35-Cİ MÜNAZİRƏ - II hissə

:

İMAM ƏLİNİN (Ə) KAMAL VƏ FƏZİLƏTLƏRİ
Dəvətçi: “Ağalar, siz namaz qılarkən mən düşünürdüm. Sonda bir mövzunu xatırladım. Əvvəlcə sual şəklində soruşub nəzərinizi bilmək istəyirəm. Sizə görə, insana birincilik haqqını verən insani şərafət və dəyərlər nədən ibarətdir?

Şeyx: (Bir az susduqdan sonra) “Əlbəttə, şərafət və fəzilət yolları çoxdur. Allah-talaya və Rəsuluna imandan sonra birinci dərəcədə sayıla biləcək kamal və fəzilətlər bu üç şeydir: 1. Soy və nəsəb təmizliyi; 2. Elm və savad; 3. Təqva”.
Dəvətçi: “Allah-taala sizə gözəl mükafat versin. Biz də, sizin fəzilət və kamallarla əlaqəli seçdiyiniz bu xüsusiyyətlər əsasında mövzunu incələyib, izah etməyə çalışacağıq.
Əlbəttə, xəlifə və ya digər səhabələrin hamısı da bir qrup xüsusiyyətlərə sahib idilər. Ancaq əqli və nəqli qaydalara uyğun olaraq bütün bu xüsusiyyətlərin hamısına sahib olanlar digərlərindən əvvəl olma haqqına sahibdirlər.
Əgər üç xüsusiyyətdə həzrət Əlinin (ə) qabaqcıllıq və səadət bayraqdarı olduğunu isbat etsək, siz də, Rəsulullahdan (s) nəql olunmuş rəvayətlər əsasında həzrət Əlinin (ə) xilafət məqamına daha layiq olduğunu, sadəcə siyasi oyunlarla xilafət məqamından uzaqlaşdırıldığı və (İbn Əbil Hədidin “Nəhcül-bəlağənin şərhi” kitabının 1-ci cildinin 46-cı səhifəsində bəyan eydiyi kimi) bunun, siyasi oyunlar çərçivəsində məsləhət olaraq adlandırıldığını təsdiq edəcəksiniz.

HƏZRƏT ƏLİNİN (Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
Əvvəla; nəsəb və soy baxımından Peyğəmbərdən (s) sonra heç kim həzrət Əlinin (ə) şərafətinə yetişə bilməz. İmamın əsil-nəcabətinin təmizliyi bütün ağıl sahibləri, hətta Əlauddin mövla Əli ibn Məhəmməd ibn Quşçi, Əbu Osman Əmr ibn Bəhr Cahiz Nasibi və Səduddin Məsud ibn Ömər Təftazani kimi təəssüb əsiri olan alimləriniz tərəfindən belə nəql olunmuşdur. Sadaladığım alimləriniz bu haqda belə demişlər: “Biz, həzrət Əlinin (ə) “Heç kim biz Əhli-beytlə müqayisə edilə bilməz” sözü qarşısında heyran qalmışıq”.
Həmçinin, həzrət Əli (ə) zahiri xilafət məqamına yetişdikdən sonra belə buyurur: “Bu  ümmətdən heç kim Mühəmməd (s) Əhli-beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər. Mühəmmədin (s) Əhli-beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. Haqq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və irs aparmaq sabit olmuşdur. İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür. (”Nəhcül-bəlağə”, xütbə: 2)
Həzrət Əlinin (ə) bu sözləri özünün və Əhli-beytinin (ə) xilafətə daha layiq və qabaqcıl olduğunu göstərir.
Təkcə həzrət Əli (ə) deyil, müxalifləri belə bunu təsdiq etmişlər. Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”nın 7-ci məvəddəsində Əbu Vaildən nəql edərək Abdullah ibn Ömərin belə dediyini rəvayət edir: “Biz Peyğəmbərin (s) əshabını sayarkən Əbu Bəkr, Ömər və Osmanı sadaladıq. Bir nəfər: “Əlinin adını niyə çəkmirsiniz?” - deyə soruşdu. Mən cavabında belə dedim: “Əli Əhli-beytdəndir, heç kim onunla müqayisə edilə bilməz; O, Rəsulullah (s) ilə birlikdədir və onun dərəcəsindədir”.
Bundan da maraqlı olanı, həzrət Əlinin (ə) nəsəbinin nurani və cismani cəhətlərinin olmasıdır. Həzrət Əli (ə) bu baxımdan Peyğəmbərdən (s) sonra şəxsiyyətdə təkdir.

