İLAHİ ƏDALƏTİN MƏNASI NƏDİR?

:

Sual: “İlahi ədalət” məsələsi ilə əlaqədar belə bir sual yaranır: Quran ayələrinə və tutarlı dəlillərə əsasən, zinadan dünyaya gələn şəxs mömin ola bilməz. Ümumiyyətlə, onun günaha meyilli olması üçün zəmin daha böyükdür. Digər tərəfdən, “hədisi-qüdsi”də deyilir ki, zinadan dünyaya gələn şəxs behiştə daxil olmaz və heç vaxt Əhli-beyti (ə) sevməz. İlahi ədalətə əsasən, zinada heç bir rolu olmayan şəxs belə olmalıdırmı?

“Ədalət” hər şeyin yerini düzgün təyin etmək və onu öz yerində qərar verməkdir. Əmirəl-Möminin Əli (ə) bu haqda buyurmuşdur: “Ədalət hər şeyi öz yerində qərar verməkdir.”1
Bu tərifə əsasən, ilahi ədalət odur ki, Allah-Taala hikməti ilə dünyanı xeyirli və kamil, eləcə də, müxtəlif varlıqları son hədəfə uyğun halda yaratmışdır.
Digər tərəfdən, ilahi ədalətə əsasən, kainat öz varlıq mərtəbəsinə mütənasib şəkildə xəlq olunmuş və hər bir yaranmış üçün ona uyğun gələn qayda-qanunlar, adət-ənənələr mövcuddur. Bizim həyat sürdüyümüz maddi aləm də bundan istisna deyil. Bu səbəbdən, ona xüsusi nizam hakimdir. İxtilaflar, dəyişikliklər, hərəkət, təsir emək və təsirlənmək onun ayrılmaz xüsusiyyətlərindən sayılır.

VARLIQLARIN TƏSİRİ
Dünyanın qayda-qanunlarından biri varlıqların bir-birinə təsiri və təsirlənməsidir. Yəni bir sıra amillər bir varlığın müəyyən formaya düşməsinə təsir göstərir və o, həmin amildən təsirlənir. Buna torpaq, günəş və su vasitəsilə toxumun bitki olmasını misal çəkmək olar. Belə ki, bitkinin dəyişməsi bu üç amilin keyfiyyətinə bağlıdır.
Başqa bir misal: Valideynin ruhi xüsusiyyətləri, eləcə də, fizioloji və bioloji xüsusiyyətlər rüşeymə, uşağın cisminə birbaşa təsir göstərir. Şəriətə uyğun olmayan yolla bağlanan nütfədən dünyaya gələn uşaq anaya hakim ruhiyyə səbəbindən günaha daha meyilli olur. Bu, maddi aləmə uyğun qayda-qanunlardan təsirlənir. Bir sıra amillər varlığa təsirini göstərir və həmin varlıq bu amillərdən təsirlənir.
Yer üzündəki varlıqlar içərisində insan özünəməxsus xüsusiyyətə və formaya malikdir. Bu da, insanın həqiqi tərkibindən – cisim və ruhdan aslıdır. İnsanın quruluşu elə tənzimlənmişdir ki, bu dünyada müəyyən amillər müqabilində müqavimət göstərib onlardan təsirlənir, hətta onların təsirinin qarşısını alır. O, elm, iradə və azadlığa malik olduğu üçün maddi və digər amillərin təsiretmə qabiliyyətinin qarşısını almaq qüdrətinə malikdir.

ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI
Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyana əks hərəkət etmək gücünə malikdir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir. Lakin Allah-Taala həmin müqavimətə görə, öz istəyinin əksinə hərəkət edib saleh əməl yerinə yetirənin savabını ikiqat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs ata-anasının qurşandığı günahın təsirindən məcburi şəkildə günaha yönəlmişsə, niyə cəzalanmalıdır? İlahi əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə, savab qazanar, əksinə, əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu isə bütün insanlara, hətta zinadan dünyaya gələnlərə belə, aiddir. İlahi əzabın zinadan dünyaya gələn şəxs barəsində də bəyan olunmasının səbəbi odur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.
Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün ilahi ədalətə zidd də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn uşağın elm, iradə və azadlığa malik olması insana hakim olan adət-ənənənin tələbinə görədir. Bu da ilahi ədalətdən sayılır. Həmçinin, həmin şəxs ixtiyar sahibi və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü

 

 

 


1. “Nəhcül-bəlağə”, hikmət: 437.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!