19-CU MÜNAZİRƏ - II hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) İSLAMDAKI QABAQCILLIĞI
Daha sonra Maliki eyni bölümdə imam Sələbidən nəql edərək, «Tövbə» surəsinin 100-ci ayəsinin «(Mühacirdən və ənsardan (İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayana)» təfsirinə aid bunları yazır: «İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Zeyd ibn Ərqəm, Məhəmməd ibn Münkədir və Rəbiə Mərai belə deyirlər: «Xədicədən sonra Rəsulullaha ilk iman gətirən Əlidir».

Sonra sözünə belə davam edir: «Həzrət Əli bu mənaya toxunaraq, alim və mühəddislərdən nəql edilən şeirində belə buyurmuşdur:

Mühəmməd peyğəmbər qardaşım və əmim oğludur.
Həmzə - Seyyidüş-şühəda mənim əmimdir.
Rəsulullahın qızı Fatimə həyat yoldaşım.
Peyğəmbərin Fatimədən olan iki nəvəsi uşaqlarımdır.
Hansınızın mənim kimi qisməti vardır?!
Hamınızdan əvvəl uşaqikən iman gətirdim,
O zaman hələ buluğ çağına yetişməmişdim.
Rəsulullah Qədir-Xum günü
Mənim üçün öz vilayətini sizə vacib etdi.
Yazıqlar olsun! Yazıqlar olsun! Yazıqlar olsun!
Mənə zülm edərək sabah Allahın hüzuruna çıxacaq kimsəyə.

Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul» kitabının 11-ci səhifəsinin 1-ci fəslinin daxilindəki 1-ci babında və digər böyük mühəddis və tarixçiləriniz belə nəql etmişlər: «Həzrət Əli (ə) bu şeiri Müaviyəyə cavab olaraq yazmışdır. Belə ki, Müaviyə həzrət Əliyə yazdığı bir məktubda babasının cahiliyyət dövründə qəbilə başçısı olmasına görə qürrələnmiş və özünü də möminlərin dayısı, vəhy katibi və fəzilət sahibi kimi tanıtmışdı.
Həzrət Əli (ə) məktubu oxuduqdan sonra belə buyur. «Seyyidüş-şühəda Həmzənin ciyərini yeyənin oğlu mənə qarşı fəzilətlərlə öyünür?!». (Müaviyənin anası Hind Ühüd döyüşündə Seyyidüş-şühəda Həmzənin ciyərini onun üçün gətiriləndə onu ağzında çeynəmişdi)
Daha sonra zikr edilən şeiri oxuyaraq, bu şeirdə Qədir-Xum hadisəsini dilə gətirdi. Beləcə, özünün imam, xəlifə və müsəlmanların işlərində təsərrüf səlahiyyətinə sahib olduğunu bildirərək, Rəsulullahdan (s) sonra xilafətə daha layiq olduğunu isbat etdi. Müaviyənin imam Əliyə (ə) qarşı dərin düşmənçiliyinə baxmayaraq, onun (ə) bu üstünlüklərini inkar edə bilmədi».
Yənə Hakim Əbülqasim Həskani (ən tanınan və etibarlı alimlərinizdəndir) zikr edilən ayənin açıqlamasında Əbdürrəhman ibn Ovfdan belə nəql edir: «Qüreyşdən on nəfər iman gətirdi və onların birincisi Əli ibn Əbu Talib idi».
Böyük alimlərinizdən Əhməd ibn Hənbəl «Müsnəd»də, Xətib Xarəzmi «Mənaqib»də və Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə» kitabının 12-ci babında Ənəs ibn Malikdən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Mələklər mənə və Əliyə yeddi il salavat göndərdilər. Bu müddət ərzində şəhadət kəlməsi (La ilahə İlləllah) mən və Əlidən başqa heç kimin dilinə gəlmədi. Bu kəlməni yalnız biz ucaltdıq göylərə».
İbn Əbil Hədid Mötəzili «Nəhcül-bəlağənin şərhi» kitabının 375-dən 378-ci səhifəsinə qədər sizin öz ravi və alimlərinizdən həzrət Əlinin (ə) hər kəsdən daha əvvəl iman gətirməsinə dair bir çox hədis nəql etmişdir. O, son olaraq bütün hədis və ixtilaflı nəzərlərlə əlaqəli belə deyir: «İndiyə qədər zikr etdiklərimizin hamısı ilk iman gətirənin həzrət Əli olduğunu göstərir. Bu mövzuda müxalif nəzərlər çox azdır; az olduğuna görə də etibarsızdır».
«Səhih kitablarının» sahiblərindən imam Əbu Əbdürrəhman «Xəsaisul-Ələvi» adlı əsərinin girişində bu mövzuda altı hədis gətirərək, həzrət Rəsulullaha ilk iman gətirən və onunla ilk namaz qılan şəxsin həzrət Əli olduğunu təsdiq etmişdir.
Hətta mütəəssib İbn Həcər Məkki «Səvaiq» kitabının 2-ci fəslində eyni mənada bir hədis nəql etmişdir. Süleyman Bəlxi «Yənabiül-məvəddə» kitabında bu hədislərdən bəzilərini ondan nəql etmişdir. «Yənabiül-məvəddə»nin 12-ci  babının sonunda «Mənaqib»dən öz sənədliylə Əbu Zübeyr Məkkidən, o da Cabir ibn Abdullah Ənsaridən çox bərəkətli bir hədis nəql etmişdir. Ağaların icazəsiylə, höccəti tamamlamaq üçün bu hədisi oxuyuram: «Rəsulullah (s) buyurdu: «Allah təbarək və taala məni xalqın içindən seçdi. Elçi etdi və mənə kitabların ən yaxşısını nazil etdi. Ərz etdim: «Allahım! Sən Musanı Firona göndərdin. O, Səndən qardaşı Harunu özünə vəzir etməsini, Harunla onu gücləndirməyini və onunla sözünü doğrulamağını istədi. Ey Allahım və seyyidim! İndi mən də Səndən istəyirəm ki, mənə də öz ailəmdən (yaxınımdan) vəzir edəsən, onunla arxamı gücləndirəsən. Elə isə Əlini mənə vəzir və qardaş et. Onun qəlbinə cəsarət ver, düşməninə qarşı heybətli et. (Allahım!) O, mənə ilk iman gətirən və məni təsdiq edəndir; mənimlə Sənin vəhdaniyyətini iqrar edən ilk şəxsdir.
Şübhəsiz, mən bunu Rəbbimdən istədim və O da mənə əta etdi (yəni Əlini mənim vəzirim və qardaşım etdi). Elə isə Əli vəsilərin ağasıdır; Ona qoşulmaq səadətdir; itaətində ölmək şəhadətdir; adı Tövratda mənim adımla birlikdədir; zövcəsi Siddiqeyi-Kübra qızımdır; Cənnət gənclərinin ağaları olan iki oğlu övladlarımdır; O, iki oğlu - Həsən və Hüseyn onlardan sonra gələcək olan imamlar peyğəmbərlərdən sonra Allahın insanlara höccətidirlər; onlar ümmətim içində elm qapısıdır; onlara tabe olan Cəhənnəmdən qurtulmuşdur; onlara tabe olan sirati-müstəqimə (doğru yola) hidayət olmuş. Allah-taala onların sevgisini kimə əta etmişsə, onu Cənnətə aparar».
Ey bəsirət sahibləri! İbrət alın!
Əgər şiə qaynaqlarına söykənmədən təkcə sizin öz böyük alimlərinizin nəql etdikləri hədisləri zikr etsəm, sabaha qədər qurtarmaz. Lakin bu qədər kifayətdir.
İndiyə qədər ərz etdiklərimlə bunu anlatmaq istədim: Ağalar bilsinlər ki, həzrət Əli (ə) Rəsulullah (s) ilə ilk gündən daima birlikdə olan bir şəxsdir. Elə isə o uca şəxsiyyətli insanı «Vəlləzinə məəhu...» (Onunla birlikdə olan...) ayəsinin əhatəsində bilməyimiz bir neçə gecə “mağara” səfərində olandan daha üstün və həqiqətə daha uyğundur.