ƏLİNİN (Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ (S) ORTAQLIĞI
Yaradılışın həqiqət anlamı və nuraniyyəti baxımından həzrət Əli (ə) digərlərindən daha üstün və birincidir. Bu səbəbdən Əhməd ibn Hənbəl dəyərli kitabı “Müsnəd” də, Şafei fəqihi Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”da, İbn Məğazili Şafei “Mənaqib”də və Məhəmməd ibn Təlhə Şafei “Mətalibus-süul”da Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mən və Əli Adəm yaradılmazdan 14 min il əvvəl Allahın qüdrətinin ixtiyarında bir nur idik. Allah-taala Adəmi yaratdıqda bu nuru onun sülbündə qərar verdi. Əbdülmüttəlibin sülbünə gəldikdə məndə nübüvvəti, Əlidə isə xilafəti təyin etdi”.
Şafei fəqihi Mirseyid Əli Həmədani “Məvəddətül-qurba”nın 8-ci “məvəddə”sini bu ibarələrlə zikr olunmuş mövzuya həsr etmişdir: “8-ci məvəddə Rəsulullah ilə Əlinin bir nurdan olduğu və Əliyə verilən xüsusiyyətlərin insanlardan heç kimə verilmədiyi xüsusundadır”.
Bu məvəddədə nəql etmiş olduğu rəvayətlərdən birini də İbn Məğazəli Şafei də rəvayət edir: “3-cü xəlifə Osman ibn Əffan Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Mən və Əli Adəm yaradılmamışdan 14 min il əvvəl bir nur idik. Allah-taala Adəmi yaratdıqda bu nuru onun sülbündə qərar verdi. Əbdülmüttəlibə qədər bir nur idik .Əbdülmüttəlibin sülbünə yetişdikdə məndə nübüvvəti, Əlidə isə xilafəti qərar verdi”.
Əbül-Müəyyəd Müvəffəq ibn Əhməd Xarəzmi “Mənaqib”in 14-cü, “Məqtəlül-Hüseyn”in isə 4-cü fəslində, Sibt ibn Cuzi “Təzkirə”nin 28-ci səhifəsində, İbn Səbbağ Maliki “Fusulul-mühimmə”də, Məhəmməd ibn Yusif Gənci Şafei isə “Kifayəut-talib”in 87-ci babında sənədilə 5 hədisi Şam mühəddisi ilə İraq mühəddisindən, həmçinin “Möcəmi-Təbərani”dən öz sənədlərilə nəql edir ki, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: “Mən və Əli bir nurdan yaradıldıq; birlikdəydik. Əbdülmüttəlibin sülbündə ayrıldıq”.
Bu rəvayətlərin uca mənalı və faydalı olmasına baxmayaraq, çox uzun olduğuna görə, hamısını zikr etməkdən çəkinirəm (İstəyənlər adları çəkilən kitablara müraciət etsinlər).

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏCƏRƏSİ
Əsil-nəcabət baxımından da həzrət Əli (ə) – həm ana, həm də ata tərəfindən böyük bir şərafətə sahibdir. Həzrət Adəmə qədər hamısı müvəhhid və tövhid əhli olmuşlar. Bu da onun məxsus fəzilətlərindəndir. Bu təmiz sülb, heç bir kirli bətndə yer almamışdır. Bu böyük iftixar, əshabdan heç birinə nəsib olmamışdır.

Həzrət Əlinin (ə) şəcərəsi belədir:
1. Əbu Talib Əbdülmüttəlib oğlu,
2. Əbdülmüttəlib Haşim oğlu,
3. Haşim Əbdü Mənaf oğlu,
4. Əbdü Mənaf Qusəyy oğlu,
5. Qusəyy Kilab oğlu,
6. Kilab Mərrə oğlu,
7. Mərrə Kəb oğlu,
8. Kəb Luvey oğlu,
9. Luvey Ğalib oğlu,
10. Ğalib Fəhr oğlu,
11. Fəhr Malik oğlu,
12. Malik Nəzr oğlu,
13. Nəzr Kənanə oğlu,
14. Kənanə Xuzeymə oğlu,
15. Xuzeymə Mudrikə oğlu,
16. Mudrikə İlyas oğlu,
17. İlyas Muzir oğlu,
18. Muzir Nizar oğlu,
19. Nizar Məd oğlu,
20. Məd Ədnan oğlu,
21. Ədnan Udd oğlu,
22. Udd Udəd oğlu,
23. Udəd Əlyəsə oğlu,
24. Əlyəsə Həmis oğlu,
25. Həmis Bənət oğlu,
26. Bənət Səlaman oğlu,
27. Səlaman Həməl oğlu,
28. Həməl Qeydar oğlu,
29. Qeydar İsmayıl (ə) oğlu,
30. İsmayıl (ə) İbrahim (ə) oğlu,
31. İbrahim (ə) Tarix oğlu,
32. Tarix Tahur oğlu,
33. Tahur Şaru oğlu,
34. Şaru Əbrəğu oğlu,
35. Əbrəğu Taliğ oğlu,
36. Taliğ Abir oğlu,
37. Abir Şalih oğlu,
38. Şalih Ərfəxşəz oğlu,
39. Ərfəxşəz Sam oğlu,
40. Sam Nuh (ə) oğlu,
41. Nuh (ə) Ləmək oğlu,
42. Ləmək Mətuşəlx oğlu,
43. Mətuşəlx Əxnux oğlu,
44. Əxnux Yarid oğlu,
45. Yarid Məhlail oğlu,
46. Məhlail Qəynan oğlu,
47. Qəynan Ənuş oğlu,
48. Ənuş Şeys (ə) oğlu,
49. Şeys (ə) Adəm (ə) oğlu,
50. Adəm (ə) (bəşər atası).

