26-CI MÜNAZİRƏ - III hissə

:

İMAM HÜSEYNİN QİYAMI PAK “LA İLAHƏ İLLƏLLAH” KƏLMƏSİNİ QORUMAQ ÜÇÜN HƏYATA KEÇDİ
İmam Hüseyn (ə) qalib olmaq üçün heç bir maddi imkanının olmadığını bilirdi. 84 (yaxud 72) qadın və uşaqla etdiyi hərəkət qəti bir nəticə əldə etmək üçün idi. İmam babası Xatəmül-ənbiyanın (s) böyük zəhmətlər bahasına ucaltdığı, Bədr, Ühüd və Hüneyn şəhidlərinin qanıyla suvardığı və Əli ibn Əbu Talib kimi bir bağbanın becərdiyi pak “La ilahə illəllah” ağacını qorumaq istəyirdi.

Digər tərəfdən isə zülm, hədə, qətl və od vurub yandırmaqda təcrübəli olan hökumət pak ağacın bağbanını kənarlaşdırmaqla, tövhid və nübüvvət baxçasının təməlini məhv etməyə istiqamətləndiyini görürdü. Pak ağac əsl bağban tərəfindən güclənsə də, amma bu tam mənada kifayət etmirdi.
Bu bağın baxımı çahil və inadçı bağbanların - yəni Bəni-Üməyyənin əlinə düşmüşdü. III xəlifə Osman ibn Əffanın xəlifəliyindən etibarən Bəni-Üməyyənin əlinə daha çox fürsət keçdi. O zaman kor olan məlun Əbu Süfyanın əlindən tutub Bəni-Üməyyənin məclisinə gətirdilər. O, orada yüksək səslə belə dedi: «Ey Bəni-Üməyyə! Xilafəti əldən ələ, bir-birinizə verin. Çünki nə Cənnət vardır; nə də Cəhənnəm.»
O belə deyirdi: «Ey Bəni-Üməyyə! Xilafəti top kimi əlinizdə tutmağa çalışın. And olsun Əbu Süfyanın and içdiyi o şeyə ki, (məqsədi daim and içdiyi bütlərdir), hər zaman sizin üçün belə bir səltənət arzu edərdim; onu miras olaraq uşaqlarınıza ötürün».
Bu inancsız qövm bütün yolları bağlamış, həqiqi və mənəvi bağbanın bu bağı qorumasına mane olmuşdu. Azğın Yezidin xilafəti zamanına qədər pak ağac az da olsa qorunurdu. Şəriət ağacının ömrü bitmək üzrə idi. Pak ağac olan La ilahə illallah, Allahın adı və dinin həqiqət yox olmağa üz tutmuşdu.
Bağçasının afətlərə uğradığını görən hər alim bağban, təbii ki, o dəqiqə onu qorumağa çalışacaqdır. Yoxsa baxçasının məhsulları bütünlüklə məhv ola bilərdi. O zamanlar tövhid və risalət baxçasının bağbanlığı həzrət Hüseynə verilmişdi. Bəni-Üməyyə inadlı işi elə bir yerə gətirmişdi ki, az qala tövhid ağacı məhv olacaq, hətta La ilahə illallahın kökü quruyacaqdı.
