KƏRBƏLA ŞƏHİDLƏRİNİN PAK BƏDƏNLƏRİNİN DƏFNİ

:

Bəzi tarixi mənbələr İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin pak bədənlərini dəfn etmək üçün Bəni Əsəd qəbiləsindən bir dəstə insanın Kərbəlaya gəldiyini yazır. Amma bədənlərin başı olmadığı üçün onları tanımaq olmurdu. Hətta köynəklərini bədənlərindən çıxarıb oğurlamışlar.

Bədənlərin çoxu qılınc yaralarından tanınmaz halda idi. Bəni Əsəd çaşqın halda qalmışdı ki, bu vaxt İmam Səccad əleyhissalam şəhidlərin pak bədənlərinin yanına gəlib bir-bir bədənləri Bəni Əsəd qəbiləsinə tanıtdırdı və özü isə əziz atasının mübarək pak bədənini dəfn etdi. Ağlayaraq belə deyirdi: Afərin olsun sənin pak bədənini qəbul edən torpağa. Dünya səndən sonra zülmət axirət isə sənin nurunla aydınlaşıbdır. Allah sənin ailəni sənə qovuşdurana və sənə Mə`vada yer verənə qədər daha gecələr yuxum yox, qəm-qüssəm isə sonsuzdur. Mənim salamım sənə olsun ey Allah Rəsulunun övladı və Allahın Rəhməti sənə olsun.
Sonra qəbrin üzərində belə yazdı: Bu, susuz və qərib öldürülən Hüseyn ibn Əli ibn Əbu Talibin qəbridir.
Ondan sonra həzrət Əli ibnul Hüseyn (Əli Əkbər) əleyhissalamın pak bədənini həzrət İmam Hüseynin (ə) ayaq tərəfində dəfn etdi. Sonra göstəriş verdi ki, Əhli-Beytin (ə) şəhidlərini İmam Hüseynin (ə) qəbri kənarında dəfn etsinlər. Bundan sonra Bəni Əsəd qəbiləsi İmam Səccad (ə) ilə birlikdə Həzrət Əbülfəzl Abbasın (ə) pak bədənini dəfn etmək üçün Nəhri Əlqəməyə tərəf yollandılar. Həzrətin pak bədənini şəhid olduğu yerdə dəfn etdilər. Bu vaxt İmam Səccad əleyhissalam şiddətlə ağlayaraq buyurdu: Səndən sonra – ey Bəni Haşimin on dörd gecəlik ayı – dünyaya kül ələnsin [səndən sonra kül olsun dünyanın başına]. Sənə salam göndərir və Allahın rəhmətini sənə diləyirəm.

BİR ŞÜBHƏNİN CAVABI
Bəzi tarixçilər İmam Hüseynin (ə) pak bədəninin dəfnini başqaları tərəfindən olduğunu yazırlar ki, bunun özü yanlış fikirdir. Çünki hər bir məsum İmamın (ə) qüsl, kəfən və dəfnini məsum İmam (ə) yerinə yetirməlidir. Məhz buna əsasən həzrət İmam Hüseynin (ə) pak bədəninin başqaları tərəfindən dəfn olması məqbul nəzər sayıla bilməz.

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!