8-Cİ MÜNAZİRƏ - III hissə

:

ALLAH-TAALANI GÖRMƏK XÜSUSUNDA ƏHLİ-SÜNNƏDƏN HƏDİSLƏR

Əgər siz hulul, ittihad, cismaniyyət və Allahı görmə haqqındakı insanı küfrə aparan hədisləri mütaliə etmək istəsəniz öz mötəbər kitablarınıza ‒ «Səhihi-Buxari»nin Ι cildindəki «Fəzlus-sücud» babına, yenə ΙV cildin «Əs-siratu min kitabir-riqaq» babına və «Səhihi-Müslim»ün Ι cildindəki «İsbatur-ruyətil-möminin Rəbbəhum fil-axirəti» babına və imam Əhməd ibn Hənbəlin «Müsnəd»inin ΙΙ cildinə baxsanız, məsələni yaxşı anlayarsınız.

Misal olaraq, o bablardan sadəcə iki hədisi hüzurunuza ərz edim:

Əbu Hüreyrə belə rəvayət edir: «Cəhənnəmin atəşinin hərarəti şiddətlənir. Allah-taala ayağını onun içərsinə qoyduqda, durub, «Yetər, yetər, mənə kafidir, mənə kafidir deyər».

Yenə Əbu Hüreyrə belə rəvayət edir: 

Bir qrup camaat Rəsuli-əkrəmə (s); «Görəsən, qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» dedikdə, o həzrət belə buyurdu: «Bəli görəcəyik! Görəsən, göydə bulud olmadıqda, günəşi görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Xeyir toxunmur» – dedilər. Həzrət buyurdu: «Görəsən, göydə bulud olmadığı gecədə, dolğun ayı görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Ya Rəsulullah, xeyir toxunmur» – dedilər. Həzrət buyurdu: «O ikisini görməklə sizə zərər toxunmadığı kimi, qiyamət günü Allahı görməkdə də sizə bir zərər toxunmayacaqdır. Qiyamət günü bir müəzzin belə nida edəcəkdir: «Hər ümmət tapındığına tabe olsun. Bu anda Allahdan başqasına tapınan hər kəs, odun içinə düşəcəkdir. Sadəcə Allaha tapınanlar əbədi olacaqlar». Bu əsnada aləmlərin Rəbbi insanların onu görəcəyi bir şəkildə gəlib, «Mən sizin Rəbibnizəm» – deyəcəkdir. İnsanlar onu gördükdə, «Biz səndən Allaha sığınırıq, Allaha şərik qoşmayın» – deyəcəklər. Bunun üzərinə belə buyuracaqdır: «Görəsən, sizinlə Allah arasında, Allahı tanıyacaq bir nişanə vardırmı?». İnsanlar, «Bəli, vardır» – deyəcəklər. Bu halda Allah ayağını (onlara göstərmək üçün) açacaqdır. Daha sonra insanlar başlarını yuxarı qaldırıb, Rəbblərini ilk gördükləri şəkildə görəcəklər. Sonra, «Mən sizin Rəbibnizəm» – deyəcəkdir. İnsanlar da, «bəli, sən bizim Rəbbimizsən» – deyəcəklər». 

Allah xatirinə insafla söyləyin, Allah-taalanın bir cisim şəklində özünü, yaxud ayağını açıb insanlara göstərməsi küfredici sözlər deyildirmi? Sözümüzün isbatına ən böyük dəlil budur ki, Müslim Allah-taalanın görünməsinin isbatı xüsusunda xüsusi bir bab açmışdır və Əbu Hüreyrə Zeyd ibn Əsləm və Süveyd ibn Səid və digərlərindən yalan və uydurma hədislər nəql etmişdir. Sizin böyük alimləriniz məsələn, Zəhəbi «Mizanul-İtidal», Süyuti «Əl-ləlil-məsnuəti fi əhədisil-məvduati» və Sibt ibn Cuzi «Əl-Məvduat» kitabında onların uydurma olduğunu açıq dəlillərlə bəyan etmişlər. Bu sözlərin batilliyinə dair dəlil, Qurani-kərimin bir çox aşkar ayələridir. Quranın bu ayəsi açıq-aydın Allah-taalanın görülməsini inkar edir: «Gözlər Onu (Allahı) idrak edə bilməz (görə bilməz); O, bütün gözləri idrak edər (görər). O, lətif və xəbərdar olandır» (Ənam surəsi, ayə 103). 

Yenə Qurani-kərim, həzrət Musanın Bəni-İsrailin həmləsi qarşısında münacat məqamında belə ərz etdiyini nəql edir: «Rəbbim özünü mənə göstər; səni görə bilim. (Allah-taala cavabında): «Məni əsla görə bilməzsən» (Əraf surəsi, ayə 143).

Seyyid Əbdülhəyy: (Əhli-sünnənin imam camaatı) «Mövlamız Əlidən (kərrəməllah vəchəhu); «Görmədiyim Rəbbə ibadət etmərəm» – deyə, bir hədis nəql olunmamışdırmı? O halda, Əlinin (ə) belə bir sözündən Haqq-taalanın görülməsinin mümkün olduğu anlaşılır».

Ardı var...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!