MERAC VƏ YENİ ELMLƏR (1)

:

Sual: İslam Peyğəmbərinin (s) meracı müasir elmlərlə necə uzlaşır?
İzah: Müsəlmanlara görə, İslam Peyğəmbərinin (s) meracı dinin qəti məsələlərindəndir və Qurani-Kərimdə ona aydın şəkildə toxunulmuşdur.

Meracın yeni elmlər və bəşərin şüuru ilə uzlaşmaması ona möcüzə və qeyri-adi bir iş kimi baxılmamasından qaynaqlanır. Çünki müasir dövrdə kosmik uçuşlarla əlaqədar bir çox maneələr irəli gəldiyindən və o zaman müasir dünyanın əldə etdiyi mütərəqqi texnikalar olmadığından belə bir sual irəli sürülmüşdür?
Cavab: Cavabın aydınlaşması üçün öncə meracın mənasını nəzərdən keçirək:

1. MERAC ANLAMI

Meracın lüğəvi mənası: Merac yüksəlmək və yuxarı qalxmaq mənasını daşıyan “üruc” sözündən alınmışdır. Duanın səmaya ucaldığı gecəyə “ləylətül-merac” (merac gecəsi) deyirlər.1 Deməli, meracın mahiyyəti yer aləmində və yüksək aləmlərdə seyr etməkdir.
Meracın terminoloji mənası: İslamda Peyğəmbəri-Əkrəmin (s) qeyri-adi şəkildə səmaya səfərinə “merac” deyilir. Rəvayətlərə əsasən, o həzrətin merac səfəri iki mərhələdə baş vermişdir:
a) O həzrət merac gecəsi Məscidül-Həramdan Məscidül-Əqsaya aparılmışdır. “İsra” surəsinin 1-ci ayəsində bu haqda belə buyurulur:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir.”
Tarix kitablarında bu mərhələ “isra” adlandırılmışdır.
b) Növbəti mərhələdə isə o həzrət Məscidül-Əqsadan səmalara qalxır. Rəvayətlərə görə, bu zaman o həzrət ilahi peyğəmbərlərlə görüşüb söhbət edir, behişti, cəhənnəmi və Allahın böyük nişanələrini müşahidə edir. Bu mərhələ “merac” adlanır.2