Şeyx: “Həzrət Əlinin (ə) Əbul-bəşər Adəmə qədər nəslinin müvəhhid olduğunu söyləməklə xəta edirsiniz; biz zahirə görə hökm vermək məcburiyyətindəyik. Çünki İbrahimin atası Azər Qurani-kərimi açıq-aydın bəyanı üzrə büpərəst idi. “(Ey Rəsulum) Xatırla ki, bir zaman İbrahimin atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən?! Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”.

İBRAHİMİN (Ə) ATASININ AZƏR OLDUĞUNA DAİR İRAD VƏ ONUN CAVABLANDIRILMASI
Dəvətçi: “Bu diqqətsiz və düşüncəsiz bəyanınız keçmişlərinizə təqliddən başqa bir şey deyildir! Sizin atalarınız da səhabənin şirk və küfrə bulaşmış soyunu hər bir tərəfdən təmiz göstərmək və ana-atasının müşrik olmasının insan üçün bir eyib olmadığını bildirmək üçün böyük Peyğəmbərin (s) əcdadında da bir müşrikin olduğunu iddia etmiş, beləcə, öz atalarını və böyüklərini bu nöqsanların pak etməyə çalışmışlar!
Həqiqətən, təəssüfedici haldır! Savadlı insanların bu cür qəsdli davranışları yalnız inad, boş yerə çırpınma və öz ata-babalarına məhəbbətdən başqa bir şeylə izah edilə bilməz! Siz də adət üzrə onların sözünə uymuş, belə bir toplantıda da onların söylədiklərini təkrarlayırsınız. Halbuki, soy bilicilərinin və nəsəbşünasların ittifaq etmiş olduğu kimi, həzrət İbrahimin atası Azər deyil, Tarixdir”.
Şeyx: “Siz nəss qarşısında ictihadla əməl edirsiniz. Soy bilicilərinin nəzərlərini Qurana qarşı olmasına baxmayaraq, zikr edirsiniz. Halbuki, Quran həzrət İbrahimin atasının bütpərəst Azər olduğunu bəyan edir”.
Dəvətçi: “Biz, əsla, nəss qarşısında ictihada bağlanmarıq; çünki sadəcə Quran həqiqətlərini öyrənməyə çalışırıq. Qurani-kərimin bərabəri olan Əhli-beytin (ə) yol göstəriciliyi sayəsində, bu ayənin xalq arasında məşhur bir qayda üzrə olduğunu anlayarıq. Çünki xalq arasında da əmi və ögey ata “ata” olaraq adlandırılır.
Azər haqqında iki nəzər vardır: birinci nəzərə görə, Azər İbrahimin (ə) əmisidir. Digər nəzərə görə isə, əmisi olduğu halda həzrət İbrahimin atası Tarix öldükdən sonra anası ilə evlənmişdir. Bu iki baxımdan həzrət İbrahim ona: “ata” deyə xitab edirdi. Yəni həm əmisi, həm də ögey atası olduğu üçün onu “ata” adlandırırdı.
Şeyx: “Biz Qurani-kərimdən bir dəlil olmadıqda, Quranın zahirindən əl çəkə bilmərik. Yəni Qurandan, onun İbrahimin əmisi və ya ögey atası olduğu isbat edilmədikcə (qətiyyətlə isbat edə bilməzsiniz) dəliliniz kifayət deyil və qəbul edilə bilməz!”
Dəvətçi: “Bu qədər əmin və qəti danışmayın ki, dəlil gətirildikdə təəssüf etməyəsiniz.
Quranın bir qrup ayələri ürf qaydaları üzrə bəyan edilmişdir. Məsələn: həzrət Yaqub uşaqlarına xitabən belə buyurur: “Yaqubun ölümü yetişən zaman siz onun yanında idinizmi?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - deyə oğlanlarından soruşduğu zaman dedilər: “Sənin Allahına bə ataların – İbrahim, İsmayıl və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik”. (”Bəqərə” surəsi, ayə 133)
Bu ayədəki qəsd edilən şahid “İsmayıl” kəlməsidir. Çünki Qurani-kərimin də bildirdiyi kimi, həzrət Yaqubun atası İshaqdır; İsmayıl isə Yaqubun atası deyil, əmisidir. Amma Quran üfr qaydası üzrə əmiyə “ata” deyə xitab etmişdir.
Yaqubun oğlanları xalq arasında əmini “ata” çağırırdılar. Bu səbəbdən verdikləri cavabda da əmini ata saymışlar. Daha doğrusu, Quran da bu sual və cavabı eynən zikr etmişdir. Bax, bu qayda əsasən həzrət İbrahim də əmisini və ögey atasını “ata” çağırmıdır. Tarix və soy bilicilərinin nəzərinə görə, həzrət İbrahimin atası Azər deyil, Tarixdir.