Bu vəziyyəti görən imam Hüseyn yalnız və yalnız risalət bağını sulamaq və pak ağacı gücləndirmək üçün Kərbəlaya doğru hərəkət etdi. Seyyidüş-şühəda alim bir bağban olduğu üçün pak ağacın, xüsusilə son illərdə Bəni-Üməyyənin zamanında susuz qaldığından xəbərdar idi. Onun normal sularla cücərib, boy atmayacağını bilirdi. Artıq fədakarlıq vaxtı gəlmişdi. O, ancaq qanla suvarılmalı idi. Bu səbəbdən ən yaxşı silahdaşlarını, əshabını və ailəsini götürərək Kərbəlaya apardı. Axı onları orada pak ağaca qurban edəcəkdi. Bəzi dar düşüncəlilər deyirlər ki, imam Hüseyn Mədinədən niyə çıxdı? Orada qalmalı, qiyam etməli və qurbanlarını orada verməliydi! Amma onlar anlamırdılar ki, əgər imam Hüseyn Mədinədə qalaraq qiyam etsəydi, düşünən insanların bu qiyamdan xəbərləri olmayacaqdı və həzrətin nə üçün baş qaldırdığını başa düşməyəcəkdilər. Bir çox din tərəfdarları öz şəhərlərində haqq üçün qiyam etmiş, lakin heç kimin onların hədəf və məqsədlərindən xəbəri olmamışdı. Niyə öldürüldüklərinin səbəbi belə bilinməmişdi. Hətta düşmənlər, xalqa onların məqsədlərinin əksini söyləyir və beləliklə də digərlərinin də üsyan etmələrinin qarşısını almış olurdular.
İmam Hüseyn haqq və həqiqəti üzə çıxarmaq üçün rəcəb ayında Məkkəyə yola düşdü. Çünki bu ayda insanlar Məkkəyə “ümrə” ziyarətinə gəlirdilər. Ərəfə gününə qədər orada yüz minlərlə insana həqiqətləri bəyan etdi. İmam, xalqa Yezidin şərab içib qumara qurşandığını, it və meymunlarla oynadığını, dinin hökmlərini ayaq altına atdığını, pak ağac olan La ilahə illallahın kökünü qırmaq istədiyini, xilafət iddiasında olan bu azğın insanın dinin təməlini aradan aparmağa və cəddi Peyğəmbərin zəhmətlərini boşa çıxartmağa çalışdığını, öz babalarının isə İslamı qorumaq üçün qiyam etdiyini və hər şeyi gözönünə alaraq bütün varlığını fəda etməyə hazır olduğunu bildirirdi.
Demək ki, imam Hüseynin qiyamı, Mədinədən Məkkəyə və Məkkədən də Kufəyə gedişi dini nişanaləri qorumaq və bütün cəmiyyətə Yezidin dinsiz, əxlaqsız bir inanca sahib olduğunu və təlafi edilməyəcək bir qrup zərərli əməllərini elan etmək üçün idi. İmamın qardaşları, əmisi oğlanları və onu sevən dostları həzrətin (ə) Kufəyə hərəkətinə mane olmaq üçün belə deyirdilər: «Sizə məktub yazıb dəvət edən kufəlilər vəfasızlıqları ilə məhşurdurlar. İllər boyu bu məmləkətdə kök salmış Bəni-Üməyyənin qüdrəti və azğın Yezidin səltənəti ilə baş-başa gələ bilməzsiniz; çünki haqq əhli çox azdır. İnsanlar dünyanın köləsi olmuşlar. Onların dünyası Bəni-Üməyyə ilə uyuşduğu üçün Bəni-Üməyyənin ətrafına toplaşmışlar. Qalib gəlməyəcəksiniz, bu səfərdən əl çəkin.
Əgər Hicazda qalmaq istəmirsinizsə, onda Yəmənə gedin. Çünki orada sizi sevən çoxdur, camaatı da qeyrətlidir. Sizi yalnız, tənha qoymazlar. Orada ömrünüzün sonuna qədər rahat qala bilərsiniz».
İmam Hüseyn (ə) həqiqətləri hər kəsə bəyan edir, bu hərəkətinə mane olmaq istəyənlərə qısa cavablar verirdi. Amma qardaşı Məhəmməd ibn Hənəfiyyəyə, əmisi oğlu Abdullah ibn Abbas kimi yaxın və sirdaşlarına belə buyurdu: «Zahirdə qalib olmayacağımı mən də bilirəm. Zəfər və fəth üçün getmirəm: mən ölməyə gedirəm. Məzlumiyyətin gücü ilə zülm və fəsadın kökünü qazmaq istəyirəm».