HƏZRƏT ƏLİ(ə)NİN UŞAQ OLDUĞUNA GÖRƏ İMANINI ZƏİF BİLMƏK VƏ BELƏ BİR DÜŞÜNCƏNİN CAVABI
Hafiz: «Əlinin (ə) hər kəsdən əvvəl iman gətirdiyi mövzusu qətidir və heç kim buna şübhə etməmişdir. Amma diqqət edilməsi lazım olan nöqtə budur ki, həzrət Əlinin ilk iman gətirməsi digər səhabələrdən üstün olmasına dəlil ola bilməz! Əbu Bəkr, Ömər, Osman kimi böyük xəlifələrin Əlidən bir müddət sonra iman gətirdikləri doğrudur. Amma onların imanı Əlinin imanından fərqlidir; onların imanı Əlinin imanından daha üstün və daha fəzilətlidir. Əli həddi-büluğa çatmamış bir uşaq idi. Onlar isə yaşlı və kamil ağıl sahibləri idilər. Aydındır ki, ağlı kamil, yaşlı və dünya görmüş bir insanın imanı, uşaq və hələ həddi-büluğa çatmayan kimsənin imanından daha fəzilətli və daha üstündür. Əlinin imanı təqlidi (kor-koranə) bir iman idi. Amma onların imanı təhqiqi (araşdırılaraq əldə edilən) imandır. Təhqiqi iman təqlidi imandan daha üstündür! Çünki 12 və ya 13 yaşındakı bir uşaq yalnız təqlid yolu ilə iman gətirər. Əli də təklif çağına yetişməmiş bir uşaq idi. O, təqlid üzündən iman gətirmişdi».
Dəvətçi: «Sizin kimi böyük şəxsin bu tərzdə danışması heyrətedicidir. Doğrusu, sözlərinizə çox təəccübləndim. Bilmirəm, inad edirsiniz deyim, yoxsa yox? Amma sizin kimi bir alimə belə bir şeyi yaraşdırmağa qəlbim razı olmur. Ancaq belə deyə bilərəm: deyəsən, keçmişlərinizə uyaraq, düşünmədən və diqqət etmədən danışırsınız. Yəni əməvilərin təhriki ilə, xəvaric və nasibilərə təqlid edərək danışırsınız. Bu mövzuda şəxsi araşdırmanız yoxdur!
Sizdən soruşuram: Həzrət Əlinin (ə) uşaq ikən iman gətirməsi, öz meyli və iradəsi ilə idi, yoxsa Rəsulullahın (s) dəvəti ilə?».
Hafiz: «Əvvəlcə bunu deyim ki, nə üçün danışıq tərzinə və verilən suallara görə kədərlənirsiniz? Şübhələrin insanın qəlbində qalıb onu narahat etməyindənsə, həqiqətlərin ortaya çıxması üçün mübahisə daha yaxşıdır.
İkincisi; sualınızın cavabı aydındır. Əli (ə) öz meyl və iradəsi ilə deyil, Rəsulullahın (s) dəvəti ilə iman gətirmişdir!».
Dəvətçi: «Rəsulullah (s) həzrət Əlini (ə) İslama dəvət edərkən həddi-büluğa çatmayan uşağın yetkinlik çağına çatmamış ona hər hansı bir təklifin (dini vəzifənin yerinə yetirilməsi) vacib olmadığını bilirdi, yoxsa bilmirdi? Əgər «bilmirdi» desəniz, o həzrətə cəhalət nisbəti vermiş olarsınız. Əgər «bilməsinə baxmayaraq, yenə də dəvət etdi» demiş olsanız, o zaman Rəsulullah əbəs, yersiz bir iş etmiş olar. Bu da aydındır ki, boş və əbəs şeyləri nisbət vermək küfrdür!
Peyğəmbərlər boş və əbəs işlərdən pakdırlar! Xüsusilə də, Xatəmül-ənbiya. Çünki Allah-taala Quranda – «Nəcm» surəsinin 3 və 4-cü ayələrində buyurur: «O, həva-həvəs üzündən danışmır. Bu, ancaq nazil olan bir vəhydir».

HƏZRƏT ƏLİ(ə)NİN KİÇİK YAŞDA İMAN GƏTİRMƏSİ, O HƏZRƏTİN ÇOX AĞILLI VƏ FƏZİLƏTLİ OLMASINDAN İRƏLİ GƏLMİŞDİR
Demək, Rəsulullah (s) həzrət Əlini (ə) dəvətə layiq gördüyü üçün dəvət etmişdir. Çünki o həzrət əbəs və boş bir iş etməz. Üstəlik, yaşın kiçik olması ağlın kamil olmaması demək deyil. Həddi-büluğa çatma təklifin vacib olmasına dəlil deyildir. Büluğa əqli şeylərdə deyil, ancaq şəri hökmlərdə riayət edilir. Bu səbəbdən iman şəri təkliflərdən deyil, əqli şeylərdəndir.
İmam Əlinin kiçik yaşda iman gətirməsi onun fəzilətli və üstün olmasındandır. Bu səbəbdən Allah-taala «Məryəm» surəsinin 30-cu ayəsində həzrət İsa ibn Məryəmin (ə) dünyaya gəldikdə belə dediyini bildirir: «Şübhəsiz, mən Allahın quluyam. Allah mənə Kitab «İncil» verdi və məni peyğəmbər etdi».
Yenə həzrət Yəhya (ə) haqqında eyni surənin 12-ci ayəsində belə buyurur: «Daha uşaq ikən Biz ona hikmət verdik».
Hicri-qəməri təqvimi ilə II əsrin ortalarında yaşayan məşhur şair Seyid İsmail Himyəri (vəfat tarixi: h.q. 179) həzrət Əlinin mədhinə yazdığı şerində bu mövzuya toxunmuşdur:

Yəhyaya uşaqlıqda peyğəmbərlik məqamı verildiyi kimi,
Rəsulullahın (s) vəsisi və uşaqlarının atası olan Əliyə də
Uşaq ikən vilayət və hidayət məqamı verildi...

Allah-taala bir nəfərə məqam verirsə, bunun üçün o şəxsin həddi-büluğa çatması əhəmiyyət daşımaz; sadəcə ağlının yetişməsi və o məqama layiq olması yetərlidir!
Gizli və aşkar hər şeyi bilən yalnız Allahdır: Onun üçün İsa (ə) və Yəhyanı (ə) kiçik yaşlarında peyğəmbərliyə, Əlini (ə) isə 12 və ya 13 yaşında vilayət və xilafət məqamına seçməsi çox da təəccüblü bir şey deyildir.
Söylədiklərinizdən çox narahat olmağımın səbəbi aydındır. Bu cür sözlər nasibi, xəvaric və əməvilər tərəfindən Həzrətin məqam və dəyərini alçatmaq üçün uydurulmuşdur. Onlar həzrət Əlinin kiçik yaşda ağılla deyil, təqlidi olaraq, kor-koranə iman gətirdiyini söyləyirlər.
Etibarlı böyük alimləriniz də həzrət Əlinin bu fəzilətini etiraf edirlər. Əgər bu imanın bir faydası yox idisə, o zaman həzrət Əli nə üçün ilk iman etmək şərəfinin özünə aid olduğunu səhabələrə dəfələrlə söyləmişdir?!
Ərz etdiyim kimi, böyük alimləriniz, məsələn: Məhəmməd ibn Təlhə Şafei, İbn Səbbağ Maliki, İbn Əbil Hədid və digər şəxslər o Həzrətin (ə) şeirlərini nəql etmişlər. Şeirlərin birində belə buyurmuşdur:
Hamınızdan əvvəl uşaq ikən iman gətirdim, bu mövzuda kimsə mənə çata bilməz.
Əgər həzrət Əlinin uşaq yaşda iman gətirməsi bir fəzilət sayılmırsa, o zaman Rəsulullah nə üçün bu vəziyyəti onun üçün bir fəzilət və şərəf saymış və özü də bununla iftixar etmişdir?!
Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə»nin 56-cı babının 202-ci səhifəsində «Zəxairul-uqba»dan nəql edərək imamul-hərəmeyn Əhməd ibn Abdullah Şafeidən, o da II xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: «Mən, Əbu Bəkr, Əbu Ubeydə ibn Cərrah və bir qrup şəxs Rəsulullahın (s) hüzurunda idik. O həzrət (s) əlini Əlinin (ə) çiyninə vuraraq belə buyurdu: «Ya Əli! Sən iman və İslam baxımından möminlərin əvvəlisən. Mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən».
Yenə imam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında İbn Abbasdan nəql edir: «Mən, Əbu Bəkr, Əbu Ubeydə ibn Cərrah və bir qrup səhabə Rəsulullahın (s) hüzurunda idik. Peyğəmbəri-əkrəm (s) mübarək əlini Əlinin (ə) çiyninə vuraraq buyurdu: «Sən İslam baxımından müsəlmanların ilkisən; iman baxımından möminlərin əvvəlisən; mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən. Ya Əli! Sənə düşmən olub məni sevdiyini söyləyən kəs yalan söyləmişdir».
İbn Səbbağ Maliki «Füsulul-mühimmə»nin 125-ci səhifəsində «Xəsais» kitabından nəql edərək bu hədisin bənzərini İbn Abbasdan və imam Əbu Nəim Əbdürrəhman Nəsai də «Xəsaisul-Ələvi» kitabında belə nəql edir: «Ömər ibn Xəttabın belə dediyini eşitdim: «Əlini xeyirlə xatırlayın. Çünki Rəsulullahın belə buyurduğunu eşitdim: «Əlidə üç sifət var...». Mən,   Ömər olduğum halda onlardan birinin məndə olmasını arzu etdim. Çünki onlardan hər biri mənim yanımda üzərinə günəşin saçdığı hər şeydən daha sevimlidir».
Sonra belə davam etdi: «Mən, Əbu Bəkr, Əbu Ubeydə və səhabədən bir qrup şəxs də oradaydıq. Rəsulullah əlini Əlinin çiyninə qoyaraq belə buyurdu: «Sən İslam baxımından müsəlmanların ilkisən; iman baxımından möminlərin əvvəlisən; mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən. Ya Əli! Sənə düşmən olub məni sevdiyini söyləyən kəs yalan söyləmişdir».
İbn Səbbağ bu sözləri digərlərindən bir az geniş nəql etmişdir: «Rəsulullah (s) buyurdu: «Ya Əli! Kim səni sevərsə məni sevmişdir; kim də məni sevərsə Allah onu sevmişdir; Allah da kimi sevərsə, onu Cənnətə aparar.
Ya Əli! Kim sənə nifrət edərsə mənə nifrət etmişdir; kim də mənə nifrət edərsə Allah da ona nifrət edər və onu Cəhənnəmə salar».
İmam Əlinin kiçik yaşda iman gətirməsi Onun kamil bir ağıl sahibi olmasından qaynaqlanır. Bu da o həzrət üçün böyük bir fəzilətdir və kimsə Onu bu mövzuda qabaqlamamışdır.
Təbəri öz «Tarix» kitabında Məhəmməd ibn Səd ibn Əbi Vəqqasdan belə nəql edir: «Atamdan, «Əbu Bəkr ilk iman gətirənlərdəndirmi?» – deyə soruşduqda belə dedi: «Xeyr, ondan əvvəl 50 nəfər iman gətirmişdir. Amma İslam baxımından bizdən daha fəzilətlidir».

