HƏZRƏT ƏLİ ƏKBƏR (Ə) KİMDİR?

:

Həzrət Seyyidüş Şühəda İmam Hüseynin (ə) xələf övladı Həzrət Əli Əkbər (ə), hicri qəməri tarixinin 43-cü ili, Şaban ayının 11-də  Mədinə şəhərində dünyaya göz açıb.1

Əziz atası Həzrət İmam Hüseyn (ə) və anası isə iffətli xanım olan Leyla binti Əbi Mərrə ibn Ürvə ibn Məsud Səqəfidir.2 İlamun Nisa kitabında Leyla xanım haqqında belə yazılıb: " O, dövrünün ən fəzilətli xanımlarından idi." Amma Leyla xanımın doğum və vəfat tarixi məlum deyil. Necə ki, onun Kərbəlaya gəlib gəlməməsi də məlum deyil. Mümkündür ki, Kərbəla hadisəsindən qabaq vəfat etmişdir.
Həzrət Əli Əkbərin (ə) şəhid olduğu vaxt neçə yaşı olması haqqında müxtəlif fikirlər vardır. Bəziləri 18, bir dəstəsi 19 başqa bir dəstə isə 25 yaş olduğunu qeyd etmişlər.3
Əbulfərəc İsfahani, Muğeyrədən rəvayət edir ki, bir gün Müaviyə ibn Əbi Sufyan (Allahın lənəti olsun hər ikisinə) öz ətrafında olanlara dedi:" Sizcə ümmətdən xilafətə ən layiqli insan kimdir?" Yanındakılar yaltaqcasına dedilər:" Xilafət üçün səndən daha layiqlisini tanımırıq". Müaviyə dedi:" Siz dediyiniz kimi deyil. Əksinə xilafətə ən layiqli şəxs Əli ibni Huseyndir (ə) ki, babası da Allahın rəsuludur. Onda  Bəni Haşimin şücaəti, Bəni Üməyyənin səxavəti və Səqifin qüruru özünü əks etdirir" .4
Əli Əkbərin (ə) Həzrət İmam Zeynul-Abidindən (ə) böyük ya kiçik olmasında tarixçilər arasında fərqli fikirlər vardır. İmam Zeynul-Abidindən (ə) nəql olunan bir hədisdən anlamaq olur ki, o, Əli Əkbərdən (ə) yaşda kiçik olub. Həzrət belə buyurur: كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس  - "Mənim bir qardaşım var idi ona Əli deyilirdi, məndən böyük idi, insanlar onu öldürdü". 
Həzrət Əli Əkbərin mübarək qəbri Kərbəlada Həzrət İmam Hüseynin ayaq tərəfindədir ki, məhz buna görə İmam Hüseynin (ə) qəbri altı güşədən ibarətdir. Aşura ziyarətinin salam hissəsinə çatanda Əli ibni Hüseynə salam olsun deyəndə, Əli Əkbər (ə) nəzərdə tutulur.
Nəql olunur ki, bir gün Əli Əkbər (ə) əziz atasından Mədinənin valisinə bir ismarıc çatdırır. Axırda Mədinənin valisi o Həzrətdən adını soruşur. Həzrət cavab verir: "Əlidir." Soruşur:"Qardaşının adı nədir?"  Buyurur:"Əlidir."  Vali əsəbləşib bir neçə dəfə dedi:"Əli, Əli, Əli, atan nə istəyir? Bütün övladlarının adını Əli qoyur" . Bu söhbətdən sonra Əli Əkbər (ə) hadisəni atası İmam Hüseynə (ə) danışır. İmam Hüseyn (ə) buyurur: "Allaha and olsun əgər Allah mənə onlarla oğlan övladı inayət etsəydi hamısının adını Əli qoyardım və əgər onlarla qız övladı nəsib etsəydi hamısının adını Fatimə qoyardım". 
Həzrət Əli Əkbərin şəxsiyyəti haqda yazırlar ki, o, gözəl, xoş sima, xoş dil, şücaətli bir cavan idi. O, xarakter, əhval-ruhiyyə və gözəllikdə Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi, şücaət və igidlikdə Həzrət Əli ibn Əbu Talibdən (ə) irs aparmış, bütün insani keyifiyyətlərə yiyələnmişdir.5
O Həzrətin şücaəti, döyüşkən bir igid olması, dini uzaqgörənliyi və siyasətçi olması Kərbəla səfərində, xüsusən də Aşura günündə özünü göstərdir. Buna sübut olaraq onun sözləri və fədakarlığı yetər. İmam Hüseyn (ə) Bəni Məqatilin mənzilini ötüb keçən zaman atın üstündə onu ani olaraq yuxu aparır və oyanan kimi “inna lillah və inna iləyhi raciun” deyib üç dəfə bu kəlməni və Allaha həmdi təkrar edir. Həzrət Əli Əkbər (ə) əziz atasından bunun səbəbini soruşduqda İmam Hüseyn (ə) cavab verir: "Yuxuda gördüm ki, bir süvari deyir ki, bu karvan ölümə doğru gedir". Əli Əkbər (ə) soruşdu:"Biz haqq deyilikmi?" İmam Hüseyn (ə) buyurdu: "Bəli (haqq bizimlədir)" . Sonra Həzrət Əli Əkbər (ə) buyurdu: "Haqq yolunda öldürülməkdən qorxumuz yoxdur". 

