«YƏCUC» VƏ «MƏCUC» TAYFASI VƏ ZÜLQƏRNEYN KİM İDİ? - II HİSSƏ

:

ZÜLQƏRNEYN KİMDİR?

Bu yazının birinci hissəsindəYəcuc və Məcuc haqqında danışdıq onların zalım tayfa olduğuna işarə edərək bildirdik ki, Zülqərneyn butayfanın zülmünə son qoydu. Bəs Züqərneyn kimdir? Təbii ki, Qurani Kərimin Kəhf surəsinin 84-cü ayəsini oxuyanda insanın zehninə gələn ilk sual elə budur ki, görəsən Zülqərneyn kimdir?

Zülqərneynin kimliyi haqqında və hansı tarixi insan olması haqqında müxtəlif nəzərlər vardır.
Bu haqda bilmək üçün təbii ki, ilk öncə Zülqərneynin fərdi xüsusiyyətləri haqqında məlumat toplamaq lazımdır ki, sonra bu xüsusiyyətləri tarixdə məşhur olan insanın xüsusiyyətləti ilə ölçülərək şəxsiyyəti məlum olsun.
Təbii ki, onun fərdi xüsusiyyətlərini öyrəmək üçün ən səhih və düzgün mənbə Qurani Kərimdir. Quran ayələrindən çox gözəl başa düşmək olur ki, Zülqərneyn gözəl xüsusiyyətə malik bir insan olub.
1. Allah Təala ona qüdrət nə istəyirdisə ixtiyarında idi: Həqiqətən Biz ona yer üzündə qüdrət verdik və onun ixtiyarında hər bir şeydən  səbəb və vasitələr qoyduq. (Kəhf surəsi, 84-cü ayə)
2. O, üç dəfə qoşun yeridərək mühüm müharibələr etmişdir: əvvəl qərbə, sonra şərqə və daha sonra isə dağlıq ərazisi olan bir məntəqəyə. Bu səfərbərliyin hər birində müxtəlif qövmlər ilə üzləşdi.
3. O, mömin, təkallahlı və mehriban bir insan idi. Heç zaman ədalətdən kənar bir iş görməzdi ki, məhz buna görə də Allah ona çoxlu xüsusi nemətlər əta etmişdir.
4. O, həm Allaha həm də Qiyamət gününə inanırdı.
5. O, yer üzündə ən möhkəm bəndlərdən birini tikib hazırlamışdı. Bu bənd elə bir bənd idi ki, daş və kərpic əvəzində dəmir və misdən istifadə olunmuşdur. Bu bəndi tikməkdə məqsəd məzlumları, Yəcuc və Məcuc adlı zalım tayfanın şərrindən qorumaq idi.
6. O, elə bir şəxsdir ki, Quran nazil olmamışdan qabaq bəzi cəmiyyətlər arasında tanınırdı. Çünki Qüreyş yaxud yəhidilərdən kimsə Zülqərneyn haqqında Peyğəmbərimizdən (s) soruşdu. Beləki Quran bu haqda buyurur: (Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində (Qur’andan) ayələr oxuyacağam.»
Yuxarıda Qurandan qeyd etdiyimiz xüsusiyyətlərə diqqət etməklə tarixə nəzər salıb görək hansı sərkərdə yaxud padşahla bu xüsusiyyətlər üst-üstə düşür. Bu haqda çoxlu nəzərriyyələr var ki, biz onlardan yalnız üç məşhur nəzəriyyəyə işarə edirik:
Birinci: Makedoniyalı İskəndər: Bəziləri Makedoniyalı İskəndəri, İskəndər Zülqərneyn adlandırıb. O, 36 ildən artıq ömür sürməyib.Onun cəsədini İskəndəriyyəyə aparıb orada dəfn etdilər.
Lakin bu nəzəriyyəni qəbul etmək olmaz çünki Makedoniyalı İskəndər müşrik və kafir idi. Hətta ömrünün sonunda zülmü o qədər çoxaldı ki, Əhəmənilərə qalib gələndə allahlıq iddiası edir. Məhz buna görə də Quranın buyurduğu ilə tərs mütənasibdir (Nümunə Təfsiri, 12-ci cild, səhifə 543).
İkinci: bəzi tarixçilərin nəzərinə əsasən Zülqərneyn Yəmən padşahlarından biri olub. Bu nəzər sahiblərinin fikrinə əsasən Zülqərneynin düzəltdiyi bənd məşhur olan “Mərib” bəndidir (Nümunə Təfsiri, 12-ci cild, səhifə 542).
Bu nəzəriyyənin də özünəməxsus səhvləri vardır, əvvəla Yəməndə olan “Mərib” bəndinin heç bir xüsusiyyəti Quranda zikr olunan bənd ilə oxşarlığı yoxdur. Çünki Quranın dediyinə əsasən Zülqərneynin düzəltdiyi bənd dəmir və misdən düzəlmə bir bənd idi ki, vəhşi bir tayfadan qorunmaq üçün düzəldildi. Lakin “Mərib” bəndi sadə materiyallardan və daşqınların şəhərləri xarab etməməsindən ötrü salınıb. İkinci, Yəməndə çoxlu şahlar Zülqərneyn adı ilə tanınıb, məlum deyil ki, onların hamısı mömin olub yoxsa yox!
Üçüncü nəzər: Böyük Sirus. Bu nəzər yeni bir nəzərdir ki, İslamın tanınmış alimi “Əbul Kəlam” deyib və çoxları da bu nəzəriyyəyə üstünlük verir. Sirus İranlı olub, miladdan öncə altıncı əsrdə İran Əhəməniləri dövründə yaşayıb. Onun da Zülqərneyn kimi şəxsiyyəti olub və həmçinin təkallahlı dini təbliğ edib.