Bəzilərinin qəlbini gücləndirmək üçün həqiqətlərdən (sirlərdən) bir qismini onlara söyləmək məcburiyyətində qalırdı. Bir cavabında belə buyurur:  «Cəddim Rəsulullahı yuxuda gördüm. Mənə belə buyurdu: «İraqa get. Şübhəsiz, Allah-taala səni şəhid olaraq görmək istəyir».
Məhəmməd ibn Hənəfiyyə və İbn Abbas: «Elə isə qadınları nə üçün aparırsan?» - dedikdə İmam belə buyurdu: «Cəddim buyurdu: «Şübhəsiz, Allah onları əsir olaraq görmək istəyir». Rəsulullahın əmriylə onları əsarət üçün aparıram. Yəni şəhadətimlə Əhli-beytimin əsarətində bir sirr vardır. Onların əsarəti şəhadətimin tamamlayıcısıdır. Məzlumiyyətin bayraqdarlığını edərək Şama gedəcəklər. Yezidin xilafət və dünyəvi qüdrətinin kökünü kəsəcək, küfr və zülmün bayrağını yıxacaqlar».
Elə də oldu. Həzrət Zeynəbi-Kübranın (s.ə) Yezidin qüdrət və əyləncə məclisində yüzlərlə Bəni-Üməyyənin başbilənləri, xarici elçilər və bir çox yəhudi və xristianların qarşısında öz mübariz bəyanı və eləcə də imam Seyyidus-sacidin Zeynul-Abidinin (ə) Şamda – Əməvi məscidində Yezidin qarşısında minbərdəki xütbəsi ilə Bəni-Üməyyənin əzəməti yox oldu. Bu bəyan və xütbələr xalqın qəflət yuxusundan oyanmasına səbəb oldu.
İmam Səccad (ə) Şamdakı xütbəsində Allah-taalaya həmd-səna etdikdən sonra belə buyurdu: «Bizə (Ali-Mühəmmədə) Allah tərəfindən altı xüsusiyyət verilmişdir; başqa insanlara görə yeddi fəzilətimiz vardır. Bizə elm, səbir, cömərdlik, fəsahət, igidlik və möminlərin qəlblərinə sevgimiz verilmişdir. Başqa insanlara görə fəzilətlərimiz isə bunlardır: Seçilmiş peyğəmbər – Mühəmməd bizdəndir; Siddiq Əmirəl-möminin Əli ibn Əbu Talib bizdəndir; Cəfəri-Təyyar bizdəndir; Allahın Rəsulunun aslanı Həmzə bizdəndir; bu ümmətin iki övladı imam Həsən və imam Hüseyn bizdəndir və bu ümmətin Mehdisi bizdəndir!»
Sonra özünü tanıtmağa başlayaraq belə buyurdu: «Tanıyanlar məni tanıyır; tanımayanlara isə indi özümü tanıdaram: Mən, xas sifət və fəzilətlərə sahib olan Xatəmul-ənbiya Mühəmməd ibn Abdullahın övladıyam...»
Məclisin vaxtının qısa olması İmamın (ə) buyurduğu sifətlərin hamısını söyləməyə imkan vermir. Daha sonra imam Səccad məlun Muaviyənin dövründə gecə-gündüz açıq-aydın mövlamız və müvəhhidlərin mövlası Əmirəl-möminin Əliyə lənət oxunan, illər boyu iftira deyilən minbərin üzərində durub Yezid, Bəni-Üməyyə və düşmənlərinə xitabən şamlılara çatdırılması qadağan olunan Əmirəl-möminin həzrət Əlinin fəzilətlərini bəyan edərək belə buyurdu: «Mən, insanlar «La ilahə illəllah» deyənədək onların burunlarına qılınc vuranın oğluyam; Mən, iki qılıncla (İki qılıncdan məqsəd, Zülfiqar və ondan əvvəlki qılıncdır.) Rəsulullahın önündə döyüşənin, düşməni iki qılıncla vuran, iki dəfə hicrət edən, iki dəfə beyət edən, kafirlərlə Bədr və Hüneyndə döyüşən və bir gözqırpımında olsa belə Allahı inkar etməyənin oğluyam; Mən, möminlərin salehi, Peyğəmbərlərin varisi, dinsizləri yox edən, müsəlmanların əmiri, mücahidlərin nuru, abidlərin zinəti, Allah qorxusundan ağlayanların tacı və səbirlilərin səbirlisi, aləmlərin Rəbbinin elçisi olan Ali-Yasinin namaz qılanlarının ən yaxşısının oğluyam....!».