HƏZRƏT ƏLİNİN (ə) İMANI KÜFRDƏN SONRA DEYİL, FİTRƏTDƏN OLAN İMANDIR!
Həzrət Əlinin (ə) hər kəsdən əvvəl iman gətirməsi fəzilətindən əlavə, onun bu mövzuda yalnız özünəməxsus və bütün fəzilətlərdən daha əhəmiyyətli olan başqa bir fəziləti vardır. Bu da, onun imanının fitrətdən olmasıdır. Digərlərinin imanı isə küfrlərindən sonra idi.
Əmirəl-möminin Əli bir an belə müşrik olmamış və bütə tapınmamışdır. Amma digər müsəlmanlar yalnız bütpərəstlikdən xilas olandan sonra iman gətirmişdilər. Çünki O Həzrət, həddi-büluğ çağına yetişmədən iman gətirmişdi. Bu səbəbdən Əbu Nəim İsfahani «Ma nəzələl-Quranu fi Əliyyin» və Mirseyid Əli Həmədani «Məvəddətül-qurba» kitabında İbn Abbasdan belə nəql edir: «Allaha and olsun ki, (əshab içərisində) Əli ibn Əbu Talibdən başqa hər kəs bütlərə tapındıqdan sonra Allaha iman gətirmişdir. Amma o, bütlərə tapınmadan Allaha iman gətirmişdir».
İmam Əhməd ibn Hənbəl «Müsnəd» və Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə» kitabında İbn Abbasın Zəmət ibn “Xarici”yə belə dediyini nəql edir: «O, (həzrət Əli) heç bir zaman bütlərə tapınmadı, şərab içmədi və (Rəsulullahın peyğəmbərliyinə) iman gətirənlərin ilkidir».
Mirseyid Əli Həmədani «Yeddinci məvəddə», Xətib Xarəzmi «Mənaqib», imam Sələbi «Təfsir» kitabında II xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: «Şəhadət verirəm ki, Rəsulullahın belə buyurduğunu eşitdim: «Əgər yeddi göylə yeddi yer tərəzinin bir gözünə, Əlinin imanı da digər gözünə qoyularsa, Əlinin imanı aqır gələr».

Məşhur şair Əbdi (Süfyan ibn Məsəb Kufi) bu mövzuda yazdığı şeirində belə demişdir:
Şəhadət verirəm ki, Mühəmməd (s) bizə bir söz buyurdu.
Bu söz kimsəyə gizli qalmamalıdır:
Əgər göy və yerdə olan bütün məxluqatın imanı,
Tərəzinin bir gözünə qoyularsa,
Əlinin imanı da digər  gözünə qoyularsa,
Daha ağır gələr Əlinin imanı.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!