2. MERAC DASTANI

İslam Peyğəmbərinin (s) merac səfəri Qurani-Kərimin iki surəsində – biri “İsra”, digəri isə “Nəcm” surəsində qısa şəkildə qeyd olunur. Ayə və rəvayətlərə diqqət yetirməklə bu səfəri qısa şəkildə belə bəyan etmək olar: “İslam Peyğəmbərinin (ə) gecə vaxtı səmalara seyri Məkkədə yaşadığı son illərdə baş vermişdir.3 Amma ilin hansı gecəsində baş verdiyi haqda dəqiq məlumat yoxdur. Əllamə Məclisi “Biharul-ənvar” kitabında onun üç gecədən birində baş verdiyini qeyd etmişdir: 1. Rəbiül-əvvəl ayının 17-ci gecəsi; 2. Rəcəb ayının 27-ci gecəsi; 3. Ramazan ayının 17-ci gecəsi.4 Peyğəmbəri-Əkrəm (s) həmin gecə Əbu Talibin qızı Ümmü Haninin evində ikən meraca getdi. O həzrətin Məscidül-Əqsadan səmalara gedib-qayıtması bütünlüklə bir gecə içərisində baş vermişdir.
Peyğəmbəri-Əkrəmdən (s) belə buyurduğu nəql olunmuşdur: “Mən Ümmü Haninin evində mürgülədiyim zaman Cəbrail gəlib dedi: “Ey Mühəmməd, ayağa qalx!” Mən ayağa qalxdım. O, mənim əlimdən tutub Zəmzəm quyusuna tərəf apardı. Bir mələyə dedi: “Zəmzəm və Kövsər suyundan bir qədər su gətir ki, Mühəmməd dəstəmaz alsın. Həmin mələk su gətirdi və mən dəstəmaz aldım. Cəbrailin göstərişi ilə Məscidül-Hərama daxil oldum. Sonra Cəbrail əlimdən tutub məsciddən çıxartdıqda, qapının önündə Büraqı (Büraq adlı at) gördüm. Cəbrail mənə dedi: “Min. İbrahim peyğəmbər Kəbə evinin ziyarətinə gedərkən ona minərdi.” Mən mindim və o, məni Məscidül-Əqsaya, sonra isə göylərə apardı. Orada qəribəliklər gördüm, yaradılış sirləri ilə tanış oldum və sonra Büraq məni Məkkəyə qaytardı.5
Rəvayətlərdə deyilir ki, Büraq bir neçə yerdə – Mədinədə, Kufə məscidində, Sina dağında, İsa peyğəmbərin doğulduğu Beytül-Ləhmdə dayandı və Peyğəmbəri-Əkrəm (s) namaz qıldı. Sonra Məscidül-Əqsaya daxil olub, orada da namaz qıldı və səmalara qalxdı.6
İbn Hişam “Əs-sirətün-Nəbəviyyə” kitabında Ümmü Hanidən “merac” hədisi ilə bağlı belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) həmin gecə mənim evimdə idi. Xiftən namazını qılıb yatdı. Biz də yatdıq. Sübhə yaxın bizi yuxudan oyatdı və sübh namazını birgə qıldıq. Sonra mənə buyurdu: “Ey Ümmü Hani, bildiyiniz kimi, mən bu evdə “işa” namazını sizinlə birgə qıldım, sonra Beytül-Müqəddəsə gedib, bir neçə rükət namaz da orada qıldım. Gördüyünüz kimi, burada sübh namazını yenidən sizinlə birgə qıldım.” Peyğəmbər (s) bunu deyib, ayağa qalxdı. Getmək istədikdə, əlimi atıb libasından yapışdım. Dedim: “Ey Allahın Rəsulu, bizə buyurduğun sözü başqalarına demə ki, səni təkzib edəcək, incidəcəklər. Həzrət buyurdu: “Allaha and olsun, onlara da söyləyəcəyəm!”
Ümmü Hani deyir ki, həbəşili kənizimə dedim: “Peyğəmbərin (s) arxasınca get və gör, camaata nə deyəcək? Sonra onları mənə danışarsan! Kəniz evdən çıxıb getdi və evə qayıtdıqda dedi: “Peyğəmbəri-Əkrəm (s) meraca səfərini camaata danışdıqda, onlar təəccüblə deyirdilər: “Sözünün doğruluğuna bir dəlilin, nişanən varmı? Biz haradan bilək ki, sən düz danışırsan?” Həzrət isə onlara buyurdu: “Dəlilim-nişanəm filan karvandır. Mən Şama gedərkən onları filan yerdə gördüm. Onların dəvələri Büraqın hərəkətinin səsindən qorxdu, hətta biri qaçıb gözdən itdikdə, mən onun yerini göstərdim. Səfərdən geri qayıdarkən, (Məkkənin yaxınlığındakı) Zəcnan məntəqəsində filan karvanla rastlaşdım. Onların hamısı yatmış, başları üzərinə qoyduqları su tuluğunun üstünü örtmüşdülər. Həmin karvan hal-hazırda “Tənim” dərəsindən Məkkəyə girəcəklər. Əlaməti isə onların önündə hərəkət edən qəhvəyirəngli dəvədir. Ona yüklənmiş iki kisənin biri qaradır. Camaat bunu eşitcək, “Tənim” dərəsinə yollandılar. Peyğəmbəri-Əkrəmin (s) söylədiyi nişanələri müşahidə etdilər. Camaat Məkkəyə daxil olan həmin karvandan dəvələrin qorxduğu və hətta birinin itdiyindən xəbər aldıqda, onun doğruluğunu təsdiq etdilər.7
Deməli, merac səfərinin həqiqətində heç də şəkk-şübhə yoxdur. Əllamə Təbatəbai bu haqda yazır: “İsra” və “merac” inkaredilməz bir həqiqətdir. Çünki Qurani-Kərimdə bu haqda geniş söz açılmış və məsum imamlar vasitəsilə Peyğəmbəri-Əkrəmdən (s) “mütəvatir” hədislər nəql olunmuşdur.8 Biz isə burada onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ

a) “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir.”9
b) İmam Cəfər Sadiq (ə) buyurmuşdur:

ليس من شيعتنا من انكر اربعة اشياء: المعراج و المسئلة فى القبر و خلق الجنة و النار و الشفاعة

“Dörd məsələdən birini inkar edən kəs bizim şiəmiz deyil: meracı, qəbirdə sorğu-sualı, behişt və cəhənnəmin yaranışını və şəfaəti.”10
c) İmam Rza (ə) buyurmuşdur:
من كذب بالمعراج فقد كذب رسول الله
“Meracı inkar edən şəxs, həqiqətdə Allahın Rəsulunu (ə) inkar etmişdir.”11

3. MERAC CİSMANİ OLUB, YOXSA RUHANİ?

Burada sual oluna bilər ki, merac səfəri cismani olub, yoxsa ruhani? (Başqa sözlə, Peyğəmbəri-Əkrəm (s) bədəni ilə meraca gedib, yoxsa yuxuda ruhu səmaları gəzib dolaşmış və qəribəlikləri müşahidə etmişdir?) Bu məsələ öncə qeyd etdiyimiz sual ilə sıx əlaqəlidir. Çünki merac səfəri ilə bağlı irəli sürülən iradların ən önəmlisi onun cismani olub-olmaması barəsindədir. Odur ki, bu haqda verilən nəzərləri qeyd edirik:
1. Peyğəmbəri-Əkrəmin (s) gecə vaxtı seyri və merac səfəri ruhani olmuşdur. Cəhmiyyə firqəsinin nəzərinə görə, o həzrət yuxuda ikən meraca səfər etmişdir.12 Bu nəzəri qəbul edənlər öz iddiaları üçün iki dəlil gətirmişlər:
a) Cismani merac səfərini bəşərin əqli, şüuru qəbul edə bilmir. Çünki bəzi İslam filosoflarının nəzərinə görə, əvvəla, çəkisi ağır cisim yüksəlib yüngül cismin fövqündə dura bilməz və qeyri-mümkündür. İkincisi, cismani merac fələkdə (qalaktika) yarıq (açılıb-bağlanma) əmələ gəlməsini tələb edir. Halbuki fəlsəfi dəlil və sübutlara əsasən, bu da qeyri-mümkün işdir. Üçüncüsü də, cismin göy aləminə qalxması və orada seyr etməsi uzun vaxt tələb edir. Halbuki Peyğəmbəri-Əkrəmin (s) meracı qısa bir müddətdə baş vermiş və hətta bəziləri dediyinə görə, bir andan çox olmamışdır. Bu isə onun ruhani olduğuna bir dəlildir.13
Müsəlman sxolastikləri filosoflara belə cavab vermişlər: Həzrət Peyğəmbəri-Əkrəmin (s) merac səfəri cismani olmuş və xarici bədəni ilə bütün aləmləri, hətta səkkizinci və doqquzuncu fələk sayılan kürsü və ərşi belə seyr etmiş, fələk mövcudatını da yaxından görmüşdür. Lakin filosofların cismani meracın fələkdə yarığa səbəb olması ilə əlaqədar şübhənin mənşəyi səmanı cisim hesab etmələridir. Bu təsəvvürə əsasən, əgər Peyğəmbəri-Əkrəm (s) bədəni ilə göyə qalxsaydı, mütləq göy yarılmalı idi. Bunu da əql və şüur qəbul etmir.14 Halbuki yeni elm bu nəzəriyyənin (göyün cisim olması) batilliyini isbat etmişdir.
b) İslam mənbələrində nəql olunan bəzi rəvayətlər merac səfərinin ruhani olduğunu göstərir. Belə ki, Yəqub ibn Ütbədən belə nəql olunur: “Bu iş yuxuda baş vermişdir.”15 Həmçinin Ayişədən nəql olunan bir rəvayətdə belə deyilir: “Allaha and olsun, Allah-Taala Peyğəmbərin bədənini yox, ruhunu göylərə apardı.”16