Sonra İmam (ə) yüksək səslə ağlamağa başladı; ardıcıl «mən..., mən...» deyir, babası həzrət Əlinin fəzilətlərini sayırdı. Nəhayət, camaat da cuşa gəldi, çığırıb ağlamağa başladı.
İmam Hüseynin şəhadətindən sonra ona tutulan ilk matəm məclisi, Şamda - Əməvi məscidində tutulan bu matəm idi. Seyyidüs-Sacidin həzrət Zeynul-Abidin babası həzrət Əlinin fəzilətlərini xatırladıqdan sonra Yezidin və düşmənlərinin qarşısında atası imam Hüseynin başına gələnləri anlatmağa başladı. O qədər anlatdı ki, camaat hönkür-hönkür ağlamağa başladı. Yezid qorxuya düşərək, məscidi tərk etmək məcburiyyətində qaldı....
İndiyə qədər Bəni-Üməyyənin zülümlə hökm sürdükləri Şamda onlardan heç bir kəsin belə qəbri qalmamışdır. Ancaq Bəni-Haşim və Rəsulullahın Əhli-beytindən olan bir çox şəxsin məzarı oradadır. Şamlıların və hər arif, alim şiə və sünni müsəlmanların ziyarətkahı halına gəlmişdir.
Qısası, bütün tarixçilər və Kərbəla hadisəsini qələmə alanlar imam Hüseynin Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya qədər olan müddət ərzində açıq-aydın və üstüörtülü olaraq daima şəhid olacağını söylədiyini və insanlara, ölmək üçün getdiyini anlatdığını yazmışdır.....
Kufəyə 10 fərsəx qaldıqda Hürr ibn Yezid Riyahi 1000 atlı ilə imam Hüseynin yolunu kəsərək: «Übeydullah Kufəyə getməyinizə mane olmağı və sizdən uzaqlaşmamağı mənə əmr etmişdir» - dedi. İmam hər hansı bir müqavimət göstərmədən təslim olub, orada yerləşdi.
Bir az düşünün, əgər imam Hüseyn əmirlik və xilafət sevdasında olsaydı, Hürrə təslim olardımı? Hürrün 1000-dən çox əsgəri yox idi, amma İmamın 1300 atlı və piyadə əsgəri vap idi. Bunların içində Qəməri-Bəni-Haşim həzrət Abbas və həzrət Əli Əkbər kimi igid gənclər də var idi. Onların hər biri təkbaşına min nəfəri dağıtmağa yetərdi. Kufəyə də 10 fərsəxdən çox qalmamışdı. Tabeliyində olanlarla onları məğlub edib hökumətin mərkəzinə (Kufəyə) daxil olması lazım idi, xalq da döyüş hazırlığında İmamı gözləyirdi. Bu cür qalib gələ bilərdi; lakin İmam belə etmədi. Hürrün sözü ilə orada çölün ortasında qaldı. Dörd gün sonra düşmənə yardımçı dəstələr gəldikdə, Peyğəmbər övladının vəziyyəti daha da çətinləşdi.
Ağalar bu hadisələrə yaxşı diqqət etmiş olsalar cavablarını taparlar...
Bütün bunlar, imam Hüseynin məqam düşgünü və xilafət arzusunda olmadığını göstərən açıq-aydın dəlillərdir. İmam Hüseynin hədəfi yalnız dini yaşatmaq və İslamın müdafiəsi idi. Vəzifəsini bu yolda canı və qanı bahasına yerinə yetirmək istəyirdi. Can verərək La ilahə illəllah bayrağını yüksəldib, küfr və fəsad bayrağını yıxmağı qarşısına məqsəd qoymuşdu. Çünki dinə yardım etmək bəzən öldürmək, bəzən də ölməklə mümkün olur.
