu hədisi uydurma hədislərdən saymışlar. Rəsulullahın (s) bizim işimizi asanlaşdırmaq üçün təməl bir qanun qoyduğunu da bilirsiniz. Bu qanun, «Qurana uyğun olmayan bir hədisin qəbul edilmədiyi qanunudur». Bizim rical və hədis alimlərimiz də, Rəsulullahdan (s) ya da məsum imamlardan (ə) gələn bir hədisi bizim öz qaynaqlarımızda gördüklərində, Rəsulullahın (s) bu təməl qanunını ölçü tutaraq Qurana uyğun olmayan hədisləri qəbul etmirlər.
Bir az əvvəl böyük alimlərinizdən bir çoxunun uydurma hədislər haqqında bir çox kitablar yazdıqlarını ərz etdim. Şeyx Məcduddin Məhəmməd ibn Yəqubi Firuzabadi «Səfərus-səadət»in 142-ci səhifəsində, Cəlaləddin Süyuti «Əl-ləali» kitabında və Şeyx Məhəmməd ibn Dərviş (Huti Beyruti deyə məşhurdur) «Əsnəl-mətalib» adlı kitabının 183-cü səhifəsində belə yazırlar: «Əbu Bəkr və Ömər cənnət yaşlılarının ağalarıdır» – hədisinin ravilərindən biri Yəhya ibn Ənbəsədir.
Zəhəbi belə deyir: «Yəhya zəif ravilərdən biridir. İbn Can Dəccal da: «O özündən hədis uydurmuş» demişdir. Demək ki, bizimlə bərabər, sizin tədqiqatçı alimləriniz də bu hədisi qəbul etmirlər. Həqiqətən də böyük bir ehtimala Bəkriyyun, ya da Bəni-Üməyyə, Rəsulullahın (s) Əhli-beytini zəif etmək üçün həm sünnilərin, həm də şiələrin qəbul etdiyi Əhli-beytin əzəmət və fəzilətini isbat edən hər bir səhih hədisin qarşısında başqa bir hədis uydurmuşlar. Əbu Hüreyrə kimiləri də fasid Bəni-Üməyyə xəlifələrinə yaltaqlıq etmək üçün bu işə daima əl-ayaq olmuşlar. Çünki onların Ali-Mühəmmədə qarşı böyük bir kin və nifrətləri var idi».
Nəvvab: «Şiə və sünnilərin (Əhli-beytin fəzilətinə aid) qəbul etdikləri hansı səhih və sabit hədis qarşısında başqa bir hədis uydurmuşlar?».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!