Deməliyik ki, əvvəla, bu rəvayətlər siyasi məqsəd daşıyır və merac məsələsi ilə əlaqədar münaqişəni aradan qaldırmaq üçün nəql olunmuşdur.17 İkincisi, bu məsələ şiə və sünni təriqi ilə nəql olunan bir çox rəvayətlərlə ziddiyyət təşkil edir. Üçüncüsü də, Ayişə, Peyğəmbəri-Əkrəmin (s) meraca getdiyi zaman ya dünyaya gəlməmişdi, ya da kiçik bir uşaq idi və bu hadisədən neçə illər sonra o həzrətlə evlənmişdir. Necə ki, əhli-sünnə alimi İbn Həcər Əsqəlani yazır: “Ayişə Peyğəmbər (s)-in “besət”indən (peyğəmbərliyindən) dörd, yaxud beş il sonra dünyaya gəlmiş, hicrətin 1-ci, yaxud 2-ci ilində doqquz yaşında ikən o həzrətlə evlənmişdir. Deməli, Peyğəmbəri-Əkrəmin meraca getdiyi ildə, “besət”in 1-ci və yaxud 2-ci ilində Ayişə hələ dünyaya gəlməmişdi. Sadəcə bu qədər deyə bilərik ki, o, bu məsələ ilə bağlı yalnız öz nəzərini bildirmişdir.18
2. Peyğəmbəri-Əkrəmin (s) Məkkədən (Beytül-Həramdan) Məscidül-Əqsaya gecə vaxtı seyri və oradan göy aləminə meracı ruhani olmuşdur. Bu nəzəri mərhum Şeyx Əhməd Ehsaninin “şeyxiyyə” adlı ardıcılları irəli sürmüşlər.19 Onların nəzərinə görə, həzrət Peyğəmbəri-Əkrəm (s) bədən orqanizminin su, torpaq, hava və oddan ibarət dörd əsas ünsürü (maddə) maddi aləmdə qoyub, “misali” bədənlə səmalara səfər etmişdir.20 Zeydiyyə və mötəzilə firqələri də bu nəzəri qəbul edərək demişlər: “Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Beytül-Əqsaya qədər seyri həm ruhani, həm də cismani olmuşdur. Çünki ayədə “Beytül-Əqsaya qədər” ibarəsi işlənmişdir. Ondan sonra göy aləminə meracı isə ruhani olmuşdur.21
3. Həzrət Peyğəmbəri-Əkrəmin (s) gecə vaxtı səmalara meracı cismani və oyaq halda olmuşdur.22 İslam alimləri arasında ən məşhur nəzər budur ki, o həzrətin merac səfəri həqiqət aləmində cismani olaraq baş vermişdir və bu, İslamın qəti və danılmaz məsələləri sırasındadır. Meracla bağlı ən düzgün nəzər də budur! Quran ayələri və İslam rəvayətləri də açıq-aşkar meracın həm cismani, həm də ruhani olduğunu sübut edir. Necə ki, böyük şiə fəqihi və təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” kitabında alimlərin bu haqda yekdil fikirdə olduğunu bildirmişdir.23
Həmçinin görkəmli şiə hədisçisi Əllamə Məclisi və məşhur əhli-sünnə təfsirçisi Fəxri-Razi belə yazırlar: “Tədqiqatçılar Quran ayələri, şiə və sünni təriqəti ilə nəql olunan “mütəvatir” rəvayətlərə əsasən, qəbul edirlər ki, mütəal Allah İslam Peyğəmbərinin (s) həm cismini, həm də ruhunu Məkkədən Məscidül-Əqsaya və oradan da göylərə qaldırdı. Bunu inkar edən, yaxud ruhani meraca yozan, yaxud onun yuxuda baş verdiyini deyənləri tədqiqat əhlindən hesab etmək olmaz, yaxud da deməliyik ki, onların imanı və yəqini zəifdir.24

Ardı var...