İmam Hüseyn də mərd-mərdanə qiyam edib, bir çox, xüsusilə kiçik uşaqlarını qurban verərək məzlumiyyətin gücu ilə Bəni-Üməyyənin fəsad və zülmünün kökünü kəsdi.
İmam Hüseynin La ilahə illallah kəlməsini ucaltmaq üçün dinə böyük bir xidmət göstərdiyini dost-düşmən hər kəs təsdiq və təqdir edir. Hətta müsəlman olmayanlar belə bunu bəyənirlər.

İMAM HÜSEYNİN (Ə) MƏZLUMİYYƏTİ HAQQINDA İNGİLTƏRƏLİ QADININ MƏQALƏSİ
XIX əsrdə fransız dilində yazılan bir ensiklopediyada bir ingiltərəli tədqiqatçı qadının «Üç şəhid» adlı uzun məqaləsi yer almışdır. O məqalənin məzmunu belədir «İnsanlıq tarixində üç nəfər haqqın ucalması üçün hər fədakarlıqdan daha üstün bir fədakarlıq göstərmişdir: Afinada yunanlı filosof Sokrat, Fələstində həzrət İsa ibn Məryəm və üçüncüsü müsəlmanların peyğəmbəri həzrət Mühəmmədin nəvəsi həzrət Hüseyn». (Bu qadın xristian olduğu üçün həzrət İsanın (ə) öldürüldüyünə inanır, amma biz müsəlmanlar onun öldürüldüyünə və asıldığına inanmırıq. Çünki Qurani-kərim “Nisa” surəsi 157 və 158-ci ayəsində açıq-aydın belə buyurur: “... Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır...”)
Daha sonra belə davam edir: «Bu üç nəfərin şəhadət məqamına baxıldığı zaman, həzrət Hüseynin Sokrat və həzrət İsadan daha əhəmiyyətli və daha güclü olduğunu hər kəs təsdiqləyir. Bu səbəbdən ona Seyyidüş-şühəda (Şəhidlərin ağası) deyilir. Çünki Sokrat və həzrət İsa haqq yolunda sadəcə öz canlarını fəda etdilər. Amma həzrət Hüseyn vətənindən uzaq bir çölün ortasında, kimsənin əlinin yetişmədiyi bir yerdə düşmənlər tərəfindən mühasirəyə alındı və ən əzizlərini haqq yolunda fəda etdi. Onların hər birini fəda etmək, Hüseyn üçün öz başını verməkdən daha çətin idi. Öz əli ilə onları düşmənin qarşısına göndərərək bu yolda qurban etdi.
İmam Hüseynin məzlumiyyətinə ən böyük dəlil, qundaqda olan südəmər uşağını qurban etməsidir. Südəmər uşağa su vermək üçün apardıqda, o alçaq qövm su vermək əvəzinə onu oxladı. Dünya tarixində belə bir şey görülməmişdir. Düşmənin bu hərəkəti Hüseynin məzlumiyyətini sübut etdi. Bax, bu məzhlumiyyətin gücü ilə güclü Bəni-Üməyyə ailəsinin izzətini yox edərək, onları bütün aləm qarşısında rəzil etdi. Onun və ailəsinin fədakarlıqları nəticəsində Mühəmmədin dini yenidən həyat qazandı».
Milliyyətcə alman olan doktor Marbin, fransalı doktor Jozef və başqa bu kimi avropalı tarixçilərin hamısı yazdıqları tarix kitablarında Seyyidüş-Şühəda həzrət Hüseynin (ə) qiyam və fədakarlığının İslam dinini canlandırdığını və Bəni-Üməyyənin zülm və küfrünün qarşısını aldığını təsdiqləmişlər. Əgər onun bu qiyamı olmasaydı, Bəni-Üməyyə tövhid dininin əsasını tamamilə aradan aparacaq və aləmdə Allah, Peyğəmbər, din və şəriət adına heç bir şey qalmayacaqdı.

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!