Aşura günü İmam Hüseynin (ə) yoldaşları şəhadətə çatdıqdan sonra, din yolunda canını fəda etmək üçün meydana getməyə ilk icazə istəyən şəxs o, idi. Baxmayaraq ki, onun meydana getməsi Əhli-Beyt (ə) və İmam Hüseyn (ə) üçün olduqca ağır idi amma onun fədakarlığına görə bundan başqa bir şey gözləmək olmurdu. Meydana gedəndə İmam Hüseyn (ə), o namərd qövmdən Allah dərgahına şikayət edib onlara nifrin etdi. Həzrət Əli Əkbər (ə) meydana gedib bir neçə dəfə düşmən ordusu ilə şücaətlə döyüşdü. Şəhadətindən sonra İmam Hüseyn (ə) öz üzünü Əli Əkbərin (ə) qanlı üzünə qoyub yenidən düşmənə nifrin etdi: “Allah səni öldürən qövmü öldürsün”.
İmam Hüseyn (ə) onun tərbiyəsində, quran təlimində və İslam maarifində bir sözlə kamil bir insan kimi yetişməsində səy göstərmiş və əsaslı rol oynamışdır. Aşura günü fəal özünü göstərən Əli Əkbər (ə), həmişə atasının yanında olub düşmənlə çox ciddi mübarizə apardı.
Əli Əkbər (ə) Aşura günü Bəni Haşimdən şəhid olan ilk şəxs idi. Tanınmış şəhidlər ziyarətnaməsində də belə oxuyuruq: Əssəlamu ələykə ya əvvəlu qətilə min nəslin xəyru səlil.6
Əli Əkbər (ə) Aşura günü Ömər Sədin qoşunundan iki dəfə hücum edərək iki yüz nəfəri cəhənnəmə vasil etdi. Sonda Mərrə ibn Munqəz Əbdi Həzrətin mübarək başına bir zərbə endirərək şiddətli yaralayır. Bundan sonra düşmənlər cürət tapıb ona hücum edib, qılınc və nizə ilə məzlumcasına onu vurub şəhid etdilər. İmam Hüseyn (ə) onun şəhadətindən çox qəmgin olub, təsirlənib ağladı. Əli Əkbərin (ə) mübarək başını dizinə alanda buyurdu: ولدي علي عَلَي الدّنيا بعدك العفا – "Övladım Əli, səndən sonra uf bu dünyaya".7


1.  - Müstədrəkun Səfinətul Bihar, Əli Namazi, c.5 s.388
2.  - Məqatilut Talibin, Əbulfərəc İsfəhani, s.52
3.  - Muntəhəl Amal, c.1, s.373 və 464
4.  -  Əl-İrşad, s.458
5.  - Muntahal Amal
6. - Muntahal Amal, c.1,  s.375
7. - Həmin mənbə

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!