ARDINI BURADAN OXUYUN


1. “Əl-müfrədat”, Hüseyn Rağib İsfahani, “Dəftəri nəşri-kitab”, 1404-cü h.q. ili, səh.329.
2. “Təfsiri-nümunə”, Ayətullah Nasir Məkarim Şirazi, 22-ci cild, səh.504-505, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, 1374-cü h.ş. ili.
3. “Həzrət Mühəmmədin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.
4. “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.302, Beyrut, “Əl-vəfa” müəssisəsi, 1403-cü h.q. ili.
5. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, Qum, “Dəftəri intişarati-İslami”, 5-ci çap, 1417-ci h.q. ili 13-cü cild, səh.32; “Dəqaiqut-təvil və həqaiqut-tənzil”, Məhmud ibn Məhəmməd Əbülməkarim Həsəni, Tehran, “Mirasi-məktub” nəşriyyatı, 1381-ci h.ş. ili, səh.379 və 393.
6. “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.252-261.
7. “Əs-sirətun-Nəbəviyyə”, İbn Hişam, tərcümə: Seyid Haşim Rəsuli Məhəllati, Tehran, “Kitabçı” nəşriyyatı, 5-ci çap, 1375-ci h.ş. ili, 1-ci cild, səh.256.
8. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, tərcümə: Seyid Məhəmmədbaqir Musəvi Həmədani, 13-cü cild, səh.53. Bax: “Əl-kəşşaf”, Məhmud Zəməxşəri, Beyrut, “Darul-kutubil-ərəbi”, 2-ci cild, səh.647; “Məcməül-bəyan”, Fəzl ibn Həsən Təbərsi, Tehran, “Nasir Xosrov” nəşriyyatı, 3-cü çap, 1372-ci h.ş. ili, 6-cı cild, səh.609; “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.289.
9. “İsra” surəsi, ayə 1.
10. “Biharul-ənvar”, 18-ci cild, səh.312.
11. Yenə orada, hədis: 23.
12. “Mənaqib”, İbn Şəhr Aşub, Nəcəfi-Əşrəf, “Heydəriyyə” nəşriyyatı, 1376-cı h.q. ili, 1-ci cild, səh.153.
13. “Meracnamə”, İbn Sina, səh.18.
14. Bax: “Təfsiri-nümunə”, 12-ci cild, səh.16; “Əl-mizan fi təfsiril-Quran” kitabının tərcüməsi, 13-cü cild, səh.54.
15. “Əl-bidayətu vən-nihayə”, Hafiz Əbülfida İbn Kəsir, Beyrut, “Daru ehyait-turasil-ərəbi”, 1408-ci h.q. ili, 3-cü cild, səh.141.
16. Yenə orada.
17. “Təfsiri-nümunə”, 12-ci cild, səh.15-16.
18. “Tarixi-İslam”, Mehdi Pişvayi, səh.133, Qum, “Dəftəri nəşri-maarif”, 6-cı çap, 1386-cı h.ş. ili.
19. “Bəyanüs-səadət fi məqamatil-ibadət”, Xanrza Hişmətullah Riyazi, Tehran, “Peyami-nur” universitetinini çap və nəşriyyat mərkəzi, 1372-ci h.ş. ili, 8-ci cild, səh.223.
20. “Üç fəlsəfi risalə”, Sədrül-Mütəəllihin Molla Sədra, Qum, “Dəftəri təbliğati-İslam”, 1387-ci h.ş. ili, 3-cü çap, səh.59.
21. “Mənaqib” İbn Şəhr Aşub, Nəcəfi-Əşrəf, “Heydəriyyə” nəşriyyatı, 1376-cı h.q. ili, 1-ci cild, səh.177.
22. “Bəyanüs-səadət fi məqamatil-ibadət”, Xanrza Hişmətullah Riyazi, Tehran, “Peyami-nur” universitetinini çap və nəşriyyat mərkəzi, 1372-ci h.ş. ili, 8-ci cild, səh.223.
23. “Məcməül-bəyan”, 7-ci cild, səh.395.
24. “Biharul-ənvar”, Əllamə Məclisi, Beyrut, “Əl-vəfa” müəssisəsi, 18-ci cild, səh.289; “Məfatihul-qeyb”, Fəxri-Razi, 5-ci cild, səh.540-546.

 

Tags: PEYĞƏMBƏR (s) , SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!