SİRUS VƏ ZÜLQƏRNEYNİN OXŞAR SİMALARI
1. Sirus və Zülqərneyn hər ikisi təkallahlı və mömin idi.
2. Hər ikisi ədalətli, mehriban və ehsan edən şah idi.
3. Zalımlara, düşmənlərə və siyasətçilərə qarşı sərt idilər.
4. Allah onlara hər şeydən bir səbəb vermişdi. 
5. Din, ağıl, əxlaqi fəzilətlər, sərvət və şövkət onların vücudunu əhatə etmişdi.
6. Sirus da Zülqərneyn kimi qərbə qoşun yeritdərək “Lidiya” və ətrafına hakim oldu.
7. Sirus da Zülqərneyn kimi bir dəfə şərqə hərəkət edib “Mətiləş Şəmsə” çatdı, orada köçəri və vəhşi camaata rast gəldi.
8. Həmçinin Sirus da “Dəryal” boğazında Qafqaz dağları arasında Tiflis şəhərinə yaxın bir yerdə bir bənd tikibdir.1
Qeyd etmək yerinə düşərdi ki, Zülqərneyn həm Quranda həmd də Tövratda adı çəkilən şəxsiyyətdir. Tövratda adının çəkilməsi buna əsasəndir ki, Kəhf surəsinin Zülqərneyn ilə bağlı olan ayəsinin nazil olmasına səbəb bir yəhudi yaxud yəhudilərin hiyləsi ilə Qüreyşdən olan bir kişi Peyğəmbərdən (s) Zülqərneyn haqqında soruşur ki, Peyğəmbər cavab verə bilməsin və nəticədə peyğəmbərliyi şübhə altına düşsün. Məhz buna görə də həmin ayə elə - “Səndən Zülqərneyn haqqında soruşurlar” – deyə başlayır.
Zülqərneynin sifətləri Tövratda çox aydın gəlibdir: Zülqərneyn bir fars padşahıdır. O, Danyalın yuxusunda iki buynuzlu bir qoç şəkilində zahir olaraq bir buynuzu ilə şərqi digər bir buynuzu ilə də qərbi şumlayırdı. Yozumu budur ki, o qərbi və şərqi tutacaq.3 
Əbul Kəlam Azad deyir: mümkündür Danyalın röyası saxta və uydurma bir yuxu olsun. Lakin Quranda zikr olunan isə bir həqiqətdir. Müasir tarixçilər Sirusun uca, fəzilətli şəxsiyyətli bir şəxs olmasını təsdiq ediblər.
Tarixçilər də Sirus üçün əxlaqi sifətlər yazıblar. Məsələn: Yunan tarixçisi Heredot deyir ki, Sirus səxavətli bir şah, olduqca mülayim və mehriban idi. Onun şüarı insalığa xidmət və adəti isə ədalətli olmaq idi. Onun vücudunda təkəbbür yox təvazsökarlıq kök salmışdır.
Deyilən nəzəriyyələrə əsasən demək olar ki, Sirus elə həmin Zülqərneyn idi və müasir dövrümüzdə təhqiqatçılar və təfsir alimləri elə bu nəticəyə çataraq Sirusun Zülqərneyn olmasını təsdiq edir.
SİRUS PEYĞƏMBƏR İDİ?
Bu haqda təfsir alimlərinin müxtəlif nəzərləri vardır. Əllamə Təbatəbainin nəzərinə əsasən, bəzi hədislərə əsasən Sirus insan kimi, bəzi hədislərə əsasən mələk kimi tanıtdırılır.4  Lakin ümumilikdə təfsir alimləri tərəfindən o bəşər övladı kimi tanıdılır və hədislər onun peyğəmbər deyil lakin saleh bir insan olmasını vurğulayır.
Həzrət İmam Baqir (ə) buyurur: Zülqərneyn peyğəmbər deyildi lakin saleh bir bəndə idi ki, Allah onu sevirdi.5


1. Əl-Mizan təfsiri, Kəhf surəsinin təfsiri. Nümunə Təfsiri, cild 12, səhifə 549.
2. Kəhf surəsi, 83-cü ayə
3. Nümunə Təfsiri, cild 12, səhifə 546
4. Əl-Mizan təfsiri, Kəhf surəsi sözü gedən ayənin təfsiri. Dürrul Mənsur Təfsiri, 4-cü cild, səhifə 265.
5. Nurus Səqəleyn təfsiri, 3-cü cild, səhifə 294.

 

Tags: SUALLARA CAVAB, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!