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ANA-ATALARI MÜŞRİK YOX, ALLAHA İNANAN MÜVƏHHİDLƏR İDİ
Xatəmül-ənbiyanın (s) əcdadının müşrik və kafir olmadığının bir digər dəlili isə bu ayədir: “Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür)” (”Şüəra” surəsi, ayə 219)
Şeyx Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə” kitabının 2-ci babında və digər alimləriniz Quran müfəssiri İbn Abbasdan bu ayənin təfsiri mövzusunda belə rəvayət etmişlər: “Allah-taala həzrət Peyğəmbəri (s) həzrət Adəmdən (ə) atası Abdullaha qədər müvəhhid və təkallahlı şəxslərin sülbündə bir peyğəmbərdən digər bir peyğəmbərə ötürdüyünü, zina deyil, şəri bir nikahla atasının sülbündə qərar vermişdir”.
Bir başqa dəlil də bütün alimlərinizin, hətta hədis əhlinin imamı olan imam Sələbinin də öz “Təfsir”ində rəvayət etmiş olduğu məşhur hədisdir. Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə” kitabının 2-ci babında İbn Abbasdan belə rəvayət etmişdir: Peyğəmbər (s) buyurub: “Allah-taala məni Adəmin sülbündə yer üzünə endirdi, Nuhun sülbündə gəmidə qərar verdi, sonra da İbrahimin sülbünə keçirtdi. Beləcə, məni kərim sülblərdən təmiz bətnlərə intiqal etdi. Son olaraq da, zinaya yol verməyən ana-atamdan dünyaya gətirdi”.
Başqa bir rəvayət də isə belə buyurur: “Allah-taala, əsla, məni cahiliyyət çirkinliklərinə bulaşdırmamışdır”.
Həzrət Peyğəmbərin (s) “Mənim nurumu təmizdən təmizə, tahirdən tahirə ötürdü” sözündən də anlaşıldığı kimi, o həzrətin əcdadı, əsla, kafir və müşrik olmamışdır. Daha doğrusu, Peyğəmbərin (s) soyunun hamısı təmiz sülblərdən təmiz rəhmlərə( bətnlərə) ötürülmüş və nəcis olan müşriklərə, əsla, bulaşmamışdır.
Əgər sizlərə bu cür dəlillər gətirməyə davam etsəm, məclisin bütün vaxtını almış olaram. Hesab edirəm, xususilə, sizin kimi insanları ağalar üçün bu qədər yetər. Bilin ki, Peyğəmbərin (s) soyu və əcdadı həzrət Adəmə qədər hamısı mömin və müvəhhid kəslərdir. Şübhəsiz, Əhli-beyt, beytdə (evdə) olanı digərlərindən daha yaxşı bilir. Risalət ailəsi və təharət beytinin əhli də başqalarına nisbətən atalarını daha yaxşı tanıyır.
Peyğəmbərin (s) əcdadının hamısının mömin və müvəhhid olduğu nisbət edildikdə, Əlinin (ə) əcdadının da mömin və təkallahlı olduğu özü-özlüyündə isbat olur. Çünki şiədə mütavatir olmaqla birlikdə, bilavasitə alimləriniz də rəvayət etdiyi rəvayətlərə əsasən həzrət Peyğəmbərlə (s) Əli (ə) bir nur idilər. Əbdülmüttəlibə qədər təmiz və pak bir sülbdə olmuş, orada bir-birlərindən ayrılmışlar.
Nuraniyyət və cismaniyyət aləmində də daim birlikdə idilər. Peyğəmbər (s) harada olmuşsa, Əli (ə) də orada olmuşdur.(Daha doğrusu, belə nurlu bir soya sahib, Rəsulullaha (s) ən yaxın və təmiz bir insanın xilafət məqamına hər kəsdən daha üstün və daha layiq olduğu ağlın da hökm etdiyi bir həqiqətdir)”.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!